"Arteta" ilk yay transferini etdi - 4 pəncəsi var

"Arsenal"ın məşq mərkəzində "Labrador" cinsli bir it görünüb. Sozcu.az xəbər verir ki, bunun baş məşqçi Mikel Artetanın yeni ideyası olduğu üzə çıxıb. Mütəxəssis düşünür ki, it oxşamaq stressi azaldır, ümumi əhval-ruhiyyəni yaxşılaşdırır. Buna görə də o, klubun bazasına belə bir heyvan gətirib. Həmçinin Arteta inanır ki, Vin (Win - qələbə - red.) adlı it onlara Premyer Liqa çempionluğunu qazanmağa kömək edəcək. Qeyd edək ki, "Arsenal" hazırda turnir cədvəlində 81 xalla (36 oyun) 2-cidir. "Topçular" sona 2 tur qalmış "Mançester Siti"dən (35 oyun) 4 xal geridədir.

Hakimi təhqir edən Kloppun cəzası məlum oldu

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cəzalandırılıb. Almaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında “Tottenhem”lə matçda (4:3) baş hakim Pol Tirni təhqir etdiyinə görə biri şərti olmaqla ikioyunluq diskvalifikasiya edilib. 55 yaşlı mütəxəssis 75 min funt sterlinq cərimə də ödəməli olacaq. Klopp cəza səbəbindən İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” ilə ev matçında texniki zonada ola bilməyəcək. Mənbə: BBC

"Everton" bu qiymətə satılır

"Everton"un İran əsilli britaniyalı sahibi Fərhad Moşiri klubu satmağa yaxındır. Sozcu.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. "Everton"un gələn həftənin əvvəlində ABŞ investisiya fondu "777 Partners" tərəfindən alınacağı gözlənilir. Onlar klub üçün 600 milyon funt-sterlinq ödəyəcəklər.  Müqavilənin şərtlərindən biri də yeni sahibinin yeni stadionun tikintisinə 505 milyon sərmayə qoymaq öhdəliyidir. Fərhad Moşiri 2016-cı ildən "Everton"da 94 faiz pay sahibidir.  Qeyd edək ki, "mersisaydlılar" 36 turdan sonra Premyer Liqanın turnir cədvəlində 17-cidirlər.

"Qarabağ" çempion olmağa öyrəşib, yenilik deyil" - Redon Cica

"Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin "Supersport" telekanalına açıqlama verib. Sozcu.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə bu mövsüm yaşadığı ölkə çempionluğu haqda danışıb: "Azərbaycanda "Qarabağ"ın çempionluğunu təmtaraqlı qeyd etmədik. Komanda son illər tez-tez ölkə çempionu olmağa öyrəşib və bu, yenilik deyil". 24 yaşlı hücumçu Azərbaycana və "Qarabağ"a uyğunlaşdığını deyib: "Yüngül zədə almışam və 100 faiz hazır deyiləm. Mümkün qədər yaxşı mövsüm üçün əlimdən gələni edirəm. Nə vaxt şansım olsa, əlimdən gələni edəcəyəm və rəhbərliyin transferə olan etimadını doğruldacağam. Fasilə mənə kömək edəcək. Sonra yeni mövsümdə start heyətində olmaq üçün hazırlıq mərhələsində əlimdən gələni edəcəyəm". Cica bildirib ki, yanvarda olan transfer futbolçu üçün yaxşı deyil, çünki komandaya uyğunlaşmaq çətindir: "Yayda hazırlıq mərhələsi olduğundan komandanın oyun üslubunu başa düşmək olur. "Qarabağ"a qış transfer pəncərəsinndə, fasilədə ilk oyundan beş gün əvvəl gəlmişdim. Oyunun gedişindən xəbərim yox idi. Mən sadəcə oynadım və əlimdən gələni etdim, amma indi komandaya uyğunlaşmışam. Ümid edirəm ki, növbəti mövsüm start heyətdə oynayacağam". R.Cica bildirib ki, qışda ayrıldığı "Tirana" Albaniya çempionu olsa, həmin klubdan da medal istəyəcək: "Tirana" çempion olsa, medal istəyəcəyəm. Çünki mövsümün ilk mərhələsində komandaya töhfə vermişəm. Futbolçunun bir mövsümdə 2 medal qazanması tez-tez baş vermir". Qeyd edək ki, "Tirana" Albaniya çempionatında 59 xalla liderdir.  Xatırladaq ki, "Qarabağ"  yarışın bitməsinə 2 tur qalmışdan 10-cu ölkə çempionluğunu təmin edib.

