İran buna görə Azərbaycana düşmənçilik edir - Obalı

İran dövlətçiliyi farsçılığın üzərində qurulduğu üçün türk amilinə düşmən münasibət bəsləyir, buna görə də Azərbaycana qarşı düşmənçilik edir. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Çikaqo şəhərində yaşayan güney azərbaycanlı, GunAzTV-nin rəhbəri Əhməd Obalı deyib. Onun sözlərinə görə, Azərbaycanın nüfuzu artdıqca İranın mövqeyi dəyişməz qalacaq: "İran düşünür ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti onun Cənubi Qafqazdakı mövqeyini zəiflətdi". Siyasətçi eyni zamanda bildirib ki, İranda azad qadın anlayışı yoxdur və ölkə demokratik meyarlardan çox geri qalıb.

Ermənistanın Texdə İran dronlarından Azərbaycana qarşı istifadə etdiyi sübut olundu...

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi niyə imzalanmır?  Bu suala “eureporter.co” saytı son dərəcə dəqiq cavab verir. Sayt yazır ki, Tex kəndində baş verən hücum zamanı Ermənistan ilk dəfə olaraq İran dronlarından Azərbaycana qarşı istifadə edib. Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı olan dronlar bu dəfə Cənubi Qafqazdakı münaqişə zonasında ortaya çıxıb. Ən maraqlısı odur ki, son qarşıdurmaya görə Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində olan özbaşınalığı xəyanət kimi dəyərləndirib.  Sayt yazır ki, Nikol Paşinyan deyib ki, döyüş əməliyyatları zamanı yüksək rütbəli erməni hərbçiləri mövqeləri təslim etməklə bağlı əmr verib, çaxnaşma yaradıb: “Bu adamlar agentdirmi? İddia etmirəm, amma analitik nəticə çıxarıram. Yəni yüksək rütbəli zabitlər yuxarıdan göstəriş almalı idilər, amma mən belə bir əmr verməmişəm. Deməli, onlara əmri başqa bir “lider” verib”. Qərbə bağlı media mərkəzi yazır ki, bu, bu sözlər erməni dövlətçiliyi üçün pis əlamətdir. Ölkə başçısı belə “analitik nəticələr” çıxarmaqla məşğul olmamalıdır... Bu nə deməkdir? “Mən iddia etmirəm, amma analitik nəticə çıxarıram”? Əgər dövlət başçısı ordunun ona tabe olmadığı qənaətinə gəlirsə, bu, həmin komandirlərin fəaliyyətini dayandırılmasına gətirib çıxarmalıdır. Çünki dövlət öz ərazisində başqasına tabe olan orduya dözə bilməz. Nikol Paşinyan faktiki olaraq Ermənistanın suverenliyini itirməsindən danışır. Analitik məqalənin müəllifi  James Wilson daha sonra birbaşa mətləbə keçir. Yazır ki, İsrail prezidenti və Nobel Sülh Mükafatı laureatı Şimon Peres İsrailin Misir və İordaniya ilə sülh sazişi imalamasına, lakin Fələstin və Livanla sülh sazişi əldə edə bilməməsindən danışarkən bunun səbəbini belə izah edib: Misir və İordaniyanın bir hökuməti, bir ordusu və bir təhlükəsizlik sistemi var. Onlarla danışıq aparıb razılığa gələ bilərsiniz. Lakin Livanda və Fələstində komanda birliyi yoxdur. Terror təşkilatları sponsorlarından başqa heç kimə tabe olmurlar: Livanın Hizbullahı, Fələstinın İslami Cihad və HƏMAS silahlIı qrupları yalnız İrandan gələn əmrlərə itaət edir. İndi Ermənistan öz təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu bəyan etməklə həmin kluba qoşulur... Son dərəcə ciddi ittihamdır. Birmənalı şəkildə deyilir ki, Ermənistan öz suverenliyini itirib. Ordu Paşinyanın yox, Rusiyadan gələn əmrləri icra edir. İran terrorçu təşkiları idarə etdiyi kimi Ermənistanı da idarə edir. Ermənistan dövləti İran tərəfindən terrorçu təşkilatların təmsil olunduğu kluba daxil edilib... Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist

Qarabağda ermənilərin müvəqqəti yaşadığı ərazilər yenə işıqsız qaldı

Qarabağda ermənilərin müvəqqəti yaşadığı ərazilər güclü külək nəticəsində işıqsız qalıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediasına Qarabağdakı qondarma qurumdan məlumat verilib. Bildirilir ki, 110 kV-lik “Sərsəng” yarımstansiyasında güclü külək nəticəsində qəza baş verib. Baş vermiş qəzaların aradan qaldırılması ilə əlaqədar, aprelin 20-də bütün “Arsax” işıqsız qalacaq.

Rusların elit qoşunları artıq məhv edilib

Rus işğalçı qoşunları Baxmut bölgəsinə ən çox təlim keçmiş bölmələri, xüsusi təyinatlıları və hava hücumu briqadalarını köçürməyə başlayıb. Ancaq ruslar artıq həqiqi döyüşə hazır və peşəkar bölmələri bərpa edə bilmirlər. Sozcu.az xəbər verir ki, ukraynalı hərbi ekspert Pyotr Çernik deyib. O bildirib ki, işğalçıların (ruslar) qondarma elit qoşunların hazırlanmasında böyük problemləri var. Çernikin sözlərinə görə, bacarıqlı və peşəkar hərbçi yetişdirmək üçün azı dörd ay vaxt lazımdır: "İşğalçı qüvvələrin təlim keçmiş kontingenti isə genişmiqyaslı müharibənin ilk aylarında məhv edilib".

İsrail Çinə də çağırış etdi: İrana təsir göstər...

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər şeyi edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen çinli həmkarı Qin Qanq ilə telefon danışığı zamanı bildirib. O, Pekindən İranın nüvə proqramını dayandırması üçün təsir göstərməsini istəyib: "Mən bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə danışdım. Mən onu Yaxın Şərqin və dünyanın bir çox ölkələri üçün təhlükə yaradan nüvə proqramının irəliləyişini dayandırmaq üçün İrana təsir göstərməyə çağırdım. İsrail dövləti Tehrandakı terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün istənilən yolla hərəkətə keçəcək".

Makron: Pensiya islahatı bu tarixdə qüvvəyə minəcək

Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı payızda qüvvəyə minəcək. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron qeyd edib ki, islahat cəmiyyət tərəfindən “aydın şəkildə” qəbul edilməyib.

"O, qışqırırdı, 5-6 yaşı vardı, mən onu başından güllələdim..." - Keçmiş "vaqnerçi"

