Anna Akopyan Bayrağımızı yandıranla... – Foto

14 apreldə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində səhnəyə çıxaraq, Bayrağımızı qapan və onu yandıran Aram Nikolyan Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla şəxsi münasibətlərə malikdir. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Anna Akopyan Ermənistanın 4 geyim brendi içərisində Aram Nikolyanın “Nikolyan” brendinə xüsusi diqqət ayırıb və onun ofisini 2019-ci il 29 apreldə ziyarət edib. Akopyan həmçinin Nikolyana bu brendi dünyaya çıxarmaq üçün dəstək söz verib. Erməni mediası istisna etmir ki, Anna Akopyan geyim tərzində də Nikolyanın yardımından istifadə edir. Qeyd edək ki, Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub. Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür. O, 2013-cü ildən Ermənistan İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri vəzifəsini daşıyır. Ağır atletika üzrə Avropa çempionatının 14 apreldə baş tutan açılış mərasiminin təşkilatçılarından biridir və yüksək qonorara müqavilə imzalayıb: Azərbaycan bayrağı olan libasların dizaynının da hazırlanması və tikilməsi ona tapşırılıb və o, buna görə 18,9 milyon dram (təxminən 50 min dollara yaxın) almalıdır, artıq 12,3 milyon dramını alıb.(axar.az)

Uqledarda Rusiyanın 130-dan çox texnikası məhv edilib

Bu qış Donetsk vilayətində Uqledarın müdafiəsi zamanı Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının 130 texnikasını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib. Zalujnı qeyd edib ki, həmin vaxt düşmən öz elit bölmələrini döyüşə atıb, lakin Ukrayna Silahlı Qüvvələri düşmənin 130-dan çox texnikasını məhv edib.

Davoyan: Bayraq yandırmağı hələ də “qəhrəmanlıq” sayırıq…

Bayraq yandıranlar və bayraq yandıranlarla fəxr edənlər var. Deməli, biz çox geridəyik. Sozcu.az xəbər verir, bunu Ermənistanın hakim partiyasının deputatı Arpi Davoyan deyib. “Əgər bayrağı yandırmaq “qəhrəmanlıq” addımıdırsa, bir daha əsl qəhrəmanlar haqqında danışma”, - o bildirib. Qeyd edək ki, ağırlıqqaldırma üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində yarış təşkilatçılarından olan stilist Aram Nikolyan səhnəyə qaçaraq, Bayrağımızı onu daşıyan qızın əlindən qapıb və yandırıb. O, polisə aparılsa da, qısa müddətdən sonra azad edilib və ona cinayət işi açılmasından imtina edilib. Azərbaycan milli komandası isə çempionatdan imtina edib və ölkəmizə qayıtmağa qərar verib.

Krımı azad etmək üçün bütün silahları tətbiq edəcəyik

Krımın azad olunması üçün Ukrayna qadağan olunmamış bütün növ silahlardan istifadə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Krım Ukrayna ərazisidir və biz ərazimizi azad etmək üçün beynəlxalq qanunlarla qadağan edilməyən istənilən növ silahı sınaqdan keçirib, istifadə edəcəyik”, - deyə Danilov bildirib.

"Aprelin 11-də baş vermiş hadisələrin arxasında Moskva dayanır"

