Baş Prokuror: "Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var"

“Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu, təşkil olunub”. Sozcu.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb edilməlidir: “Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Danışığımız əsasında həmin vəsatət göndəriləcək və zərurət yaranarsa, bizim buradan prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları oraya (İran- Red) ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayırıq”. Baş Prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.

Bu əmlakın bələdiyyələrə verilməsi ləğv olunur

Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur. Sozcu.az xəbər verir ki, bununla bağlı “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Hazırda vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir: Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, bu halda həmin şəxslərə məxsus daşınar əmlak sosial xidmət müəssisələrinin mülkiyyətinə keçir. Bu səbəbdən qanunun 3-cü maddəsinin birinci hissəsinin beşinci abzasının ləğvi (varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak) təklif olunur. Bu müddəanın ləğvi hüquqi baxımdan bələdiyyələrin vəsiyyət üzrə əmlak əldə etmək imkanını aradan qaldırmır. Belə ki, qanunun 3-cü maddəsinin birinci hissəsinin altıncı abzası ilə “bələdiyyələrə vəsiyyət edilən əmlak” bələdiyyə əmlakının yaranması mənbələrindən biri kimi təsbit edilib.

"Biz birləşib onlara layiqli cavab verə bilərik" - Vardanyan ÇƏRƏNLƏDİ

“Biz birləşib layiqli cavab verə bilərik”.  Sozcu.az xəbər verir ki, bu barədə  Rusiyadan Qarabağa yamaq göndərilən Ruben Vardanyan Facebook səhifəsində yazıb. “Bu gün biz 35 il əvvəl Sumqayıtda öldürülən ermənilərin xatirəsini yad edirik. “Sumqayıt qırğınları” ermənilərə qarşı nifrət və dözümsüzlüyün faciəvi nəticəsi idi. Sumqayıtdan sonra 1990-cı ildə Sovet Azərbaycanında yaşayan yarım milyondan çox erməni öz yurdundan didərgin düşüb. Biz tariximizdən düzgün ibrət götürməyi bacarmalıyıq. Daha güclü olmaq, harada olsa, soydaşlarımızı qorumaq üçün hər şeyi etməliyik. Elə edək ki, onların həyatına, ləyaqətinə qəsd edən şəxs anlasın ki, biz birləşib layiqli cavab verə bilərik. Bu, belə faciəvi səhifələrin təkrarına yol verməməyin yeganə yoludur”, – deyə  Vardanyan çərənləyib. P.S. Vardanyana xatırladırıq ki, Sumqayıt təxribatını Moskva təşkil edib və ermənilər həyata keçirib. Sumqayıt hadisələri ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım idi. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf edib.KONKRET.az

Ordumuzun təlimindən yeni görüntülər

2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.

Rusiya döyüş gəmilərini Qara dənizdən çəkdi

Rusiyanın raket hücumlarının tezliyinin azalması, düşmənin ukraynalıları intensiv hücum barədə arxayın salıb, sonra isə yenidə şiddətli zərbə endirmə taktikası ola bilər. Sozcu.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib. Onun sözlərinə görə, indi Qara dənizdə bir dənə də olsun raketdaşıyıcı yoxdur, lakin bu o demək deyil ki, düşmən hücuma keçmək niyyətində deyil. O, bildirib ki, fırtınalı hava səbəbindən Rusiya gəmilərinin döyüşü çətinləşir: "Çünki biz müşahidə etdik ki, ötən sutka ərzində aviasiyanın fəaliyyəti ilə əlaqədar onlar bir reaktiv daşıyıcını, səkkiz kalibrli freqatı geri çəkiblər".

Erməni nəşrindən iddia: “Yaxın günlərdə Azərbaycan və Qarabağ nümayəndələrinin görüşü keçirilə bilər”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet yaxın vaxtlarda Azərbaycan nümayəındələri ilə Qarabağdakı separatçılar arasında görüş keçiriləcəyini yazıb.   Qəzet yazır ki, hazırda Qarabağdakı separatçılar arasında iki yanaşma var. Bu yanaşmadan biri Ruben Vardanyan tərəfdarlarıdır ki, onlar Azərbaycanla heç bir məsələnin müzakirə etməməyin tərəfdarıdırlar. Digər yanaşma isə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın təklif etdiyi Azərbaycanla danışıqlar aparmaq, xırda məsələlərdə güzəştə getmək tərəfdarlarıdır. “Harutyunyan hesab edir ki, problemlərin həlli üçün Azərbaycanla danışıqlar masasına əyləşmək lazımdır. Hətta kiçik məsələlərdə güzəştlər də etmək olar. Əsas məsələ olan “müstəqillik” mövzusunda isə hər hansı güzəşt olmamalıdır”. “Hraparak” qeyd edir ki, dünən Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən çıxarılması ilə radikal yanaşma tərəfdarları Qarabağda məğlub olublar. “Nəticədə, dialoq tərəfdarları qalib gəldilər. Bu da onu güman etməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan və Qarabağ nümayəndələr arasında görüş keçiriləcək”. Bildirək ki, ötən gün Qarabağdakı separatçıbaşı Arayik Harutyunyan çıxışı zamanı bu məsələyə dolayısı ilə toxunub. O deyib ki, danışıqlar aparan nümayəndə heyətlərinin tərkibini yalnız tərəflər həll etməlidir. “Bu isə o deməkdir ki, Azərbaycan Qarabağ nümayəndə heyətinin tərkibinin formalaşmasına müdaxilə edə bilməz”. Bu açıqlamanın özü görüşün ola biləcəyini güman etməyə əsas verir. Lakin rəsmi Bakı heç vaxt və heç bir separatçı ilə danışıqlar masası arxasında əyləşməyəcək. Bunu dəfələrlə bəyan da ediblər. Azərbaycan tərəfi bildirib ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə danışıqlar aparmağa, təmaslar qurmağa hazırdır. Lakin buraya separatçılar daxil deyil. Ona görə də, görüş mümkündür, amma həmin şəxslər separatçıların təmsilçiləri olmayacaq. Digər tərəfdən, əgər Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar apararsa, bu Bakının onları tərəf kimi tanıması deməkdir. Halbuki 30 il davam edən münaqişə dövründə, ən çətin və təzyiqlərin ən çox olduğu vaxtlarda belə Azərbaycan separatçılarla bir masa arxasında əyləşməyib. Belə olan halda, böyük üstünlüklərə malik, habelə 44 günlük müharibədən sonra çarəsiz durumda olan separatçılarla masa arxasında heç oturmaz.