1998-ci ilin fevralında Azərbaycanda ölüm hökmü ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər ölüm hökmü verilən şəxslərin hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib. Həmçinin, 2024-cü ildə bir neçə iş üzrə məhkəmələrdə ömürlük həbs qərarı çıxarılıb. Məsələn, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd edənə, 20 yaşlı həyat yoldaşı və 9 aylıq körpəsini öldürən şəxsə ömürlük həbs cəzası verilib. 2024-cü illə bağlı statistik rəqəmlər açıqlanmasa da, əvvəlki illərdə ömürlük həbs edilənlərin sayı məlumdur. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 1998-2023-cü illər ərzində 297 nəfər barədə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Ancaq bu müddət ərzində onlardan bəziləri əfv edilib. Ölüm hökmünün ləğvindən sonra cəzası ömürlük həbsə çevrilənləri və əfv edilənləri nəzərə alsaq, qeyd edə bilərik ki, Azərbaycanda təxminən 300-ə yaxın ömürlük həbs cəzası çəkən var. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə deyib ki, ömürlük azadlıqdan məhrum etmə cəzası tarixdə ilk dəfə Roma İmperiyası dövründə tətbiq olunmağa başlayıb: "Romada ağır cinayət törədən şəxslərə ölüm cəzası və ya ömürboyu icbari əmək cəzası verilirdi. Bu cəza sistemi cinayətkarları cəmiyyətdən təcrid etmək məqsədi daşımaqla hazırkı qanunvericiliklərdə mövcud olan ömürlük azadlıqdan məhrum etmə cəzasının əsasını qoymuşdur. Ancaq müasir dünyada istifadə edilən ömürlük azadlıqdan məhrum etmə cəzası Avropada XVIII əsrdən etibarən tətbiq edilməyə başlamışdır. Bu dövrdə bir çox ölkə edam cəzasına alternativ olaraq bu cəzanın tətbiqinə keçmişdir. Xüsusilə İngiltərədə ölüm cəzası əvəzinə ömürlük həbs cəzası vermək meyli XIX əsrin sonlarında geniş yayılmışdır". Vəkilin sözlərinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası cəza növlərindən biri kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 42-ci maddəsində öz əksini tapıb: "Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir". C.Qasımzadə qeyd edib ki, sözügedən cəza hər kateqoriya cinayət əməlinə görə yox, yalnız törədilən cinayət əməli yuxarıdakı kateqoriya cinayətlərə aid olduqda tətbiq edilir: "Sülh və insanlıq əleyhinə törədilən cinayətlər isə CM-in 16-cı fəslində, müharibə cinayətləri 17-ci fəslində, şəxsiyyət əleyhinə olan cinayətlər 18-ci fəslində, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlər 19-cu fəslində, dövlət hakimiyyəti əleyhinə törədilmiş cinayətlər isə 20-ci fəslində yer alır. Bir daha qeyd etmək istərdim ki, bu cinayətləri törətmiş şəxslərə o halda ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilir ki, törədilən cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına (Cinayət Məcəlləsi ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur) aid olsun".
Ölkəmizdə elektromobillərə maraq günbəgün artır. Azərbaycanda avtomobil bazarına yeni daxil olduğu üçün insanlarda maraq yaradır. Ona görə də, maşın alarkən elektromobillərə yönəlirlər. Amma bu avtomobillərin bazarda yeni olması da bəzi suallar doğurur. Sozcu.az xəbər verir ki, bəzi sürücülər böyük xərc çəkib maşın alarkən bir çox müsbət tərəflərinə görə elektromobil seçsələr də, peşman olduqlarını deyiblər. Belə ki, yayda avtomobili sürmək rahat olsa da, yağışlı günlərdə onların maksimum gediş məsafəsi aşağı düşür. Bu da sürücülərin mənzil başına çatmasında problemlər yaradır. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Bizim.Media”ya bildirib ki, elektromobil alarkən diqqət edilməli məqamlar var. "Belə hallarla rastlaşmamaq üçün alıcılar həmin maşının Azərbaycana rəsmi qaydada gətirilib-gətirilmədiyinə diqqət etməlidirlər. Əsasən də həmin avtomobilin Azərbaycanda ehtiyyat hissələrinin, servis mərkəzinin olub-olmadığına fikir verməlidirlər”. Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda elektromobilə maraq çox olsa da, tələbat azdır. Tələbatın az olmasını da hələ ölkəmizdə elektromobillərə tam keçidin mümkün olmaması ilə əlaqələndirib: "Elektromobillər üçün enerji doldurma məntəqələrinin sayı azdır, bu da sürücülərə çətinlik yaradan başqa bir amildir”.
