Türkiyədə deputatlığa namizəd saxlanıldı - Terrorçuluqda ittiham olunur

Xəbər verdiyimiz kimi, ötən gündən Türkiyənin bir çox vilayətində terrorla əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar başladılıb. Sozcu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul vilayətində aparılan əməliyyatlar zamanı Yaşıl Sol Partiyanın Kocaelindən millət vəkili namizədi Aytən Dönmez də saxlanılıb. Onun bir müddət terror təşkilatı PKK/KCK-nın mərkəzdən kənarda təşkilatlandırılmasında rol aldığı iddia edilir.

“Lentsov bilir ki, Qarabağda yaxşı biznes var” - Rus general üçün “kabab iyi”

“Rusiyada o qədər generallar var ki, general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı Rusiya sülhməramlı kontingentinə komandan təyin olması heç kimi təəccübləndirməsin”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olanda polkovnik Üzeyir Cəfərov deyib. Hərbi ekspert Azərbaycanın aprelin 23-də Həkəri çayı üzərində quraşdırdığı nəzarət-buraxılış məntəqəsindən dərhal sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığında baş vermiş dəyişiklikdən söz açıb. Xatırladaq ki, Qarabağdakı Rusiya sülhməramlıların növbəti – beşinci komandanı general-polkovnik Aleksandr Lentsov təyin olunub. O, bu postda general-mayor Andrey Volkovu əvəzləyəcək. Öz növbəsində, Ü. Cəfərov söyləyib ki, Lentsovun gəlməsi heç nəyi dəyişdirməyəcək: “Əksinə, Lentsov bilir ki, orada yaxşı biznes var və o, Andrey Volkovdan fərqli olaraq, çalışacaq ki, 5 illiyi 3 ildə yerinə yetirsin. Çünki qabaqlar SSRİ-də belə bir şüar var idi ki, 5 illiyi 3 ildə yerinə yetirsinlər”. Polkovnikə görə, Lentsovun postun qurulmasından sonra Qarabağa gətirilməsi sadəcə bir təsadüfdür: “Sadəcə vaxt baxımından rotasiya olunmalı və Volkov getməli idi. Onsuz da Volkov harınlamış bir rus generalı idi. Lentsov gəlib guya nəyi dəyişəcək? Ona nə deyəcəklərsə, onu da edəcək. Lentsov bölgədə Sergey Şoyqunun tapşırıqlarını yerinə yetirəcək, yük daşıyacaq və s. Komandanın özü heç bir qərar qəbul etmir. Yəni o, hər hansı bir səlahiyyətdə və gücdə deyil ki, nəyisə həll etmə iqtidarındadır, yaxud kimsə ona bu şansı tanıyacaq. Belə olacağını düşünmürəm”. Müsahibimiz vurğulayıb ki, onun Lentsovdan böyük bir gözləntisi yoxdur: “Rusiya sülhməramlıları bölgədən çıxarılmalıdır. Çünki onlar kifayət qədər sülhyaratma missiyasının adına öz davranışları və hərəkətləri ilə xələl gətirdilər. Həm də ki, bundan sonra Rusiyanı kimsə heç yerə dəvət etməyəcək. Birdəfəlik hər kəsə aydın olmalıdır ki, Rusiya olan yerdə hər hansı bir sülhdən, əmin-amanlıqdan və sabitlikdən söhbət gedə bilməz. Rusiya olan yerdə qan-qada, bəla və problemin dərinləşməsi var. Ona görə də bu generalın Qarabağa gəlməsindən böyük heç nə gözləmirəm. Rütbə də sizi çaşdırmasın. Çünki Rusiyada daşı atırsan, generala dəyir. İndi Volkov gedəcək, Lentsov gələcək, nə isə dəyişəcək və s. desələr də, belə düşünmürəm”.

Azad olunan ərazilərdə mina partlayışı nəticəsində ölən və yaralananların sayı açıqlanıb

2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Zod qızıl mədənində işlər tamamilə DAYANDIRILDI" - "Hraparak"

“Zod qızıl mədənində işlər tamamilə dayandırılıb”. Sozcu.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb. Qeyd olunub ki, bir neçə gün əvvəl Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan mədənin işçiləri ilə görüşüb, onlardan konkret addımlar atmaq üçün aprelin 25-nə qədər gözləməyi xahiş edib. “Bu gün qubernator yenidən mədəninin işçiləri ilə bir araya gəlib və bildirib ki, yatağın fəaliyyəti dayandırılır, mədən bundan sonra işləməyəcək. Mədəndəki fəhlələrdən birinin dediyinə görə, qubernator onlara bu ayın maaşının 1/3-ni alacaqlarını, 40 işçinin Rusiyanın hansısa zavodunda işlə təmin olunacağını, qalanlarının isə öz işləri ilə məşğul olacağını deyib. Zod qızıl mədənində əsasən Vardenis icmasından olan 800-dən çox insan işləyirdi”, – deyə Hraparak yazır.konkret)

“Laçındakı sərhəd postumuzda Rusiya “sülhməramlı”larının da yoxlanılması vacibdir...”

“Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər...” “Laçında sərhəd-buraxılış məntəqəmizin qurulmasını alqışlayıram. Bunu çoxdan etməliydik.  Çünki həmin məkandan bizim dövlət sərhədimiz keçir və oraya sərhəd-buraxılış məntəqəsi qoymaqla bağlı heç kəslə məsləhətləşmək də lazım deyildi. Biz bir müstəqil dövlət olaraq öz suveren ərazimizdə beynəlxalq və yerli qanunların yol verdiyi hər şeyi edə bilərdik. Odur ki, Ermənistanla sərhəddə, bilavasitə  Xankəndinə  gedən yolun üzərində nəzarət-buraxılış məntəqəmizin qurulmasına heç bir xarici dövlətin etiraz etməyə nə ixtiyarı, nə də haqqı var”. Bu fikirləri Moderator.az-a açıqlamasında  müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov ifadə edib. “Əgər azı son 30-35 ildə Azərbaycan xalqının başına gətirdikləri faciələrə, işğallara, soyqırımlara baxmayaraq,  Qarabağdakı ermənilərə sərhəd-buraxılış məntəqəmizdən keçməklə Ermənistana gediş-gəlişlərinə şərait yaradırıqsa, buna icazə veririksə, onlar bizə minnətdar olmalıdırlar. Onlar bu yolla silah-sursat, qadağan olunmuş məhsullar, texniki vasitələr və s. daşımayacaqlarsa, nədən ehtiyat edirlər,  gəlib-getsinlər. Amma deyilənləri nəzərə alaraq Həkəri çayı üzərindəki körpüdə sərhəd xidməti ilə yanaşı, gömrük və baytarlıq xidmətlərinin də postları olmalıdır. Bundan əlavə, yalnız Laçında deyil, Ermənistanla  keçmiş Dağlıq Qarabağ ərazisində keçidin mümkün olduğu bütün torpaq, qrunt yollarının, at, ulaq cığırlarının hamısının başında sərhəd postları qurulmalıdır”- deyə açıqlamasının davamında polkovnik bildirib. “Xalqı narahat edən digər bir məsələ bəhs edilən sərhəd məntəqəsindən keçən Rusiyanın “sülhməramlı” adlanan hərbçilərinin minik və yük avtomobillərinin də yoxlanıb-yoxlanılmayacağıdır. Çünki son iki il yarıma yaxın müddətdə onların müvəqqəti nəzarətində olan ərazilərimizdə baş verənlərdən, xüsusən də Qarabağda rəsmi qurumlarımız tərəfindən də qeydə alınan son hadisələrdən, yəni Rusiya hərbçilərinin dəstəyi ilə  kənar yollarla oradakı separatçı, işğalçı xislətli ermənilər üçün silah-sursat, əlavə canlı qüvvə daşınması faktlarından sonra “sülhməramlı”lar öz etibarlarını tamamilə itiriblər. Onlar eyni zamanda qeyri-leqal daşınmalar, qanunsuz, qadağan olunmuş ticarətlə də məşğul ola bilərlər. Odur ki, Laçındakı sərhəd postumuzda Rusiya hərbçilərinin də yoxlanılması vacibdir”, - deyə sabiq nazir müavini vurğulayıb.

Ukrayna ordusu gələn ay hücuma keçəcək

Ukrayna aprelin sonuna qədər hər biri 4 minə yaxın hərbçidən ibarət 12 briqada hazırlamaq və may ayında hücuma keçmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, ABŞ və NATO-nun müttəfiqləri Ukrayna ordusunun 9 briqadasına təlim keçir və onları lazım olan silah-sursatla təchiz edir. Məlumata görə, Ukrayna ABŞ rəsmilərinə əməliyyat planının detallarını çatdırıb. Məxfi məlumatda əks-hücum əməliyyatında iştirak edəcək qüvvələrin ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizində sahil xətti boyunca yerləşdiriləcəyi gözlənilir. Hazırda Ukrayna ordusunda kritik əməliyyata hazırlıq işləri gedir. 

Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirilib

Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan daha biri Bakıya təxliyə edilib. Sozcu.az-ın məlumatına görə, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb. Qeyd edək ki, daha əvvəl hadisə zamanı yaralanan onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.report

Rusiya tamamilə parçalanmayana qədər...- Herem

Rusiya dövləti dəyişməyənə və ya kiçik dövlətlərə parçalanmayana qədər Ukraynada müharibə bitməyəcək. Sozcu.az xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin baş komandanı general Martin Herem deyib. O qeyd edib ki, müasir Rusiyada yüzlərlə əsgərin cəbhədə həlak olması itki kimi deyil, güc və qüdrət əlaməti kimi qəbul edilir: "Ruslar bu itkilərə əhəmiyyət vermir, amma dövlətin ukraynalılardan biabırçı zərbələr alması tamam başqa məsələdir. Rusiya tamamilə dəyişməyincə, ambisiyalarından əl çəkməyənə qədər bu münaqişənin sonunu görmürəm".

İrandan Bakıya daha bir təhdid: “Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa...”

Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli yenidən Azərbaycan Respublikası əleyhinə əsassız ittihamlar əsəsləndirib. Sozcu.az IRNA-y istinadla xəbər verir ki, o, Azərbaycanın İsraillə siyasi münasibətlərini hədəfə alıb. Xarici işlər naziri Eli Kohenin Bakıya və Aşqabada səfərlərini məkrli niyyət kimi yozan H. Ameli bildirib: "İsrail xarici işlər naziri Azərbaycana və Türkmənistana göndərildi və Aşqabadın İran sərhədindən 27 kilometr aralıda olmasından məmnunluğunu bildirdi. Bu o deməkdir ki, biz asanlıqla İrana casusluq edə bilərik və İranın təhlükəsizlik vəziyyətini poza bilərik". Bundan sonra "əyalət mollası" rəsmi Bakının İranın maraqlarını nəzərə almamaqda ittihamlayıb. "İndi Azərbaycan İrana qarşı İsraillə strateji əməkdaşlıq etmək qərarına gəldiyinə bir məsələyə diqqət yetirməlidir: Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa, bütün Azərbaycan İsrailin hərbi bazası olarsa, bütün Azərbaycan "Mossad"ın qərargahı olarsa belə,  sonda heyfslənməkdən başqa bir şey qalmayacaq. Bütün bu hərəkətlər suya yazıb müşkə üfürməkdir". H. Ameli çıxışında Azərbaycan hökumətinin İsraildə səfirlik açmasını qınayıb, Təl-Əvivlə hərbi-siyasi əməkdaşlıqdan çəkinməyə çağırıb. Bu, bir daha göstərir ki, rəsmi Bakının yürütdüyü xarici siyasət Tehranda açıq qısqanclıq və qıcıqla qarşılanır.yenisabah

Anası ölən şagirdi ələ saldılar, özünü asdı

Rusiyada 7-ci sinif şagirdi kazak kadet məktəbində öz otağında intihar edib.  Lent.az yerli mediaya istinadla bildirir ki, uşağın meyitini müəllim aşkarlayıb.  Məlumata görə, hazırda məktəbdə araşdırma aparılır. Məlum olub ki, şagirdin anası on il əvvəl vəfat etdiyi üçün həmyaşıdları oğlanı ələ salıblar.  Belə halların baş verməməsi üçün məktəb rəhbərliyinə xəbərdarlıq edilib.  Artıq bu gün kənddə şagirdin dəfn mərasimi olub. 

423-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 423-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 185 730 hərbçi, 3672 ədəd tank, 7130 ədəd zirehli döyüş maşını, 2832 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 289 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5718 ədəd avtomobil texnikası, 2398 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 337xüsusi avadanlıq itirib.

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Sozcu.az xəbər verir ki, A.Bağırovun dünyaya gəlməsindən 77 il ötür. Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. 1988-ci ildə erməni təcavüzü başlayarkən Ağdamda ilk özünümüdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdamda Allahverdi Bağırov qaldırıb. 1991-ci ilin oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor tərəfindən Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətik kəndi ilə üzbəüz mövqe qurulub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. 1992-ci ilin iyunun 12-də təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və o həlak olub. A.Bağırov Ağdamda da torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Allahverdi Bağırov "Qızıl ulduz" medalı ilə də təltif olunub. Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 2014-cü il fevralın 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb. 1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də düşməndən azad edilib. Elə həmin ay Milli Qəhrəmanın övladları 28 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər. Şəhidin qızları - Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıdaraq atalarının məzarı önündə hərbi salam veriblər.