Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb

Mingəçevirdə 16 yaşlı gənc həmyerlisini bıçaqlayıb. Ötən gün saat 21:15 radələrində 2007-ci il təvəllüdlü şəhər sakini İsmayılov Yusif Sadiq oğlu A.Məmmədov küçəsində avtomobil yolunun kənarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsmayılov Səfər Yusif oğlunun kürək nahiyəsinə ümumilikdə 4 ədəd bədən xəsarətləri yetirib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Zabrat qəsəbəsində avtomobil yolu keçən 2010-cu il təvəllüdlü İsmayılov Cavid Rövşən oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda 1 yaşlı körpə ölüb

Bakıda 1 yaşlı körpə ölüb. Sozcu.az xəbər verir ki, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi Məktəbli küçəsi, ünvansız fərdi yaşayış evində yaşayan yeni doğulmuş 2022-ci il təvəllüdlü Abdullayeva Melisa Bəhruz qızı yaşadığı ünvanda ölüb. Hazırda onun ölüm səbəbləri araşdırılır.

Səbuhi Xanlarov həbs edildi

Bloqer Səbuhi Xanlarov həbs olunub. Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub. Məlumata görə, blogger barəsində 15 günlük inzibati həbs qərarı verilib. Qeyd edək ki, bir neçə gün öncə Xətai Rayon Polis İdarəsi tərəfindən saxlanılan S.Xanlarov sərbəst buraxılmışdı.

Zaporojyedə gənc azərbaycanlıların meyitləri tapılıb

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri ətrafında azərbaycanlıların meyitləri tapılıb. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunlar 28 yaşlı Şahin Qarayev və 25 yaşlı Ruslan Alıyevdir. Onların hər ikisi Ukrayna vətəndaşlarıdırlar. Uzun zamandır itkin düşmüş hər iki azərbaycanlının meyitləri üzərində ciddi işgəncə əlamətləri olduğu bildirilir. Hazırda onların meyitlərinin azərbaycanlılar tərəfindən ailələrinə çatdırılması prosesi gedir.

Türkiyədə yenidən güclü zəlzələ oldu

09:35 Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Tələfat və dağıntı barədə məlumat yoxdur. *** Qəhrəmanmaraşın Onikişubat ilçəsində 4,5 bal, Kayserinin İncəsu ilçəsində isə 4,4 bal gücündə ardıcıl yeraltı təkanlar qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Qeyd edək ki, ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda isə 5,6 bal gücündə zəlzələ baş verib. Nəticədə 2 nəfər həlak olub, 110 nəfər isə yaralanıb.

