415 PUA, 40 raket... – Rusiyanın bugünkü hücumu

Rusiya Ukraynaya təxminən 415 PUA və 40-dan çox qanadlı və ballistik raketlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında məlumat yayıb. “Rusiyalıların raketlə adi tikiş sexini vurduğu Xmelnitski vilayətinin Voloçisk bölgəsində hazırda xilasedicilər işləyir. 3 nəfərin yaralandığı bildirilir. Bu, Rusiyanın bugünkü kütləvi zərbələrinin keçirildiyi yerlərdən yalnız biridir: təxminən 415 müxtəlif tipli dron və 40-dan çox qanadlı və ballistik raket... 15 rayonumuz hücuma məruz qaldı. Təəssüf ki, Jitomir vilayətində mərmi atılması nəticəsində bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - Zelenski bildirib.

Ukrayna PUA-ları Vladimir Putini hədəf aldı: Hücum...

Ötən gecə Ukrayna pilotsuz təyyarələrinin Soçiyə hücumu təsadüfi deyil. Rusiya Prezidenti Vladimir Putinin Soçidə olduğu ehtimal edilir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, dünən Putin Soçidə BRİKS-in fövqəladə toplantısında iştirak edib və prezidentin İl-96 təyyarəsi hələ də hava limanındadır. Qeyd edək ki, Krasnodar qubernatoru Venyamin Kondratevin yaydığı məlumata görtə, Soçiyə hücum edən PUA vurulub, parçaları isə avtomobilin və evlərin üzərinə düşüb. Avtomobilin sürücüsü ölüb, evlərə ziyan dəyib. Gecə ərzində üç dəfə həyəcan siqnalı verilib, Soçi hava limanı bir müddət bağlı qalıb.

İsraildən DƏHŞƏTLİ hücum: Qətərin paytaxtı bombardman edildi - HƏMAS liderləri öldürüldü

İsrail Müdafiə Qüvvələrinin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) ilə birlikdə HƏMAS-ın yüksək rütbəli rəsmilərinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, İsrail ordusu Qətərin paytaxtı Dohayta zərbələrdən əvvəl dinc əhaliyə dəyən zərərin azaldılması üçün tədbirlər görüldüyünü bildirib. Hücumdan sonra Dohada silsilə partlayış səsləri eşidilib. İsrail Müdafiə Qüvvələri hücum zamanı HƏMAS-ın yüksək səviyyəli liderlərinin vurulduğunu qeyd edib. Qətər Xarici İşlər Nazirliyi İsrailin Dohada HƏMAS üzvlərinə hücum etdiyini təsdiqləyib. Öz növbəsində, İsrailin dövlət televiziyası “Kan” İsrail hakimiyyətinin Qətərə zərbə endirmək planları barədə ABŞ-ni əvvəlcədən xəbərdar etdiyini bildirib. Qeyd edilib ki, kampaniya Fələstin hərəkatı rəhbərliyinin nümayəndələrini sıradan çıxarmaq məqsədi daşıyıb. HƏMAS-ın Qəzza zolağındakı lideri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Xeya, hərəkatın xaricdəki ofisinin rəhbəri Xalid Məşəl və İordan çayının qərb sahilindəki qrupun komandiri Zahir Cabarin İsrailin hücumu nəticəsində həlak olub. Mənbələr HƏMAS Siyasi Bürosunun üzvü Nizar Abudallahın ölümünü təsdiqləyib. Kampaniya zamanı hərəkat rəhbərliyinin digər üzvü Qazi Həməd binada olub, amma onun taleyi ilə bağlı hələlik məlumat yoxdur.

Ukrayna Rusiyada daha bir neft bazasını vurdu

Rusiyanın Belqorod vilayətində yerləşən Proxorovka qəsəbəsinə PUA hücumu nəticəsində neft bazasında yanğın olub. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində neft çənlərinə ziyan dəyib. Yanğın tam söndürülüb və xəsarət alan yoxdur.

İspaniya İsrailə silah tədarükünə qadağa qoyub

İspaniya hökuməti İsrailə silah tədarükünü qadağan edib. Sozcu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes məlumat verib. Bundan əlavə, İsrail silahlı qüvvələri üçün yanacaq daşıyan bütün gəmilərin İspaniya limanlarından tranzitlə keçməsi, İsrail üçün hərbi material daşıyan bütün təyyarələrin İspaniyanın hava məkanına girişi qadağan ediləcək. İspaniya rəsmisi bildirib ki, Madrid münaqişəni dayandırmaq üçün bütün imkanlarını səfərbər edib.

Putin qadın və uşaqlara hücum edən qorxaqdır! - Nazir

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın Ukraynaya son kütləvi hava zərbələri ilə bağlı şərhində kifayət qədər sərt olub. Sozcu.az xəbər verir ki,  Yan Lipavski X platformasında yazıb ki, Rusiya prezidenti Vladimir Putin sadəcə sülh istəyirmiş kimi davranır. "Putin guya müharibəni dayandırmaq istəyir, reallıqda isə o, mümkün qədər çox ukraynalı öldürməyə çalışır. Dünən gecə Ukraynaya 800-dən çox pilotsuz təyyarə və raket buraxılıb, nəticədə ana və onun iki aylıq körpəsi həlak olub. O, qadınlara və uşaqlara hücum edən qorxaqdır", - Lipavski vurğulayıb. Nazir onu da qeyd edib ki, Ukraynaya yardımın dayandırılmasını müzakirə etmək təcavüzkarın tərəfini tutmaq deməkdir.