Azərbaycan və Ermənistanın sülh danışıqlarının növbəti raundunun Rusiyada keçirilməsinə razılıq verdikləri bildirilir. Bu barədə aprelin 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. Bundan əvvəl isə belə bir görüşün ABŞ-da olacağı gözlənirdi. Amma bu ərəfədə (aprelin 11-də) Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşdi. Hər iki tərəfdən üst-üstə yeddi hərbçinin həlak olduğu açıqlandı, buna görə tərəflər bir-birlərini günahlandırdılar və ardınca Zaxarovadan Moskva görüşü açıqlaması gəldi. Hələlik, Zaxarovanın açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Vahid Əhmədov mövzu ilə bağlı "Turan"a açıqlamasında Moskva danışıqlarını qəbul etmədiyini bildirib. Deputat hesab edir ki, axır-əvvəl Azərbaycan-Ermənistan arasında məsələ məhz Brüsseldə həll olunacaq: "Aprelin 11-də baş vermiş hadisələrin arxasında Moskva dayanır". Əhmədovun fikrincə, əsas da ona görə ki, baş nazir Nikol Paşinyan ilə prezident İlham Əliyev Vaşinqtonda görüşməli idilər: "Yəni, bu görüş olmasın". Onun sözlərinə görə, sərhəddə son təxribat Paşinyanın öz təşəbbüsü deyil: "Çünki Paşinyan bu yaxında deyib ki, biz vaxtında ən böyük səhvi o vaxt etmişik ki, Qarabağın Azərbaycan ərazisinin olduğunu əhaliyə çatdırmamışıq. Bu, çox ciddi mesaj idi və bu mesaj göstərir ki, Paşinyanın imkanı olsa, elə bu dəqiqə sülh sazişinə qol çəkər". Ermənistan baş naziri N.Paşinyan aprelin 12-də Madrid prinsiplərindən danışıb: "Bu prinsiplərdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ var idi. Qeyd olunurdu ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməlidir və dəqiqləşdirmə mexanizmi Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Beləliklə, erməni tərəfinin qərarı ilə Dağlıq Qarabağın statusu mexanizmi Azərbaycanla birlikdə həll olunmalı idi. Onda belə bir sual doğur: Əgər Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi sayılmırdısa, niyə status Azərbaycanla razılaşdırılmalı idi". Paşinyan vurğulayıb ki, Madrid prinsiplərinə qədər Qarabağ SSRİ-nin, sonra isə Azərbaycanın tərkibindən çıxmışdı. Baş nazirin sözlərinə görə, onun və komandasının ən böyük səhvi 2018-ci ildə hakimiyyətə gələndə bunun ictimailəşdirilməməsi olub. Deputat Əhmədov isə öz açıqlamasında habelə deyib ki, Rusiya və İran Azərbaycanla Ermənistan arasında sülh sazişin bağlanmasını istəmir: "Çünki İran 30 illik işğal dövründə Qarabağdan narkotik və silahın daşınması üçün istifadə edib. Rusiya isə istəyir ki, vəziyyət düzəlməsin və o, bu iki dövləti (Azərbaycan və Ermənistanı) əlində saxlasın. Amma Fransa xaric, ABŞ və Avropanın mövqeyi elədir ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır, sərhədlərin delimitasıyası aparılmalıdır".

“Dünya təcrübəsində casusların həbsi yox, onların fəaliyyəti üzərindən əks-fəaliyyət uğur sayılır...”

“Dünya təcrübəsində casusların həbsi yox, onların fəaliyyəti üzərindən əks-fəaliyyət uğurlu əməliyyat sayılır...” “Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır...” “Casusluqla mübarizə çox mürəkkəb və kompleks bir sistemdir. Dünya təcrübəsində xarici ölkələrin agentura şəbəkələrinə qarşı mübarizə əsasən casusların nəzarətə götürülməsi, onların şəbəkəsinin açılması, onların izlənməsi, əhatə dairəsinin öyrənilməsi və onların fəaliyyətinə, qarşılarına qoyulan vəzifələrə adekvat olaraq əks addımların atılması mərhələlərində aparılır. Casuslardan dezinformasiya mənbəyi kimi istifadə olunur, onlar əməkdaşlığa cəlb edilərək ikili casus kimi işlədilir. Yəni bu sahədə müxtəlif metod və praktikalar var”.  Bu fikirləri Moderator.az əməkdaşının “Dünya təcrübəsində xarici ölkə agentura şəbəkələrinin ifşası necə, hansı mərhələlərdə aparılır?” sualını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Həbs məsələsinə gəldikdə təbii ki, casuslar yalnız dövlət əhəmiyyətli məlumatları əldə etdikdə və yaxud dövlətin maraqlarına ziyan vurmağa başladıqda ifşa olunur və zərərsizləşdirilir. Dünya ölkələrində casusluqla mübarizə metodları və təcrübəsi olduqca müxtəlifdir. Lakin hər bir halda biz hansısa ölkədə kütləvi casus ifşasına çox az rast gəlirik. Məsələn, bir müddət öncə ABŞ-da Rusiya casuslarının ifşa olunması çox nadir hadisədir. Belə hallar adətən avtoritar, totalitar dövlətlərdə baş verir ki, bunun da arxasında əksər hallarda hansısa siyasi kontekst dayanır. Ancaq bir çox hallarda casusun həbs olunması strateji baxımdan uğurlu əməliyyat sayılmır. Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır. Və təbii ki, qarşı dövlət üçün həmin yeni casusları axtarıb tapmaq zaman, resurslar, səylər, enerji və s. tələb edir. Bir sözlə, dünya təcrübəsində casuslar daha çox nəzarətdə saxlanılır və onların fəaliyyəti üzərində əks-fəaliyyət, yəni əks-kəşfiyyat fəaliyyəti qurulur. Casusların həbsi isə yalnız onların dövləti maraqlar və təhlükəsizlik üçün ciddi təhdidlər yarandıqda həyata keçirilir. Yəni casusların həbsi yox, onların fəaliyyəti üzərində əks-fəaliyyət uğurlu əməliyyat sayılır”, - deyə keçmiş təhlükəsizlik zabiti vurğulayıb.

