1323-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1323-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 118 370 hərbçi, 11 240 ədəd tank, 23 324 ədəd zirehli döyüş maşını, 33 519 ədəd artilleriya sistemi, 1 517 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 225 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 650 ədəd avtomobil texnikası, 67 965 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 973 xüsusi avadanlıq itirib.

Ukrayna Rusiyada hərbi zavodu vurdu

Oktyabrın 6-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində güclü partlayışlar baş verib. Sozcu.az-ın məlumatına görə, yerli mənbələr və sosial media səhifələri bildirirlər ki, hadisəyə Ukrayna dronlarının hücumu səbəb olub. Partlayışlardan sonra ərazidə yanğın qeydə alınıb. Məlumata görə, hücumun əsas hədəfi şəhərdə yerləşən Sverdlov adına zavod olub. Bu müəssisə Rusiya hərbi-sənaye kompleksinin tərkibinə daxildir və ölkənin ən iri partlayıcı maddə istehsalçılarından sayılır. Zavod həm mülki, həm də hərbi məqsədli sursat istehsal edir. Dzerjinsk sakinlərinin sözlərinə görə, ilk partlayış təxminən yerli vaxtla saat 02:50-də eşidilib. Daha sonra bir saat ərzində şəhər üzərində 25-dən 30-a qədər ardıcıl partlayış səsi gəlib. Sosial şəbəkələrdə yayılan videolarda güclü alov və tüstü buludları müşahidə olunub. Hadisə barədə ilk məlumatlar yerli teleqram kanallarında yayılıb. Rusiya tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla yanaşı, Ukraynanın bir sıra səhifələri Dzerjinskdakı Sverdlov zavoduna zərbə endirildiyini təsdiqləyiblər.

Rubio: Bu, müharibənin bitməsi demək deyil

İsraillə HƏMAS arasında aparılan danışıqlar hələlik müharibənin bitməsi demək deyil. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. "HƏMAS və İsrail arasında davam edən danışıqlar hələlik müharibənin bitməsi demək deyil və Qəzzaya rəhbərlik edəcək qrupun yaradılması müəyyən vaxt aparacaq. İsrail də daxil olmaqla hamı razılaşdı ki, nəticədə bu prosesin müəyyən bir nöqtəsində Qəzza sülh şurası kimi beynəlxalq konsorsiumun köməyi, dəstəyi və rəhbərliyi ilə HƏMAS-a bağlı olmayan, terrorçu olmayan Fələstin qrupu tərəfindən idarə olunacaq. Qəzzada HƏMAS-la bağlı olmayan idarəçilik strukturunu üç gündə yarada bilməzsiniz", - o bildirib.

Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Kareliyada Rusiyanın “Qrad” tipli kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat oktyabrın 4-də yerli vaxtla saat 04:31-də Oneqa su hövzəsində baş verib. Xüsusi təyinatlılar gəmini Baltikdən Xəzər dənizinə doğru hərəkətdə olarkən vurublar. Zərbə gəmiyə ciddi ziyan vurub. “Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. 2022-ci il dekabrın 29-da Baltik Donanmasına istismara verilib. Gəminin əsas silahı Kalibr-NK raket sistemidir.

Saakaşvili meydan oxudu: Hökuməti darmadağın edəcəyik

Gürcüstan hökumətini geri çəkilməyə məcbur edəcəyik. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. “İndiyədək cavab gözləyirdik, indi cavab və bütün qərarları biz verəcəyik. İndiyədək xoş niyyətə ümid edirdik, indi möhkəm iradə göstərəcəyik. İndiyədək gücə qarşı vuruşurduq, amma geri çəkilirdik, indi onları geri çəkilməyə məcbur edəcəyik. İndiyədək yığışıb-dağılışırdıq, indi onları darmadağın etmək üçün yığışırıq”, - sabiq prezident bildirib. Mixail Saakaşvili bundan öncə Gürcüstanda inqilabın qaçılmaz olduğunu bəyan etmişdi. Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Rusiyada təyyarə sərt eniş etdi, pilotlar öldü

Rusiyanın Krasnoyarsk diyarının cənubunda AN-2 təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot ölüb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, qəzaya uğrayan An-2 təyyarəsi 53 ildir istifadə olunurmuş.

