Ermənistan ordusu səngər yox, özünə gor qazır

Dünən Ermənistanın müdafiə naziri Suren Papikyan NATO-nun Avropadakı ali komandanlığının mənzil-qərargaşında olub. O, NATO-nun Avropa komandandığının mənsubları ilə danışıqlar aparıb. Danışıqların mövzusu və məzmunu açıqlanmayıb.

Lakin Ermənistan-Azərbaycan şərti dövlət sərhədindəki atışmalar və döyüş səbəbindən Papikyan səfərini yarımçıq qoyaraq təcili şəkildə İrəvana qayıdıb.

Rəsmi İrəvanın bəyanatlarına, açıqlamalarına və ümumiyyətlə son vaxtlardakı davranışına nəzər saldıqda dünənki silahlı təxribatın əsla təsadüfi hadisə olmadığını deyə bilərik.

Daha konkret olsaq, Ermənistan aylardır ki, Azərbaycana qarşı belə aksiyalara hazırlaşırdı.

Avropa İttifaqının (Aİ) Ermənistana EUMM adlı "müşahidə-monitorinq" missiyası yollaması, İranın ermənilərə "tam dəstək" verməyə başlaması, Fransanın Ermənistana ünvanladığı birmənalı "hamilik" messicləri, habelə Hindistanın regional proseslərə aktiv müdaxilə cəhdlərinə başlaması, Rusiya ilə münasibətlərin bilərəkdən gərginləşdirilməsi - bütün bunlar və digər amillər Ermənistanın baş naziri Nikol Paşinyanı xeyli cürətləndirib.

Aİ missiyası Azərbaycanla danışıqlarda mövqeyinin təhlükəsizlik təminatçısı hesab edən Paşinyan administrasiyası hələ də naməlum və məntiqə sığmayan səbəblərdən aqressiv ritorikanı seçdi.

Ermənistan ilk əvvəl Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasına yönəlmiş danışıqlar prosesində tam radikal, ultimativ mövqe tutaraq prosesi dalana yönəltməyə başladı.

Daha sonra İrəvan sərhəddən keçən yollarda, xüsusilə Gorus-Laçın marşurutunda iki tərəfdən də nəzarət-buraxılış məntəqələrinin (NBM) yaradılması təklifinə qarşı çıxdı.

Dünənsə Nikol Paşinyan administrasiyası daha da irəli gedərək şərti dövlət sərhədində Azərbaycan Ordusunun postları arasında "əlahiddə post"un yaradılmasına göstəriş verdi. Ermənilər situasiyanı aydınlaşdırmağa çalışan hərbçilərimizə atəş açdılar, sonra mövqelərimizi iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan, haubitsalardan atəşə tutmağa başladılar.

Dığ (Tex) kəndi yaxınlığında yaşananlar bir sıra nüanslara aydınlıq gətirdi.

"Zəngəzur qırmızı cizgimizdir" deyən Tehran rejiminin Ermənistana verdiyi siyasi və hərbi-texniki dəstəkdən ruhlanan ermənilər Rusiya Federasiyasının mövqeyini də susqunluq kimi anladılar.

Rəsmi Moskva hazırda hadisələrə aktiv müdaxilə istəyi ilə gözləmə mövqeyi arasında barraj vurur. Belə ki, Zəngəzur dəhlizi layihəsinin mümkün qədər tez reallaşmasını istəyən Rusiya Federasiyası bunun üçün real sayıla biləcək heç bir addım atmır. Tam əksinə, bu layihənin gerçəkləşməsini arzulayan Rusiya eyni zamanda Gorus-Xankəndi yolunu da kontrolunda saxlamağa can atır.

Belə bir vəziyyətdə Ermənistanın hakimiyyət dairələrinin sürəkli təxribatları və konyuktura uyğunlaşdırılmış siyasəti məntiqi sonluqla bitdi.

Həmin sonluq Laçın rayonunda hərbçilərimizin və mövqelərimizin atəşə tutulması oldu.

Baş vermiş hadisə ilə bağlı İrvanın rəsmi açıqlamaları dezinformasiya olmaqla yanaşı, primitivliyin izharıdır.

Əvvəla, Ermənistanın Müdafiə Nazirliyi intensiv atışmadan 3 (!) saat sonra bəyanat yayaraq özünə haqq qazandırmağa çalışdı, lakin alınmadı. İrəvanın versiyasına görə, Dığ (Tex) kəndi yaxınlığında "mühəndis-istehkam işləri aparan erməni hərbçilər"ə azərbaycanlı hərbçilər "qəflətən", "naməlum səbəblərdən" atəş açıblar.

3 azərbaycanlı hərbçinin şəhid olduğunu nəzərə alsaq, döyüşdə "silahsız erməni istehkamçılar"ın olması ilə bağlı ermənilərin bəyanatları marazm təsiri bağışlayır.

Üstəlik, Ermənistan tərəfdən yaralananlar arasında Əlahiddə Ordu Korpusunun komandiri Armen Gözəlyanın olması sübut edir ki, ermənilərin silahlı təxribatı bilavasitə Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə reallaşdırılıb.

Nazir Suren Papikyansa göstərişi baş nazir Nikol Paşinyandan alıb.

Atışmanın, daha doğrusu, Azərbaycan Ordusunun mövqelərinin məhz Aİ-nin EUMM missiyasının "müşahidəçilər"inin olduğu zonada baş verməsi də çoxsaylı suallar doğurur.

Gərginliyin qəsdən artırılması və eskalasiya niyyəti kollektiv Qərblə Rusiya arasında bu dəfə Ermənisan ərazisində qarşıdumanın təzahürüdür.

Hər iki tərəf problemin həllində aparıcı rol oynayaraq vasitəçilik və moderasiya səlahiyyətlərini inhisara almaq fikrindədir.

Nikol Paşinyana gəldikdə o, problemləri ağırlaşdırmaqla Qərb və Rusiyadan əlavə imtiyazlar əldə etmək niyyətindədir.

Amma o, unudur ki, kollektiv Qərbə ümid edərək ekstremal siyasi qərarlar qəbul edən dövlət və hökumət başçıları istisnasız olaraq həmişə, uğursuzluğa düçar olublar. Ən yaxşı halda, onları devirərək hakimiyyətdən kənarlaşdırıblar.

Ermənistan hakimiyyəti onu da unutmamalıdır ki, regionda situasiyanın gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya birmənalı olaraq, qəti şəkildə Ermənistanın əleyhinə mövqe tutacaq. Təbii, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, Vaşinqtonla Moskva "narahatlıq" izhar edəcək, "qayğılandıqlarını" bildirəcəklər.

Amma İrəvandakı komprador rejimə real heç bir yardım edilməyəcək.

Vaşinqtonla sürəkli olaraq kuluar sövdələşmələri Moskvanı, Moskvadan asılılıqdan qurtulmaq istəklərinin dilə gətirilməsinə rəğmən Kremllə gizli danışıqlar Vaşinqtonu qıcıqlandırır.

Bu səbəbdən gərginlik artarsa Ermənistan tək qalacaq.

Azərbaycanla şərti dövlət sərhədində, ordumuzun mövqelərinin yaxınlığında səngərlər qazmağa çalışan erməni hərbçilərsə faktiki olaraq özlərinə gor qazırlar. /Trend/

Share on Facebook