Ən yüksək bal toplayan Nəsibin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini açıqlayıb. Modern.az-ın məlumatına görə, bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Süleymanov Nəsib Asif oğlu göstərib. O, Bakı şəhər 74 saylı orta məktəbin məzunudur. Nəsibin ümumi imtahan nəticəsi isə 691.7 baldır. Onun fotosunu təqdim edirik:

Azərbaycanın yalnız 3 rayonunda qızların sayı oğlanlardan çoxdur

Azərbaycanda əhalinin 22,7%-ni və ya 2 milyon 295,1 min nəfərini gənclər (14-29 yaş) təşkil edib. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gənclərin 51,7%-i və ya 1 milyon 186,4 min nəfəri oğlanlar, 48,3%-i və ya 1 milyon 108,7 min nəfəri qızlar olub. Qeyd edək ki, Azərbaycanın əskər şəhər və rayonlarında oğlanların sayı qızların sayından çox olub. Yalnız 3 rayonda – Saatlı, Hacıqabul və Neftçala rayonlarında qızlar oğlanlardan çox olub. 4 şəhər və rayonda isə oğlanlarla qızların sayı bərabər olub. Belə ki, Xankəndi və Naftalan şəhərləri ilə Culfa və Xocalı rayonlarında oğlanlarla qızların sayı eyni olub.yeniavaz.com)

İyunun 14-ü "Son zəng"dir

İyunun 14-ü məktəblərdə son zəng çalınacaq. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır. Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür. Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.

93 yaşlı milyarder Abramoviçin qayınanası ilə evləndi - Foto

Amerikalı media maqnatı, 93 yaşlı Rupert Merdok rusiyalı iş adamı Roman Abramoviçin keçmiş həyat yoldaşı Yelena Jukovanın 67 yaşlı anası ilə evlənib. Sozcu.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb. “93 yaşlı Merdok bir neçə aylıq görüşdən sonra 67 yaşlı təqaüdçü molekulyar bioloq Yelena Jukova ilə evlənib. Cütlük hadisəni Kaliforniyadakı Merdok bağında yaxınlarının iştirakı ilə qeyd ediblər”, - məlumatda bildirilib. Rupert Merdok 1979-cu ildə “Voll Strit Jurnal”, “Tayms”, “San” və Nyu York Post” qəzetlərinin daxil olduğu “Xəbərlər Korporasiyası” (News Corporation) media holdinqini təsis edib. Bundan əlavə, milyarder “Foks Nyus” televiziya şirkətinə, habelə bir sıra peyk operatorlarına və “Dow Jones” xəbər agentliyinə sahibdir. 2023-cü ilin sentyabrında media Merdokun “Fox and Nyus” korporasiyalarının idarə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini bildirdi. Onun yerinə oğlu Laklan Merdok keçib.

Hər yağış yağanda qanadlanıram... - Elçin Rəhimzadənin şeiri

Yağış sevgilimdir çünki onunla, Özümü ən xoşbəxt biri sanıram. Hər gün qol-qanadım qırılır, yenə, Hər yağış yağanda qanadlanıram. Yolunu həsrətlə hey gözləyirəm, Sanki nazlı yarım gələcək geri. Bilirəm,mən ölsəm kim unutsa da, O göz yaşlarıyla yuyacaq yeri. Tez-tez gəl, lənətə gəlmiş bu şəhrin, Mavi səmasına yığ buludları. Hər kəs unudubdur, Allah da belə, Elçini unutma ,yağış,sən barı Elçin Rəhimzadə

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır. QMİ rəsmisi həmçinin deyib ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan 1500 nəfərlik kvotanın dolmasına az qalıb. Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

