Düşmənin qorxulu yuxusu - şəhid Pəncəli Teymurovun doğum günüdür

Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür. Sozcu.az xəbər verir ki, şəhidimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstənin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Azərbaycana yaz fəsli daxil oldu

Azərbaycana yaz fəsli bu gün saat 13:01-də daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu zaman yaz gecə və gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Yaz bərabərliyindən sonra Şimal yarımkürəsində gündüzlər uzanır, gecələr isə qısalır. Qeyd edək ki, ölkəmizdə və çox ölkələrdə yaz bərabərliyi günü Novruz bayramı kimi qeyd olunur. Həmçinin Hindistan, Yaponiya, Meksika kimi ölkələrdə yaz bərabərliyi günü milli bayramlardan biridir. Qədimdə insanlar üçün əsas qida mənbəyi əkinçilik olduğu üçün fəsillərin başlanğıcını bilmək çox önəmli idi və təqvimlər belə yaranıb. Təqvimləri isə göydə cisimlərinin səmada mövqeyinə əsasən tərtib etdiklərinə görə astronomiya elminin əsası qoyulub. Həmin dövrlərdə insanlar səma cisimləri və müxtəlif ünsürlərə sitayiş edir, fəsillərin daxil olma günlərini bayram kimi qeyd edirdilər. Beləliklə günümüzə qədər gəlib çatmış bu bayramlar dünya xalqlarının mədəniyyətinin bir hissəsinə çevrilib.

Ağadadaşın baltası özünə qaytarıldı

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb. Sozcu.az-ın Modern.az-a istinadən məlumatına görə, məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib. Qeyd edək ki, müğənni ötən il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin. İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib. Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən, Xalq artisti həmin hadisə zamanı əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədilə atdığını bildirib. Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb. Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Trüdo vəzifəsindən gedərkən kreslosunu da apardı

Castin Trüdonun Kanada baş naziri kimi vəzifəsindən gedərkən kreslosunu özü ilə aparması diqqət çəkib. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qeyd edək ki, Kanada parlament qaydalarına əsasən, keçmiş baş nazir palatadakı kreslosunun surətini ala bilər. Xatırladaq ki, Kanada Bankının keçmiş rəhbəri Mark Karni tezliklə baş nazir vəzifəsinin icrasına başlayacaq.

KİV: Trampın qolf həvəsi ABŞ büdcəsinə 18 milyon dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “HuffPost” portalı yazıb. Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Yüksək xərclər sahələrin böyük ərazisi ilə bağlıdır ki, bunun mühafizəsinin təmin edilməsi üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və çoxlu sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edilməsi tələb olunur. Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir. 2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib.

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd olunacaq

2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq. Sozcu.az xəbər verir ki, həmin il Ramazan ayı iki dəfə – yanvar və dekabr aylarında qeyd olunacaq. Bunun əsas səbəbi hicri təqvimin günəş təqvimindən daha qısa olmasıdır. Ay təqviminə əsaslanan hicri ili günəş ili ilə müqayisədə təxminən 10-11 gün daha qısadır. Nəticədə, Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə yaşanır. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral, ikinci Ramazan isə 26 dekabr - 24 yanvar 2031 tarixlərinə təsadüf edəcək. Bu o deməkdir ki, müsəlmanlar həmin il iki dəfə oruc tutacaq . İslam tarixində bu hadisə nadir hallarda baş verir və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Din xadimləri bu vəziyyətin müsəlmanlar üçün sınaq və savab qazanmaq üçün böyük fürsət olduğunu bildirirlər. İki dəfə oruc tutmaqla bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar bunu çətin sınaq kimi görsə də, bir çoxları üçün bu, mənəvi cəhətdən daha çox ibadət etmək imkanı yaradır.

Ramazanın ilk gününün duası - İmsak və iftar VAXTLARI

Sabah Ramazan ayının ilk günüdür. Sozcu.az xəbər verir ki, imsak vaxtı 05:49-a, iftar isə 18:47-yə təyin olunub. Birinci günün imsak duası: “Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!” Tərcüməsi: “İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin!

Bu il fitrə zəkatının məbləği nə qədər olacaq? - QMİ-dən CAVAB

Azərbaycanda martın 1-dən Ramazan ayı başlayır. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi fətvası yayılacaq. Hər il Ramazan bayramı günü müsəlmanlar fitrə zəkatı verilir. Qeyd edək ki, ötən il Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub. Bu il də fitrə zəkatının məbləğinin nə qədər olacağı maraq doğurur. Məsələ ilə bağlı Modern.az-a açıqlamasında QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, ümumilikdə hər şəxs 3 kilo buğdanın pulunu fitrə zəkatı olaraq verməlidir: “Fitrənin hesablanması yenə də  əvvəlki qaydada olacaq. Yəni istifadə etdiyimiz buğda çörəyinin, çərəzlərin qiymətinə uyğun olaraq hesablama aparılacaq. Bu il də 10 və ya 15 manat arası kimin nəyə gücü çatırsa, verərik. 3 kilo buğdanın pulunu bir nəfər verməlidir. Bu da orta hesabla 3 manat və ondan yuxarıya kimin nəyə gücü çatırsa, fitrə verə bilər”.

