Bakıda bərbəri evindən çağıran şəxs ona dəhşət yaşatdı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeronda tanışını bıçaqlamaqda təqsirləndirilən F.Əhmədovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İttihama görə, hadisə 6 avqust 2022-ci il tarixində, saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, F.Əhmədov tanışı, bərbər E.Əliyevlə mübahisə edib. Mübahisəyə səbəb E.Əliyevin təqsirləndirilən şəxsin həyat yoldaşına söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışmağı, habelə zərərçəkmiş şəxsin onun arvadına qarşı etdiyi hərəkət olub. O, bunlara görə E.Əliyevi cəzalandırmaq qərarına gəlib. Təqsirləndirilən şəxs zərərçəkmişi saçını kəsdirmək istədiyi bəhanəsi ilə evindən çağırıb, binanın qarşısında görüşüb. Daha sonra F.Əhmədov üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 zərbə endirib. Hadisədən sonra F.Əhmədov saxlanılıb.

Qarabağ qazisi Babək Həsənov Türkiyədə vəfat etdi

Birinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin sədri Babək Həsənov dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə yaxınları məlumat yayıblar. Onun müalicə almaq məqsədilə getdiyi Türkiyədə dünyasını dəyişdiyi bildirilir.

Kürdəmirdə ağır qəza: yaralılar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes" markalı avtomaşının sürücüsü Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyeva Jalə Rəşadət qızı Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı sürücü və onun sərnişini Mingəçevir sakini 1979-cu il təvəllüdlü Həsənova Ramilə Xaliq qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Ucarda 23 yaşlı oğlan anasını boğaraq öldürdü - TƏFƏRRÜAT

Ucar rayonunda anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Faiq Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.  Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.  İtithama görə, qətl hadisəsi Ucar rayonunun Qaradağlı kəndində baş verib. Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanı naqillə boğaraq öldürüb.  Faiq Qurbanovun barəsində Cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb. 

İrəvanda partlayış: ölü və yaralılar var

Ermənistanda İrəvan Dövlət Universitetinin korpuslarının birində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda ərazidə xilasedicilər işləyir. Xəsarət alanlar yoxdur. Erməni mətbuatı isə yazır ki, partlayış Kimya fakültəsində baş verib. Ölü və yaralıların olduğu bildirilir.

Prorektorun qətlini keçmiş rektor sifariş edibmiş - RƏSMİ

12 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə daha 2 şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib. Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir.

Vətən müharibəsi qazisi intihar etdi

Masallı rayonun Tatyanoba kəndində yaşayan 44 günlük Vətən Müharibəsinin iştirakçısı - qazi Emil Nizami oğlu İsayev intihar edib.  Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.  Onun özünü ağacdan asaraq həyatına son verdiyi bildirilir. İntiharın səbəbi bilinmir. 

Ordumuzun zabiti dəm qazından öldü

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib. N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış. Faktla bağlı araşdırma aparılır.

Anasını öldürən yeniyetmənin məhkəməsi: 192 bıçaq zərbəsi...

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib. Görüntüdə Z.Mansurov anasının qətlini əvvəlcədən planlaşdırdığını bildirib: "Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt mənə şişlə zərbələr endirirdi. Buna görə də mən onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürüb onun yataq otağına keçdim, üstü yarıya qədər örtülü, üzüaşağı uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ona ard-arda zərbələr endirdim. O, yatağından qalxıb məni kənara itələyib bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqırıb qonaq otağına qovdum. Sonra qapını bağlayıb yenidən həmin otağa qayıdıb yenidən ona zərbələr endirdim. Anam qan içində mənim otağıma qaçanda onu paltar dolabına söykəyib yenidən zərbələr endirdim. Bu vaxt anam qaçıb ayaqyoluna girib qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. Bu vaxt o halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu vaxt onun boynundan zərbələr endirdim. Tam hərəkətsiz yerdə qan içində idi. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ölüb. Daha sonra bacılarımı çağırıb dedim ki öldürdüm. Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər". Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib. Təqsirləndirilən şəxsin bacısı Nərmin Mansurova bildirib ki, qan izlərini atası və polislərin qorxusundan siliblər. Prokuror Rauf Malışov isə qeyd edib ki, cinayət işi üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac var. Zərərçəkmiş şəxsin vəkili Hikmət Xəlilov hadisədə şübhəli məqamların olduğunu bildirib və işin yenidən istintaqa qaytarılmasını istəyib: "Cinayət işindən görünür ki, iş ətraflı araşdırılmayıb. Cinayət işində qonşular şahid qismində dindirilməyib. Bu iş ağırlaşdırıcı məqamlar var ki, həmin məqamlar araşdırılmayıb. İş istintaqa qaytarılmalı, dəlillər hərtərəfli araşdırılmalı və təqsirləndirilən şəxsə ağırlaşdırıcı maddələr verilməlidir. Qətlə yetirilən şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu işdə şübhəli məqamlar çoxdur". Müşavirədən sonra vəsatət təmin olunub, iş üzrə əlavə şahidlərin prosesə dəvət olunması barədə qərar qəbul edilib. Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Ziya Mansurov anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı müəyyən şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Z.Mansurov cinayəti törədən zaman məktəbli olub.

Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Bəndəliyev Elsun Habil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Gəncədə evə hücum: iki nəfər bıçaqlandı

Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb. Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücüm edən bir neçə nəfər tərəfindən bıçaqlanıb. Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub. Faktla bağlı araşdırma aparılır.

Astarada tibb bacısı evində qətlə yetirildi

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.