Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 807-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 479 710 hərbçi, 7 434 ədəd tank, 14 313 ədəd zirehli döyüş maşını, 12 387 ədəd artilleriya sistemi, 1 062 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 795 hava hücumundan müdafiə sistemi, 349 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 691 ədəd avtomobil texnikası, 9 826 ədəd PUA, 2 151 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 031 xüsusi avadanlıq itirib.

Delimitasiyaya qarşı çıxanlar İrəvana çatdılar – Mitinq keçirilir

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən yürüşünün iştirakçıları İrəvana çatıblar. Sozcu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, 16:00-dan etibarən Respublika meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirilir. Onlarla siyasi və ictimai təşkilat, həmçinin bir sıra ziyalılar müxalifət hərəkatı ilə həmrəy olduqlarını bildiriblər. “Bu hərəkat zorakılıq haqqında deyil, bizim xalqımız, ölkəmiz alçaldılmış vəziyyətdədir”, - deyə Baqrat Qalstanyan bildirib. Qeyd edək ki, “Vətən üçün Tavuş” hərəkatı sərhədlərin delimitasiyasına, həmçinin iki ölkə arasında dörd kəndin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmaya etiraz edir.

Rusiyanın dondurulmuş pulları Ukraynaya "axacaq"

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadə olunması barədə ilkin razılıq əldə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçika hökuməti məlumat yayıb. Bildirilib ki, Aİ səfirləri Rusiyanın immobilizasiya edilmiş aktivlərindən qaynaqlanan gəlirlərlə bağlı tədbirlər haqqında prinsipial razılığa gəliblər. “Pul Rusiya təcavüzü kontekstində Ukraynanın bərpası və hərbi müdafiəsini dəstəkləməyə xidmət edəcək”, – məlumatda qeyd olunub. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen müvafiq razılaşmanı təqdir edib. Aİ rəsmisi bu barədə “X” hesabında paylaşım edib: “Mən Rusiyanın immobilizasiya edilmiş aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadə edilməsi təklifimizlə bağlı bugünkü siyasi razılaşmanı alqışlayıram. Bu, Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha güclü simvol və daha böyük fayda ola bilməz”.

Medvedevdən nüvə təhdidi

Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək. Yenipress.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Qoşunlarınızı Ukraniyaya göndərmək ölkələrinizin birbaşa müharibəyə girməsinə gətirib çıxaracaq, biz buna cavab verməliyik. Və təəssüf ki, bu cavab Ukraynada verilməyəcək.  Bu qlobal fəlakət olacaq. Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən əvvəl başa düşə biliblər. Amma Qərbdə hakimiyyəti ələ keçirmiş indiki axmaq uşaqlar sadəcə başa düşmək istəmirlər”, - o bildirib.

Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular

Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenskinin qətlini planlaşdıran Rusiya Federal Təhlükəsizlik Xidməti agentlərini ifşa edib. Onların arasında Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki də var. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib. Məlumata görə, Ukrayna əks-kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidməti müstəntiqləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenskini və dövlətin ali hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinin qətlləri ilə bağlı planlarının qarşısını alıblar. “Agent şəbəkəsi tərəfindən həyata keçirilməli olan plan Dövlət Təhlükəsizlik İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ifşa edilib. Agent şəbəkəsinin tərkibində Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki də olub ki, Rusiyanın məxfi məlumatlarını “sızdıran” bu polkovniklərin fəaliyyətləri Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvadan idarə olunub”, - deyə məlumatda bildirilib.  Qurumun məlumatına görə, Federal Təhlükəsizlik Xidmətinin kəşfiyyat şəbəkəsinin vəzifələrindən biri Ukrayna prezidentinin təhlükəsizlik əməkdaşlarına yaxın olan hərbçilər arasında Zelenskini girov götürəcək, sonradan da öldürə biləcək icraçıların axtarışı olub. Həmçinin öldürüləcək hədəflər arasında Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər yüksəkrütbəli məmurlar da olublar. Sui-qəsd üçün Ukrayna rəsmilərinin yerləşdiyi hədəflərə dron hücumları və raket zərbələrinin kombinasiyasından istifadə edilməsi nəzərdə tutulubmuş.

Ukrayna Rusiyaya zərbə endirdi: 6 ölü, 35 yaralı

10:18 Rusiyanın Belqorod vilayətinə növbəti PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna PUA-sı Borisovsk rayonunda “Aqro-Belqorye” şirkətlər qrupuna məxsus maşına çırpılıb. Nəticədə 33 nəfər yaralanıb, 6 nəfər ölüb. *** Belqorod vilayətinin qubernatoru Vyaçşeslav Qladkov yaralıların sayının 35-ə çatdığını bildirib: “Şirkət işçilərini aparan iki “Qazel” və minik avtomobili Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Hadisə Borisovsk rayonunun Berezovka kəndi yaxınlığında baş verib. Təəssüf ki, partlayış nəticəsində 6 nəfər aldığı xəsarətlərdən yerindəcə ölüb”.

