27 yaşlı gənc özünü GÜLLƏLƏDİ

Şəkidə intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Çeşməli kəndində, meşəlik ərazidə qeydə alınıb. Rayonun Yeni Çələbi Xan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Məmmədov tüfənglə özünə atəş açaraq intihar edib. Məlumata görə, 27 yaşlı M.Məmmədovun psixoloji problemləri olub. Faktla bağlı araşdırma aparılır. (Report)

Ceyranbatanda mənzildə partlayış olub, yaralanan var

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə zamanı eyvanın pəncərə çərçivələri yerindən çıxıb, 2 otağın pəncərələri qırılıb. Hadisə nəticəsində mənzilin sahibi 1953-cü il təvəllüdlü İbadova Lyudmila Viktorovna xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda azyaşlı qız dəm qazından boğularaq ölüb

Bakının Sabunçu rayonunda evdən 11 yaşlı uşağın meyiti tapılıb. Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü Əliyeva Dəniz Rasim qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb. Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Ölümün dəqiq hansı şəraitdə baş verdiyi araşdırılır.

10-cu sinif şagirdi bıçaqlandı

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb. Sozcu.az xəbər verir ki, APA-nın məlumatına görə hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb. Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib.

Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü

Saat 00:00 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində dünyasını dəyişib. ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb: “Piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə daha çox bağlıdır. Qış mövsümünün başlanmasını nəzərə alaraq bir daha piyadalara səslənirik: Dəmir yolu xətlərini müəyyən olunmuş piyada keçidlərindən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün dəmir yolunu keçərkən ondan istifadə etməkdən çəkinin, qəflətən qatarın yoluna çıxmayın”.

Ağcabədidə dönərxanada partlayış: xəsarət alanlar var

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Sədərəy”in qarşısında qadını maşın vurub öldürdü

Ötən gün “Sədərək” ticarət mərkəzinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Bakı-Qazax yolunun 10-cu kilometrliyində Kamran Qəhrəmanov “DAF” markalı yük maşını ilə yolu keçən qadını vurub. Hadisə nəticəsində zərərçəkmiş yerindəcə həyatını itirib. Vəfat edən şəxsin kimliyi hələlik məlum deyil. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

57 yaşlı kişi intihar etdi

Yevlax rayonunun Balçılı kəndində intihar hadisəsi olub. Sozcu.az xəbər verir ki, rayon sakini, 1966-cı il təvəllüdlü Mübariz Xəlilov özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - Foto

Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Sozcu.az sputnik.az-a istinadən xəbər verir ki, Baxışlı Elmir Elbrus oğlu iki yaşında qızılcadan vəfat edib. Atası Elbrus Baxışov bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb. "Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu", - atası deyib.

Daha bir uşaq qızılcadan öldü - Rəsmi

2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə Sozcu.az-a TƏBİB-dən bildirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.

Dəmir yolu stansiyasında 4 yeniyetmə bıçaqlandı - Dörd nəfər saxlanıldı

Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1140 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 327 580 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 27 zirehli döyüş maşını, 32 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.