Bakıda şagird sinif yoldaşını bıçaqladı

Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O qeyd edib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqata təmin edilərək zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.

İtkin düşmüş ana və qızı tapıldı - Geri dönmək istəmirlər

Gəncədə bir neçə gün öncə itkin düşmüş ana və qızı tapılıb. Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib. N.İmanova izahatında yaşadıqları evi könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib. Qeyd edək ki, Tahir Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Nargül İmanova və övladı, 2009-cu il təvəllüdlü Günay Həsənovanın noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmadıqlarını deyib.

Binəqədidəki yanğında yaralananların SAYI

Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib. Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub. Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Bərdədə yas yerində xəsarət alanların sayı 33-ə ÇATIB

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib. TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

“Dolanmaqda çətinlik çəkirdim” – “Bravo”ya hücumda təqsirləndirilən şəxs

Bakıda “Bravo” hipermarketə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İbrahim İbrahimov dindirilib. O bildirib ki, cinsi azlığın nümayəndəsidir və təqsirləndirilən şəxs mərhum Ruhlan İsmayılovla instaqramda tanış olub: “Valideynlərim cinsi azlıq olduğumu biləndən sonra məndən imtina edərək bir daha evə gəlməməyimi tapşırdı. Bakıya köçdüm. Dolanmaqda çətinlik çəkirdim. Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların instaqramdakı səhifəsində elan paylaşdım və orada R. İsmayılov mənə yazaraq birlikdə qalmağa razı olduğunu dedi. 2019-cu ilin sonunda R.İsmayılovla həmin evə köçdük və orada birlikdə yaşamağa başladıq. Evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə mən verirdim. Evin digər xərclərinin də çox hissəsini Ruhlan həll edirdi”. Təqsirləndirilən şəxs bildirib ki, Ruhlan basqında avtomat silahla iştirak edəcəyini, Dəyanətə isə digər tapançanı verəcəyini deyib. Onun sözlərinə görə, Ruhlan digər təqsirləndirilən şəxs Azərlə ondan daha yaxın olub və gün ərzində dəfələrlə danışıblar: “Basqın barədə mənim məlumatım olmayıb. Azər maşınla gələrək Dəyanət və Ruhlanı apardı. Ancaq hara getdiklərini bilmədim. Ruhlan çantasını götürəndə onun içərisində silah olduğunu bilmədim”. Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib. Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

Vətən müharibəsi qazisi ürəktutmadan vəfat etdi

Gəncədə Vətən müharibəsi qazisi dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, şəhər sakini 1992-ci il təvəllüdlü Əhmədov Eşqin Fazil oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsi zamanı Eşqin Əhmədovun dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, E.Əhmədov ürəktutmasından ölüb. Faktla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma aparılır. Xatırladaq ki, Eşqin Əhmədov 3-cü qrup əlilidir. O, ailəli olub, bir övladı var.

Bakıda bərbəri evindən çağıran şəxs ona dəhşət yaşatdı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeronda tanışını bıçaqlamaqda təqsirləndirilən F.Əhmədovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İttihama görə, hadisə 6 avqust 2022-ci il tarixində, saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, F.Əhmədov tanışı, bərbər E.Əliyevlə mübahisə edib. Mübahisəyə səbəb E.Əliyevin təqsirləndirilən şəxsin həyat yoldaşına söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışmağı, habelə zərərçəkmiş şəxsin onun arvadına qarşı etdiyi hərəkət olub. O, bunlara görə E.Əliyevi cəzalandırmaq qərarına gəlib. Təqsirləndirilən şəxs zərərçəkmişi saçını kəsdirmək istədiyi bəhanəsi ilə evindən çağırıb, binanın qarşısında görüşüb. Daha sonra F.Əhmədov üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 zərbə endirib. Hadisədən sonra F.Əhmədov saxlanılıb.

Qarabağ qazisi Babək Həsənov Türkiyədə vəfat etdi

Birinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin sədri Babək Həsənov dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə yaxınları məlumat yayıblar. Onun müalicə almaq məqsədilə getdiyi Türkiyədə dünyasını dəyişdiyi bildirilir.

Kürdəmirdə ağır qəza: yaralılar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes" markalı avtomaşının sürücüsü Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyeva Jalə Rəşadət qızı Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı sürücü və onun sərnişini Mingəçevir sakini 1979-cu il təvəllüdlü Həsənova Ramilə Xaliq qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Ucarda 23 yaşlı oğlan anasını boğaraq öldürdü - TƏFƏRRÜAT

Ucar rayonunda anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Faiq Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.  Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.  İtithama görə, qətl hadisəsi Ucar rayonunun Qaradağlı kəndində baş verib. Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanı naqillə boğaraq öldürüb.  Faiq Qurbanovun barəsində Cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb. 

İrəvanda partlayış: ölü və yaralılar var

Ermənistanda İrəvan Dövlət Universitetinin korpuslarının birində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda ərazidə xilasedicilər işləyir. Xəsarət alanlar yoxdur. Erməni mətbuatı isə yazır ki, partlayış Kimya fakültəsində baş verib. Ölü və yaralıların olduğu bildirilir.

Prorektorun qətlini keçmiş rektor sifariş edibmiş - RƏSMİ

12 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə daha 2 şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib. Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir.