Özbaşına “Göyçə Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb olundular

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir. “Qafqazinfo”nun məlumatına görə, hazırda hər iki şəxslə əlaqə saxlanılması mümkün deyil. Xatırladaq ki, 2022-ci ildə “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil). Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi. 2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi tərəfindən Rizvan Talıbovun “Göyçə Zəngəzur Respublikası”na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayılmışdı. Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi. Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi. Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika” prezidentliyindən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı. Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.

Əmilərini öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda əmilərini qətlə yetirməkdə təqsirləndirilən qardaşlar - Ariz və Fəqan Səfərovların cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Arizə 14 il, Fəqana isə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib. Qeyd edək ki, 2022-ci il iyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başladılıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Normadan artıq isti hava şəraitində iş rejimi necə olmalıdır?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq yay mövsümü ilə əlaqədar üzv təşkilataların xidmətinə daxil olan müəssisə və təşkilatlarda havanın hərarəti 41 dərəcəni keçərsə, açıq havada işlərin dayandırılmasına ictimai nəzarətin həyta keçirilməsini tövsiyə edib. AHİK-in Hüquq, Əməyin mühafizəsi və Mətbuat və ictimaiyyətlə əlaqələr şöbələrinin birgə məlumatında göstərilir ki, burada məqsəd iş yerlərində sağlamlığa mənfi təsir edən isti havalarda açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin dayandırılmasına həmkarlar ittifaqlarının ictimai nəzarətinin gücləndirilməsini təmin etməkdən ibarətdir. Əmək Məcəlləsinin 2-ci əlavəsində işçilərə fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın tempraturu və küləyin gücü göstərilib. Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulduğu kimi, əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əmək müqaviləsi və kollektiv müqavilələrdə bu məsələlər nəzərdə tutulur və nəzarəti həmkarlar təşkilatları yerinə yetirir, həmçinin nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və işçinin əməyinin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin  əsas vəzifələrindən biridir. Əmək müqaviləsində işçilərin sosial müdafiəsi, əmək şərtləri, iş və istirahət vaxtları və digər məsələlərlə yanaşı, əməyin mühafizəsi üzrə işçinin hüquqları da nəzərdə tutulur. Əməyin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi, sağlam və əlverişli iş şəraitinin yaradılması haqqında məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin IX bölməsində qeyd olunub. Qeyd edək ki, havanın temperaturu müsbət 41 dərəcəni keçərsə, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir. Əmək Məcəlləsinin 233-cü maddəsinin 4-cü hissəsinə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması zamanı əməkhaqqının ödənişi sistemində Əmək Məcəlləsinin müəyyən etdiyi normalardan kənaraçıxma halları müşahidə edilərsə, onda tərəflər əməyin mühafizəsinə nəzarət edən orqanlara, həmkarlar ittifaqlarına və ya məhkəməyə müraciət edə bilərlər. Həmkarlar ittifaqları Əmək Məcəlləsinin 236-cı maddəsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddəsinə əsasən, nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.

Antiterror əməliyyatı başlayır

Separatçıların başçısı Araik Arutyunyan müsahibə verib. Baş separatçı yenə də eyni xarakterlə - terrorçu xisləti ilə çıxış edib. O, heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirib. Baş separatçının bu müsahibəsi açıq-aşkar terrora çağırış, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsddir. Üstəlik, Araikin açıqlamasından bəlli olur ki, separatçılar Qarabağdakı erməniləri də girov saxlayırlar. Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar. Belə məqamda artıq Azərbaycanın çıxış yolu qalmır: antiterror əməliyyatına başlamaqdan savayı. Çünki bu terrorçular məqsədlərini açıq şəkildə bildirir, silahlı mübarizə aparacaqlarını deyirlər. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Terrorçuların belə davranışı həm quruculuq işlərinə, həm də yurd-yuvasına qayıdan insanlara böyük təhlükə yaradır. Ona görə də, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün separatçı-terrorçuları zərərsizləşdirməlidir. Deməli, antiterror əməliyyatı qaçılmazdır. (Publika.az)

Axtarışda olan şəxs oğurluğa görə TUTULDU

Sumqayıtda axtarışda olan şəxs oğurluğa görə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir avtomobil təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri Elvin Allahverdiyev və əvvəllər məhkum olunmuş Xəqani Əhmədov saxlanılıblar. Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması müəyyən olunub.

