Qazinin çənəsini qıran idmançı ilə bağlı məhkəmə QƏRAR VERDİ

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadə azadlığa buraxılıb. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Nəbizadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Prokuror qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb. Rəvan Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. Namiq Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.

İsrail İranın əlinə keçməsin deyə Ukraynaya silah vermir - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Ukraynaya silahların İranın əlinə keçə biləcəyi ehtimalına görə təhvil vermir. Sozcu.az xəbər verir ki, bu barədə baş nazir “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib. "Ukraynadakı faciəyə, dəhşətli insan itkisinə görə kədərlənirik. Biz bunun bitməsini istəyirik. Düşünürəm ki, gələcəkdə biz buna son qoymağa kömək edə bilərik. Ancaq bunun baş verəcəyinə əmin deyiləm", - deyə Netanyahu bildirib.

Ukrayna ordusu iki istiqamətdə irəliləyir - Kovalyov

Ukrayna qoşunları cənub cəbhəsinin iki istiqamətində irəliləyib və indi öz mövqelərində möhkəmləniblər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının spikeri Andrey Kovalyov deyib. Onun sözlərinə görə, Ukrayna ordusu Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatlarını davam etdirir: “Novodanilovka–Rabotino və Malaya Tokmaçka–Novofyodorovka istiqamətində uğur qazanılıb, ələ keçirilmiş mövqelərdə möhkəmlənmə aparılır”.

Dəniz sahilindəki istirahət mərkəzi Rusiya işğalçılarıyla birgə havaya uçdu...

İyunun 21-dən 22-ə keçən gecə Ukraynanın Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Berdyansk şəhəri yaxınlığında partlayış baş verib. Zərbə Rusiya işğalçılarının yerləşdiyi “Roza” istirahət mərkəzinə dəyib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat paylaşıb.  “Saat 1:40-da Berdyansk rayonunda güclü partlayış səsi eşidilib. Partlayışın səsi hətta 50 kilometr aralıdakı Mariupol rayonunun Urzuf kəndində də duyulub",- deyə müşavir bildirib. Andryuşşenko əlavə edib ki, yerli sakinlər zərbənin(raket və ya dronun-S.L.) işğalçıların Berdyansk vilayətinin Azovskoye kəndindəki “Roza” istirahət mərkəzindəki  cəmləşmə məntəqəsinə vurulduğunu bildiriblər.

Ukrayna Krımdakı Çonqar körpüsünü vurdu

Ukrayna ordusu Krımdakı Çonqar körpüsünü vurub. Sozcu.az xəbər verir ki, bu barədə Krım hökumətindən məlumat verilib. Məlumata görə, körpüyə ciddi ziyan dəyib. Hazırda yol bağlıdır. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ukrayna Teleqram kanallarının məlumatına görə, körpü "Storm" raketləri ilə vurulub. Qeyd edək ki, Çonqar körpüsü Krımı Xerson vilayəti ilə bağlayan 3 yoldan biridir.

ABŞ-ın İrana şərtləri bəlli oldu

İranla Amerika arasında aparılan gizli danışıqlarda Vaşinqton Tehran qarşısında 3 şərt qoyub. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ-ın İran qarşısında irəli sürdüyü şərtlər bunlardır: - İran atom silahı əldə etmək məqsədilə nüvə proqramının inkişafını məhdudlaşdırsın; - Tehrana bağlı proksi qüvvələrin Suriyada yerləşən ABŞ ordusuna hücumları dayandırılsın; - İranda saxlanılan 3 amerikalı məhbus sərbəst buraxılsın. “Vaşinqton Post” adı açıqlanmayan Amerika, Avropa və Yaxın Şərq rəsmilərinə istinadən vurğulayır ki, bir neçə ay əvvəl başlayan hazırkı danışıqlar artıq nüvə razılaşması danışıqlarını bərpa etmək məqsədi daşımır.

Yermak İsraili qınadı: İran PUA-larına qarşı silah verin

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak İsrailin ölkəsinə hərbi yardım göstərməkdən imtina etməsindən məyus olduğunu bildirib. Sozcu.az “Times of Israel”ə istinadla xəbər verir ki, o, İran pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün İsrail texnologiyasını əldə etməyə ümid etdiyini bildirib. Yermak bəyan edib ki, İsraildən başqa heç kim İran PUA-larının hücumları ilə mübarizə aparmaq üçün avadanlıq təmin edə bilməz.  O, İsrail baş naziri Benyamin Netanyahunun Ukraynanı açıq şəkildə dəstəkləməməsindən məyus olduğunu bildirib. 

Ruslar bu şəhərdən qaçmağa hazırlaşır - Plan

Xerson vilayətinin Geniçesk vilayətində ruslar qaçış planı hazırlayırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttini yaracağı təqdirdə təxliyə barədə məlumatı fəal şəkildə yayırlar. Geniçeskdə onların mobil telefonlarına təfərrüatlı təlimatlar və təxliyə məntəqələrinin koordinatları olan SMS-lər gəlməyə başlayıb ki, bu da öz növbəsində panikaya səbəb olur”, - məlumatda qeyd olunub.

Rusların 5 bölüyü məhv edildi - General

Ukrayna hərbçiləri Tavriya istiqamətində sutka ərzində rusların 5 bölüyünü və 46 zirehli texnikasını məhv edib. Sozcu.az xəbər verir ki, bunu Tavriya operativ-strateji qoşun qruplaşmasının komandanı Aleksandr Tarnavski deyib. “Müdafiə qüvvələri Tavriya istiqamətində irəliləyirlər. Raket və artilleriya qoşunlarının bölmələri sutka ərzində 1487 atəş tapşırığı yerinə yetiriblər”, - Tarnavski bildirib.

Ukrayna müdafiəni yardı, ruslar mühasirəyə düşə bilər

Ukrayna qoşunları daim müxtəlif istiqamətlərdə irəliləyir. Novodarovka-Ravnopol rayonunda ruslar mühasirəyə düşə bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib. O, Ukrayna SQ-nin rusların ilk müdafiə xəttini yardığını xatırladıb: “Əgər biz Novodarovka-Ravnopol rayonlarını nəzarətə götürsək, rusları mühasirə gözləyir. Düşünürəm ki, Ukrayna qoşunlarının təzyiqi ilə onlar ərazidən çıxacaqlar”.

Ukrayna Prezident Ofisi: "Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir"

"Rusiya ilə danışıqlar, hansısa orta yol bizim üçün məğlubiyyət deməkdir". Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq: “Çünki belə olsa, qarşı tərəf növbəti hücuma hazırlaşa bilər”. M.Podolyak bildirib ki, Rusiya bu müharibədə məqsədini açıq göstərib: “Onlar ölkəmizi dağıtmaq istəyirlər. Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl söyləmişdi ki, Rusiya Ukraynadakı vəziyyəti tənzimləmək üçün bütün ideyalara hazırdır.

Ukraynalılar rus səngərinə girdi: basqın...

Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10-a yaxın hərbçini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. “Cənubda tapşırıq zamanı xüsusi təyinatlı qüvvələr düşmən xəttinin arxasına keçə biliblər. Müqavimət göstərməyə cəhd edən düşmən əsgərlərinin bir neçəsi məhv edilib”, - məlumatda qeyd olunub.