Redaktor seçimi

Şəmkirdə məktəb iki ildir ki, təmir-bərpa adı ilə bağlanıb

Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən şəhid Etibar Həsənov adına 1 saylı orta məktəb ikinci tədris ilidir ki, təmir-bərpa adı ilə şagirdlərin üzünə bağlıdır. Həmin məktəbin müəllimləri artıq ikinci ildir ki, qonşu Seyfəli kəndində yerləşən məktəbdə tədrisi həyata keçirirlər. Görünür ki, bu gedişlə onların öz doğma məktəblərinə qayıtması real görünmür. Qeyd edim ki, bu məktəbin ilk tədris ili 1987-ci ildən başlayır. Sovetlərin sonuna yaxın yaradılmış məktəb 10 minə yaxın əhalisi olan Çinarlı qəsəbə sakinlərinin istifadəsində olan ikinci məktəb kompleksidir. Bu gün həmin məktəb ilkin təəssüratda xarabalığı xatırladır. Pəncərələrin şüşələri yox, qapılar sınmış vəziyyətdə, sinif otaqları Amerikanın Yaponiya atdığı atom bombasından sonrakı vəziyyətinə bənzəyir. Buradan hörmətli Təhsil naziri Emin Əmurallayevə səslənirəm. Görünür ki, başınız o qədər lazımsız məsələlərə qarışıb ki, buradakı vəziyyət haqqında sizi məlumatlandırmırlar və yaxud da qəsdən rəva görürsünüz ki, mütərəqqi ölkələrdə təhsilə qiymət verdikləri məqamda, siz bizim ölkədə məktəblərin xaraba vəziyyətdə qalmasından zövq alırsınız. Bilmək istərdik bu rəzalət, məsuliyyətsizlik, hesabatsızlıq nə vaxta qədər davam edəcək?  Çinarlı qəsəbə sakinləri öz yaşadıqları məkanda məktəb ola-ola niyə iki ildir başqa kəndin ərazisindəki məktəbə getməlidir ? Ceyhun Nəbi

Anar Əliyev onu işdən çıxardı

Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri Əbdül Bayramov vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Onun yerinə kimin təyin olunacağı barədə məlumat verilməyib.

DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimli üçün nəzərdə tutulmuş sovqat qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə AXCP-nin məlumatında bildirilib. Vəkili Aqil Layicin sözlərinə görə, Əli Kərimliyə kimlərin sovqat aparacağı əvvəlcədən DTX-ya bildirilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilən əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib.  Qurum bildirir ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. "Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər", - Baş Prokurorluqdan qeyd olunub. 

Ukraynanın arxasında oyunlar oynanmasın! - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ərazi məsələləri və dondurulmuş Rusiya aktivlərinin istifadəsi müharibəyə son qoymaq üçün ən çətin addımlardır. Sozcu.az-ın məlumatına görə, Zelenski Telegram-da yazıb: “Müharibəyə son qoymaq üçün asan həllər olmayacaq. Nə baş verdiyini başa düşürük. Kiminlə məşğul olduğumuzu bilirik. Problem qərar qəbul etməyin çətinliyində deyil. Mən onları qəbul etməyə qadirəm. Hər şeyin ədalətli və açıq olması vacibdir. Ukraynanın arxasında oyunlar oynanmasın. Ukraynasız gələcəyimizlə bağlı heç bir qərar qəbul edilməsin. Ən həssas məsələlər və ən mürəkkəb məsələlər ərazilər və dondurulmuş aktivlərlə bağlıdır”. “Biz ABŞ və Avropadan, eləcə də bəzi digər liderlərdən güclü təhlükəsizlik zəmanətlərinə ümid edirik. Bu, “könüllülər koalisiyasının” mövzularından biridir. Biz bunun üzərində işləyirik. Düşünürəm ki, bu üç mövzu ən həssas və vacib mövzulardır. Komandalarımız onların üzərində işləməyə davam edəcək”, - deyə Ukrayna lideri əlavə edib. Dünən Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında "sülh planı" müzakirə olunub. Təxminən beş saat davam edən görüş nəticəsiz başa çatıb.

Sülh planının 20 bəndi artıq hazırdır

ABŞ-da görüşlərdə iştirak edən nümayəndə heyəti bu gün İrlandiyada toplaşıb. Sozcu.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski deyib. O qeyd edib ki, Cenevrədə hazırlanmış və Floridada üzərində işlənmiş sülh planının 20 bəndi artıq hazırdır. Zelenski bəzi məqamlar üzərində hələ də işləmək lazım olduğunu vurğulayıb.

Xəzərdə suyun səviyyəsi endi, ov mövsümü bitdi

Ölkə ərazisində oktyabrın 10-dan açıq elan olunmuş ov mövsümü bu gün başa çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. Onun sözlərinə görə, dekabrın 1-dən etibarən ölkə ərazisində ov edilməsi qadağan olunur: "Alim və mütəxəssislərlə birgə aparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illər müşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına da təsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurəti yaranıb. Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin, həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedən proseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümünün yenidən açılıb-açılmaması məsələsinə baxılacaq". Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdan çəkinməyə çağırıb.

Mədəniyyət Nazirliyində yoxlamalar aparılır

Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Palatadan bildirilib. Məlumata görə, auditin nəticələrinin açıqlanması "Hesablama Palatası haqqında" qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək.

Fikrət Cəfərli azadlığa buraxıldı

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. Ondan vəkil Elvin Əliyev şikayət vermişdi.

Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb. Sozcu.az modern.az-a istinadla xəbər verir ki, Prezidenti bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb. Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib. Nəticədə Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində sadəcə adi üzv kimi qalıb. 12 noyabr 2025-ci il tarixli Sərəncamla isə R.Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin adi üzvlüyündən də çıxarılıb. Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sonuncu tərkibi dövlət başçısının 1 noyabr 2018-ci il tarixli 636 nömrəli Sərəncamı ilə təsdiqlənib. Hazırda Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyevdir. Redaksiya heyəti sədrinin müavinləri Akif Əlizadə (AMEA-nın həqiqi üzvü), İbrahim Quliyev (AMEA-nın həqiqi üzvü) və Anar Rzayevdir (Xalq yazıçısı). Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru İsa Həbibbəyli (AMEA-nın prezidenti), məsul katibi Tofiq Nağıyevdir (AMEA-nın vitse-prezidenti). Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. 87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.

Yermakın evində axtarışlar buna görə aparılır - Miller

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki evində axtarışlar “Midas” antikorrupsiya əməliyyatı ilə bağlıdır. Sozcu.az xəbər verir ki, bunu “Faynənşl Tayms” nəşrinin Kiyevdəki müxbiri Kristofer Miller özünün X səhifəsində yazıb. “Mənbələrim məlumat verir ki, Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki mənzilində aparılan axtarışlar Ukraynanın enerji sektorundakı iddia edilən korrupsiya ilə bağlı genişmiqyaslı araşdırma olan “Midas” istintaqı ilə əlaqəlidir”, - jurnalist bildirib.

Yekaterinburq məhkəməsindən azərbaycanlılarla bağlı - QƏRAR

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi bu ilin iyununda saxlanılan Ayaz Səfərov, Bəkir Səfərov və Kamal Səfərovun barəsində dekabrın 29-dək həbs qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, həbs müddətinin uzadılması ilə bağlı qərar oktyabrın 17-də çıxarılıb. Ayaz, Kamal və Bəkir Səfərovun vəkilləri müvəkkilləri barəsində həbs qətimkan tədbirinin daha yüngülləşdirilməsini istəyiblər, lakin Sverdlovsk vilayət məhkəməsi onların şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.