Direktor: “Azərbaycan zəlzələ zonasıdır”

“Azərbaycanda zəlzələnin 20-25 ildən bir təkrarlanma məsələsi çox vaxt özünü doğrultmur. Keçən əsrin əvvəlində 1902-ci ildə Şamaxıda güclü zəlzələ oldu, maqnitudası 6,9-7 idi. Nə qədər insan tələfatı, dağıntılar oldu. Şükürlər olun ki, o vaxtdan bəri elə bir zəlzələ təkrarlanmayıb”. Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Q.Yetirmişlinin sözlərinə görə, Yerin daxilində gedən proseslər nəzəriyyə ilə çox vaxt uyğun gəlmir: “2012, 2015, 2017-ci ildə olan zələzələlər təkrarlanmadır? Bunun heç bir qanunauyğunluğu yoxdur. Axşam baş vermiş zəlzələ 10 saniyədən bir az artıq olub. Çox şaiyələr yayılır ki, Azərbaycanda zəlzələ gözlənilmir. Kim deyir ki gözlənilmir? Azərbaycan zəlzələ zonasıdır, zəlzələlər olacaq. Amma qısamüddətli proqnoz məsələsi yoxdur”.

Oxuyub-yazmağı bacarmayan məktəblilərin SAYI

9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Sozcu.az xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib. Qeyd edilib ki, 2022-ci ilin nəticələrinə görə, 9-cu sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb. "Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Masallı rayonunda 4 nəfər, Goranboy, Gədəbəy və Quba rayonlarının hərəsində 2 nəfər, Abşeron, Astara, Cəlilabad, Kəlbəcər, Lənkəran, Lerik, Saatlı, Xocalı, Yardımlı rayonlarının, Bakı, Mingəçevir şəhərlərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Ağdam və Qobustan rayonlarından olub", - jurnalda qeyd olunub.

"Ramiz Mehdiyevin kürəkəni torpaq sahəsini ələ keçirib, 18 milyona satışa çıxarıb" - Hüquqşünas

Hüquqşünas Əliabbas Yasavullu Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə bağlı iddialarla çıxış edib. Sozcu.az xəbər verir ki, Ə.Yasavullu feysbuk səhifəsində İ.Əliyevin ona məxsus Nizami rayonu ərazisindəki ("Neolit" restoranının yanında) torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirdiyini deyib. O, torpaq sahəsinin hazırda 18 milyon manata satışa çıxarıldığını əlavə edib və məsələ ilə bağlı prokurorluğa müraciət edildiyini, həmçinin Ramiz Mehdiyevdən kürəkəninin əməlinə müdaxilə etməsini xahiş etdiyini əlavə edib: “Bütün baş verənlərdən sonra belə, 23 iyun 2021-ci il tarixli teleqramla Ramiz Mehdiyevə müraciət edərək qızının həyat yoldaşı - İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməsini və bununla əlaqədar məni şəxsən qəbul etməsini xahiş etdim. Lakin iki gün sonra mənə zəng edən şəxs özünü onun kürəkəni İlham kimi təqdim etdi. Onu narahat etdiyimə görə kəskin iradını bildirdi, torpağı "vicdanlı alıcı kimi" qanuni yollarla əldə etdiyini və məhkəmələrin bu barədə müvafiq qərarlarının olduğunu bildirsə də, dediklərinin tam yalan olduğunu ona göstərmək istəyimlə bağlı təklifimə “yox” cavabını verdi. Təhdidlə yanaşı, bir daha onu narahat etməməyimi tələb etdi". Ə.Yasavullu bildirib ki, həmin torpaq sahəsi məhkəmələrdə İlham Əliyev tərəfindən qayınatası Ramiz Mehdiyevin adından istifadə edilməklə qanunsuz yollarla mənimsənilib: "Mübahisə ictimailəşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə torpaq sahəsi Ağayeva Kamilə Şirəli qızının adında saxlanılıb. Ramiz Mehdiyevin kürəkəni "məhkəmələr" vasitəsilə əmlakımızı əlimizdən alaraq 21 aprel 2007-ci il tarixdə anası - Əliyeva Elmira Hacıbala qızının adına sənədləşdirib. Həmin işlə bağlı kürəkən bizim geri çəkilməyəcəyimizdən əmin olduqdan sonra torpaq sahəsi adına olmuş Ağayeva Kamilə Şirəli qızını oğurlatdırıb, onu 3 gün saxlatdırdıqdan sonra notarius vasitəsilə əmlakından imtina barədə ərizə yazdırmağa nail olub. Onun bu kimi qanunsuz əməllərindən sonra belə, müvafiq məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim adıma keçirilməsinə və həmin qərarın da bu günə kimi qanuni qüvvəsində olmasına baxmayaraq, "Gilan" kiçik müəssisəsinin adını "Ruzu-A" MMC-yə dəyşdirməklə və həmin MMC-nin adına reyestrdən çıxarış almaqla yəqin düşünüblər ki, törətdikləri cinayətləri tam şəkildə ört-basdır etməyə nail olublar”. Hüquqşünas məsələ ilə bağlı hüquqi müstəvidə mübarizəni davam etdirəcəyini deyib.

