Polis silahlı basqın edən cinayətkarları belə zərərsizləşdirib - VİDEO

Ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib. Xəzər TV xəbər verir ki, polis müəyyən edib ki, həmin şəxslər cinayətdən sonra şəhərin mərkəzində ''Tarqovı'' kimi tanınan ərazidə evlərdən birində gizləniblər. Ağır cinayət törətməkdə şübhəli bilinən şəxslərin yeri müəyyən edilən kimi bina mühasirəyə alınıb. Polisə tabe olmaq istəməyən həmin şəxslər odlu silahdan atəş açmağa başlayıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır. Hadisə yerinə Səbail Rayon Prorkurorluğunun əməkdaşları gəlib, meyitə baxış keçiriblər. Mənzildə iş üçün zəruri olan istintaq hərəkətləri aparılıb. Xatırladaq ki, gecə məhv edilən və saxlanan şəxs Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı basqın ediblər. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində banklardan birinin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə ölüb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

Hacı Şahinin oğlu: “Atamın ürəyindən heç vaxt şikayəti olmayıb"

“Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir”. Bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı hacı Şahinin oğlu Hüseyn Həsənli deyib. 2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlarla bağlı suala Hüseyn Həsənli belə cavab verib: “Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, problem ürəyindədir. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi, mənim üçün ölüm asandır”. O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib: “Çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbir versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə...” Qeyd edək ki, hacı Şahin Həsənli martın 2-si gecə saatlarında vəfat edib.

Xankəndi-Laçın yolundakı aksiyanın 83-cü günü...

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür davam edir. Sozcu.az xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Özünü və övladlarını binadan atan qadına qəsdən adam öldürmə ittihamı verilib

Ötən il özü və övladlarını binadan intihar məqsədilə atan qadına qəsdən adam öldürmə ittihamı verilib. Sozcu.az  xəbər verir ki, ötən il Yeni Yasamal yaşayış kompleksində 1997-ci il təvəllüdlü Aytən Abbasova, övladları Sara və Sofiya Abbasova ilə birlikdə intihar məqsədilə 5-ci mərtəbədən atıblar. Nəticədə 3 yaşlı Sara Abbasova dünyasını dəyişib, ana və digər qızı isə xəstəxanaya yerləşdirilib. İlkin olaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişində Aytən Abbasova barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Hazırda cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

“AZAL-ın biletlərinin ucuzlaşdırmasını heç vaxt görməyəcəksiniz” - Deputat

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev aviabiletlərin qiymətləri ilə bağlı bir sıra narazılıqlara münasibət bildirib.  "Mənzərə tam aydın görünsün deyə əvvəlcə aviabilet qiymətlərinin formalaşmasına təsir göstərən əsas xərc maddələrini sadalamaq istərdim. Bunlara aviayanacaq xərcləri, hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət, yığımların ödənilməsi üçün tələb olunan xərclər, aeronaviqasiya, o cümlədən digər istehsalat və inzibati-idarə xərcləri aiddir. Aviayanacaq 4 dəfəyə yaxın bahalaşıb", - deyən Rzayev bununla həm də biletlərin ucuzlaşmasıyla bağlı gözləntilərin də üstündən xətt çəkib.  AZAL-ın qiymətləri ucuzlaşdırmaq əvəzinə daha da bahalaşdıracağı proqnozunu verməsi haqlı olaraq, cəmiyyətdə narazılıqlar yaradır. Xüsusilə bilet qiymətlərinə heç bir qrupa, o cümlədən tələbələrə endirim edilməməsi haqlı narazılığa səbəb olur. Millət vəkili Aqil Abbas Cebhe.info-ya açıqlamasında bildirib ki, qiymətlər bundan sonra da ucuzlaşmayacaq, əksinə bahalaşa bilər:  "İndiyə qədər bahalaşan bir şeyin sonradan ucuzlaşdığını görmüsünüz? Mən şəxsən, 60 ildir görməmişəm. AZAL-ın biletləri ucuzlaşdırmasını görə bilməzsiniz, heç vaxt da görməyəcəksiniz. Qalxan qiymət bir daha enmir, qalxa-qalxa da gedir, azaldığını heç vaxt görməmişəm. Bilet olsun, geyim olsun, ərzaq olsun, fərq eləmir. Türkiyədə baş verən zəlzələdən sonra da oradan qayıdan vətəndaşlar üçün bilet qiymətlərində güzəştə gedilmədi. Nə qədər tələbəmiz orada qaldı. Hətta quru sərhədləri açılmalıydı, tələbələr evinə gəlməli idi. Bunların hamısı olmalı idi, olmadı. Nəyə gücümüz çatar? Heç nəyə".

Baş Prokuror: "Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var"

“Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu, təşkil olunub”. Sozcu.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb edilməlidir: “Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Danışığımız əsasında həmin vəsatət göndəriləcək və zərurət yaranarsa, bizim buradan prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları oraya (İran- Red) ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayırıq”. Baş Prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.

Bu əmlakın bələdiyyələrə verilməsi ləğv olunur

Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur. Sozcu.az xəbər verir ki, bununla bağlı “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Hazırda vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir: Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, bu halda həmin şəxslərə məxsus daşınar əmlak sosial xidmət müəssisələrinin mülkiyyətinə keçir. Bu səbəbdən qanunun 3-cü maddəsinin birinci hissəsinin beşinci abzasının ləğvi (varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak) təklif olunur. Bu müddəanın ləğvi hüquqi baxımdan bələdiyyələrin vəsiyyət üzrə əmlak əldə etmək imkanını aradan qaldırmır. Belə ki, qanunun 3-cü maddəsinin birinci hissəsinin altıncı abzası ilə “bələdiyyələrə vəsiyyət edilən əmlak” bələdiyyə əmlakının yaranması mənbələrindən biri kimi təsbit edilib.