Ramiz Tahirov amerikalı generalla görüşdü

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb. Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qarabağdakı terrorçuların təxribat anonsu

Aprelin 13-də Qarabağdakı terrorçuların başçısı Arayik Arutyunyan “güc strukturları”nın rəhbərlərinin iştirakı ilə “işgüzar görüş” keçirib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat verilib. Bildirilir ki, iştirakçılar Azərbaycanın “artsax”ı dörd aydır saxladığı “blokadası” zamanı yaranan yeni təhlükəsizlik çağırışlarını, eləcə də onların zərərsizləşdirilməsinə yönəlmiş işlərin gedişini müzakirə ediblər. Arutyunyan iştirakçılara bir sıra yeni tapşırıqlar verib, onların ardıcıl toplaşmasının vacibliyini vurğulayıb. Görüşdə oyuncaq “prezident administrasiyasının rəhbəri” Karen Şahramanyan, “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan da iştirak ediblər. İstisna deyil ki, bu toplantının ardınca separatçılar təxribatlara əl ata bilər. Ötən illərin təcrübəsi də bunu deyir. Hər halda baş terrorçunun tapşırıqlarından söhbət gedir…/Musavat.com

Ermənilər Zəngəzur zavodundakı qətli əsgərimizin boynuna qoymağa çalışır...

Səhər saatlarında xəbər verdiyimiz kimi, erməni mediası dünən gecə saatlarında Zəngəzurda – Ermənistanın Sünik mərzinin Qafan şəhəri yaxınlığındakı  Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin naməlum şəxs tərəfindən 6 güllə ilə qətlə yetirilməsi haqda məlumat yaymışdı. Bundan az sonra sosial şəbəkələrdə sözügedən qətlin azərbaycanlılar tərəfindən törədilməsi barədə şayiələr peyda oldu. Lakin zavodun mətbuat katibi Qor Abrahamyan “Sputnik Armaniya”ya açıqlamasında bildirdi ki, zavodun işçisinin qətlində azərbaycanlıların iştirakı ilə bağlı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı yeni məlumatda bəhs edilən qətlin itkin düşmüş Azərbaycan ordusu əsgərlərindən birinin boynuna yıxılması cəhdləri aydın görünür. “...Zəngəzur mis-molibden zavodunda faciəli hadisənin baş verdiyini yazmışdıq: gözətçini güllə ilə öldürüb, telefonunu götürüb qaçıblar. Bu gün xəbər aldıq ki, səhər saatlarında  Sünik qəsəbəsində Sisian ərazisinə keçmiş azərbaycanlı həbs edilib və onun Zəngəzur mis-molibden zavodunun əməkdaşı Hayrapet Meliksetyanı qətlə yetirən şəxs olması ilə bağlı şübhələr var. Onlar bildiriblər ki, qətldən sonra cinayətkar Meliksetyanın telefonunu da özü ilə aparıb”- erməni nəşri belə yazır. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyinin yaydığı son xəbərə görə, bir neçə gündür axtarışı davam edən  ikinci Azərbaycan hərbçisi Axundov Hüseyn Əhliman oğlu bu gün günorta saatlarında tapılaraq, saxlanılıb.  Qeyd edək ki, aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azmışdılar. Onlardan biri aprelin 10-da Ermənistanda saxlanılmışdı.moderator

“Mən Rusiyanın bölgədə sülhü təmin etməkdə maraqlı olduğuna qətiyyən inanmıram"