"O, qışqırırdı, 5-6 yaşı vardı, mən onu başından güllələdim..." "Uşaqlara yazığım gəlir, çox uşaq öldürmüşəm, mənim əllərim qana batıb..." Keçmiş "vaqnerçi" Priqojinin əmrlərini necə icra etdiyini etiraf edib... "Vaqner qrupu" özəl hərbi şirkəti bölməsinin sabiq komandiri, Saratov vilayəti 13 saylı islah koloniyasının sabiq məhkumu, Putin tərəfindən 23.08.22-ci il tarixdə əfv edilən 42 yaşlı Əzəmət Uldarov şirkətin rəhbəri Yevgeni Priqojinin əmri ilə dinc ukraynalıları necə qətlə yetirdiyi barədə danışıb.  Sozcu.az xəbər verir ki, keçmiş "vaqnerçi" ilə müsahibə hüquq müdafiəçisi Vladimir Oseçkin tərəfindən "YouTube" kanalında "Gulagu.net" təşkilatının rəsmi kanalında dərc edilib. "Bu əlimlə mən uşaqları öldürmüşəm. Əmr edilmişdi. Biz Baxmut və Soledar şəhərlərinə daxil olmuşduq, bizə hər şeyi təmizləyib məhv etmək əmri verilmişdi. Biz, 150 nəfər "vaqnerçi" yol gedirdik, qarşımıza çıxan qadınlar, kişilər, uşaqlar, təqaüdçü kişi və qadınların hamısını öldürürdük. Sən anlayırsanmı biz bu əllərimizlə nələr etmişik?.. O, qışqırırdı, körpə uşaq idi, 5-6 yaşı vardı. Mən onu başından güllələdim", - Uldarov qorxunc açıqlamalarını bölüşür.  Onun xatırladıqları epizodlardan biri Baxmutda 9 mərtəbəli binanın zirzəmisində yüzlərlə ukraynalının qətli olub. Bu, cəmisi bir ay öncə baş verib.  "Mən zirzəmiyə girəndə orada uşaqlar vardı. Mənə heç kimi buraxmamaq əmri verilmişdi. Mən əmri icra etdim və heç kimi buraxmadım. Təxminən 300-400 nəfərin 40 nəfəri uşaq idi. Mənim başqa çıxış yolum yox idi, mən başqa cür hərəkət edə bilməzdim. Hamısını məhv etmək əmri almışdım. Bu, 9 mərtəbəli böyük bir bina idi. Binanın zirzəmisi, 1-ci və 2-ci mərtəbəsi minalanmışdı. Mən əmri icra etdim və hamını cəhənnəmə göndərdim", - "vaqnerçi " danışıb.  O, vurğulayıb ki, muzdlulardan heç kim Priqojinin əmrinə tabe olmamağa cəsarət etməzdi. Konkret qərar verilmişdi, Proqojin əmr edib ki, heç bir terrorçu razılaşmaya gedilməyəcək. Bu, Priqojinin sözləri idi: "Hamını öldürmək, heç kimi əsr götürməmək". Bunu bizə Priqojin video vasitəsilə demişdi: "Heç kimi əsir götürməyin, hamını məhv edin". "Uşaqlar əzab çəkib, uşaqlara yazığım gəlir. Çox uşaq həlak olub. Mən bunu gizlətmirəm, mənim əllərim qana batıb", - keçmiş "vaqnerçi" etiraf edib  O, həmçinin ukraynalı hərbçiləri yüksək qiymətləndirərək onları "ləyaqətli döyüşçü" adlandırıb.  "Onlar öz dövləti uğrunda, öz ideyası uğrunda döyüşür. Mən onları pisləmirəm. Onlar ləyaqətli rəqiblərdir", - Uldarov deyib. Dərc edilən videoda həmçinin Rusiyanın Voronej vilayətindən 1 saylı islah koloniyasından keçmiş məhkum, Putin tərəfindən 02.09.22-ci il tarixdə əfv edilmiş və "Vaqner qrupu"na cəlb edilmiş Aleksey Saviçevin etirafları da əks olunub.  Oseçkin deyib ki, Uldarov və Saviçev hazırda Rusiyadadır.  "Onlar 100 faiz Ukrayna Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi və s. hər hansı təsirində deyil. Onlar bir həftə ərzində video və audiosorğuların gedişində müfəssəl və ardıcıl olaraq ifadə verib və "Gulagu.net"-in təsisçisi Vladimir Oseçkinə ürək dağlayan məlumatlar verib. "Gulagu.net"-in təsisçisi Vladimir Oseçkinə ürək dağlayan ifadə və məlumatlar verib. Bu sırada 20-dən çox ukraynalı uşaq və yeniyetmələrin güllələnməsi, 50-dən artıq yaralı əsirlərin və yüzlərlə müharibəni tərk edib ukraynalıların qətlindən imtina edənlərin olduğu çalanın partladılması, yaşayış evlərində olanların, o cümlədən uşaqların qətlləri var.  Bütün bu ifadələr və sübutlar Priqojin və onun əlaltıları barəsində onlarla qəddar qətllər, hərbi cinayətlər və insanlığa qarşı cinayət faktları üzrə cinayət təqibinin təşkili üçün birbaşa əsaslardır", - "Gulagu.net" vurğulayıb.

