Generalın yerinə polkovnik gətirildi - Yeni təyinat

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.  Sozcu.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.  Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.  Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb. 

Müəllimlərin nəzərinə

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Azərbaycanda terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı saxlanıldı - DTX məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. Dövlət Təhlükəsizliyi Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib. Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.

Şuşa döyüşlərindən şok detal: Hərbçimiz 150 nəfər ermənini tək başına öldürüb şəhid oldu

Təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini və bir neçə texnikasını məhv edən xüsusi təyinatlı qüvvələrin hərbçisi Şəhriyar Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhadət zirvəsinə yüksəlib. İndi onu sevindirən əsas məqam isə şəhidin qanının yerdə qalmamasıdır. Şəhriyar hələ 2 yaşında valideynlərinin qucağında doğma Ağdamdan çıxmışdı. Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqların geri qaytarılmasında əvəzsiz rol oynadı. Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyev savaşın ilk günlərindən seçildi. Düşmənin çoxsaylı hərbçisini və texnikasını məhv etməklə. Şəhriyar Füzuli, Cəbrayıl, Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Şuşa uğrunda gedən döyüşlərdə isə yaralı hərbçi yoldaşlarını döyüş meydanından çıxararkən özü də şəhid olub. İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızin düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır. İndi igid şəhidimizdən bu xalqa əmanət ailəsi və atalarının dünyadan köçməsindən xəbərsiz olan 2 oğul övladı qalıb.Bir də Şəhriyarın canı və qanı bahasına yazdiğı qəhrəmanliq dastanı.

Rusiyanın “təhsil işğalı”: Bu Azərbaycana nə vəd edir?

Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində postsovet ölkələrdə Rusiya təhsil sistemi və təhsil proqramları üzrə, həmçinin Rusiyada hazırlanmış müəllimlərin tədris etməsi ilə fəaliyyət göstərən məktəblərin açılması nəzərdə tutulur. Rusiya rəsmiləri bildiriblər ki, belə məktəblər artıq Qazaxıstanda açılıb, Tacikistanda və Qırğızıstanda artıq açılmasına hazırlıq gedir, növbəti məktəblərin isə Azərbaycanda və Ermənistanda açılması nəzərdə tutulur.  Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan orta məktəblərində tədrisin Rusiya təhsil sistemi və təhsil proqramına uyğun keçirilməsi mümkün deyil:  "Azərbaycanda 4432 orta məktəb fəaliyyət göstərir. Onların da 340-da dərslər rus bölməsi üzrə keçirilir. Azərbaycan Konstitusiyası və "Təhsil haqqında" qanuna görə ölkə ərazisində istər rus, istərsə Azərbaycan dili bölməsi olsun, vahid tədris proqramından istifadə olunur. Yalnız təsisçilərin Pedoqoji Şurasının birbaşa qərarı əsasında tədris proqramının müəyyən faizi həmin ölkənin tədris proqramı əsasında keçirilə bilər. Məsələn, İstanbul Liseyi, Dəyanət Liseyində vəziyyət belədir. Onların ibtidai sinif proqramlarında həmçinin Türkiyənin tədris proqramı da tədris edilir. Amma əsas proqram Azərbaycanın proqramıdır. Hər hansı bir məktəbdə fərqli proqram üzrə tədris həyata keçirilsə, bu zaman onların biliklərinin yoxlanılması, qiymətləndirilməsi ölkəmizin vahid standartlarına uyğun olmayacaq. Azərbaycanda tamamilə rus təhsilinə keçməyə ehtiyac yoxdur. Bu, ölkəmizin qanunvericilik aktlarına ziddir”.  Həmsöhbətimiz Rusiyanın bu addımında siyasi məqsədlər olduğunu bildirir:  "Bu gün müasir dünyada yeni işğal metodlarından istifadə edirlər. Müasir dövrdə başqa dövlətləri işğal etmək istəyənlər onu özlərinin yüksək iqtisadiyyatı, təhsili və mədəniyyətilə işğal etməyə çalışırlar. Bu mənada Rusiyada yaxın qonşu ölkələrdə sözügedən məktəbləri açmaqla, gələcəkdə oranı bitirəcək şəxslərdən öz kadrları kimi istifadə etməyi düşünür. Bununla özləri kimi düşünən və yaxud onları müdafiə edəcək kontingentin formalaşdırılmasına çalışırlar. Azərbaycanda buna ehtiyac yoxdur. Azərbaycan öz təhsil sistemini qurub”. 