Ramazan ayı nə vaxt BAŞLAYIR?

Mətbuatda və sosial şəbəkələrdə Azərbayanda Ramazan ayının martın 1-dən başlayacağı barədə xəbərlər yayılıb. Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi, Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi iddia edilib. Yayımlanan təqvimə görə, martın 30-u və 31-i Ramazan bayramı qeyd ediləcək. Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək. Qeyd edək ki, ötən il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il Ramazan ayının başlaması ilə əlaqədar fətva verir. Yayılan xəbərlərlə bağlı Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib ki, Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qərar qəbul edilməyib: “Qafqaz Müsəlmanlar İdarəsinin bununla bağlı iclası hələlik olmayıb və fətva verilməyib”, - o deyib. Qeyd edək ki, fətvanın yaxın günlərdə veriləcəyi gözlənilir. İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Novruzda 11 gün qeyri-iş günü olacaq: əlavə 2 gün də...

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir. Sozcu.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram günləri üst-üstə düşərsə, həmin istirahət günləri bayram günündən sonrakı iş gününə keçirilir. 22-23 mart tarixləri şənbə və bazar gününə təsadüf edir, ona görə də 25-26 mart tarixləri də qeyri-iş günü olacaq. İki gün (27-28 mart – cümə axşamı və cümə günləri) iş gününün ardınca 29-39 mart - şənbə-bazar günləri gəlir. Bazar günü – 30 mart həm də Ramazan bayramının ilk günüdür. Belə ki, bu il Ramazan bayramı 30-31 mart tarixlərində qeyd ediləcək. Buna görə də 30 mart bazar günü 1 aprel tarixinə keçiriləcək və 29 mart-1 aprel günləri də qeyri-iş günü olacaq. Beləliklə, 20 martdan 1 aprelə qədər yalnız 27-28 mart iş günləridir. Qeyd edək ki, qeyri-iş günlərinin ardıcılığını təmin etmək üçün adətən Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişdirir. Bu baxımdan 20 mart-1 aprel tarixlərinin ardıcıl qeyri-iş günü olacağı istisna edilmir.

Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"

Külli miqdarda dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirləndirilən, əvvəllər məhkum olunan Rufan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində tanınan Tural Zeynalov ifadə verib. Məlum olub ki, Rufan Qasımov ona saxta etibarnamə ilə bahalı mobil nömrələr satıb: "16 min manat verib iki ədəd "211" ilə başlayan "Azercell" nömrə almışam. Pulu yaxınlarım olan İlkin və Soltan adlı şəxslərlə göndərmişəm. Hər nömrəyə görə 500 manat da dövlətə rüsum keçirmişəm. Sonra hərəsini 11 min manata başqa şəxslərə satmışam. Bir müddətdən sonra məlum olub ki, mənə satılan mobil nömrələrin etibarnaməsi saxtadır. Etibarnamələr 6 saylı cəzaçəkmə müəssisəsindən Tahir Səfərəliyev adlı şəxsin adına verilib. Mən dəymiş ziyanı tələb edirəm". Məhkəmədə təqsirləndirilən şəxs Rufan Qasımov bir çox şəxslərə saxta etibarnamə ilə bahalı mobil nömrələr satdığını etiraf edib: "Xaçmazın prokuroruna da saxta sənədlə nömrə satmışam. Anam onkoloji xəstə idi, 21 gündən bir doqquz min manat xəstəliyinə pul lazım olurdu, haradan tapardım o qədər pulu?" Təqsirləndirilən şəxs Rufan Qasımov iki vəsatətlə məhkəməyə müraciət edib. Hakim isə vəsatətlərə baxılmasını növbəti məhkəmə prosesinə saxlayıb. Həmçinin, məhkəmə istintaqının gedişi zamanı məlum olub ki, Rufan Qasımov barədə Bakı Ağır Cinayətlər Məhkəməsi və Suraxanı Rayon Məhkəməsində başqa cinayət işləri davam edir. Məhkəmə prosesi fevralın 12-nə kimi təxirə salınıb. Qeyd edək ki, cinayət işində üç nəfər və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC zərərçəkmiş şəxs qismində tanınıb. R.Qasımova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi dövlət sənədlərinin saxtalaşdırılması) maddələri ilə ittiham irəli sürülüb.

ABŞ-da Tiktokun fəaliyyəti dayandırıldı

Tiktok tətbiq olunan qadağa səbəbindən ABŞ-da fəaliyyətini dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar: “ABŞ-da Tiktokun qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də Tiktokdan istifadə edə bilməzsiniz”. Məlumata görə, xidmət “Əpp Stor”da axtarış nəticələrində görünmür, “Quql Pley”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir. Qeyd edək ki, bir müddət öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Tiktok sosial şəbəkəsi ilə bağlı qərarı yaxın vaxtlarda verəcəyini açıqlamışdı.