Məktəb direktorları niyə işdən çıxarılır? – Nazir açıqladı

Qanunvericiliyə əsasən hər hansı məktəb rəhbərliyi barədə cinayət işi açılırsa, o halda direktor müəyyən müddətə işindən kənarlaşdırılır. Cinayət tərkibi təsdiq olunub hökm çıxarılırsa, işinə xitam verilir. Bu iki anlayış fərqlidir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Direktorların fəaliyyətlərinə nəzarət prosesindən danışan nazirin sözlərinə görə, bu məsələdə insanların şikayəti və hüquq anlayışı əsasdır: "Yəni, insanlar bir-birindən narazı olduğundan müxtəlif iddialar ola bilər. Misal olaraq, həyatda bəzi hallar baş verir, lakin müəyyən edilməsi mümkün olmur. Belə hallar da olur. İkinci məsələ isə direktorların seçimini bacardığımız qədər şəffaf şəkildə icra edirik. Şəffaf yolla seçilən məktəb rəhbərinin mütləq şəkildə nöqsanı olmayan anlayışı da ola bilməz. Yaxud da nəyisə qəsdən etməyəcək deyə bir şey də yoxdur. Edəcəksə təbii ki, işdən azad olunacaq. Direktorun işdən azad edilməsi üçün də zəruri şərtlər var. Kimsə şikayət edəndə dərhal direktoru da işdən çıxara bilmərik. Çünki həmin şəxsin də əmək hüquqları var. Əmək qanunvericiliyi çərçivəsində işdən azad olunması mümkündür. Əks halda direktor öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edib işə bərpa oluna bilər. Yəni, prosedur düzgün olmasa həmin şəxslər geri qayıda bilirlər. Bu mənada qaydalara əməl etmək vacibdir".

Bakıda külək güclənəcək, bəzi rayonlarda duman olacaq - HAVA PROQNOZU

Azərbaycan ərazisində aprelin 18-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Ermənistanda saxlanılan əsgərin anası müraciət etdi - VİDEO

Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova yalan məlumatlar yayanlara müraciət etdi. Onun sözlərinə görə, sosial şəbəkələrdəki səhifələr reytinq xətrinə yalan məlumatlar dərc etməsinlər. Qeyd edək ki, Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb. Daha ətraflı Baku TV-nin süjetində:

Ermənilərdən növbəti BARBARLIQ: Azərbaycan və Türkiyə bayrağını cırdılar

Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib. Beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayrağı bir neçə hissəyə parçalanmış şəkildə asılıb. Bu bir daha Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdiyinin bariz göstəricisidir. Bu addımlar beynəlxalq idman təşkilatları tərəfində kəskin qınanmalı, Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina edilməlidir. Qeyd edək ki, Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.

Ukraynanın itkiləri Türkiyədəki zəlzələ qurbanlarından azdır - NAZİR

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə qəribə ipucu verib. Sozcu.az xəbər verir ki, o, İspaniyanın “La Razon” qəzetinə müsahibəsində bu mövzudan söz açıb.  "Ukraynanın müharibədə itkiləri fevral ayında Türkiyədə baş vermiş zəlzələ qurbanlarının sayından azdır. Təbii ki, qurbanlarımız var, çünki müharibə şəraitindəyik. Ancaq bizim itkilərimiz Rusiyanınkından daha aşağıdır. Sizə bir rəqəm deyə bilmərəm, ancaq sizi əmin edə bilərəm ki, ümumi itki sayımız Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayından azdır”, - o qeyd edib. Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 51 minə yaxın insan həlak olub.