Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak oldu - Təcili

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti sədri PirHüseyn Kulivənd məlumat yayıb. "Qəzaya uğrayan helikopterin yeri aşkar ediləndən sonra sərnişinlərin sağ qalmasına dair heç bir əlamət aşkar edilməyib", - deyə o bildirib. Qeyd edək ki, daha əvvəl Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında helikopterin qalıqlarının tapıldığını bildirib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 816-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 492 290 hərbçi, 7 576 ədəd tank, 14 630 ədəd zirehli döyüş maşını, 12 687 ədəd artilleriya sistemi, 1 074 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 803 hava hücumundan müdafiə sistemi, 354 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 17 251 ədəd avtomobil texnikası, 10 155 ədəd PUA, 2 204 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 077 xüsusi avadanlıq itirib.

Şolts İsrailin bu əməliyyatına qarşı xəbərdarlıq etdi

Almaniya kansleri Olaf Şolts Qəzza zolağının Rəfah şəhərində genişmiqyaslı quru əməliyyatına qarşı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, Şolts Fələstin əhalisinə daha çox yardım göstərilməsi ilə bağlı çağırış edib. “Biz Almaniyada, Avropada, eləcə də ABŞ hökumətində yekdil fikirdəyik: milyonlarla qaçqının sığındığı və müdafiəsiz qaldığı Rəfaha hücum barədə düşünmək indi məsuliyyətsizlikdir. Bunun sonu yaxşı ola bilməz”, - Şolts bildirib.

Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi - Foto

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Sozcu.az Report-a istinadən xəbər verir ki,bu gün Xaçmazda yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə yaradıb. Belə ki, sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər. Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb. Əraziyə avtomobillərin hərəkətin bərpa etmək üçün Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi ona HƏVALƏ EDİLDİ

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib. Sozcu.az xəbər verir ki, bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib. Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb. N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Qeyd edək ki, bu barədə ilk xəbəri "manset.az" saytı yayıb.

Bakıda qarşıdurma: Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir

“Pilot-16” MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa getmədən onları yaşadıqları evlərdən çıxarmağa çalışır”. Bu barədə Oxu.Az-a Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinin sakini Samir Şahbazov şikayət ünvanlayıb. O iddia edir ki, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə müzakirələr aparmadan onları qeyri-adekvat şərtlər altında yaşadıqları evdən çıxarmaq məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib: “Sözügedən məhkəmədə keçirilən ilk iclas zamanı bəlli olub ki, şirkət məhkəməyə verdiyi şəxslərin hansı ünvanda və hansı şəraitdə yaşadığı barədə ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı müzakirələr aparılmayıb”. “İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə bağlı tövsiyə verib. Bir ay keçməsinə baxmayaraq, şirkət təmsilçiləri heç bir addım atmırlar”, - deyə şikayətçi qeyd edib. Məsələ ilə bağlı “Pilot-16” MMC-yə sorğu ünvanladıq. Şirkətin hüquqşünası Nicat Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, müvafiq qanunvericiliyə əsasən, Nəsimi rayonu Novruzov Qardaşları, C.Məmmədquluzadə, S.Rəhman, M.Əlizadə və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi yararsız olan ərazilərin, şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 hektar torpaq sahəsinin icarə əsasında “Pilot 16” MMC-nin istifadəsinə verilməsi qərara alınıb. “Bu günədək 300 ailədən 230-u ilə əvəzləşmə müqaviləsi bağlanıb və ya alqı-satqı olunub, 2021-ci ildən hal-hazıradək cəmi 42 iddia ərizəsi verilib ki, onlardan da onu hazırda icraatdadır, 24-ü üzrə isə barışıq əldə olunub. Vətəndaş Samir Şahbazovun şikayətinə və məhkəməyə verilməsinə gəlincə isə qeyd etmək istəyirik ki, dəfələrlə şirkət rəhbərliyi ilə onlar arasında danışıqlar olmasına baxmayaraq, həmin sakin şirkətdən bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edib. Məhz bu səbəbdən məcbur olub, məhkəməyə müraciət etmişik”, - deyə hüquqşünas bildirib. N.Əliyev onu da diqqətə çatdırıb ki, həm Şahbazovlara, həm də onlarla bir həyətdə yaşayan dayısı Həmdulla Şahvələdova 30 faiz hesablamaqla, hər ikisinə tikiləcək yeni binadan 130 kvadratmetr sahəsi olan təmirli mənzil, 500 manat kirayə pulu və 29 400 manatı da kompensasiya şəklində verməyə hazırdırlar.