“Ebru Gündeşə Azərbaycanda cinayət işi açıla bilər”

Türkiyəli müğənni Ebru Gündeş barəsində cinayət işi açıla bilər. Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov müğənni Ebru Gündeşin Azərbaycanda dəvət aldığı toydan 250 min dollar qazanc götürməsinin hüququ tərəflərini izah edərkən deyib. Vəkil bildirib ki, buna səbəb onun vergi ödənişindən yayınmasıdır: "Vergi borcunu ödəməməsinə görə vergi orqanları ona faiz və cərimələr hesablaya bilər. Vergi borcundan əlavə faiz və cərimələri də ödəməli  olacaq. Məhkəmə zamanı aşkar olunacaq ki, Ebru Gündeşin vergini ödəməməsində imkansızlıq deyil, məhz qərəz var. Müğənni bundan sonra deyə bilməz ki, pulum yoxdur”. Vəkil bütün şəxslərin vergilərini ödəməli olduğunu vurğulayıb. Qeyd edək ki, şəmkirli biznesmen oğlunun kiçik toy məclisinə türkiyəli müğənni Ebru Gündeşi gətirib. İddiaya görə, iş adamı müğənniyə 250 min manat qonarar ödəyib.

Deputat AZAL-ı tənqid etdi: "Səbəbi birbaşa korrupsiya ilə bağlıdır"

"AZAL Naxçıvana təyyarə məsələsi ilə bağlı illərdir açıqlama verir. Amma həll olunmur. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.  Deputat bildirib ki, Gürcüstandan İstanbula təyyarə ilə getmək 100, Bakıdan isə 700 manatdır: "Bunun üstündə pul tuturlar. Naxçıvana gedəndə 20 manat qazanırsan. Fikirləşir ki, reyslərin çoxunu başqa yerə yönəldim, 300-400 manat qazanım. Biz bu məsələni elə həll etməliyik ki, yoxsulluq içində yaşayan əhali sıxıntı çəkməsin".

NATO generalı Bakıda: Hərbçilərimizlə görüşdü

2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə "Ekspert heyətinin işçi görüşü" keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolu və Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, eləcə də Ordumuzun sülhməramlı əməliyyatlara verdiyi töhfədən danışıb. Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən general-mayor S.Fiks NATO proqramlarında hərbi qulluqçularımızın fəal iştirakının yüksək qiymətləndirildiyini qeyd edib. Ekspert heyətinin işçi görüşündə növbəti ilin fəaliyyətlər planı barədə ilkin razılıq əldə olunub.

Müharibəni araşdıran komissiyadan dəvət gəlsə də, getməyəcəyəm - Xaçatryan

Ermənistan Baş Qərargahının keçmiş rəhbəri Tiran Xaçatryan 44 günlük müharibə ilə bağlı komissiyadan dəvət almayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzetinə onun özü məlumat verib. Bundan əvvəl komissiyanın rəhbəri Andranik Koçaryan bir neçə dəfə açıq şəkildə generalı görüşə gəlməyə və suallara cavab verməyə çağırıb. Xaçatryan bildirib ki, Koçaryanın katibi hətta ona zəng edib, yaşayış ünvanını da göstərib, lakin o, heç vaxt rəsmi dəvət almayıb. "Dəvət gəlsə belə, komissiyaya getməyəcəyəm", - deyə Xaçatryan əlavə edib.

"Rusiya iyrənclik, namərdlik və vəhşilikdə mütləq çempiondur..."

