Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda əmilərini qətlə yetirməkdə təqsirləndirilən qardaşlar - Ariz və Fəqan Səfərovların cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Arizə 14 il, Fəqana isə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib.
Qeyd edək ki, 2022-ci il iyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başladılıb.
Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.