Bakıda evdən meyit tapıldı

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Jurnalist Fərid İsmayılov Bayram Səfərovla aralarında olan mübahisədən danışdı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla ona sual ünvanlayan jurnalistin dialoqu müzakirələrə səbəb olub. Jurnalist B.Səfərova Şuşaya səfər edib-etməməsilə bağlı sual verib. Sualdan yayınan icra başçısına jurnalist növbəti dəfə sual verdikdə, o əsəbiləşib. Media nümayəndəsinin “Jurnalist sizdən hesab sora bilməz?” replikası isə gərginliyi artırıb. Bəzi media nümayəndələri bu məsələdə jurnalistə dəstəyini bildirsə də, onu tənqid edənlər də olub. Həmin mübahisənin tərəflərindən biri olan jurnalist Fərid İsmayılov Globalinfo.az-a açıqlamasında Bayram Səfərovla bu situasiyanın iki dəfə təkrarlandığını bildirib: “Mən müxtəlif media qurumlarında çalışmışam və istənilən materialıma görə hesabat verməyə də hazıram. Fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə bağlı reportaj hazırlamaq üçün “Ana fəryadı” abidəsinə getdim. Bu zaman kənarda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dayandığını gördüm. Ona yaxınlaşdım, çalışdığım redaksiyanın adını və kim olduğumu qeyd etdim, müsahibə üçün icazə istədim. O da heç bir problemin olmadığını bildirərək razılıq verdi. Yaxa mikrofonunu icazəsi ilə icra başçısının üzərinə yerləşdirdim və çəkməyə başladım. Ona, “Məlumat yayılmışdı ki, siz Şuşaya gedə bilməmisiniz. Bəs indi vəziyyət necədir?” – deyə, sual ünvanladım. B.Səfərov isə qarşılığında mikrofonu çıxararaq, “Get işinlə məşğul ol” dedi. Mən də təşəkkür edib, yanından ayrıldım”. F.İsmayılov icra başçısının sualdan bir neçə dəfə aqressiv münasibət bildirərək yayındığını deyib: “Daha sonra ondan digər jurnalistlərin də açıqlama aldığını gördüm, yaxınlaşıb çəkməyə başladım. Həmin media nümayəndələrinin də sualları elə icra başçısının Şuşaya səfəri, həmçinin rayon icra hakimiyyətlərinin ləğvi mövzusunda idi. Bu arada mən B.Səfərovun özünün Şuşaya gedib-getməməsini soruşdum. O isə, “Bunun sizə dəxli yoxdur” cavabını verdi. Sualı təkrar etdim, yenə eyni şəkildə cavabladı. Dəqiq cavab ala bilmədiyim üçün sualı bir daha təkrarladım, çünki mənim bir jurnalist kimi oxucu qarşısında öhdəliyim var. Cəmiyyətdə də Bayram Səfərovun Şuşaya gedə bilməməsilə bağlı fikirlər səsləndirilir, bu səbəblə mən həmin suala cavab almağa çalışdım. Hətta o Şuşa üç ay əvvəl getdiyini, bunun yanvar ayında baş verdiyini də dedi. 3 ay əvvəl necə yanvara təsadüf edə bilər? Müsahibə bitdikdən sonra da demək olar ki, heç bir montaj edilmədən, sadəcə loqo yerləşdirməklə videonu yayımladıq”. Jurnalist media nümayəndələrinin məmurdan hesabat tələb etmə haqqı ilə bağlı fikirlərə də cavab verib: “Sonra sualım ictimai müzakirəyə çıxarıldı, haqqımda tənqidi yazılar yayımlandı. Halbuki, o məqalələri hazırlayanlar bir müddət əvvəl məni xüsusi xidmət orqanlarına işləməkdə ittiham edirdilər. Təsəvvür edə bilirsiniz, Azərbaycanda bir jurnalist xüsusi xidmət orqanlarına işləyə və hüquq mühafizə orqanları buna susa? Bu mümkün deyil. Təəssüf ki, Bayram Səfərov özünü heç kimə hesabat verməyə məcbur hiss etmir. Çünki onun qanunən vətəndaş qarşısında öhdəliyi olsa da, real öhdəliyi yoxdur. Həmçinin, jurnalistin hesabat tələb etmə hüququnu da sorğulayırlar. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən nəinki jurnalist, vətəndaş belə məmurdan hesabat tələb edə bilər. Çünki həmin məmur vətəndaşın ödədiyi vergi hesabına büdcədən əməkhaqqı alır. Bu baxımdan jurnalist ictimaiyyəti maraqlandıran məsələyə aydınlıq gətirmək üçün sualı dəfələrlə təkrarlaya bilər. Düşünürəm ki, məsələ Bayram Səfərovla bitmir. Azərbaycanda məmur vətəndaş qarşısında hesabatlı deyil”. Xatırladaq ki, Fərid İsmayılov Toplum TV portalının əməkdaşıdır. Sozcu.az

Estoniyanın müdafiə naziri Kiyevə səfər edib

Estoniya müdafiə naziri Hanno Pevkur Ukraynaya səfər edib. Sozcu.az xəbər verir ki, o, Kiyevdə ukraynalı həmkarı Oleksey Reznikovla görüşüb. Reznikov bildirib ki, bu, Pevkurun Kiyevə ilk səfəri deyil. Nazir xatırladıb ki, Estoniya ölkənin ÜDM-nin 1 %-dən çoxunu Ukraynaya yardım edib. "155 mm-lik haubitsalar, “Ukrayna üçün 1 milyon 155 mm-lik mərmilər” təşəbbüsü, səhra xəstəxanaları və əsgərlərimizin müalicəsi. Bu, dost Estoniyanın bizim üçün etdiklərinin kiçik siyahısıdır”, - o qeyd edib.