"Bu gün bəşəriyyətin Rusiyanın boynuna doladığı ilgək bir az da tarıma çəkilib..." "Bu evtanaziyanın finalında Rusiya Federasiyası özünün "daha mövcud olmamasını" heç hiss etməyəcək..." Bəşəriyyətin Rusiyanın boynuna necə incəliklə ilgək doladığını dəyərləndirmək gərəkdir. Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "QORDON" internet nəşrindəki bloqunda yazıb. Putin ölkəsinə boğulmanın hər yeni mərhələsinə alışmaq imkanı yaradılır. Avropa humanistlərinin fikrincə, bu evtanaziyanın final mərhələsində Rusiya özünün "daha mövcud olmadığını" heç hiss etməyəcək. Rusiyanın tarixə gömülməsi onun üçün maksimal dərəcədə rahat baş verəcək. Ehtimal ki, bu, ona görə edilir ki, ölümdən öncə qurban tərpənməsin, səs-küylə aqoniya etməsin və raketləri ətrafa səpələməsin.  Gerçəkdə nə alınacağı bəlli deyil. Lakin, heç şübhəsiz, plan məhz belədir. Putin ölkəsi rüsvayçılığın bütün rekordlarını qazanıb. Heç bir hətta ən utancverici cəmahirriyətin alnına Rusiya kimi bu qədər damğa vurulmayıb.  Bu ölkə iyrənclik, namərdıik və vəhşilikdə mütləq çempiondur. Biz bilirik ki, bu şöhrət çələngləri dürüstlüklə əldə edilib. Bu gün ilgək bir az da tarıma çəkilib. İndi artıq ATƏT-in Parlament Assambleyası da Rusiyanı terrorçuluğa sponsorluq edən ölkə kimi tanıyıb. Müəllif: Aleksandr Nevzorov

MN təkzib etdi: Ordumuz atəş açmayıb

Azərbaycan Ordusunun Ağdərə istiqamətini guya iriçaplı silahlardan istifadə etməklə atəşə tutması erməni dezinformasiya maşının növbəti və deqradasiyaya uğramış təkrar yalanıdır. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun hədəfi heç vaxt mülki obyektlər olmayıb”, - məlumatda bildirilib.