"Biz birləşib onlara layiqli cavab verə bilərik" - Vardanyan ÇƏRƏNLƏDİ

“Biz birləşib layiqli cavab verə bilərik”.  Sozcu.az xəbər verir ki, bu barədə  Rusiyadan Qarabağa yamaq göndərilən Ruben Vardanyan Facebook səhifəsində yazıb. “Bu gün biz 35 il əvvəl Sumqayıtda öldürülən ermənilərin xatirəsini yad edirik. “Sumqayıt qırğınları” ermənilərə qarşı nifrət və dözümsüzlüyün faciəvi nəticəsi idi. Sumqayıtdan sonra 1990-cı ildə Sovet Azərbaycanında yaşayan yarım milyondan çox erməni öz yurdundan didərgin düşüb. Biz tariximizdən düzgün ibrət götürməyi bacarmalıyıq. Daha güclü olmaq, harada olsa, soydaşlarımızı qorumaq üçün hər şeyi etməliyik. Elə edək ki, onların həyatına, ləyaqətinə qəsd edən şəxs anlasın ki, biz birləşib layiqli cavab verə bilərik. Bu, belə faciəvi səhifələrin təkrarına yol verməməyin yeganə yoludur”, – deyə  Vardanyan çərənləyib. P.S. Vardanyana xatırladırıq ki, Sumqayıt təxribatını Moskva təşkil edib və ermənilər həyata keçirib. Sumqayıt hadisələri ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım idi. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf edib.KONKRET.az

Ordumuzun təlimindən yeni görüntülər

2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.

Rusiya döyüş gəmilərini Qara dənizdən çəkdi

Rusiyanın raket hücumlarının tezliyinin azalması, düşmənin ukraynalıları intensiv hücum barədə arxayın salıb, sonra isə yenidə şiddətli zərbə endirmə taktikası ola bilər. Sozcu.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib. Onun sözlərinə görə, indi Qara dənizdə bir dənə də olsun raketdaşıyıcı yoxdur, lakin bu o demək deyil ki, düşmən hücuma keçmək niyyətində deyil. O, bildirib ki, fırtınalı hava səbəbindən Rusiya gəmilərinin döyüşü çətinləşir: "Çünki biz müşahidə etdik ki, ötən sutka ərzində aviasiyanın fəaliyyəti ilə əlaqədar onlar bir reaktiv daşıyıcını, səkkiz kalibrli freqatı geri çəkiblər".

Erməni nəşrindən iddia: “Yaxın günlərdə Azərbaycan və Qarabağ nümayəndələrinin görüşü keçirilə bilər”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet yaxın vaxtlarda Azərbaycan nümayəındələri ilə Qarabağdakı separatçılar arasında görüş keçiriləcəyini yazıb.   Qəzet yazır ki, hazırda Qarabağdakı separatçılar arasında iki yanaşma var. Bu yanaşmadan biri Ruben Vardanyan tərəfdarlarıdır ki, onlar Azərbaycanla heç bir məsələnin müzakirə etməməyin tərəfdarıdırlar. Digər yanaşma isə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın təklif etdiyi Azərbaycanla danışıqlar aparmaq, xırda məsələlərdə güzəştə getmək tərəfdarlarıdır. “Harutyunyan hesab edir ki, problemlərin həlli üçün Azərbaycanla danışıqlar masasına əyləşmək lazımdır. Hətta kiçik məsələlərdə güzəştlər də etmək olar. Əsas məsələ olan “müstəqillik” mövzusunda isə hər hansı güzəşt olmamalıdır”. “Hraparak” qeyd edir ki, dünən Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən çıxarılması ilə radikal yanaşma tərəfdarları Qarabağda məğlub olublar. “Nəticədə, dialoq tərəfdarları qalib gəldilər. Bu da onu güman etməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan və Qarabağ nümayəndələr arasında görüş keçiriləcək”. Bildirək ki, ötən gün Qarabağdakı separatçıbaşı Arayik Harutyunyan çıxışı zamanı bu məsələyə dolayısı ilə toxunub. O deyib ki, danışıqlar aparan nümayəndə heyətlərinin tərkibini yalnız tərəflər həll etməlidir. “Bu isə o deməkdir ki, Azərbaycan Qarabağ nümayəndə heyətinin tərkibinin formalaşmasına müdaxilə edə bilməz”. Bu açıqlamanın özü görüşün ola biləcəyini güman etməyə əsas verir. Lakin rəsmi Bakı heç vaxt və heç bir separatçı ilə danışıqlar masası arxasında əyləşməyəcək. Bunu dəfələrlə bəyan da ediblər. Azərbaycan tərəfi bildirib ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə danışıqlar aparmağa, təmaslar qurmağa hazırdır. Lakin buraya separatçılar daxil deyil. Ona görə də, görüş mümkündür, amma həmin şəxslər separatçıların təmsilçiləri olmayacaq. Digər tərəfdən, əgər Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar apararsa, bu Bakının onları tərəf kimi tanıması deməkdir. Halbuki 30 il davam edən münaqişə dövründə, ən çətin və təzyiqlərin ən çox olduğu vaxtlarda belə Azərbaycan separatçılarla bir masa arxasında əyləşməyib. Belə olan halda, böyük üstünlüklərə malik, habelə 44 günlük müharibədən sonra çarəsiz durumda olan separatçılarla masa arxasında heç oturmaz.