Azərbaycanda vəzifəli şəxslər məhkəmə zalında həbs edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və digər maddələrdə ittiham olunan Zamin Həsənov və Məmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib. Belə ki, Zamin Həsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və Zamin Həsənov dərhal məhkəmə zalında həbs olunub. Bundan başqa, Məmməd Əliyevin barəsindəki şərti cəza tətbiqinə dair müddəalar xaric edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və dərhal məhkəmə zalında həbs edilib. Zamin Həsənov Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyib. Məmməd Əliyev isə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi olub. Sabiq rəisin barəsində Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, Məmməd Əliyevin barəsində isə 32.5, 311.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qarabağda və sərhəddə erməni təxribatları: “Bunu törədən Rusiyadır, çünki...”

“Sülh sazişi imzalanmalıdır. Bu, hər iki dövlətin maraqlarına uyğundur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib. Analitik Vaşinqton görüşlərinin son raundundan sonra baş verən hadisələrə, o cümlədən Ermənistanla sülh müqaviləsi imzalanarsa, Azərbaycanın növbəti erməni təxribatlarından özünü necə sığortalayacağına münasibət bildirib. Suallarımızı cavablandıran politoloq hesab edir ki, Vaşinqton görüşü heç də nəticəsiz qurtarmayıb: “Müəyyən əlavə məsələlər müzakirə edilib və uzlaşdırılıb. Bütövlükdə sülh sazişinin imzalanması uzun və ağır bir prosesdir ki, bu yolda da gedilir. Mənə elə gəlir ki, Vaşinqtonun yanaşması doğru yanaşmadır və ola bilsin ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalansın”. “O ki qaldı Ermənistan-Azərbaycan sərhədi və Qarabağın dağlıq hissəsində baş verən təxribatlara, bunu törədən Rusiyadır. Çünki bu ərazilərdə Rusiyanın Silahlı Qüvvələri qalıb. Nə qədər ki Qarabağda işğal rejimi qalacaq, bu gərginlik də davam edəcək. İndiyə qədər yola verdiyimiz qüsurlardan ən böyüyü odur ki, ərazilərimizdən qeyri-qanuni silahlı dəstələrin çıxarılması üçün ciddi səy göstərməmişik, habelə separatçıların da yerdə qalan mülki əhalidən ayrılması üçün qətiyyətli addımlar atmamışıq”, – deyə o, əlavə edib. “Fikrimcə, əgər hər kəs bizim ərazi bütövlüyümüzü tanıyıb buradakı suverenliyimizi qəbul edirlərsə, burada qayda-qanun yaratmaq bizim öhdəmizə düşür. Ona görə də bu istiqamətdə daha qətiyyətli addımların atılmasına mütləq şəkildə ehtiyac var”, – müsahibimiz fikirlərini tamamlayıb.

