Qriqoryan yenə Hindistana gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə TŞ-nin mətbuat xidəməti məlumat yayıb. Avqustun 28-də baş tutacaq səfər zamanı Qriqoryan Hindistan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Dovalla görüşəcək. Qeyd edək ki, Qriqoryan ötən ilin noyabrında da Hindistana səfər etmişdi. Xatırladaq ki, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edir, Dehli İrəvana haubitsalar da daxil olmaqla, bir sıra silahlar satır.

Naxçıvanda iki vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub. Sozcu.az xəbər verir ki, müvafiq əmrlərə əsasən, Tahir Məmmədli muxtar respublikanın Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri vəzifəsindən, Xəyal Qurbanov isə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Bundan əlavə, yeni əmrlə Tahir Məmmədli Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.

547-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 547-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 259 160 hərbçi, 4375 ədəd tank, 8511 ədəd zirehli döyüş maşını, 5333 ədəd artilleriya sistemi, 723 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 494 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7773 ədəd avtomobil texnikası, 4344 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 801 xüsusi avadanlıq itirib.

Qəza yerində Priqojinin cəsədi müəyyən edildi

Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərini ilkin olaraq müəyyən etmək mümkün olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın olan “Tsarqrad” informasiya resursu məlumat yayıb.  Qəza ilə bağlı ehtimallardan biri kimi göyərtədə partlayış törədilməsi göstərilir. Lakin hələlik bu məlumatlar Rusiya hökuməti tərəfindən rəsmi təsdiqlənməyib./Oxu.az

Cəlilabadda zəlzələ nəticəsində dağıntı olub?

Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Bildirilib ki, hələlik komissiyaya hər hansı bir dağıntı və xəsarət barədə müraciət olunmayıb. Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə bağlı müraciət daxil olmayıb. Qeyd edək ki, bu gün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

Ordumuz atəşə tutuldu

Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

"Yaxın günlərdə Ukrayna xalqı Krımda işğalçıların necə məhv ediləcəklərini görəcək"

Yaxın günlərdə Ukrayna xalqı Krımda işğalçıların necə məhv ediləcəklərini görəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. “Təəssüf ki, Krımın işğaldan azad olunmasından qorxanlar var, amma əksər insanlar bunu gözləyir. Və o insanlara ümidlərinin boşa getmədiyini göstərmək üçün əminlik vermək lazımdır”, - Budanov bildirib.

Hərbçimiz yaralandı: Ordumuz tədbir görür

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmət Ramiz oğlu Nəzərov qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ukrayna kəşfiyyatı: Rus aerodromlarına hücumlar...

Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya edilən gizli qruplar iki aerodromda rus bombardmançı təyyarələrinə PUA-larla zərbələr endiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsindəki mənbə NV-yə danışıb. Mənbənin sözlərinə görə, son bir neçə gündə diversiya qrupları aralarında strateji bombardmançılar da olmaqla 5 rus təyyarəsini sıradan çıxarıblar. Belə ki, avqustun 19-da Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən agentlər Novqorod vilayətindəki “Soltsı” hərbi aerodromuna hücum ediblər. Rusiyanın 1 ədəd Tu-22M3 bombardmançısı və daha iki təyyarəsi məhv edilib. Mənbə bildirib ki, avqustun 21-də də Kaluqa vilayətindəki Şaykovka aerodromuna edilən hücum zamanı daha iki rus bombardmançısı ciddi zədələnib. Qeyd edək ki, Novqorod vilayətinə hücum zamanı Tu-22M3 borbardmançıların birinin məhv edildiyi, digərinin ciddi zədələndiyi haqda ötən gün məlumat yayılmışdı.

Əbülfəz Elçibəyin vəfatından 23 il ötür - Anım günü

Bu gün milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının mərhum prezidenti (1992-1993) Əbülfəz Elçibəyin anım günüdür. Sozcu.az xatırladır ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Xərçəng xəstəliyindən əziyyət çəkən Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Prokuror BSU-nun sabiq şöbə müdirinə 8 il cəza istədi

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə yekunlaşmaq üzrədir. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda zərərçəkmişlərə dəyən ziyanın ödənilməsini istəyib. Proses sentyabrın 8-də davam etdiriləcək. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb. D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

544-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 544-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 257 930 hərbçi, 4358 ədəd tank, 8449 ədəd zirehli döyüş maşını, 5264 ədəd artilleriya sistemi, 719 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 489 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7692 ədəd avtomobil texnikası, 4309 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 794 xüsusi avadanlıq itirib.