İsrail Rəfaha hücum etsə, danışıqlar bitəcək - HƏMAS

İsrail Qəzzada Rəfah bölgəsinə qurudan hücuma keçərsə, məhbus mübadiləsi ilə bağlı danışıqlar başa çatacaq. Sozcu.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun üzvü Üsamə əl-Həmdan deyib. “İsrail Rəfaha qurudan hücum edəcəyi təqdirdə davam edən əsir mübadiləsi dərhal başa çatacaq. Müqavimət cəbhəsi atəş altında olarkən danışıqlar apara bilməyəcək”, - Həmdan bildirib.

Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"

Məhbus həyatı yaşayan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hesab edir ki, onun Gürcüstanda olması ölkəsinin demokratiya mübarizəsinə əlavə güc qatır və bir çoxlarına qol-qanad verir. Musavat.com xəbər verir ki, bu barədə Mixail Saakaşvili “Dojd” kanalına yazılı müsahibəsində bildirib. Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-dən həbsdədir. Müsahibəni təqdim edirik. – Aleksey Navalnı Rusiyaya qayıtdı, həbsxanaya düşdü və öldürüldü. Gürcüstana qayıtdınız və həbsxanaya düşdünüz. Hazırda həbsxana xəstəxanasındasınız. Həyatınız üçün qorxmursunuz? – Aleksey Navalnının öz kamerasından mənimlə həmrəylik ifadə etməsi məni çox təsirləndirdi. Mənim üçün o, dünya tarixinin böyük qəhrəmanıdır. Putin Navalnını Saakaşvili adlandırırdı. Putin dəfələrlə məni öldürməklə hədələyib. Deyə bilərik ki, Putinin öldürməklə hədələdiyi yeganə şəxsəm. Amma hələ də sağam. – Ukraynadakı müharibədə dalana dirənən, müxalifətin məhv edildiyi və ya qovulduğu bir vaxtda Putinə nə demək istərdiniz? O qalib gəlir? – Putin öz qoşunları ilə Ukraynaya hücum edən kimi dərhal dedim ki, bu, onun sonudur. Xüsusilə də indi – Vaşinqtonda və Avropada verilən son qərarlardan sonra bu daha aydın görünür. – “Xarici agentlər haqqında” qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? – Gürcüstanda hakimiyyət dəyişikliyi istənilən halda baş verəcək, lakin bu qanun hakimiyyətin dəyişdirilməsi prosesini dərinləşdirəcək və sürətləndirəcək. – Dəfələrlə demisiniz ki, İvanişvili Putin siyasətinin ardıcılıdır. Birbaşa bağlılığa dair sübutunuz varmı? – Çoxlu sayda sübut var. İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstanın Rusiyanın “Birinci kanal”ı Qafqaz kanalı dərhal bağlanıb. Amma Rusiyanın “Sputnik”inin Gürcüstan filialının fəaliyyətinə imkan verilib. O, Amerika Texnologiya Universitetini və Gürcüstanda amerikalı müəllimlər proqramını bağladı. Moskvanın göstərişi ilə iki mühüm infrastruktur layihəsi – Lazika-Anaklia liması və Batumidəki “Royal Caribbean” terminalı ləğv edildi. Rusiyaya casusluq ittihamı ilə saxlanılan şəxslər siyasi məhbus kimi azadlığa buraxıldı. 2008-ci il müharibəsinin gürcü iştirakçılarının siyahıları Rusiya xüsusi xidmət orqanlarına təhvil verildi. Ruslara qarşı xüsusi əməliyyatların bir çox iştirakçısı Gürcüstan ərazisində öldürüldü və əksərinə qarşı baş prokuror tərəfindən cinayət işi açılıb. Dövlət Departamentinə görə, həmin prokuror Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentidir. Son illərdə Gürcüstan hökuməti kəskin anti-Ukrayna mövqeyi tutaraq ölkəni rus pullarının yuyulması məkanına çevrilib və ötən həftə bu istiqamətdə ayrıca qanun qəbul edilib. – Oktyabrda keçiriləcək seçkilərlə bağlı proqnozlarınız necədir? – Onların “Arzuları” sarsıdıcı hesabla məğlub olacaq. Baxmayaraq ki, onlar seçkiləri saxtalaşdırmağa çalışacaqlar. – Prezident Zurabişvilidən əfv gözləyirsinizmi? – Zurabişvili indi, bütövlükdə, konstruktiv rol oynayır. Onun görüşdüyü bütün həmkarları, o cümlədən onun mənşəcə aid olduğu ölkənin prezidenti Makron ondan mənim azad olunmağımı tələb edir. Bu tələb yüz minlərlə gürcünün imzası ilə möhkəmləndirilir. Onun bu hərəkəti etməyə cəsarəti çatacaqmı, bilmirəm. Axı, Ukrayna kəşfiyyatına görə, mən Putinin şəxsi məhbusuyam. – Özünüzü Gürcüstan müxalifətinin lideri hesab edirsiniz? – Mənim çoxlu sayda sadiq tərəfdarlarım var. İndiki mərhələdə müxalifətin birliyinin təmin olunmasında öz şəxsi rolumu görürəm. – Özünüzü necə hiss edirsiniz? – İki ildən artıqdır günəşi görmürəm, təmiz hava udmuram. Ağır metal zəhərlənməsinin izləri hələ də qalmaqdadır. Mən Vladimir Kara-Murza ilə yazışıram və əlamətlərimiz çox oxşardır. Mən işləməyə çalışıram. Gürcü və ukrayna dilində yayımlanan kanallara baxıram. Qanunlara zidd olaraq deputatları mənim yanıma buraxmırlar, mənə həm də qanunsuz olaraq istənilən telefon danışığı qadağan edilib. – Partiyanızın reytinqi düşür. Niyə? – Mən belə düşünmürəm. O əvvəlki kimidir. Amma nəzərə alsaq ki, partiyanın bir hissəsi ayrılıb, ayrıca partiya yaradıb və seçicilərin əksəriyyəti də onları “mənim layihəm” hesab edir (baxmayaraq ki, bu, belə deyil) – bu iki partiya “Arzu”ya asanlıqla qalib gəlir. Bütün sorğulara görə, “Arzu”nun rusiyapərəst təbliğatının uzun illər demonizasiyasına baxmayaraq, mənim şəxsi dəstəyim xeyli artıb. – Gürcüstana qayıtdığınız üçün təəssüflənmirsiniz ki? – Mən yalnız ona təəssüflənirəm ki, Ukraynaya daha fəal şəkildə kömək edə bilmirəm. Orada hələ də prezident Zelenskinin yanında İslahatlar üzrə Milli Şuranın sədriyəm. Digər tərəfdən, mənim Gürcüstanda olmağım ölkədəki insanları çox ruhlandırır.