"Arsenal"dan transferlərə 200 milyon avro

"Arsenal" bu yay böyük transferlərə hazırlaşır.  Sozcu.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Bildirilib ki, London təmsilçisi heyəti gücləndirmək üçün 200 milyon avrodan çox pul ayırıb. "Arsenal"ın əsas hədəfləri Deklan Rays ("Vest Hem") və Moyzes Kaysedodur ("Brayton"). Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasında 81 xalla 2-ci pillədə qərarlaşıb.

"Qarabağ"ın ÇL-dəki 9 potensial rəqibi məlum oldu

Növbəti mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 1-ci təsnifat mərhələsindəki 9 potensial rəqibi müəyyənləşib. Sozcu.az xəbər verir ki, Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq. "Qarabağ"ın 15 potensial rəqibindən 9-u aşağıdakılardır:  “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya). 1-ci təsnifat mərhələsinin püşkü iyunda atılacaq, oyunlar isə iyulda keçiriləcək. Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsində 32 komanda iştirak edəcək. Onlardan artıq 22-si məlumdur. Bu komandalardan 10-u səpələnmişlər, 9-u səpələnməmişlər səbətində yer alacaq. Digər 3 komandanın hansı səbətdə olacağı hələlik məlum deyil. 

Premyer Liqa: “Qarabağ” bu gün çempionluğu təmin edə bilər

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək. Matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq. Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 48 xalla dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb. İki komanda bunadək ölkə çempionatında üç dəfə üz-üzə gəlib. İlk matçda “Qəbələ” qələbə qazanıb. Son iki görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Elmar Baxşıyevin başçılıq etdiyi komanda üstündür - 3:1. Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Hazırda 84 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə 25 xalla doqquzuncu sırada yer alıblar. Komandaların indiyədək çempionatda baş tutan 22 görüşündə “köhlən atlar” 18 dəfə qələbə sevinci yaşayıblar. Bakı klubunda bu göstərici cəmi ikidir. Eyni sayda qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də son Azərbaycan çempionunun xeyrinədir - 47:8. “Qarabağ” son beş oyunda qələbə qazanıb. Son yeddi matçda ən azı üç qol vurub. Azərbaycan Premyer Liqası XXXIV tur 13 may (şənbə) 18:00. “Qəbələ” - “Turan Tovuz” Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Qəbələ şəhər stadionu. 20:30. “Səbail” - “Qarabağ” Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: İlham Əliyev “ASCO Arena”. Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” - “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” - “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.

“Qarabağ”a mane olmaq üçün əlimizdən nə gəlirsə edəcəyik" - Şahin Diniyev

“Qarabağ”ın adı elə bizim üçün motivasiyadır. Fərqli bir oyun olacaq. Çünki komandalar fərqli bir tapşırığı yerinə yetirəcək”. Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib. Misli Premyer Liqasının 34-cü turunda “Səbail”lə qarşılaşacaq “Qarabağ” qalib gələcəyi halda sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirəcək. “Səbail” üçün isə bu görüş Premyer Liqada qalmaq baxımından vacibdir. Paytaxt klubunun çalışdırıcısı oyun öncəsi fikirlərini bölüşüb. O, Ağdam təmsilçisinin aşkar favorit olduğunu, bununla belə meydana qələbə üçün çıxacaqlarını bildirib:  “Qarabağ” maksimum vəzifəyə çatmaq, sona iki tur qalmış çempionluğunu təmin etmək istəyəcək. Acınacaqlıdır ki, biz bu oyunda uğurla çıxış edib yerimizi qorumağa çalışacağıq. Məncə, hər iki komanda bu oyunda vuruşacaq. Güzəştsiz bir matç olacaq. Bəli, oyundan əvvəl faktlara baxanda “Qarabağ”ın “Səbail” önündə böyük üstünlükləri var. Ancaq futbolda proqnoz vermək çox çətindir. Hər üç nəticə qeydə alına bilir. Bizim də itirəcəyimiz bir şey olmadığı üçün bu görüşə final matçı kimi yanaşırıq. Təbii ki, “Qarabağ” favoritdir, bu qaçılmazdır. Biz isə “Qarabağ”a mane olmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik. Bizi maraqlı oyun gözləyir. Hər iki tərəf üçün vacib görüşdür”. Qeyd edək ki, sabah keçiriləcək "Səbail" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq. 