Psixoloq pul olmadan xoşbəxt olmağın yollarını açıqlayıb

Bir çox insanlar çoxlu pul sayəsində xoşbəxt ola biləcəyinizə inanırlar, lakin psixoloq Evgeni İdzikovskinin fikrincə, əslində bu hiss başqa amillərdən asılıdır. Mütəxəssis Lenta.ru-ya verdiyi şərhdə xoşbəxt olmağın yollarını sadalayıb. İdzikovskinin sözlərinə görə, bir çox insanlar telefon, avtomobil və ya mənzil kimi bahalı alış-verişin onları daha xoşbəxt edəcəyinə, həmçinin sosial statuslarını artıracağına inanır. Bu, tam cəfəngiyatdır. Daha çox hörmət qazanmaq üçün fərqli bir insan olmalısınız: çox çalışın, özünüzə və ətrafınızdakılara daha yaxşı davranın. Amma asan deyil. Buna görə də cəmiyyət anlayışların əvəzlənməsinə icazə verir, kimsə olmağı deyil, nəyəsə sahib olmağı təklif edir. Sosial statusunuzu yaxşılaşdırmaq obyektiv cəhətdən çətindir, lakin hər hansı bir şey almaq nisbətən asandır.  İdzikovskinin dediyi kimi, insanın özünü həqiqətən xoşbəxt hiss etməsi üçün bütün əsas ehtiyaclarını ödəməklə, öz problemləri ilə məşğul olmalıdır: "Sağlamlıq kimi bəzi şeylərə erkən başlamaq daha yaxşıdır. Həyatda bir şey səhv olarsa, beyin bədbəxtdir. Və hər şey əla olsa belə, hər hansı bir xırda şey bütün əhval-ruhiyyəni poza bilər. Buna görə də, sizi əsəbləşdirən hər şeyi kağıza yazmaq və ardıcıl olaraq bu problemləri həll etmək lazımdır. Daha sürətli karyera qurmaq və daha çox pul qazanmaq lazım olduğu qənaətinə gələ bilərsiniz. Və bu normaldır”.  O, həmçinin ən yaxın sosial çevrənizdən olan insanların siyahısını tərtib etməyi və onlarla münasibətinizdə nəyi dəyişmək istədiyinizi anlamağa çalışmağı, kimisə bağışlamağı, kiminləsə razılığa gəlməyi və kiminləsə ünsiyyəti dayandırmağı məsləhət görüb: "Ailə, dostlar və tərəfdaşlarla güclü əlaqələr xoşbəxtliyin əsas mənbələrindən biridir. Psixoloq vurğulayır ki, sevgi, dəstək və qarşılıqlı anlaşma hissi psixi rahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər". E-saglam.az

