Dəhşətli zəlzələ xəbərdarlığı – Türkiyə hərəkətə keçdi

Son günlər Egey dənizində müşahidə edilən seysmik aktivliklə əlaqədar Türkiyədə mütəxəssislərdən ibarət xüsusi nəzarət qrupu yaradılıb. Ölkənin İzmir, Aydın və Muğla bölgələrinə mümkün sunami və fövqəladə vəziyyətlərdə əhalini xəbərdar etmək üçün mobil siqnal sistemləri göndərilib, əlavə AFAD heyəti və texnika cəlb edilib. Bu vilayətlərdə sabahdan etibarən məlumatlandırma toplantıları keçiriləcək. Ölkədə SMS xəbərdarlıq sistemi tam hazır vəziyyətə gətirilib. Sunami erkən xəbərdarlıq sistemi xüsusi tətbiqə inteqrasiya edilib. Bütün bunlarla bağlı Türkiyə ilə Yunanıstan universitetləri və tədqiqat mərkəzləri arasında elmi məlumat mübadiləsi aparılır.

Sozcu.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) son günlər Egey dənizindəki Santorini adasında müşahidə edilən seysmik aktivlik və mümkün risklərlə bağlı toplantısının nəticələrinə dair açıqlamasında məlumat verilib.

Görüşdə Türkiyənin Hidrometeorologiya Baş İdarəsi, Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun alim-tədqiqatçıları iştirak ediblər.

Bildirilib ki, bu il fevralın 7-dək Egey dənizinin Yunanıstanın Santorini adası ətrafında 3 baldan böyük 761 zəlzələ qeydə alınıb. Yeraltı təkanlar, ən şiddətlisi 5,2 bal gücündə olmaqla, əsasən Santorini adasının 25 km şimal-şərqində, dənizin 5-25 km dərinliyində baş verir. Bölgədəki aktivlik əsasən Kolumbo sualtı vulkanının yerləşdiyi ərazidə cəmlənib.

Burada ən sonuncu vulkan püskürməsi 1950-ci ildə, bölgədəki ən böyük zəlzələ isə 1956-cı ildə 7,5 bal gücündə baş verib. Hazırkı seysmik aktivlik çox aşağı ehtimal da olsa vulkan püskürməsinə səbəb ola bilər. 2011-2012-ci illərdə bölgədə bənzər aktivlik müşahidə edilib və 14 ay davam edib. Lakin heç bir vulkan püskürməsi qeydə alınmayıb.

Püskürmə baş verəcəyi təqdirdə havaya yayılan vulkanik kül və sunami təhlükəsi Türkiyəyə təsir göstərə bilər.

İclasda Santorini adası və ətrafında artan seysmik aktivlik nəticəsində baş verə biləcək güclü zəlzələ, sunami və ya vulkan püskürməsinin Türkiyə sahilləri üçün yarada biləcəyi təhlükələr, buna qarşı görülən tədbirlər və hazırlıq planları geniş müzakirə edilib.

Share on Facebook