Ukraynada vətənə xəyanət edən deputat saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan olunmuş “Müxalifət Platforması - Həyat Naminə” Partiyasından olan deputatı saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. Deputatın “vətənə xəyanət” ittihamı ilə saxlanıldığını bildirib. Məlumata görə, saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən müharibənin başlamasından xeyli əvvəl işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqları aktiv şəkildə yerinə yetirib. Bundan başqa, deputata qarşı Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə artıq onun barəsində həbs-qətimkan tədbiri seçib. Faktla bağlı ibtidai istintaq davam edir.

ABŞ-da danışıqlar olacaq: Rusiyaya yeni sanksiyalar...

Avropa Birliyi rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar aparacaq. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Rusiyaya təzyiq göstərmək məqsədilə müxtəlif iqtisadi təzyiq formaları, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq. Müzakirələrə Ağ Ev, ABŞ Dövlət Departamenti və ABŞ Ticarət Nümayəndəsinin ofisinin rəsmiləri də qatılacaq.

Tramp bu ölkəyə zərbə endirməyi düşünür - KİV

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə Venesuela ərazisinə zərbələr endirməyi düşünür. Sozcu.az xəbər verir ki, bu haqda CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb. “Prezident Donald Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi zərbələr endirmək üçün müxtəlif variantları, o cümlədən sözügedən dövlətin başçısı Nikolas Maduronu zəiflətmək üçün daha geniş strategiyanın bir hissəsi kimi ölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir”, - telekanal bildirib. Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd etsə də, gələcəkdə Venesuela ərazisinə Maduronu vəzifəsindən getməyə məcbur etmək məqsədi ilə zərbələr endirilməsi ehtimalı istisna edilmir.

6 milyard dollarımız çatmır... - Zelenski

Ukraynanın öz PUA-sını və uzaqmənzilli raket proqramını inkişaf etdirməsi üçün ən azı 6 milyard dollar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Çox şey işlənib, hazırlanıb. Maliyyə ilə bağlı böyük problemimiz var. Müxtəlif proqramlardan, o cümlədən ERA və SAFE, Avropa tərəfdaşlarımızın proqramlarından, həmçinin dondurulmuş Rusiya aktivlərindən istifadə etmək istəyirik. Hazırda kifayət qədər maliyyə yoxdur. Pilotsuz təyyarələr və raketlərlə bağlı ayrıca klaster var. Orada 6 milyard dollar kəsirimiz var”, - o bildirib.

Ukrayna ordusu yeni mövqelər ələ keçirdi: Rusiya irəliləyə bilmir

Rusiya ordusu Sum vilayətinin şimalında cüzi irəliləyiş əldə etsə də, Ukrayna Silahlı Qüvvələri Kupyansk və Pokrovsk istiqamətlərində yeni mövqeləri nəzarətə götürüb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında məlumat verilir. Analitiklərin açıqlamasına görə, rus bölmələri Sum vilayətinin Yablonovka kəndinin cənubuna doğru irəliləyiblər. Eyni zamanda Ukrayna ordusu Kondratovka, Alekseyevka və Sadkov kəndləri istiqamətində uğurlu əks-hücum həyata keçirib. Kupyansk bölgəsində də döyüşlər davam edib. Rusiya qüvvələri şəhərin ətraf kəndlərində - Sobolevka, Kondraşovka, Kutkovka, Petropavlovka və Stepnaya Novoselovkada hücuma keçməyə çalışsalar da, Ukrayna ordusu şəhərin şimal və qərb kənarlarında mövqelərini möhkəmlədib. Rayon hərbi administrasiyasının rəhbəri Andrey Kanaşeviç bildirib ki, daimi atəşlər səbəbindən mülki əhalinin təxliyəsi çətinləşib. Pokrovsk istiqamətində Ukrayna bölmələri Utyos qəsəbəsinin qərbində irəliləyiblər. Ukrayna müdafiəçiləri həmçinin Pokrovsk yaxınlığındakı Novoekonomiçnoe kəndini azad ediblər. Rusiya isə Donetsk vilayətində üç şəhəri - Pokrovsk, Mirnoqrad və Dobropolye ələ keçirmək üçün əlavə qüvvələr cəmləşdirir. ISW qeyd edir ki, rus ordusu Lyman, Borovsk və Xarkov istiqamətlərində ciddi nəticə əldə etməyib, Donbasda isə logistik çətinliklərlə üzləşir. Buna baxmayaraq, Moskvanın əsas məqsədi Pokrovsk-Mirnoqrad aqlomerasiya zonasında nəzarəti ələ almaq və Dobropolyeyə doğru “dəhliz” yaratmaqdır.

Uyğun vaxtda Ukraynaya ordu göndərəcəyik - Almaniya

Almaniya Ukraynanın təhlükəsizliyinə zəmanət kimi ordu göndərilməsi ilə bağlı uyğun vaxtda qərar qəbul etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib. Onun sözlərinə görə, bu, ABŞ-ın iştirakının mahiyyəti və miqyası aydın olanda, həmçinin danışıqlar prosesinin nəticələrinə əsaslandıqda baş verəcək.