İsmayıl Xan Ziyadxanlı'nın Çar Rusiyası Dövlət Dumasında söylədiyi nitq

Hörmətli millət vəkilləri! İcazənizlə Zaqafqaziyanın İrəvan, Gəncə və Bakı vilayətlərində törədilən rəzalətlərin, özbaşınalıq edən dövlət idarəsinin həyata keçirdiyi fitnəkarlıqların kiçik bir tablosunu hüzurunuzda təsvir edim. Beləliklə, sizə təklif edəcəyim tədbirlər qəbul edilərsə, etimadım artmış olar. Buraya, yəni Peterburqa gələr-gəlməz əlimə keçən “Novoye Vremya” qəzetinin səhifələrində beş il qaçaq həyatı sürmüş gəncəli bir tatarın (türkün) rəsmini gördüm. Bu rəsmin altında da belə bir yazı vardı: “Quldurluğu haqqında dastanlar söylənən Qafqaz şeytanı Dəli Alı”. Bu işarədən sonra müəllif yazısına böyük bir həyəcanla davam edərək deyir: “Zaqafqaziyada böyük həyəcanlar başlamışdır. Asiyalılar üsyan edirlər, bu hərəkatın qarşısı alınmalıdır. Çünki, Zaqafqaziya təkcə Dumanı deyil, bütün Rusiyanı öz təsiri altına ala biləcək miqdarda millət vəkili ilə Dumada təmsil edilməkdədir”. Hörmətli millət vəkilləri! Bu yazıdakı böhtanlar bu qədər yüksək dərəcəyə çatmasaydı, sanıram ki, mən burada hüzurunuzda bunun üzərində durmayacaqdım. Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız. Ölkəmiz istila edilən kimi dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət müəllimlərimizin seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman məmurlar göndərildi. Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət və xalqın nəzərində heç bir qədir-qiyməti yoxdur, buna baxmayaraq onlar bir əsrdir bizə din rəhbərliyi etmişlər. Vəqfə aid olan əmlakımız da hökumət tərəfindən zəbt edilmişdir. Bu səbəbdən müxtəlif yerlərdə xarabazarlığa çevrilən məscidlərimizin təmiri üçün illər boyu camaatdan pul toplamağa məcbur olmuşuq. Hörmətli millət vəkilləri, çalışacağam ki, qısa danışam. Lakin bunları söyləməkdə məqsədim fitnəkarların hər cür vəsaitə malik olduqlarına sizi inandırmaqdır. Bizdə məhəlli idarələr mövcud deyildir. Bələdiyyəyə gəlincə, biz müsəlmanlara mövcud nümayəndə miqdarının ancaq beşdə birini seçmək hüququ verilmişdir. Son zamanlarda isə şəhər əhalisinin çoxu müsəlmanlar olduğu halda mövcud bələdiyyə nümayəndə siyahısının yarısına qədər bir nümayəndə seçmək hüququ verilmişdir. Xalq təhsilindən, ümumiyyətlə maarif sahəsindən danışmağa belə dəyməz. Çünki bizim kəndlərin heç birində məktəb yoxdur. Yüz kilometrlərlə gedilsə belə, hər hansı bir yaşayış məntəqəsində məktəbə rast gəlməzsiniz, halbuki bizdən maarif işləri üçün vergi toplanır. Görəsən bu pullar hara sərf edilir? Yəqin ki, heç bir işə yaramayan drednout (böyük zirehli hərbi gəmi – tər.) inşasına, yaxud da rus millətinin bu gün, bizim isə yüz ildən bəri heç birinə inanmadığımız cənab nazirlərə sərf edilir (Burada İsmayıl Ziyadxanov kinayəli bir şəkildə yaponlar tərəfindən batırılan çar donanmasını və çarın yaltaq nazirlərini nəzərdə tutur – H.B.). Bir müddət bizdə də müasir təhsil sistemi tətbiq etmək həvəsi meydana gəlmişdi. Dəlilsiz qalmamaq üçün bir hadisəyə müraciət edəcəyəm. Bir neçə il bundan əvvəl Gəncə mədrəsəsinin yanındakı bir neçə sinifli məktəbdə təhsil köhnə qayda ilə