"İndi ən təcili məsələ Ukraynanın qələbəsini təmin etməkdir" - Stoltenberq

"Ukraynanın gerçəkdən işlək olan yeganə təhlükəsizlik zəmanəti NATO-dur..." Stoltenberq Ukraynanın NATO-da üzvlük məsələsinin müzakirə edilməsinin şərtini açıqlayıb, Kallas sürpriz vəd edib NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daxil olması məsələsinin müzakirə edilməsinin başlanması üçün şərti açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə o, Brüsseldə Estoniyanın baş naziri Kaya Kallasla birgə mətbuat konfransında bəyan edib. "İndi ən təcili məsələ Ukraynanın suveren dövlət kimi qələbə qazanması üçün hər şeyi etməkdir. Əsas diqqət Ukraynanın qələbəsini təmin etməkdir. Və bu, Ukraynanın üzvlüyü barəsində istənilən əhəmiyyətli diskusiya üçün ilkin şərtdir", - baş katib deyib. Avropadan Alyansın baş katibi postuna mümkün namizəd olan Kallas öz növbəsində blokun Vilnüsdə iyul ayında keçiriləcək sammitində Ukraynanın üzvlük məsələsində "sürpriz" vəd edib. "Mən əminəm ki, Ukraynanın gerçəkdən işlək olan yeganə təhlükəsizlik zəmanəti NATO-dur. Lakin mən Vilnüs sammitindəki sürprizi korlamaq istəmirəm", - Kallas üzünü Stoltenberqə çevirərək bəyan edib. Estoniya baş nazirinin sözlərini Stoltenberq təkzib etməyib, o, əmin olduğunu bildirib ki, qarşıdakı görüşdə liderlər bu məsələdə "vahid mövqe əldə edəcək".  Onun sözlərinə görə, sammitdə Ukraynaya uzunmüddətli praktiki dəstək və NATO-nun onunla siyasi əlaqələrinin möhkəmləndirilməsi üzrə qərarlar qəbul ediləcək. "Biz hamımız açıq qapı siyasətimiz barəsində razılığa gəlmişik, hamımız Ukraynanın bu alyansın üzvü olacağı ilə, həmçinin, Ukraynanın alyansa nə zaman qoşulmağa dəvət olunması qərarının yalnız NATO üzvləri və Ukraynanın həll edəcəkləri barədə razıyıq", - Stoltenberq vurğulayıb. NATO-nun sammiti 11-12 iyulda Vilnüsdə keçiriləcək. Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya sürətləndirilmə qaydasında daxil olmaq barəsində 30 sentyabr 2022-ci ildə sorğu göndərib. Ukrayna hakimiyyəri iddia edir ki, Vilnüsdə qarşıdakı sammitdə ölkənin alyansa daxil olmasına NATO üzvü olan 15 dövlət dəstək verməyə hazırdır. İyunun ortasında "The New York Times" qəzeti ABŞ prezidenti Co Bayden administrasiyasındakı mənbələrə istinadən yazıb ki, ABŞ Ukraynaya "İsrail modeli" üzrə, yəni Şimali Atlantika alyansına üzv olmadan  uzunmüddətli dəstək variantını nəzərdən keçirir.

Qarabağda məhv edilən Ermənistan əsgərlərinin meyiti ortada qalıb

Qarabağda məhv edilən 5 erməni terrorçusundan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisidir.  Sozcu.az xəbər verir ki, bu barədə “Calibr” məlumat yayıb. Məlumata görə, hazırda Rusiya sülhməramlıları onların meyitlərinin Ermənistana göndərilməsi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır. Qeyd edək ki, rəsmi İrəvan Baş nazir Nikol Paşinyan da başda olmaqla dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin nümayəndələri Azərbaycan ərazisindən çıxarılıblar.

Söyüdlüyə əlavə polis qüvvələri gətirilib

Söyüdlü kəndində gərginlik davam edir. Kənd əhalisi yaxınlıqdakı qızıl mədənindən  atılan tullantıların ətraf mühitə və insan sağlamlığına zərərli təsir göstərdiyini bildirir. İyunun 27-də kəndə 4 avtobusda xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələri gətirilib. Yerli sakinlərin sözlərinə görə, polis istənilən yeni etiraz aksiyasının qarşısını zorla almaqla hədələyir.  Söyüdlü üzrə yaradılmış hökumət komissiyasının sədri, ekologiya naziri Muxtar Babayev dünən yenidən kəndə gəlib. Ancaq sakinlərə konkret heç bir şey deməyib. Onu deyib ki, qızıl yatağından tullantıların atıldığı torpaqdan, havadan və süni göldəki sudan götürülmüş analiz nümunələrinin nəticələri iyunun 28-də məlum olacaq. Bakıda fəallar Söyüdlü sakinlərinin hüquqlarını müdafiə etmək üçün "Söyüdlü" işçi qrupu yaradıblar. İyunun 22-dən kəndə giriş bağlanıb, jurnalistlər və fəallar oraya buraxılmır. İyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı amansız şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər.Turan.az

