Kəlbəcərdə yük maşını aşdı - Xəsarət alanlar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. "ATEKO" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 2005-ci il təvəllüdlü F.Əmrahov və 2004-cü il təvəllüdlü N.Ağayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

8-ci sinif şagirdi vəfat etdi

Sumqayıtda məktəbli vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Qeyd olunub ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Əli Mehdizadə dünyasını dəyişib. Onun uzunsürən ağır xəstəlikdən sonra vəfat etdiyi bildirilib.

Tanınmış həkim qəzaya düşdü

Sentyabrın 7-də saat 16:30-da Bakı-Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az "Teleqraf"a istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, "Mercedes-Benz" markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə girib. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Həmin maşınla toqquşmadan son anda xilas olan digər nəqliyyat vasitəsində məşhur pediatr Günay Rəsulova olub.  O, vəziyyətinin yaxşı olduğunu bildirib: "Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani əyləcə basdım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi".

Bakıda mikroavtobus qəzaya düşdü - 19 yaralı - YENİLƏNİB

"Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub" Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir". 

Qızıl mədəni çökdü: ölənlər var

Sudanın Berber şəhərinin qərbində qızıl mədəni uçub. Sozcu.az "Əl Ərəbiyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 20 nəfərə yaxın insanın isə dağıntılar altında qalması ehtimal olunur. Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisənin səbəbləri bəlli deyil.

Şəmkirdə qayınata kürəkənini öldürdü

Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəmkir rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Astarada kütləvi zəhərlənmə oldu - Araşdırma aparılır

18:13 Astarada kütləvi zəhərlənmə olub, 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sozcu.az-ın məlumatına görə, onlardan 10 nəfəri tibb müəssisəsinin infeksion şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Sentyabrın 5-i saat 11:00-da müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə, 15 nəfər (9-u qadın, 6-sı kişi) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir. Həmçinin qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlarla birgə araşdırmalara başlayıb.

Maşın körpüdən aşdı: ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Pakistanda terror: ölənlər var

Pakistanda kamikadzenin avtomobil dayanacağında törətdiyi partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Bəlucistanın səhiyyə naziri Baxt Məhəmməd Kakar deyib. Nazir bildirib ki, güclü təhlükəsizlik tədbirləri görüldüyü üçün kamikadze aksiyanın keçirildiyi yerə çata bilməyib. Partlayış Bəlucistan Milli Partiyasının mitinqinin keçirildiyi yerin yaxınlığında baş verib. Hadisə zamanı 38 nəfər yaralanıb.

Kiyevdə azərbaycanlıları güllələyən şəxsi ömürlük cəza gözləyir

Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində güllələnən azərbaycanlılarla bağlı hadisənin təfərrüatları və hadisəni törədənin kimliyi məlum olub. Sozcu.az xəbər verir ki, Ukrayna hüquq mühafizə orqanlarındakı mənbədən Report-a bildirilib ki, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı, Fastiv şəhər sakini İvanenko Oleksandr Volodimiroviçdir. O, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Ukrayna ordusunda döyüşüb. Kiyev vilayət prokurorluğunun rəhbəri Dmitro Prokudin isə hadisəni təfərrüatları ilə bağlı açıqlamasında bildirib ki, hadisə avqustun 31-də baş verib və qətli törədən şəxslə küçədə qarpız satan şəxslər arasında insident yaşanıb. O qeyd edib ki, qarpız satan şəxslər etnik azərbaycanlılardır və Ukrayna vətəndaşlarıdırlar: "Bu, ata Rəhimov Fərman və oğlu İsmayıl olub. Onlara yaxınlaşan həmin şəxslə söhbəti zamanı aralarında münaqişə yaranıb. Yaxınlaşan şəxs keçmiş hərbçi olub. Mübahisə münaqişəyə çevrilərkən 52 yaşlı Fastiv sakini evinə gedərək tapança götürüb, geri qayıdaraq ata və oğulu güllələməyə başlayıb. Nəticədə Rəhimov İsmayıl dünyasını dəyişib. Yaralı ataya lazımi köməklik göstərilib. Xoşbəxtlikdən onun zədəsi ciddi deyildi və o qədər də ağır nəticələrə səbəb olmayıb. O artıq xəstəxanadan çıxıb, indi oğlunun dəfni ilə məşğuldur". Prokuror bildirib ki, hadisə yerinə ilk olaraq təsadüfən həmin ərazidə olan polis əməkdaşı gəlib: "Həmin an o, xidmətdə olmayıb, amma vətəndaşlıq borcunu yerinə yetirib. Polis əli silahlı şəxsi dərhal saxlayıb. Sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib, hücum edən şəxsi həbs ediblər". Dmitro Prokudin həmin şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürdüyünü bildirib. "Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda, bu maddələr ilə onu ömürlük həbs cəzası gözləyir". Prokuror qeyd edib ki, bütün lazımi ekspertizalar təyin edilib. Onun sözlərinə görə, hazırda ibtidai istintaqda bu cinayətin irqi və ya milli ədavət və ya düşmənçilik zəminində törədildiyi barədə heç bir hal və ya əsas müəyyən edilməyib.

Salyanda ağır qəza: Müharibə iştirakçısı öldü

09:12 Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb. Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə "Mersedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1978-ci il təvəllüdlü Daşqın Aydın oğlu Zalıyev hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Şükran Həşim oğlu Həsənəliyev və Salyan sakini, 1977-ci il təvəllüdlü Alik Əlifağa oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. *** Salyan rayonunda yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində həyatını itirən Daşqın Zalıyev Vətən müharibəsi iştirakçısı olub. Bu barədə Teleqraf məlumat yayıb. Bildirilib ki, D.Zalıyevin qardaşı Zülfüqar Zalıyev isə Salyan Rayon Məhkəməsində katib vəzifəsində çalışır.

Krıma hücum: İki rus helikopteri məhv edildi

Ukrayna PUA-ları dünən Simferopol aerodromuna hücum zamanı iki helikopteri məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə OSİNT analitikləri peyk görüntülərinə istinadla məlumat yayıblar. Məlumata görə, hücum zamanı Mi-8 və Mi-24 helikopterləri vurulub.