Hava bu gündən sabitləşir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, avqustun 5-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, şimal və qərb rayonlarında intensiv və güclü olub. Avqustun 4-ü gün ərzində yağan yağıntı 5-i səhər saatlarından kəsilib. Düşən yağıntının miqdarı: Qaxda 80 mm (aylıq normanın 143%-i), Zaqatalada 51 mm (aylıq normanın 69%-i), Balakəndə 47 mm (aylıq normanın 64%-i), Şəkidə 46 mm (aylıq normanın 82%-i), Şəmkirdə 34 mm (aylıq normanın 128%-i), Culfada 10 mm (aylıq normanın 172%-i), Gədəbəy, Lerik, Göygöl, Gəncə, Tovuz, Ceyrançöl, Şahdağ, Mingəçevir, İmişli, Sabirabad, Biləsuvar, Astara, Naxçıvan, Salyan, Daşkəsən, Ağstafadada 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Külək: Avqustun 04-də şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Göyçay, Tərtərdə 20 m/s, Beyləqan, Altıağac, Culfa, Naxçıvanda 18 m/s, Cocuqmərcanlıda 16 m/s, Kəlvəz, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Avqustun 05-i gündüzdən ölkə ərazisində hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək. Lakin 06-07-də bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.

MEDİA bəyanat yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb. Sozcu.az xəbər verir ki, bəyanatda deyilir: “İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkəsindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksək səviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu gələcəyə yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəydə mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır”. Həmçinin bildirilir ki, Forumun keçirilməsində məqsəd az qala işıq sürəti ilə yeniləşən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə medianın rolu barədə ətraflı müzakirələr aparılıb, ənənəvi medianın bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələr diqqət mərkəzində olub. “Lakin təəssüflər olsun ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”, - deyə bəyanatda qeyd olunur.

Mirzoyan Borrellə Qarabağı müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrel ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Qarabağdakı son vəziyyət müzakirə olunub. Mirzoyan Ermənistan tərəfinin mövqeyini Borrelin diqqətinə çatıdırıb.

“Caliber“: Beqleryan casusdur

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Beqleryan Rəşid Aramisoviçi saxlayıb. Sozcu.az "Caliber"ə istinadla xəbər verir ki, bu şəxs guya "Spayka” şirkətinin sürücü köməkçisi olub. Lakin onun Azərbaycan ərazisinə təxribat törətmək üçün göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna əsaslı şübhələr var.

Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Qubada bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı şəhər ərazisində və rayonun Susay, Alpan, Hacıhüseynli kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə hər üç kəndin bələdiyyə sədrləri barələrində eləcə də şəhər ərazisində obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Türkiyənin bir çox silahları ilə maraqlanırıq - Zakir Həsənov

“Türkiyə istehsalı olan bir çox silahlarla maraqlanırıq, lakin gizli olduğu üçün həmin silahların adlarını açıqlamayacağam”. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Nazir bildirib ki, Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir: “Bu inkişaf bizi sevindirir. Azərbaycan Türkiyənin hərbi sənayesi ilə yaxından maraqlanır. Biz çoxlu sayda ikitərəfli müqavilələr imzalamışıq. Eyni zamanda bir çox layihələri birlikdə həyata keçiririk”. Z.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə orduda islahatlar aparılır: “Azərbaycan Ordusunun strukturu Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər formada təkmilləşdirilir və yenidən formalaşdırılır. Odur ki, bizim həm strukturumuz, həm də silahlarımız eyni olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. İki ölkə liderlərinin bununla bağlı tapşırıqlarını qısa müddətdə yerinə yetirəcəyik”. Qeyd edək ki, Z. Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.

İxtisas seçimi nə vaxt başlayır? - DİM-dən AÇIQLAMA

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları başa çatıb. İmtahanda uğur qazanan abituriyentləri və onların valiydenlərini ən çox maraqlandıran məsələ univeristetlərə ixtisas seçiminin nə vaxt başlayacağıdır. Modern.az-ın əməkdaşı ixtisas seçiminin vaxtını dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb. O bildirib ki, imtahan nəticələri elan olunandan sonra ixtisas seçiminin tarixi müəyyən ediləcək. “İmtahan nəticələri bəlli olandan sonra məlumat veriləcək. Bilirsiniz ki, imtahanlar artıq başa çatıb. Sonuncu imtahanlar iyul ayının 22-i və 23-də  keçirilib. Onların nəticələri təxminən 2 həftə ərzində elan olunacaq. Bundan sonra ixtisas seçiminin tarixləri dəqiqləşəcək və ictimaiyyətə bununla bağlı ətraflı məlumat veriləcək. Güman edirəm ki, ixtisas seçimi avqust ayının ortalarından sonraya təsadüf edəcək”, - DİM rəsmisi qeyd edib.