aparılırdı. Uşaqların yerdə bardaş qurub oturmamaları üçün bir neçə adam məktəbə skamya, stul və qara lövhə hədiyyə etdi. Bilirsiniz nələr baş verdi? Bunun üstündə bir çox ziyalılarımız iki ilə yaxın həbsdə oldular, amma onların mövcud quruluşu yıxmaq cəhdi barədə heç bir dəlil tapılmadığı üçün iki ildən sonra həbsdən buraxıldılar. Nəzakət xatirinə, “kiçik bir yanlışlıq olmuşdur” deyərək bununla da kifayətləndilər. Hörmətli millət vəkilləri, biz müsəlmanlara bəzi ali məktəblərə isə sırf bir diplom əldə etmək məqsədilə girilməkdədir. Çünki ali məktəblərdən birini, məsələn, filologiya fakültəsini bitirən türk gənci diplomunu alıb vətəninə döndüyü zaman, ancaq “vodkanın sərtlik dərəcəsini təyin etmək məcburiyyətindədir”. Bu ali təhsilli gənc müsəlman olduğu üçün yalnız Qafqazda deyil, Rusiyanın bütün ərazisində orta dərəcəli məktəblərdə müəllimlik etmək hüququndan belə, məhrumdur. Bu hüquq bizdən alınmışdır. Məmur məsələsinə gəlincə, bu gün Qafqazda, üzr istəyirəm, ali təhsilli mülki işlər hakimdən başqa öz vətəninə xidmət edən heç bir müsəlman məmuruna rast gəlmək olmaz. Əgər müsəlmanlar məmurluğa qəbul edilirsə, onlar ya şimal rayonlarına, ya da Rusiyanın mərkəzi vilayətlərinə göndərilirlər. Cənablar. Bizə deyirlər ki, müsəlmanlar çox geri qalmışdır. Bu, əsla doğru deyildir, əksinə geri qalmaq üçün hökümət özü badalaq vurur. Bunu yeri gəldikcə sübut edəcəyəm. Belə ki, senzuranın hökm sürdüyü bir vaxtda bizə ancaq bir qəzet çıxartmaq hüququ verilmişdi. Indi isə senzura zəiflədikdən sonra bizim otuza yaxın islam jurnalımız və qəzetimiz çıxır. Hörmətli millət vəkilləri, bizdəki idarə sistemi tənqiddən kənardır. Belə ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzumu olmayan nə qədər boş və səfil adam varsa, hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir idarənin məmur kadrlarını təşkil edirlər. Bizim ölkəmizdə dövlət idarəsinin idealı rüşvət və xalqa əziyyət verməkdir, kim doxsan yaşlı bir qocanın əlindən axırıncı tikəsini alarsa, o, bizdə ən yaxşı məmur hesab olunur. “Gözü çıxarılmalı müsəlmanlar” üçün bundan daha yaxşısı olarmı? Əgər günlərin birində hər hansı bir idarə məmuru öz vəzifəsində əyintiyə yol verirsə, məhkəməyə cəlb olunur, amma kassasiya məhkəməsi tərəfindən məhkəmənin hökmü ləğv edilir. Cinayət məhkəməsi tərəfindən verilən sürgün, hərbi məhkəmələrin verdiyi edam qərarları əslində tərcüməçilər tərəfindən təyin olunur. Çünki, bizdə müsəlmanlar rus dilini, tərcüməçilər isə türk dilini bilmirlər. Bu səbəbdən beş, on manat maaş alan (hətta mən elə məmurlar tanıyıram ki, onlar səkkiz manat maaş alır) tərcüməçilər cəza verməkdə heç də tərəddüd etmirlər. Bizdə torpaq, ərazi məsələsi sizdə olduğu kimidir və çox ağır bir problemə çevrilmişdir. Eynilə ruslarda olduğu kimi bizim də torpağa ehtiyacımız vardır. ərazi azlığından və çatışmazlığından əziyyət çəkirik. Buna baxmayaraq hökümət bizim torpaq məsələmizi başqa cür həll etməyə çalışır. Belə ki, məsələnin öyrənilməsi üçün nə kiçik, nə də böyük komissiyalara ehtiyac və lüzum görülməmiş, işlərinə yarayan idarə sisteminə müraciət edilmiş və məsələ guya kökündən həll