Ali Radanın deputatı: "Azərbaycan xalqına ehtiramımı bildirirəm"

"Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan və ümumilikdə Krımın ilhaqından keçən 9 il ərzində ölkəmizin bütün vətəndaşları kimi azərbaycanlılar da özlərini yaxşı tərəfdən göstəriblər". Bunu  Ukrayna Ali Radasının etnik-mədəni məsələlər komitəsindən deputatı Svyatoslav Yuraş bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşı olan azərbaycanlılar ölkənin müdafiəsinə qalxıblar: "Şəxsən özüm Lisiçansk ətrafında döyüşlərdə iştirak edən azərbaycanlıları görmüşəm. Mən Ukraynanın müdafiəsi uğrunda oğullarını qurban verən Azərbaycan xalqına hörmət və ehtiramımı bildirirəm. Eyni zamanda ukraynalıların da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçməsi ilə qürur duyuram. Bakıda olarkən mənə 90-cı illərin müharibəsi və bəzi ukraynalıların ölkəni tərk etməyərək onun müdafiəsində iştirak etməsi barədə danışmışdılar. Ölkələrimizin sülh təsəvvürləri eynidir. Biz ərazi bütövlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Çox sağ olun ki, bu yolda bizimləsiniz", - o əlavə edib.

DİM növbəti imtahanla bağlı məlumat yaydı

Dövlət İmtahan Mərkəzi mayın 7-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən Sozcu.az-a verilən məlumata görə, həmin gün eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı olacaq. İmtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər. İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur: - dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); - dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq; - oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq). İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Bu il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda ümumilikdə 23 108 (Bakıda 15624, Sumqayıtda 875, Abşeronda 809, Naxçıvanda 70, Gəncədə 1530, Şəmkirdə 84, Tovuzda 168, Mingəçevirdə 215, Yevlaxda 109, Şəkidə 152, Zaqatalada 337, Balakəndə 222, Qəbələdə 193, Qaxda 194, Bərdədə 231, Göyçayda 258, Şirvanda 308, Lənkəranda 363, Qubada 243, Qusarda 498, Xaçmazda 625) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

3 ömürlük məhbusun əfvi üçün müraciət edildi

Ömürlük məhbuslar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun azad olunması ilə bağlı Əfv Komissiyasına müraciət olunub. Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. “Onlar eyni iş üzrə 27 ildir həbsdədilər. Adlarını Əfv Komissiyasına təqdim etmişik. Ümidliyik ki, azad ediləcəklər...” - Qocamanlı bildirib. Qeyd edək ki, E.Əmiraslanov, A.Kazımov və S.Poladov keçmiş OMON-un – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olublar. Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Hər üç məhkum vətənə xəyanət maddəsi ilə ittiham olunub.

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az-ın xəbərinə görə, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Mirzəzadə Aydın Azər oğlu etibarnamə əsasında idarə etdiyi "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Məmmədzadə Eldar İsmayıl oğlunu vurub. Daha sonra piyada Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Lakin o, göstəril bütün tibbi yardımlara baxmayaraq, mayın 1-də orada ölüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir: 1. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

İranın qurduğu daha bir gizli silahlı dəstə üzvünün məhkəməsi başlayır

İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən Eltun Şükürovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Vüqar Əhmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd: Eltun Şükürov ötən il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar. Xatırlatma: Daha əvvəl Haqverdiyev Tural Səfər oğlunun cinayət işi yekunlaşararaq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aİ səfiri: "Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq"

"Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq". Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko tviterdə yazıb. "Dünən Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”, - deyə o bildirib.

“Kərimə”çilər Azərbaycana təhvil veriləcək? – İran nə etmək istəyir?

Molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində saxlanılıblar. Bu barədə hökumətə yaxınlığı ilə bilinən “Azariha” xəbər saytı məlumat yayıb. Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qum şəhərində həbs ediliblər. Sozcu.az Azpolitika.info-ya istinadən xəbər verir ki, uzun müddətdir rahat şəkildə ölkəmiz əleyhinə təbliğat aparan bu şəxslərin birdən-birə həbs edilməsi İran mediasında da təəccüblə qarşılanıb. İddialara görə, İran Azərbaycanla münasibətləri normallaşdırmaq, gərginliyi azaltmaq üçün “Hüseyniyyun” qruplaşmasının liderlərini yaxın vaxtlarda Azərbaycana ekstradisiya etməyi düşünür. Qeyd edək ki, İranın dəstəklədiyi “Hüseyniyyun” son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Bu qruplaşma ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı təxribatçı mövqe sərgiləyən təşkilat kimi tanınır. Orxan Məmmədov və Tohid İbrahimbəyliyə gəlincə, hər iki şəxs barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar. Orxan Məmmədov mütəmadi şəkildə sosial şəbəkələrdə dini kəlamlarla, siyasi analizlərlə vətəndaşları dövlətə qarşı çıxmağa, ixtişaşlar yaratmağa səsləyir. Qumda dini təhsil alıb və bir neçə il öncə daimi yaşayış yeri kimi İranı seçib. Tez-tez Rusiyaya səfərlər edən O. Məmmədov Rusiyada yaşayan azərbaycanlı gənclər arasında “İslam inqilabı” ideyalarını yaymaqla məşğul olan dəstənin nümayəndələrindəndir. Tohid İbrahimbəyliyə gəlincə, o, 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq “Hüseyniyyun” terror təşkilatını yaradıb. “Youtube” sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb. Onu da qeyd edək ki, Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.

Əvəz Zeynallı məhkəmədə qulağına salfet tıxadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.  Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının bəzi hərəkətləri ilə diqqət çəkib. Belə ki, ittiham aktı elan olunan zaman “Xural Tv”nin baş redaktoru Əvəz Zeynallı qulağına salfet tıxayıb. Bundan başqa, məhkəmə zalına gec buraxıldığı üçün Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ilə hakim arasında mübahisə düşüb. Məlahət Zeynallı prosesi pozduğu üçün hakim Əli Məmmədov ondan zalı tərk etməsini istəyib. Məlahət Zeynallı buna əməl etmədiyi üçün hakim özü zalı tərk edib. Hakim bildirib ki, Məlahət Zeynallı məhkəmə zalını tərk etdikdən sonra proses davam edəcək. Nəticədə Əvəz Zeynallı yoldaşı ilə danışdıqdan sonra Məlahət Zeynallı zalı tərk edib. Proses başladıqdan sonra Əvəz Zeynallı hakimdən həyat yoldaşını zala daxil olması üçün xahiş edib. Beləliklə, Məlahət Zeynallı bir daha yerdən danışmamaq şərti ilə məhkəmə iclasına buraxılıb. /lent.az 

Nazir: “ABŞ-ın səyləri ilə Ermənistan danışıqlara qayıdıb“

“Biz sülh prosesinə inanmasaydıq, bunun təşəbbüskarı olmazdıq”. Sozcu.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan sülh istiqamətində addımlar atıb: “Biz ABŞ-a öz təşəkkürümüzü bildiririk. ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar proesinə qayıtdığını açıqlayılb. Biz bu prosesdə iştirak edəcəyik. Sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”.

Nazir müavini: "Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq"

"Türkiyədəki zəlzələdən dərs çıxarmalıyıq". Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda da zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və monitorinqlərin keçirilməsi lazımdır: "Çünki bundan heç kim və heç bir dövlət sığortalanmayıb. Türkiyədə 40 saniyəyə 50 mindən çox insan həlak oldu. Bu hadisənin dəhşətindən xəbər verir. Təkcə FHN-nin xilasediciləri 53 insanı dağıntılar altından xilas edib. Oradakı insanlar əzizlərini zəlzələnin deyil, binaların öldürdüyünü qeyd edirdi. Bu həqiqətdir. Çünki oradakı binaların 60 faizi yerlə yeksan olmuşdu".

İncenin partiyası yavaş-yavaş “incəlir”: Daha 150 istefa

Türkiyədə prezidentliyə namizəd Muharrem İncenin sədri olduğu, CHP-dən qopmuş Məmləkət Partiyasında növbəti dəfə kütləvi istefa olub. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə partiyanın Zonquldak vilayət təşkilatından 150 nəfər istefa verib. Məlumatı təsdiqləyən yerli təşkilatın sabiq sədri Mukadder Yalçın istefaların İncenin siyasətinə və deputatlığa namizəd seçiminə etiraz xarakteri daşıdığını vurğulayıb. Qeyd edək ki, bundan əvvəl partiyanın Hatay vilayət təşkilatından da 350 nəfər istefa vermişdi. Muharrem İnce 14 mayda keçiriləcək prezident seçkilərində müxalifətin səslərini böləcəyi ittihamı ilə tez-tez tənqid olunur.