Serialda Süleyman Çakır obrazı ilə yadda qalan Oktay Kaynarca “Kurtlar Vadisi” serialı ilə bağlı illərdir bilinməyən bir həqiqəti açıqlayıb. Bu təəccüblü etiraf televiziya aləmində böyük əks-səda doğurub. Oktay Kaynarca Türkiyə televiziya tarixində iz qoyan "Kurtlar Vadisi" serialı ilə bağlı diqqət çəkən açıqlamalar verib. Kafa TV-də Candaş Tolqa Işığın "Fenomen" verilişində qonaq olan məşhur aktyor, "Kurtlar Vadisi"nin əslində Amerika serialından çəkildiyini bildirib. Kaynarcanın açıqlamaları, "Kurtlar Vadisi"nin əslində orijinal bir istehsal olmadığını, Amerikanın "Böyük Trap" serialından ilhamlandığını ortaya çıxardı. Bu etiraf serialın pərəstişkarları arasında sürprizlə qarşılanıb. “Kurtlar Vadisi” yayımlandığı dövr ərzində geniş tamaşaçı kütləsi toplayıb və Türkiyə televiziyası tarixində iz qoyan əsərlərdən biri kimi yadda qalmağa davam edib. Kaynarca verilişdə bunları qeyd edib: " "Əslində o zaman TRT-də "Büyük Trap" adlı serial var idi. Amerika formatı idi və böyük maraqla baxırdıq. Daha sonra Osmanın yanına gedib dedim, bu serial formatlansa, Türkiyədə çox diqqət çəkəcək. Ancaq bu mövzu bir müddət gündəmdə olmadı, sonra Osman mənə zəng edərək layihəni etməyə qərar verdiklərini söylədi"./Manset.az
Azərbaycanda noyabrda baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günlərinin elan olunacağı ilə bağlı tez-tez xəbərlər yayılır. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rəsmi olaraq noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür. Belə ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur. Beləliklə, ardıcıl 4 gün - cümə, şənbə, bazar, bazar ertəsi qeyri-iş günü olacaq. Qeyd edək ki, bəzi saytlarda noyabrın 12-si Konstitusiya Günü də qeyri-iş günü olacağı ilə bağlı məlumat yayılsa da, hələ ki, bununla əlaqədar rəsmi açıqlama yoxdur. Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Həmçinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən dövlət orqanlarında da (qurumlarında) iş rejimi dəyişəcək. Belə ki, dövlət qurumlarına işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla) tapşırılıb.
"Iphone 16" seriyası Azərbaycanda 3000 manatdan başlayan qiymətlərlə satışa çıxarılacaq. Sozcu.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, "Iphone 16" (sadə) 3200 AZN, "Iphone 16 Plus" 3700 AZN, "Iphone 16 Pro" 4000 AZN, "Iphone 16 Pro Max" 4700 AZN, "Iphone 16 Pro Max"ın 1 TB yaddaşlısının isə 6000 AZN-ə satılması planlaşdırılır. Qeyd edək ki, "Iphone 16" seriyası sentyabrın 20-də satışa çıxarılacaq.
Rusiyadakı azərbaycanlı kriminal aləmin yeni rəhbəri seçilib. Sozcu.az unikal-a istinadən xəbər verir ki, yeni klanın rəhbəri "qanuni-oğru" "Zaur Naxçıvanski" ləqəbli Zaur Şipilovdur. "Bu statusa onun namizədliyini 1 saylı "qanuni oğru" Zaxar Kalaşov (Şakro Molodoy) tam dəstəkləyib", - KİV yazıb. Məlumata görə, Şakro Rusiyada Azərbaycan mafiyasının liderini əvəz etmək üçün daha gənc və ağıllı adam lazım olduğunu bildirib və nəticədə "Şakro" Zaur Şipilovun namizədliyini təsdiqləyib. Qeyd edək ki, 1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan Zaur, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. "Zaur Naxçıvanski" "Rövşən Lənkəranski"nin "xaç oğlu" kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə "Rövşən Lənkəranski" tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyük rol oynayıb. Bildirilir ki, o, azərbaycanlı kriminal avtoritetlər Rövşən Caniyevin ("Rövşən Lənkəranski"), daha sonra isə Nadir Səlifovun ("Lotu Quli") ölümündən sonra Rusiya Federasiyasında Azərbaycan mafiyasının rəhbəri olub.
1991-ci ilə aid təqvim "Ocaq" Mədəniyyət Mərkəzi tərəfindən tərtib olunub. Tərtib edəni İslam Atakişiyev, redaktoru Rafiq İsmayılov, rəssamı Yavər Əsədovdur. Təqvimdə Azərbaycan Cümhuriyyətinin düzgün şəkildə adı, mövcud olduğu illər, xəritəsi və ilk müstəqil dövlətimizə aid xronologiya yer alıb. Təqvim saytımızın redaktoru, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi'nin şəxsi kolleksiyasındadır. Sözcü.az
Yardımlı rayonu Şəfəqli kənd Ş. Şabiyev adına tam orta məktəbi 2023-2024-cü tədris ilində bitirən 12 məzundan 11-i respublikanın müxtəlif universitetlərinə qəbul olub. Sozcu.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkədə hesabında paylaşım edilib. Ucqar dağ kənd məktəbinin tələbə adını qazanan məzunlar aşağıdakılardır: 1.Hüseynli Akif Aslan oğlu-UNEC- informasiya təhlükəsizliyi 2.Şəbizadə Qorxmaz Kamal oğlu-Prezident yanında Dövlət İdarəçilik Akademiyası- kompüter elmləri 3. Qənbərli İlahə Ramin qızı- SDU- ingilis dili müəllimi 4.Ağayeva Zəhra Şahin qızı- ADPU- ingilis dili müəllimi 5.Nəzərli Xatirə Elmir qızı- BDU- jurnalistika 6.Bağırlı Alim Sakitoğlu- SDU- elektrik və elektronika mühəndisliyi 7.Cəfərli Əkbər Ceyhun oğul- UNEC- maşın mühəndisliyi 8.Vəizadə Vüsal Heybətoğlu- SDU- tarix və coğrafiya müəllimi 9. Qənbərli Yusif Bəxtiyar oğlu- ATMU- turizm sənayesi 10.Liyeva Ayan Orxan- AMİU- ekologiya mühəndisliyi 11.Bağırlı Həsən Qasım oğul- Aqrar Universitet- torpaq və əkinçilik.
İsti havalar insanın beyninin fəaliyyətini aşağı salır, cinayətə meyli artırır. Bu haqda Vaşinqton Universitetinin saytında ABŞ tədqiqatçıları bu qənaətə gəliblər. İsti hava ilə antisosial davranış arasında əlaqə uzun müddətdir ki, alimləri maraqlandırır. Psixoloqlar və digər ekspertlər yüksək temperatur və məişət zorakılığının yüksək nisbətləri, hücumlar və həddindən artıq dozaya görə xəstəxanaya yerləşdirmə və intihar cəhdləri arasında əlaqəni araşdırıblar. Vaşinqton Dövlət Universiteti və Çikaqo Universitetinin alimləri istilərin insanların əhval-ruhiyyəsinə və psixi sağlamlığına necə təsir etdiyini anlamağa çalışıblar. "Düzünü desəm, bununla bağlı çoxlu araşdırma aparılmayıb və işlərin çoxu insanların idrak tapşırıqlarını yerinə yetirdiyi laboratoriyalarda aparılıb. Mən bu sualı real həyatda müxtəlif və təmsil olunan insanlar nümunəsində öyrənmək istəyirdim", - tədqiqatın aparıcı müəllifi, psixoloq Kimberly Meidenbauer deyib. Komanda, insanların öz hesabatlarına əlavə olaraq, ev təsərrüfatlarının gəlirləri, yaxınlıqdakı yaşıl sahə və parkların mövcudluğu və şəhər istilik adası effekti haqqında öyrənmək üçün siyahıyaalma məlumatlarını təhlil edərək, maydan sentyabr ayına qədər Böyük Çikaqo şəhər ərazisində sorğu keçirib. Meidenbauer bildirib ki, istilər zamanı impulsiv davranışı etiraf edən insanların sayı həyəcan vericidir. "İdeya ondan ibarətdir ki, əgər siz daha impulsivsinizsə, riskli davranışlar, o cümlədən narkotik maddələrdən sui-istifadə və özünə zərər vurma ehtimalınız daha yüksəkdir. İstilik dağıldıqdan sonra belə, vərdiş bir müddət davam edir”, - psixoloq bildirib. Alimlər hesab edirlər ki, istilik planlaşdırma, özünə nəzarət və emosional fəaliyyət üçün vacib olan beynin prefrontal korteksinə təsir edir. O deyir ki, istilik ruhi xəstəliklərin müalicəsində istifadə edilən bir çox psixotrop dərmanlara da müdaxilə edir ki, bu da özünə zərər verən amil ola bilər. Bundan əlavə, təcavüzün bəzi növləri impulsiv davranışla əlaqələndirilir. "Gələcəkdə diqqətimizi hər şeyi sərinlədə bilən infrastruktura yönəltməliyik. Buraya passiv soyutma sistemləri ilə dizayn edilmiş binalar və istilik adasının təsirini azaldan şəhər yaşıllıqları daxildir", - o əlavə edib.