XƏBƏRDARLIQ! Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ

Bank kartlarından oğurluqlar davam edir. Sozcu.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar diqqətli olmadıqca aldanacaqlar. O qeyd edib ki, xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, kəşbek tələləri onlarla şəxsin pullarının talanmasına səbəb olub: "Mayın 14-15 tarixlərində ayrı-ayrı vətəndaşların diqqətsizliyi nəticəsində 600, 3900, 2450, 500, 410, 1050, 560, 35, 400, 438, 1700, 60, 6000, 100, 50, 4044, 2700, 1684, 1400, 2198, 1000 manat və 332 ABŞ dolları xarici bank hesablarına, xaricdə alış-veriş dükanlarında nağdlaşdırılaraq çıxarılıb. Talamalar vətəndaşların bank kart məlumatlarını naməlum şəxslərə təqdim etməsi, əlavə qazanc məqsədilə saxta linklərə daxil olması ilə əlaqədar olub. Etməyin, zənglər üzrə nömrələrin hansı ölkədən olmasına baxın, onlayn kəşbek linklərinə daxil olmayın, "bank kartınıza müdaxilə var", "əlavə qazanc, yüksək faiz" deyənlərə inanmayın". E.Hacıyev bildirib ki, bəzi vətəndaşlar bununla bağlı məlumatlı olsalar da, aldanırlar: "Talamaya məruz qalan vətəndaşlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan təbliğatdan xəbərdar olublar. Bunu zərərçəkmişlərdən soruşuruq, "Məlumatım var idi, bilmədim ki, mənim də başıma gələ bilər", - deyirlər".

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsənov Bəxtiyar Rafiq oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb və fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqla Bəxtiyar Həsənovun Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. B.Həsənovun xidməti otağında aparılmış axtarışla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Toplanmış sübutlarla Bəxtiyar Həsənova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

Lukaşenko Azərbaycana gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Sozcu.az  xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar. Məlumata görə, dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri nəzərdən keçirəcəklər. Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olacaq. Prezidentlər qlobal və regional məsələlər ətrafında müzakirə aparacaqlar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanacaq. Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.

13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Ötən ilin aprelində Tovuz sakini olan 13 yaşlı Mədinə Ağayevanı (şərti) qaçıran Xaçmaz rayon Xudat şəhər sakini, 1979-cu il təvəllüdlü Səfər Kavazova hökm oxunub. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Kavazov Cinayət Məcəlləsinin 144.3 və 149.3.3-cü (Adam oğurluğu və zorlama) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləyən 45 yaşlı Səfər Kavazov yeniyetmə qızla “snapchat” sosial şəbəkəsində tanış olub. O, M.Ağayeva ilə evlənəcəyini deyərək azyaşlını inandırıb və Tovuzdakı evlərindən qaçaraq Xaçmaza gəlməsini istəyib. Bundan sonra 45 yaşlı kişi 13 yaşlı qızı Xudatda yaşayış olmayan evə apararaq bir neçə gün gizli saxlayıb və bu müddət ərzində cinsi təcavüzə məruz qoyub. Səfər Kavazov ifadəsində bildirib ki, Mədinə ona 18 yaşının olduğunu deyib və fiziki cəhətdən yetkinlik yaşına çatması görüntüsü yaradıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Kavazova 16 il həbs cəzası verilib.

Öldürülən müsavatçı haqda rəsmi məlumat: meyiti basdırılıbmış

Daha bir xüsusilə ağır cinayət isti izlərlə açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir. Qeyd edək ki, Natiq Mehdi Müsavat Partiyasının sonuncu qurultayında başqanlığa namizəd olsa da, İsa Qəmbərin namizədliyini irəli sürməsindən sonra geri çəkilib.

Minimum əməkhaqqı nə qədər artacaq? - Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub". Sozcu.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb: "Minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi. 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz".