Bakıda ana və qızı evlərində döyüldü- Biri öldü

Bakı şəhər Nəsimi rayonunda qonşular arasında dava-dalaş olub. Sozcu.az xəbər verir ki, oktyabrın 30-u saat 23 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu mübahisə nəticəsində qonşuları - Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və 1987-ci il təvəllüdlü qızı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla zərbələr endirib. Zərbələrin təsirindən M.Çabanova huşunu itirib. O, oktyabrın 31-i saat 09 radələrində ayılıb və qızını yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib. Faktla bağlı cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.qafqazinfo)

Sumqayıtda 2 nəfəri öldürən şəxs evi partlatmaq istəyib - TƏFƏRRÜAT

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Coratda 2 nəfərin öldürülməsi, 4 nəfərə xəsarət yetirilməsi barədə birgə məlumat yayıb. Pravda.az-ın məlumatına görə, açıqlamada deyilir ki, oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Keçirilmiş tədbirlərlə cinayətin törədilməsində istifadə edilən “İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar saxlandıqları yerlərdən aşkar edilərək götürülüb. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Müşfiq Tağıyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29, 186.2.1, 29, 186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq partlayıcı qurğuları hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam edir. "Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən qanunvericiliyinin tələblərinə riayət edilməsi və istintaq orqanı ilə dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur", birgə məlumatda deyilir.

Ağsuda yük maşını aşdı: ölən var

09:24 Ağsuda yük avtomobili aşıb, ölən var. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. 112 qaynar xəttinə Ağsu rayonunun Kalva kəndində yük avtomobilinin aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində yol qəzası olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, “Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Məmmədovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Hərbçimiz vəfat etdi - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Astarada 18 yaşlı gənc 40 yaşlı kişini GÜLLƏLƏDİ

Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdaş rayon prokurorluğundan Sozcu.az-a verilən xəbərə görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qəzzada 8 mindən çox insan ölüb - Fələstin

İsrailin atəşə tutması və bombalaması nəticəsində Qəzza zolağında ölənlərin sayı 8 mini keçib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. "Son 24 saat ərzində qurbanların sayı 300-dən çox artıb", - departamentin “Əl Hadat” telekanalına istinadən verdiyi açıqlamada deyilir. Daha əvvəl 7,7 min nəfərin öldüyü bildirilirdi. Qeyd edək ki, oktyabrın 7-dən Qəzzada silahlı qarşıdurma başlayandan bəri 19 min adam yaralanıb.

Sumqayıtdakı silahlı hücumun təfərrüatları məlum oldu - ŞAHİDLƏR DANIŞDI- VİDEO

Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüb. İlkin məlumata görə yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır. Hadisə yerindən videonu təqdim edirik:

Bərdədəki növbəti terrordan 3 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Sozcu.az xatırladır ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutub. Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb. Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib. Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

İsmayıllıda qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırdı - FOTO

Bu gün günorta saatlarında İsmayıllı Rayon İcra Hakimiyyətinin binası qarşısında Vətən müharibəsi qazisi Röyal Mirzəyev intihara cəhd edib. Sozcu.az xəbər verir ki, 26 yaşlı qazi üzərinə benzin tökərək özünü yandırıb. Rayonun Qubaxəlilli kəndindən olan Röyal Mirzəyev təcili yardımla əvvəlcə xəstəxanaya, sonraya Bakıya aparılıb.  Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin detalları məlum deyil.unikal)

Şəkidə daha bir qətl: 41 yaşlı kişi öldürüldü

Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Asif Arif oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Beybud oğlu İsayev könüllü olaraq polisə təslim olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Azər Ağazadə vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Lənkəranın Şıxakəran kəndindən olan qazimiz Qubadlı, Zəngilan, Füzuli və Xocəvəndin azad olunmasına görə medalları ilə təltif olunub.

DƏHŞƏT! Türkiyədə bütöv kənd yandı

Türkiyənin Kastamonu vilayətinin Tosya rayonunda kənddə yanğın baş verib. Sozcu.az xəbər verir ki, havadan və qurudan müdaxilə edilərək yanğın nəzarət altına alınıb. Alovlar nəticəsində 43-ə yaxın ev yanıb. Naməlum səbəbdən yanğın baş verib. Digər evlərə də keçən yanğına Meşə Təsərrüfatı Müdirliyi və yanğınsöndürmə briqadaları kənd sakinlərinin köməkliyi ilə müdaxilə edib. Meşə Ümumi Müdirliyinə aid helikopterlə havadan müdaxilə edilən yanğında ilkin təsbitlərə görə 43 ev zərər çəkib. Kənd muxtarı Osman Namlı yanğının haradan başladığının hələ müəyyən edilmədiyini, ölən və yaralanan olmadığını bildirib.