FHN-də bir qurumun iki rəisi var - Tibbi müayinə ala bilməyən nazirlik əməkdaşları...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti və Tibb Mərkəzində narazılıqlar höküm sürür. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, narazılıqların ilk səbəbi Tibb Xidməti və Tibb Mərkəzinin rəhbərlərinin fəaliyyətidir. Bildirək ki, FHN-nin Tibb Mərkəzi Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərir. Buna baxmayaraq, Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva özünü tam müstəqil qurumun rəhbəri kimi aparır. Tibb Xidməti və Tibb Mərkəzinin rəsmi dövlət tədbirləri də Xanım Sofiyevanın rəhbərliyi ilə keçirilir. 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı edilsə də, hazırda bu müəssisənin fəaliyyəti iflic vəziyyətdədir. Nəticədə FHN-nin aşağı vəzifəli əməkdaşlarının sözügedən müəssisədə müalicə və müayinə olunmaları problemə çevirilib. Oraya müayinəyə gələn FHN işçilərinə başqa dövlət və özəl xəstəxanalara getmələri tövsiyyə edilir. Bu da ciddi nazrazılıqlara səbəb olur. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün külli miqdara maliyyə vəsaiti ayrılıb və bu iş Xanım Sofiyevaya tapşırılıb. Bakının "20 Yanvar” deyilən ərazisində yerləşən Bakı Regional Mərkəzinin binasında iki ilə yaxındır ki, yenidənqurma və təmir-bərpa işləri aparılır. Amma işlər bitmək bilmir. Hələ bu azmış kimi, onlarla şirkətə Tibb Mərkəzinin 100 min manatlarla borcu yaransa da, verilmir və iş məhkəmələrə kimi gedib çıxır. Nəticədə Biləcəri qəsəbəsində yerləşən Tibb Mərkəzində müalicə və müayinəyə gələn FHN işçiləri çıxılmaz vəziyətdə qalıblar. Onu da qeyd edək ki, sözügedən Tibb Mərkəzinin əksər tibbi avadanlıqları da yararsız hala düşüb. Xanım Sofiyevanın rəsmi olaraq tabe olduğu Tibb Xidmətinin rəisi, polkovnik Pərviz Vəliyev isə öz "işindədir". Belə ki, rəis anası Məhbubə Vəliyeva ilə dərman istehsalı və satışı ilə məşğul olur. Pərviz Vəliyevin anası hazırda "Gilan” şirkətində biyan kökü dərmanı istehsalının brend sahibidir. Qeyd edək ki, Tibb Xidmətinə məxsus dövlət nömrə nişanı "PF 065” olan avtomobil 11.000 AZN borc yarandığı üçün "Nurgun Motors" tərəfindən girov saxlanıb. Buna baxmayaraq, polkovnik rəhbəri olduğu qurumdan da pul qazanmağı unutmur.  Həmçinin qeyd edək ki, Tibb Xidmətində rəisin qohumları, dostları ilə bərabər, FHN generallarının yaxınları da çalışır. Pərviz Vəliyev yaxın dostunun oğlunu xidmətə təsərrüfat bölməsi üzrə rəis gətirib. Həmin şəxsə qanunsuz olaraq dövlət büdcəsi hesabına kirayə pulu ödəyir. Ümumi şöbədə çalışan Seyran Hacıyev Sumqayıt Regional Mərkəzinin sabiq rəisi, polkovnik Adil Hacıyevin oğludur.  FHN-nin Tibb Xidmətində ümumi şöbənin rəis müavini Sevinc Məmmədovanın qardaşı Bəhruz Məmmədov nazirlikdə Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisidir. Ümumi şöbənin rəisi Sevər Hacıyeva sabiq Yanğın Nəzarət Xidmətinin rəisi, general İsrail Əliyevin və general Sevda Şirinovanının yaxın qohumudur. Sevər Hacıyeva eyni zamanda nazir müavini Rəfail Mirzəyevin qızı Aida Mirzəyevanın rəfiqəsidir. Digər tərəfdən Pərviz Vəliyev anası Məhbubə Vəliyevanın iş yoldaşının qızını dərman şöbəsində işə qəbul etdirib. Dərman şöbəsinin digər işçisi nazir müavini, general Rəfail Mirzəyevin Fidan adlı bacısı qızıdır. Pərviz Vəliyev Xidmətin müalicə şöbəsinə isə nazir müavini Raqim Lətifovun bacısı qızı Könül Yaqubovanı rəis təyin edib. Bir müddət əvvəl qeyd etmişdik ki, Pərviz Vəliyev Bakının Binəqədi rayonunda evi, Badamdar, Maştağa qəsəbəsində, Mərdəkanda villaları, Qax rayonunda evi və fermasının olmasına baxmayaraq, dövlətdən kirayə pulu da alır. Bu xəbərdən sonra Pərviz Vəliyev sözügedən vəsaiti dövlət büdcəsinə qaytarmışdı. Amma əldə etdiyimiz məlumata görə, Pərviz Vəliyev kirayə pullarını özü üçün yenidən bərpa etdirib. Bütün bu işlərdə ona xidmətin maliyyə şöbəsinin rəisinin baş köməkçisi, Pərviz Vəliyevin yaxın dostu, eyni zamanda nazir müavini, general Raqim Lətifovun qohumu İlqar Əfəndiyev köməklik edir. FHN-nin nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli Qəşəm Məmmədov da nədəsə Tibb Xidmətində kirayə pullarının qanunsuz olaraq verilməsinə göz yumur. Onu da qeyd edək ki, Qəşəm Məmmədovun qızı Dövlət Gömrük Komitəsində, oğlu isə 150 minlik avtomobillə dövlət qurumlarının birinə işə gedib-gəlir.