Gürcüstanda "qırmızı səviyyə" elan olundu - Təcili

2024.05.01 - 20:21 Gürcüstanın paytaxtı Tiflisdə "Xarici agentlər haqqında" qanunun qəbuluna qarşı növbəti mitinq keçirilir. Sozcu.az xəbər verir ki, mitinqə çox sayda insan Gürcüstan və Avropa Birliyinin bayraqları ilə gəlib və izdihamın arasında ABŞ bayrağı da dağlalandırılıb. Hazırda parlamentin qarşısındakı meydan insanlarla doludur. *** Gürcü Arzusu Partiyasının deputatları parlament binasından çıxdıqdan sonra xüsusi təyinatlılar ərazini tərk ediblər. Onlar binanın Gürcüstan Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında yerləşən həyətinə keçiblər. Xüsusi təyinatlıların meydanı tərk etməsi etirazçıların alqışları ilə müşayiət olunub. *** Tiflisdə keçirilən aksiyada etirazçılara qarşı rezin güllələrdən istifadə edilib. Nəticədə bir neçə nəfər xəstəxanaya aparılıb. *** Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib. "Parlamenti sədrinin “Gürcüstan Parlamentinin Sarayında Təhlükəsizlik Qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, mayın 1-də saat 23:00-dan Gürcüstan Parlament Sarayında qırmızı təhlükəsizlik səviyyəsi qüvvəyə minib. Parlament Sarayında insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hücumla əlaqədar olaraq qırmızı təhlükəsizlik səviyyəsi elan edilib", - məlumatda qeyd olunub.

798-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 798-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 469 840 hərbçi, 7 312 ədəd tank, 14 067 ədəd zirehli döyüş maşını, 12 024 ədəd artilleriya sistemi, 1 053 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 780 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 175 ədəd avtomobil texnikası, 9 538 ədəd PUA, 2 126 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 980 xüsusi avadanlıq itirib.

Bu ölkədə NATO-nun təlimi keçiriləcək

Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24” hava-desant təlimi keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq. “Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.

796-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 796-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 467 470 hərbçi, 7 285 ədəd tank, 14 007 ədəd zirehli döyüş maşını, 11 985 ədəd artilleriya sistemi, 1 051 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 778 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 109 ədəd avtomobil texnikası, 9 528 ədəd PUA, 2 124 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 974 xüsusi avadanlıq itirib.