edilmişdir. Yəni gözəl Gürcüstan tamamilə ordunu ərzaqla təmin etməklə məşğul olur. Müsəlmanlarla, ermənilər isə bir-birlərinə qarşı o qədər mahiranə surətdə təhrik edilirlər ki, yaxın vaxtda bu iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz və Qurko Stişinskilər məğrur Qafqaz övladlarının qanına boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qura biləcəksiniz. Azadlıq hərəkatına birinci olaraq gürcülər başladılar. Lakin qısa bir vaxt ərzində Gürcüstanda ortaya yeni bir ərazi məsələsi çıxdı, yəni kəndlilər mülkədarlara hücum etdilər, hökümət bu işləri həll etməyi orduya həvalə etdi. Azərbaycanda və Ermənistanda da belə hadisələrin baş verməsindən qorxuya düşən hökümət başa düşdü ki, bu adi məsələ deyildir. Ona görə də gizli surətdə tədbirlər görməyə başladı. Bu da “parçala hökm sür” idarə tərzidir. Bu işin icrası səriştəli polislərə həvalə edildi. Səlahiyyətli polislər bundan istifadə edərək təhrikçiliyə başladılar. Bir tərəfdən müsəlmanlara, “görürsünüz, sizi iqtisadi cəhətdən istismar edən ermənilər silahlanırlar, bir gün gələcək müstəqil dövlət quraraq hər şeyinizi əlinizdən alıb sizi məhv edəcəkdir”, digər tərəfdən ermənilərə “ehtiyatlı olun, panislamizm hər tərəfi bürümüşdür, islam camaatı arasında elə bir güclü birlik yaradılmışdır ki, günlərin birində siz ermənilərin kökünü kəsəcəkdir” – deyərək bu iki xalqı bir-birlərinə qarşı təhrik etməyə başladılar. Beləliklə, bu iki millət arasında Bakıda ilk qanlı çarpışma oldu. Hökümətə müraciət edildi, kömək istənildi. Bu hadisəni öncədən duymadığımız üçün bu işə ayrılacaq qüvvəmiz yoxdur, - deyə cavab verildi. Sonra da əlavə edərək dedilər ki, bu qırğına iki millət özü cavabdehdir, hökümət buna qarışına bilməz. Indi mən bu kürsüdən hüzurunuzda qısaca olaraq söyləyə bilərəm ki, ermənilərə bizim aramızda tarix boyunca ixtilaf doğura biləcək heç bir iqtisadi ixtilafımız yoxdur, çünki biz hər zaman bir-birimizlə dost və qardaş kimi yaşamışıq. Indi bilmək istəyirəm, görəsən hökümət hal-hazırda İrəvan, Gəncə və Tiflis vilayətlərində talanlara və soyğunçuluğa qarşı nə kimi tədbirlər görmüşdür? Şübhəsiz ki, sual cavabsız qalacaqdır. Hal-hazırda İrəvan, Gəncə yanğın yerinə dönmüşdür. Hadisələr oradan Şuşaya keçmişdir. Üç aydır ki, orada iki silahlı cəbhə yaradılmışdır. Bundan əvvəl söylədiyim kimi bu qanlı qardaş qırğını hökumət tərəfindən törədilmiş, sonra isə qarşısı alınmamışdır. Bizim generallarımız öz “fərasətlərini” rus-yapon müharibəsində yaxşı göstərdilər... Onlar fərasətsizliklərini düşmənin qüvvətli olması ilə ört-basdır etməyə çalışdılar, indi də öz əməllərilə vətənlərini idarə edə bilmədiklərini bir daha sübut edirlər. Iki ay ərzində Gəncə vilayətini general rütbəli üç qubernator idarə etmişdir. Onlardan biri bir qəzanı, ikincisi üç qəzanı, sonuncusu isə dörd qəzanı idarə edirdi. Halbuki, bütün qəzanın əhalisi 800.000 nəfərdən ibarətdir. Gördüyümüz kimi bu üç general rəhbərlik etdikləri yerləri idarə etmək qabiliyyətinə malik deyildilər. Deməli, bizim generallar istər müharibədə, istərsə də adi işlərdə heç bir müvəffəqiyyət qazana bilmirlər. Sözcü.az

MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"

Yeni avtomobillərin qiyməti o qədər bahadır ki, alıcıların çoxu işlənmiş maşın almağa üstünlük verir. İşlənmiş avtomobillərin isə yaxşısını tapmaq biraz çətindir. İkinci əl avtomobil almaq istəyənləri ən çox narahat edən məsələ seçimdə aldanmamaqdır. Çünki, bazarda kifayət qədər aşmış, problemli, yürüşü çəkilmiş avtomobil "bezkraska", "ideal", "otur sür" adıyla alverçilər tərəfindən təqdim edilir. Bəs ikinci əl avtomobil alarkən nələrə diqqət etməliyik? Avtomobil ustası Vüqar İmanov Moderator.az vasitəsilə bəzi məqamlara toxunub. “Avtomobildə ən önəmli amil onun ili və yürüşüdür. Yürüş burada böyük rol oynayır. Çünki mühərrikin çalışma saatı, sürətlər qutusu, ötürücü körpü və s. bunlar hamısı yürüşdən asılıdır. Təbii ki, ikinci əl avtomobildə hissələrinin rənglənməsi varsa deməli bu avtomobil qəza keçirib. Əsas fikir verirlər ki, avtomobil rəngi dəyişməmiş olsun. Avtomobilə hansı servisdə necə qulluq olunubsa, onun servis kitabçası olmalıdır. Baxımlı avtomobillərin servis kitabçası olur. Orada nə iş görülübsə qeyd yerində yazılır. Servis kitabçası avtomobilin içərisində olarsa, o yaxşı hesab olunur” deyə usta bildirib. Usta Vüqar İmanov insanları dəyərindən ucuz avtomobilləri almamağa çağırıb. “Bəzən hansısa avtomobilləri dəyərindən ucuz qiymətə alırlar. Hansı ki, istismar müddəti də bitib. Ucuz qiymətə auksiona çıxarırlar. Bəzən həvəskar sürücülər olur ki, belə avtomobilləri alır. Maşını ustaya gətirəndə əsas məsələ orada üzə çıxır. Əlimizi hansı detala vururuqsa, dərhal sıradan çıxır. Köhnə avtomobil alan sahibkar düşünməlidir ki, ona külli miqdarda pul xərcləməlidir. Məsəl üçün 6 minlik maşın almısansa, üstünə 6 min də qoymalısan ki, onu normal sürə biləsən. Bu cür maşın almaqdansa bahalı velosiped alıb sürmək ondan yaxşıdır” deyə usta bildirib. Son günlər avtomobillərin dayandığı yerdə yandığını bildirən usta bunun səbəbini bəzi sürücülərin məsuliyyətsiz hərəkətlərində görür. “Avtomobillərdə adətən alışma əlavə avadanlıqların quraşdırılmasına görə baş verir. Əlavə avadanlıqlar deyəndə işıq sistemində güclü lampaları nəzərdə tuturuq. Hesablanmamış lampalar qoyulanda məftillərin müqaviməti dəyişir, isinmə gedir və alışma baş verir. Xaricetmə sistemində, yəni avtomobilin səsboğuzucusuna müdaxilə olunduqda yanğın olur. Avtomobilin yanacaq sistemində nasazlıq, hansısa sızıntı olduğu halda da avtomobildə yanğın baş verə bilər” deyə usta bildirib.

Gələn ay 10 gün iş olmayacaq

May ayının qeyri-iş günlərinin sayı açıqlanıb.  Sozcu.az xəbər verir ki, 9 May - Faşizm üzərində qələbə günü, 28 May–Müstəqillik Günü qeyri-iş günləri hesab olunur.  Şənbə və bazar günləri də əlavə edilsə, gələn ay 10 gün iş olmayacaq.  Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar apreldə 11, martda isə Novruz tətilinə görə 15 gün iş olmamışdı. 

İş adamı bayrama görə 400 evin işıqpulunu ödədi

Türkiyənin Bursa şəhərində kimliyini gizlədən xeyriyyəçi 400 evin 600 ödənməmiş işıqpulunu ödəyib.  Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, ailələrə dəstək olmaq istəyən şəxs Uludağ Elektrik Şirkətindən ödənişdə çətinlik çəkən ailələrin müəyyən edilməsini istəyib.  İş adamı ümumilikdə 200 min TL ödəyib. 

Ramazanın 25-ci günü: Dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:51-də, iftar vaxtı isə 19:23-dədir. 25-ci günün imsak duası: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!” Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul eləsin!