"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı rəsmi açıqlama

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var: "Əməliyyatla bağlı əlavə məlumat veriləcək". Qeyd edək ki, bu gün "Sputnik Azərbaycan"ın ofisində əməliyyat keçirilib.

Yekaterinburq məhkəməsi işgəncə görən 3 azərbaycanlını həbs etdi

Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə iclası başa çatıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, üç şəxs – Akif, Ayaz və Məzahir Səfərovlar barəsində məhkəmə 22 sutka həbs qətimkan tədbiri seçib. Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev məhkəmənin qərarı ilə üç sutka müddətinə həbs edilib. Bundan başqa, saxlanma zamanı güc strukturları tərəfindən xəsarət yetirilərək xəstəxanaya yerləşdirilən Kamal Səfərov və Əziz Abbasov evə buraxılıblar.

Rusiyada məhkəmə: Həmyerlimiz həbs edildi

10:16 Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Məhkəmə azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır. Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib. *** İttiham tərəfi Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib. Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib. *** Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib. Həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər...

Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib. Sozcu.az xəbər verir ki, o, Report-a açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. "Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım gicəllənir. Məni döyəndə burnumdan qan açıldı və sonra dedilər ki, qanı sil. Qanın mənə aid olduğunu sübut edə bilməmək üçün bunu etdilər", - R.Səfərov deyib. O əlavə edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları evə girəndə heç bir sənəd göstərməyiblər: "Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər. Ayaqlarını başıma qoyub dedilər ki, sən atanın etmədiyi şeyi de. Onu sat. Yoxsa səni öldürərik". Hadisə şahidinin sözlərinə görə, onlar evdən pul, qızıl əşyalar, maşınlarının nömrəsinə qədər - hər şeyi aparıblar. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

İrəvan məhkəməsi arxiyepiskop Acapaxyanı həbs etdi

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib. Məlumata görə, Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir. İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq. Qeyd edək ki, Mikael Acapaxyan Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

Hərbi hissənin maşını qaya daşlarına dəydi, hərbçimiz öldü

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib. Hərbi qulluqçunun dəfn mərasimində qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib. Qeyd edək ki, ötən gün Daşkəsəndə 1986-cı il təvəllüdlü Sadiq Əsgərovun içərisində olduğu hərbi hissənin avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Nəticədə hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub. Sadiq Əsgərov ailəli olub, 3 övlad atası idi.

Trampdan Zelenski ilə görüş barədə ilk açıqlama

Prezident Vladimir Zelenski ilə Ukraynada atəşkəs məsələsini müzakirə etməmişik. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə Haaqada keçirilən görüşü şərh edərkən deyib. Qeyd edək ki, bu gün liderlər arasında keçirilən görüş 40 dəqiqədən çox davam edib.

Trampla Zelenskinin görüşü başa çatdı

17:10 NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Görüşlə bağlı əlavə məlumat verilməyib. *** Donald Tramp və Vladimir Zelenski arasında görüş yekunlaşıb. Bu barədə “Unian” məlumat yayıb. Görüş 40 dəqiqədən çox davam edib.

Urmiyada İsrailə görə 3 nəfər edam edildi

Bu gün səhər saatlarında Urmiya həbsxanasında 3 məhbus edam edilib. Sozcu.az xəbər verir ki, bu haqda İranın ədliyyə qurumu məlumat yayıb. Onlar “nüvə alimlərinin birinin öldürülməsində istfadə olunan avadanlıqları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmkdə” və “İsraillə əməkdaşlıq”da günahlandırılıblar.

Pezeşkian açıqladı: İsrail atəşkəs rejimini pozmasa...

Əgər İsrail atəşkəs rejimini pozmasa, İran da ona əməl edəcək. Sozcu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığı zamanı deyib. "Biz dialoq aparmağa və İran xalqının qanuni hüquqlarını danışıqlar masasında müdafiə etməyə hazırıq", - deyə o bildirib.

Gəncəli müəllim sertifikasiya imtahanında 60 bal topladı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edir. Sozcu.az xəbər verir ki, sertifikatlaşdırılma imtahanlarının dördüncü günündə də 60 bal toplayan müəllim olub. Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva sertifikatlaşdırılması prosesinin tedt imtahanı mərhələsində maksimum nəticə göstərərək 60 bal toplayıb! Qeyd edək ki, 24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər. Bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.

İran bu vaxta kimi ABŞ bazalarını vura bilər - "Röyters"

Tezliklə İran ABŞ-a cavab olaraq bu ölkənin Yaxın Şərqdəki hərbi kontingentinə hücum həyata keçirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters”ə adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib. Vurğulanıb ki, İranın hücumları bir-iki gün ərzində ola bilər. Qeyd edək ki, dünən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bombardmançılar İranın Fordo da daxil olmaqla 3 nüvə obyektinə zərbələr endirmişdi.