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb.  "Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir", - Zaxarova deyib.  Bu açıqlama Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Cəmiyyət Rusiyanın bölgədə sülhü təmin edəcəyinə inanmır.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bildirib ki, Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində heç də maraqlı deyil:  “Mən Rusiyanın bölgədə sülhü təmin etməkdə maraqlı olduğuna qətiyyən inanmıram. Bizim bəxtimiz onda gətirməyib ki, belə axmaq qonşularımız var. Ta qədimdən erməniləri o bölgəyə gətirən elə ruslar özü olub və həmişə bizim aramızda gedən çəkişmələrin, gərginliklərin səbəbkarı da məhz Rusiyadır. Ruslar heç vaxt istəməz ki, biz sərhədlərimizi tam təmizləyək və sərhədimizi qoyaq. Onlar həmişə istəyiblər ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər daim gərgin qalsın, çünki bu, onlar üçün əlverişlidir. Rusun siyasəti budur, onlar həmişə münaqişə olmasının tərəfdarıdır. Mən siyasətçi deyiləm, aktyoram, lakin bunu başa düşmək üçün dərin siyasi biliyə gərək yoxdur, bir az müşahidə aparan hər kəs bunu görə bilər. Hadisələr onu göstərir ki, vəziyyət belədir. Necə olur ki, o vaxt Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə  üçtərəfli bəyanat imzalandı, amma 2 il keçib bu müqaviləyə əməl edən yoxdur? 100 gündən çoxdur bizim ekoaktivistlər Laçın-Xankəndi yolunda etiraz edirlər, soyuqda dayanıblar və öz gözləri ilə görürlər ki, ermənilər o yoldan mütəmadi silah daşıyırlar. Bu necə ola bilər?!”  Aktyor qeyd edib ki, Azərbaycan  Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləsə də bu, belə olmadı. Son iki ildə Rusiya sülhməramlıları gözləntiləri doğrultmadı: “Onlar heç vaxt sülhməramlı olmayıblar. Gəldikləri gündən bəri harada sülh yaradıblar?! Heç yerdə! Adı sülhməramlıdır, amma gözlərinin qabağında silah daşınır. Ermənilərdən də pul alıb nə istəyirlərsə, o tərəfə ötürürlər. Yalandan maşınlara öz bayraqlarını asıb o yana, bu yana nə lazımdırsa, daşıyırlar. Bunlar hamısı göz qabağındadır. Bizimkilər də bunları öz gözləri ilə görür. Nə deyim, artıq bilmirəm. Allah bizi bu bəladan tezliklə qurtarsın”.

Kiyevdə həqiqətən ABŞ hərbçiləri var, ancaq...

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada amerikalı hərbçilərin fəaliyyət göstərməsi barədə iddialara münasibət bildirib. Sozcu.az xəbər verir ki, o, Kiyevdəki ABŞ səfirliyində az sayda amerikalı hərbçinin olduğunu açıqlayıb. "Fox" kanalına müsahibəsində Kirbi deyib ki, bu hərbçilər Ukraynaya gətirilən və buradan aparılan avadanlıqları izləməyə kömək edirlər. ABŞ rəsmisi hərbçilərin döyüşdə iştirak etmədiyini vurğulayıb. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin internetə sızan gizli sənədlərində Ukraynada 14 amerikalı hərbçinin olması barədə məlumatlar yer alıb.

Erməni təxribatında şəhadətə ucalmış Vidadinin əmisi: “Vətən müharibəsində də şəhidlik xəbəri gəlmişdi”

“Vidadi 44 günlük Vətən müharibəsində iştirak edəndə də onun şəhid olduğunu demişdilər. Mən bunu 3 gün ailəsindən gizlətdim”. Bunu Oxu.Az-a açıqlamasında ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olmuş Vidadi Zalovun əmisi, ehtiyatda olan zabit Məhəmməd Zalov deyib. O deyib ki, qardaşımın bir oğul balasını bu gün xalq olaraq, fəxrimiz kimi torpağa tapşırdıq: “44 günlük Vətən müharibəsində xidmətdə olduğu hərbi hissədən mənə zəng gəldi. Dedilər ki, Vidadi Zalov şəhid olub. Mən özüm də zabit olduğum üçün təxmin edirdim ki, yanlışlıq ola bilər. Ailəsindən üç gün gizlətdim, demədim. Nəhayət üç gün sonra özü anasına zəng edib dedi ki, adım Sumqayıt şəhidlərinin içində gedib, amma narahat olmayın. Bu dəfə də zəng mənə gəldi. Yenə dəqiqləşdirməmiş demək istəmədim. Əfsuslar olsun ki, bu dəfə xəbər yalan çıxmadı. Azərbaycan ordusunun heç bir zabitinin şəhid olmasını, yaralanmasını istəməzdik. Allah bütün şəhidlərə rəhmət eləsin. Ailələrinə səbir versin”.