Resept əsasında xaricdən şəxsi istifadə üçün maneəsiz dərman gətiriləcək

Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Dəyişikliyə əsasən isə Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər həm də şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Eyni zamanda təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır. Layihəyə görə, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 2 (iki) iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bakıdakı hücumun arxasında İran dayanır - İsrail

Azərbaycanda İsrail səfirliyinə hücuma cəhdin arxasında İran dayanır. Sozcu.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen deyib. Hazırda Serbiyada səfərdə olan israilli nazirin sözlərinə görə, Azərbaycanda məğlub edilən terror qruplaşması İrandan maliyyələşib və təlimat alıb. Kohen Serbiyanı İran terror qruplarına qarşı hərəkətə keçməyə çağırıb: “İran terrorizmi qlobal təhlükədir, bunu biz son günlərdə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdi ilə, son aylarda isə Kipr və Yunanıstanda israillilər və yəhudilərə hücum cəhdləri ilə gördük. İrana qarşı yalnız birgə mübarizə nəticə verəcək və onun regional sabitliyi pozmaqda davam etməsinin qarşısını alacaq”.

Generalımız Türkiyədə səfərdədir

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyəyə səfər edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-leytenant H.Piriyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb. Milli Müdafiə Universitetinin rektoru xatirə kitabına ürək sözlərini yazıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi qeyd olunub. Birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Milli Müdafiə Universitetində və tabeliyindəki təhsil müəssisələrində də olub. Qonaqlara tədris müəssisələrinin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qriqoryan ABŞ Müdafiə Nazirliyində görüş keçirdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə Ermənistan Silahlı Qüvvələrində islahatlar prosesini müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. “Qriqoryan Kuperə müdafiə sahəsində Ermənistan-Amerika təhsil proqramlarının həyata keçirilməsi barədə məlumat verib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də nəzərdən keçiriblər”, - məlumatda deyilir. Qeyd olunur ki, görüş iyulun 11-də Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfəri çərçivəsində baş tutub.

Generalın yerinə polkovnik gətirildi - Yeni təyinat

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.  Sozcu.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.  Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.  Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb. 

Müəllimlərin nəzərinə

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Azərbaycanda terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı saxlanıldı - DTX məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. Dövlət Təhlükəsizliyi Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib. Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.

Şuşa döyüşlərindən şok detal: Hərbçimiz 150 nəfər ermənini tək başına öldürüb şəhid oldu

Təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini və bir neçə texnikasını məhv edən xüsusi təyinatlı qüvvələrin hərbçisi Şəhriyar Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhadət zirvəsinə yüksəlib. İndi onu sevindirən əsas məqam isə şəhidin qanının yerdə qalmamasıdır. Şəhriyar hələ 2 yaşında valideynlərinin qucağında doğma Ağdamdan çıxmışdı. Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqların geri qaytarılmasında əvəzsiz rol oynadı. Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyev savaşın ilk günlərindən seçildi. Düşmənin çoxsaylı hərbçisini və texnikasını məhv etməklə. Şəhriyar Füzuli, Cəbrayıl, Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Şuşa uğrunda gedən döyüşlərdə isə yaralı hərbçi yoldaşlarını döyüş meydanından çıxararkən özü də şəhid olub. İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızin düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır. İndi igid şəhidimizdən bu xalqa əmanət ailəsi və atalarının dünyadan köçməsindən xəbərsiz olan 2 oğul övladı qalıb.Bir də Şəhriyarın canı və qanı bahasına yazdiğı qəhrəmanliq dastanı.

Rusiyanın “təhsil işğalı”: Bu Azərbaycana nə vəd edir?

Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində postsovet ölkələrdə Rusiya təhsil sistemi və təhsil proqramları üzrə, həmçinin Rusiyada hazırlanmış müəllimlərin tədris etməsi ilə fəaliyyət göstərən məktəblərin açılması nəzərdə tutulur. Rusiya rəsmiləri bildiriblər ki, belə məktəblər artıq Qazaxıstanda açılıb, Tacikistanda və Qırğızıstanda artıq açılmasına hazırlıq gedir, növbəti məktəblərin isə Azərbaycanda və Ermənistanda açılması nəzərdə tutulur.  Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan orta məktəblərində tədrisin Rusiya təhsil sistemi və təhsil proqramına uyğun keçirilməsi mümkün deyil:  "Azərbaycanda 4432 orta məktəb fəaliyyət göstərir. Onların da 340-da dərslər rus bölməsi üzrə keçirilir. Azərbaycan Konstitusiyası və "Təhsil haqqında" qanuna görə ölkə ərazisində istər rus, istərsə Azərbaycan dili bölməsi olsun, vahid tədris proqramından istifadə olunur. Yalnız təsisçilərin Pedoqoji Şurasının birbaşa qərarı əsasında tədris proqramının müəyyən faizi həmin ölkənin tədris proqramı əsasında keçirilə bilər. Məsələn, İstanbul Liseyi, Dəyanət Liseyində vəziyyət belədir. Onların ibtidai sinif proqramlarında həmçinin Türkiyənin tədris proqramı da tədris edilir. Amma əsas proqram Azərbaycanın proqramıdır. Hər hansı bir məktəbdə fərqli proqram üzrə tədris həyata keçirilsə, bu zaman onların biliklərinin yoxlanılması, qiymətləndirilməsi ölkəmizin vahid standartlarına uyğun olmayacaq. Azərbaycanda tamamilə rus təhsilinə keçməyə ehtiyac yoxdur. Bu, ölkəmizin qanunvericilik aktlarına ziddir”.  Həmsöhbətimiz Rusiyanın bu addımında siyasi məqsədlər olduğunu bildirir:  "Bu gün müasir dünyada yeni işğal metodlarından istifadə edirlər. Müasir dövrdə başqa dövlətləri işğal etmək istəyənlər onu özlərinin yüksək iqtisadiyyatı, təhsili və mədəniyyətilə işğal etməyə çalışırlar. Bu mənada Rusiyada yaxın qonşu ölkələrdə sözügedən məktəbləri açmaqla, gələcəkdə oranı bitirəcək şəxslərdən öz kadrları kimi istifadə etməyi düşünür. Bununla özləri kimi düşünən və yaxud onları müdafiə edəcək kontingentin formalaşdırılmasına çalışırlar. Azərbaycanda buna ehtiyac yoxdur. Azərbaycan öz təhsil sistemini qurub”. 

“Ebru Gündeşə Azərbaycanda cinayət işi açıla bilər”

Türkiyəli müğənni Ebru Gündeş barəsində cinayət işi açıla bilər. Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov müğənni Ebru Gündeşin Azərbaycanda dəvət aldığı toydan 250 min dollar qazanc götürməsinin hüququ tərəflərini izah edərkən deyib. Vəkil bildirib ki, buna səbəb onun vergi ödənişindən yayınmasıdır: "Vergi borcunu ödəməməsinə görə vergi orqanları ona faiz və cərimələr hesablaya bilər. Vergi borcundan əlavə faiz və cərimələri də ödəməli  olacaq. Məhkəmə zamanı aşkar olunacaq ki, Ebru Gündeşin vergini ödəməməsində imkansızlıq deyil, məhz qərəz var. Müğənni bundan sonra deyə bilməz ki, pulum yoxdur”. Vəkil bütün şəxslərin vergilərini ödəməli olduğunu vurğulayıb. Qeyd edək ki, şəmkirli biznesmen oğlunun kiçik toy məclisinə türkiyəli müğənni Ebru Gündeşi gətirib. İddiaya görə, iş adamı müğənniyə 250 min manat qonarar ödəyib.

Deputat AZAL-ı tənqid etdi: "Səbəbi birbaşa korrupsiya ilə bağlıdır"

"AZAL Naxçıvana təyyarə məsələsi ilə bağlı illərdir açıqlama verir. Amma həll olunmur. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.  Deputat bildirib ki, Gürcüstandan İstanbula təyyarə ilə getmək 100, Bakıdan isə 700 manatdır: "Bunun üstündə pul tuturlar. Naxçıvana gedəndə 20 manat qazanırsan. Fikirləşir ki, reyslərin çoxunu başqa yerə yönəldim, 300-400 manat qazanım. Biz bu məsələni elə həll etməliyik ki, yoxsulluq içində yaşayan əhali sıxıntı çəkməsin".

NATO generalı Bakıda: Hərbçilərimizlə görüşdü

2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə "Ekspert heyətinin işçi görüşü" keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolu və Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, eləcə də Ordumuzun sülhməramlı əməliyyatlara verdiyi töhfədən danışıb. Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən general-mayor S.Fiks NATO proqramlarında hərbi qulluqçularımızın fəal iştirakının yüksək qiymətləndirildiyini qeyd edib. Ekspert heyətinin işçi görüşündə növbəti ilin fəaliyyətlər planı barədə ilkin razılıq əldə olunub.