"Bu, mənim günahım deyil" - Qvardiola

“Toni Kroos bizi müdafiədə istədiyimizdən daha çox işləməyə məcbur etdi. Bu gün mərkəz yarımmüdafiəçisi oynamasaydı, daha az müdafiə olunardıq. Cavab qarşılaşmasını səbirsizliklə gözləyirik". Sozcu.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə "Real"la heç-heçə etdikləri oyunu (1:1) şərh edərkən deyib. "Püşkatmadan məmnunam. Bu matça mütləq yenidən baxacağıq. Düşünürəm ki, daha aqressiv oynayıb, daha çox qol vura bilərik. Cavab oyunu üçün bir neçə fikrim var. Amma əvvəlcə bu qarşılaşmaya yenidən baxmaq lazımdır” - deyə o bildirib Mütəxəssis sözügedən görüşdə niyə heç bir əvəzetmədən istifadə etmədiyi ilə bağlı söyləyib: "Meydanda olan bütün oyunçular yaxşı idi. Bernardo və Qriliş topu saxlamağı bilirlər, mənə lazım olan budur. “Real"ın əks-hücumlarına mane olmalı idik. Çünki əks-hücumlarda rəqib  bizdən daha yaxşı çıxış edir. Buna görə də yavaşlamalı idik". Qvardiola jurnalistin "Hər kəs "Real"ı darmadağın edəcəyini düşünürdü" fikrinə belə münasibət bildirib: "Bunu deyən kimdir! Kimə qarşı oynadığımızı bilirsiniz! Çempionlar Liqasında neçə kubok qazanıblar. İnsanların 6:0 hesablı qələbə qazanacağımızı düşünməyi mənim günahım deyil".

Messi bir ildə iki “Laureus” qazanan ilk futbolçu oldu

Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub. Sozcu.az xəbər verir ki, 36 yaşlı hücumçu “Laureus World Sports Awards” tərəfindən dünyada 2023-cü ilin idmançısı adına layiq görülüb. Fransanın PSJ klubunun üzvünün kapitanı olduğu Argentina millisi isə ilin ən yaxşı komandası seçilib. Buna qədər heç bir futbolçu bir il ərzində hər iki kateqoriyada ən yaxşı seçilməmişdi. Qeyd edək ki, “Laureus” idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur. Bu mükafat 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.

"Napoli" baş məşqçisi ilə müqaviləni uzadıb

İtaliyanın "Napoli" klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb. 64 yaşlı mütəxəssis "Fiorentina"ya 1:0 hesabı ilə qalib gəldikləri A Seriyasının XXIII tur oyunundan sonra bu barədə açıqlama verib. Spaletti rəhbərliyin sözləşmənin artırılması variantını aktivləşdirdiyini söyləyib. O, yeni müqavilənin 2024-cü ilin yayınadək nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edək ki, "Napoli" 32 ildən sonra İtaliyada çempionluğunu rəsmiləşdirib. Komanda son olaraq 1989/1990 mövsümündə A Seriyasının qalibi olub.

Markinyosu təəccübləndirən qərar: Mbappe PSJ-nin yeni kapitanı olur

Kilian Mbappe növbəti mövsümdən PSJ-nin kapitanı olacaq. Paris klubu hazırkı kapitan Markinyosu bu qərar barədə məlumatlandırıb. Braziliyalı müdafiəçi xəbərə təəccüblənib. Klub qərarını dəyişməyəcək. Kapitanlığa digər namizəd Presnel Kimpembe də bununla bağlı məlumatlandırılıb. Kapitan dəyişikliyi həddən artıq təzyiq altında qalan Markinyosun yükünü azaltmaqla əsaslandırılırsa da, qərarın əsas səbəbinin Mbappenin tələbləri olduğu bildirilir. Mənbə: championat.com