Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib. N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək. Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Mikroavtobus aşdı: 1 ölü, 4 yaralı

Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib. Belə ki, ilkin məlumata görə "Ford" markalı mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə bir nəfər Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza Yardımlı rayonuna daha yaxın ərazidə olduğu üçün yaralıların Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.

Şamaxıda kişi dağdan yıxılaraq öldü

Şamaxıda kişi dağdan yıxılaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Abşeron rayon sakini, 1953-cü il təvəllüdlü Sabir Səfər oğlu Xəlilov dağda çaşır yığan zaman yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Qubada qəza: Sürücünün oğlu öldü

Qubada avtomobil qəzası olub. Sozcu.az xəbər verir ki, rayon sakini Bayaz Ədilov Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən Nahid Ədilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Şərurda dəhşətli qətl: 75 yaşlı qadının meyiti 35 metrlik quyudan tapıldı

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılması üçün müraciət daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Teleqraf.az-ın məlumatına görə, quyudan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. Belə ki, ölən şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır. Onun qətlində şübhəli bilinən həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərova saxlanılıb. Bildirilib ki, qətl hadisəsi aprelin 20-si baş verib. 75 yaşlı qadın qətlə yetirilib və cinayət izini itirmək məqsədilə meyit quyuya atılıb. Hadisənin pul üstündə törədildiyi iddia olunur.

Epilepsiya xəstəsi qadın əməliyyatdan sonra öldü

Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib. Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, bağırsaq keçməzliyi diaqnozu ilə iki gün əvvəl Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın uğurlu əməliyyat olunub. Lakin əməliyyat zamanı Bəsdi Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkim heyətinə məlumat verilməyib. Məlumata görə, əməliyyatın ardından qadının vəziyyəti sabit olub, amma bu gecə halı pisləşərək, epilepsiya keçirməyə başlayıb. Təəssüf ki, qadın bu səbəbdən vəfat edib. Hazırda faktla bağlı araşdırma başlanılıb və müvafiq qurumlar hadisənin bütün detalları ilə bağlı araşdırmalarını davam etdirirlər.

Göygöldə 42 yaşlı kişi dəm qazından boğulub

Göygöl rayonunda dəm qazından ölüm faktı qeydə alınıb. Sozcu.az-ın məlumatına görə, 1983-cu il təvəllüdlü Əliyev Elşad Ramiz oğlu Göygöldə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda fabrikdə zəhərlənənlərin sayı 21-ə çatdı

17:13 Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib. *** Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi olmaqla) hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. *** Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Bakının mərkəzində anbar yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Anar Salamov 23 yaşında vəfat etdi

Azərbaycanın MMA döyüşçüsü Anar Salamov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə İdman.biz-ə idmançının yaxınları məlumat verib. Bildirilib ki, 23 yaşlı Salamov ötən gün xərçəng xəstəliyindən ölüb.

Həştərxanda dəhşət: 5 uşaq yanaraq öldü

Rusiyanın Həştərxan şəhərində fərdi evdə baş verən dəhşətli yanğında 4-11 yaş arası 5 uşaq ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, uşaqların ölümü ilə bağlı müstəntiqlər araşdırma aparır. “Araşdırma zamanı müəyyən edilib ki, 2025-ci il aprelin 20-də gecə saat 2 radələrində Həştərxanın Kirov rayonu Olxovskaya küçəsindəki fərdi yaşayış evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra 4-11 yaşlarında olan 5 uşağın meyiti tapılıb”, - məlumatda deyilib. Bildirilib ki, ölən 4 uşağın anası evdə olmayıb, 1 uşaq isə qonaq gəlibmiş. Hadisə ilə bağlı araşdırma gedir.

İmtahanda bal toplaya bilməyən yeniyetmə intihara cəhd etdi

Ağstafada 17 yaşlı yeniyetmə qız sirkə turşusundan zəhərlənib. Sozcu.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən parkların birində baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü S.Hacıyeva huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 2008-ci il təvəllüdlü S.Hacıyeva buraxılış imtahanında az bal topladığına görə sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.