Ukrayna ordusu Rusiyada kimya zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Perm diyarındakı Berezniki şəhərinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat yayıb. “PUA hücumu zamanı zavodun işi müvəqqəti dayandırılıb. Hücum nəticəsində yaşayış binasına da zərər dəyib. Binanın sakinləri müvəqqəti yaşayış yeri ilə təmin olunub”, - deyə Maxonin qeyd edib. Şəhərdə “Uralxim” qrupuna daxil olan “Azot” kimya zavodu yerləşir.

Nigeriyada qayıq aşdı: azı 26 nəfər boğuldu

Nigeriyada Kogi ştatında Niger çayında qayığın çevrilməsi nəticəsində azı 26 nəfər boğulub. Sozcu.az xəbər verir ki, bu barədə regional hökumət nümayəndəsi bildirib. Məlumata görə, sərnişinlər Edo ştatındakı bazaa gedərkən onların qayığı çevrilib. Xatırladaq ki, Nigeriyada bədbəxt hadisələrin sayı çayların daşdığı və axınların gücləndiyi yağış mövsümündə artır. Qayıqlar Nigeriyanın kənd yerlərində əsas nəqliyyat vasitəsi olaraq qalır.

ABŞ Putini cəzalandırır: Bu məlumatlar Ukraynaya veriləcək

ABŞ administrasiyası Ukraynaya Rusiyanın enerji infrastrukturlarına zərbələr endirmək üçün kəşfiyyat məlumatları ötürəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Məlumata görə, bu barədə qərar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən qəbul edilib. Qərar ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlar vermək imkanını nəzərdən keçirdiyi bir vaxtda verilib: “Yeni addım Ukraynaya neftayırma zavodları, boru kəmərləri, elektrik stansiyaları və digər infrastruktur obyektlərinə zərbələr endirməyi asanlaşdıracaq. Məqsəd Kremlin neft gəlirlərini kəsməkdir”. Bildirilib ki, ABŞ NATO müttəfiqlərinə də Ukraynaya oxşar dəstək göstərmələri üçün müraciət edib.

Avropanın vahid qərarı olmalıdır - Sançesdən təxribat açıqlaması

Avropa misli görünməmiş təhlükəsizlik çağırışı ilə üzləşib. Sozcu.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes deyib. Polşa, Danimarka və Baltik ölkələrindəki təxribatlardan danışan Sançes Avropanın təhlükəsizliyi məsələsində ümumi baxış və vahid qərarın vacibliyini qeyd edib.

Nobel almamaq ABŞ üçün təhqir olar – Tramp

Nobel Sülh Mükafatını almasam, bu, ABŞ üçün böyük təhqir sayılacaq. Mən mükafatı özüm üçün istəmirəm, istəyirəm ki, bu mükafatı ölkəmiz alsın. O, buna layiqdir, çünki belə bir şey heç vaxt baş verməyib. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yüzlərlə yüksək rütbəli hərbçinin qarşısında çıxışı zamanı səsləndirib. “Nobel mükafatını alacağam? Əsla. Onlar onu heç nə etməyən birinə verəcəklər”, - deyə Tramp bildirib. Nobel Sülh Mükafatının qalibi oktyabrın 10-da açıqlanacaq.

Çexiya rus diplomatların ölkəyə girişini qadağan etdi

Çexiya hökuməti rəsmi akkreditasiyası olmayan Rusiya diplomatlarının və xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün X səhifəsində məlumat verib. "Bu gün hökumət Rusiya diplomatlarının və Çexiya tərəfindən milli akkreditasiyası olmayan xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan etdi. Bu tədbir beynəlxalq hava limanlarında tətbiq olunur", - Lipavski bildirib.