Zelenski tanınmış müsavatçının oğlunun şəklini paylaşdı - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesablarında müharibənin getdiyi ərazidən fotolar paylaşıb. Sozcu.az xəbər verir ki, Zelenskinin paylaşdığı fotolardakı şəxslərdən biri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının oğlu Elşad Aslanlıdır. Elşad Aslanlı Ukrayna ordusunda kapitanı kimi müharibənin ən qaynar və təhlükəli nöqtəsində - Baxmutda döyüşür.

“Həm Laçın, həm də Arazdəyən istiqamətində gərginliyi Rusiya yaradır...”

“Xüsusilə də Vaşinqtonun bu prosesə aktiv şəkildə  qoşulması onu göstərir ki, Rusiya daim hansısa addımlar atmalıdır ki, danışıqlar prosesini pozsun...” Son təxminən 10 gündə Azərbaycan-Ermənistan sərhədində iki məntəqənin adı çox aktualdır; iyunun 15-də snayper atəşinə məruz qalan və Rusiya(!) “sülhməramlı”larının da olduğu Laçın keçid məntəqəsi və ondan bir neçə gün öncə guya Azərbaycan ordusu tərəfindən atəşə tutulan Ermənistanın Naxçıvanla sərhədində yerləşən Arazdəyən kəndi ərazisindəki ABŞ(!) şirkətinin tikdiyi zavod... Görəsən, bu iki insident arasında hansı əlaqə var?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  bunları söyləyib: “Zənnimcə, Azərbaycan-Ermənistan sərhədində istər Naxçıvan, istərsə də Şərqi Zəngəzur istiqamətində baş verənlərin hamısı Zəngəzur dəhlizi ətrafındakı proseslərlə bağlıdır. Və yalnız bununla bağlı deyil. Burinci məqsəd dəhliz ətrafında gərginliyi saxlamaqdır. Və bunu birmənalı şəkildə Rusiya edir. İkinci məqsəd isə sülh prosesini əngəlləməkdir. Bu da Rusiyanın planıdır. Digər məsələlər isə xırda detallardır. Biz gördük ki,  son vaxtlar Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın ünvanına müəyyən atmacalar atdı. Azərbaycan tərəfi də Rusiyanın ərazimizdəki “sülhməramlı” deyilən kontingentini bir sıra məsələlərdə ittiham edir. O cümlədən Qarabağdakı separatçılara dəstək verməkdə... Bütün bu hadisələr hamısı birbaşa əlaqəlidir. Zəngəzur dəhlizinin açılmalı olduğu hər iki tərəfdə, həm Şərqi Zəngəzur, Zəngilan, Laçın, həm də Naxçıvan istiqamətində daim gərginlik baş verir. Bunlar, dediyim kimi, həmin o dəhliz məsələsini mübahisə predmeti kimi ortalıqda saxlamağa xidmət edir. Digər tərəfdən isə sülh prosesinə əngəl törədir. Xüsusilə də Vaşinqtonun bu prosesə aktiv şəkildə  qoşulması onu göstərir ki, Rusiya daim hansısa addımlar atmalıdır ki, danışıqlar prosesini pozsun. Bir sözlə, qeyd etdiyiniz hər iki istiqamətdəki gərginlik birbaşa əlaqəlidir və bu Rusiya tərəfindən yaradılır”.

Bakıda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Bakıda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı-Binəqədi şosesində qeydə alınıb. Tərxan Qocayev idarə etdiyi "Opel Astra" markalı avtomobillə 2018-ci il təvəllüdlü Nurcan İsmayılovanı vuraraq öldürüb. Faktla bağlı cinayət işi başlanılıb.

“Vaqner” Tulada: paytaxta 300 km məsafə qalıb

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri artıq Tula vilayəti ərazisindədir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Vaqner”in Moskvaya 300 km-lik yolu qalıb.