Ançelotti “El-Klassiko”dan danışdı: “Revanş barədə düşünmürük”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kubokunda “Barselona”ya qarşı keçirəcəkləri ilk yarımfinal oyunu haqda fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis Superkubok matçındakı məğlubiyyətin revanşını almaq barədə düşünmədiklərini deyib: “Biz matça inamla hazırlaşırıq. Həm müdafiədə, həm də hücumda yaxşı oynamaq üçün cəsarətli olmalıyıq. Biz finala yaxınıq və daha yaxşı olmağa çalışacağıq. İspaniya Superkubokunda üslubumuza və gücümüzə uyğun çıxış etmədik. Fərdi səhvlərimiz oldu və onların tez-tez təkrarlanması bizə təsir etdi. Bu dəfə eyni halın baş verəcəyini düşünmürəm. Çox vacib matçdır, amma həlledici oyun deyil. Müsbət nəticə qazanmağa çalışacağıq. Superkubokdakı məğlubiyyətin revanşı barədə düşünmürük. Sadəcə, kuboka yaxın olduğumuz üçün qalib gəlmək istəyirik”, - deyə Madrid klubunun rəsmi saytı Ançelottidən sitat gətirir. Bu gecə keçiriləcək “El-Klassiko” Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

"Mən dəli deyiləm" - Mourinyo

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasının 24-cü turunda "Kremoneze"yə qarşı matçda (1:2) texniki zonadan qovulmasını şərh edib. Sozcu.az "Calciomercato"ya istinadən xəbər verir ki, o deyib: "Mən emosionalam, amma dəli deyiləm. Nəsə oldu, yoxsa belə reaksiya verməzdim. Baxmalıyam ki, qaydalara uyğun nəsə edə biləcəyəmmi? Dördüncü hakim Serradan sonra Piççinini mənə qırmızı verdi. Sonuncunun əslində dediyini etiraf etmək üçün dürüstlüyü yoxdur. Onun turinli olduğunu və gələn bazar günü "Yuventus"la oynayacağımızı düşünmək istəmirəm. Mənimlə nalayiq danışdı. Görmək istəyirəm ki, onun mənə dediklərinin qeydi varmı? O, yersiz danışdı". Qeyd edək ki, portuqaliyalı mütəxəssis ikinci hissənin startında matçın baş hakimi Marko Piççininin qərarından narazı qalıb və onu təhqir edib. Referi isə Mourinyoya birbaşa qırmızı vərəqə göstərərək, texniki zonadan qovub.

Messi: "Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm"

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi FİFA tərəfindən 2022-ci ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatını qazanmasını şərh edib. Sozcu.az "Marca"ya istinadən xəbər verir ki, o deyib: “Bu gözəldir. Möhtəşəm bir il keçirmiş Benzema və Kilianla birlikdə belə  siyahıda olmaq çox xoşdur. Mükafatı almaq mənim üçün böyük şərəfdir. Burada olan Skaloni və Martinezə təşəkkür etmək istərdim. Mənim üçün əla il oldu.Gərgin mübarizədən sonra arzumu həyata keçirə bildim. Ailəmə, Argentina xalqına təşəkkür etmək istəyirəm". Argentinalı oyunçu sosial şəbəkə hesabında isə bunları yazıb: "Mənə bu mükafatı qazandıran hər kəsə təşəkkür edirəm. Ailəmə və dostlarıma, bizə inanan 45 milyon Argentinalıya... Və bütün FİFA qaliblərini təbrik edirəm. Xüsusilə Lionel Skaloni və Emiliano Martinez hər ikisi də mükafatlarına layiq idilər. Tezliklə görüşənədək!” Qeyd edək ki, Lionel Messi DÇ-2022-də Argentina millisi ilə mundialın qalibi olub. O, turnirin ən yaxşı oyunçusu seçilib.

Ronaldo Taysonla görüşdü

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo əfsanəvi boksçu Mayk Taysonla görüşüb. Sozcu.az xəbər verir ki, onlar Səudiyyə Ərəbistanının Əd-Diriya şəhərində keçirilən boks matçı zamanı bir araya gəliblər. Qeyd edək ki, qış transfer pəncərəsində "Əl-Nəsr"ə keçən Ronaldo yeni komandasında 5 oyuna 8 qol vurub, 2 qol ötürməsi edib.

Veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib. Sozcu.az xəbər verir ki, 2020-ci ildə koronavirusa yoluxmuş, bu səbəbdən insult keçirərmiş Q.Əliyev komadan ayımayıb. "Viləş", "Şəmkir", MOİK, "Masallı" komandalarının sabiq baş məşqçisi 63 yaşında vəfat edib Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş" və "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə bürünc medal qazandırmış mütəxəssis "Şəmkir"lə çempion olmağı bacarıb. O, həm də Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçidir. Q.Əliyev 1983- 1985-ci illərdə "Neftçi"nin formasını geyinib. Əliyev "Avtomobilçi" (Bakı) (1976-1981), "SKA Xabarovsk" (1981-1983), "Gənclik" (Bakı) (1985-1986), "Avtomobilçi" (Meingəçevir) (1986-1987) klublarının da heyətində çıxış edib. Allah rəhmət eləsin!

“Çelsi”nin baş məşqçisi bu gün işini itirə bilər

“Çelsi”nin baş məşqçisi Qrem Potter bu gün Premyer Liqanın 25-cü turunda “Tottenhem”lə oyundan sonra istefaya göndərilə bilər. Mənbə iddia edir ki, “Çelsi”nin sahibi Todd Boeli mütəxəssisin gücünə inanır. Lakin “zadəganlar” London derbisində uduzsalar, Qrem Potter qovulacaq. Rəhbərlik bir müddətdir ki, Potterin işindən narazıdır. Qeyd edək ki, “Çelsi” Premyer Liqada 23 matçdan sonra 31 xalla 10-cu pillədə qərarlaşıb.