İyulun 4-nə keçən gecə Yer kürəsini G1 sinfinə aid maqnit qasırğası vuracaq. Bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib. Alimlərin cədvəlinə görə, onun pik nöqtəsi cümə axşamı Bakı vaxtı ilə saat 01:00-da olacaq. Təxminən səhər saat 7-də tufan səngiməyə başlayacaq və saat 13-də maqnitosfer sakitləşəcək./BAKU.WS
Xarici ölkələrin təcrübəsinə baxan zaman görürük ki, insanlar üç ildən bir iş yerinin dəyişmənin tərəfdarıdırlar. Üç ildən bir iş yerlərini dəyişməyəndə, karyera inkişafı olmayacağı qənaətinə gəlirlər. Maddi cəhətdən də belə fikir formalaşır ki, iş yerini dəyişməyən zaman maaş artımı daha az olur. Bəs Azərbaycanda neçə ildən bir iş yerimizi dəyişməliyik? Azərbaycanda 3 ildən bir iş yerini dəyişməyə şərait varmı? Bu barədə Moderator.az-a danışan İnsan resursları meneceri, şəxsi inkişaf kouçu Aytən Şıxaliyeva deyir ki, iş yerində uzun müddət qalmaq insanın öz bacarıqlarını tam inkişaf etdirməsinə mane ola bilər: “Yeni iş yerləri yeni məsuliyyətlər və fərqli bacarıqlar tələb edir ki, bu da karyera inkişafına təkan verir. Həmçinin, işçilərin iş yerlərini dəyişməsi zamanı maaşlarının artırılması daha asan olur. İş yerləri dəyişən zaman yeni iş yerləri daha yüksək əmək haqqı təklif edə bilər. Eyni zamanda fərqli iş yerlərində çalışmaq daha geniş və zəngin professional şəbəkələr yaratmağa da kömək edir”. A.Şıxaliyeva bildirdi ki, Azərbaycanda iş yerini dəyişməklə bağlı vəziyyət xarici ölkələrə nisbətdə müəyyən dərəcədə fərqlənir: “Azərbaycan iqtisadiyyatı son illərdə müxtəlif sahələrdə inkişaf edir. Xüsusilə, informasiya texnologiyaları, maliyyə və mühəndislik, rəqəmsal xidmətlər sahələrində iş yerlərini dəyişmək daha asandır. Bu sahələrdə ixtisaslı işçilər üçün tələbat yüksəkdir və iş yerlərini dəyişmək üçün kifayət qədər imkanlar da olur. Belə halda üç ildən bir iş yerini dəyişmək karyera inkişafı üçün müsbət ola bilər. Amma bəzi sektorlarda iş yerlərinin sabit olmaması və məhdud imkanlar insanların tez-tez iş yerlərini dəyişməsini çətinləşdirir. İş bazarı, iqtisadi şərtlər və karyera perspektivləri bu təcrübənin ölkədə nə dərəcədə uyğun olduğunu müəyyən edir”. Menecerin sözlərinə görə, Azərbaycanda iş yerinə bağlılıq və sabitlik də çox vaxt üstünlük hesab edilir: “İnsanlar uzun müddət eyni iş yerində işləməyi təhlükəsizlik və etibarlılıq kimi qəbul edirlər. Azərbaycanda 3 ildən bir iş yerini dəyişmək tam olaraq mümkün olmasa da, bu təcrübənin bəzi aspektləri karyera inkişafına və maddi rifaha töhfə verə bilər. İşçilər öz sahələrində və ya oxşar sahələrdə yeni imkanları dəyərləndirməli və davamlı olaraq öz bacarıqlarını inkişaf etdirməlidirlər. Bu yolla, həm karyera inkişafı, həm də maddi rifah səviyyəsini artırmaq mümkündür”.
Tədqiqatçıların apardığı araşdırma zamanı mamontların təxminən 4 min il əvvəl "qeyri-genetik" səbəblərdən nəsli kəsildiyi məlum olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, bir sıra alim latınca adı "mammuthus primigenius" olan mamontların nəslinin kəsilməsinin səbəblərini araşdırıb. Araşdırma zamanı məlum olub ki, təxminən 10 min il əvvəl Vrangel adasında qapalı qalan və 4 min il əvvəl nəsli kəsilən mamontların nəslinin kəsilməsinin səbəbi heç də hər kəsin düşündüyü kimi qohumluq əlaqələri olmayıb. 21 mamontun genlərini kompüter vasitəsilə araşdıran tədqiqatçılar mamontların "qohumluq yolu ilə çoxaldığını" müəyyən ediblər. Tədqiqatçılardan biri Love Dalen, "Biz indi onların genetik səbəblərə görə nəslinin kəsilməsi fikrini rədd edə bilərik", - deyə açıqlama verib. O həmçinin deyib ki, tapıntılar mamontların təsadüfi bir hadisə nəticəsində yox olduqlarını göstərir. Əgər bu hadisə baş verməsəydi, mamontlar hələ də yaşayacaqdılar. Bu hadisənin nə olduğu barədə isə alimlərin hələ ki, dəqiq bir fikri yoxdur.