İrəvanda Azərbaycan bayrağını yandıran erməni polis idarəsində

Ağır atletika üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan polisə aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni vəkil Aleksandr Koçubayev məlumat verib. Vəkilin sözlərinə görə, onun barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.(lent.az)

Göygöldə qəza olub, xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.apa

"Özləri zibili "qaynadırlar", sonra da "sakitlik yaratdıq" deyirlər"" - VİDEO

Hərbi ekspert Üzeyir Cəfərov TV Müsavat-ın canlı efirinin qonağı olub. Sozcu.az xəbər verir ki, Üzeyir Cəfərov verilişdə gündəm hadisələrini təhlil edib.  Ətraflı videoda:

Bağçalarda müşahidə kameraları quraşdırılacaq

Bu il üçün Elm və Təhsil Nazirliyinə ayrılan dövlət büdcəsi hesabına bir sıra bağçalarda müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. Onun sözlərinə görə, standartlarda müşahidə kameralarının olması ilə bağlı hər hansı müddəa yoxdur: “Lakin bağçalara ümumi nəzarət və uşaqların təhlükəsizliyi baxımından vacib amildir”.

Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb - Rəsmi

Prokurorluq məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı məlumat yayıb.  Baş Prokurorluqdan Sozcu.az-a bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.  Hazırda iş üzrə ibtidai istintaq davam edir.  Qeyd edək ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluqda təqsirli bilinərək, bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb. 

Zelenski ABŞ Senatının nümayəndə heyətini qəbul edib

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Senatının Demokrat və Respublikaçı partiyaların təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ukrayna liderinin özü məlumat verib. Onun sözlərinə görə, görüş iştirakçıları Amerika yardımının gələcək istiqamətlərini və bu prosesdə Konqresin rolunu ətraflı müzakirə ediblər. “Biz ümumi dəyərlər - azadlıq və demokratiya uğrunda mübarizə aparırıq. Qələbəmiz Avropada və bütün dünyada vəziyyətin inkişafı üçün həlledici olacaqdır. Ukraynaya səfər etdiyiniz üçün təşəkkür edirik. Bu, dövlətimizə və bütün Ukrayna xalqına dəstəyin vacib siqnalıdır”, - deyə Zelenski bildirib.

ATƏT sədrindən erməni təxribatına - Reaksiya

Ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər. Sozcu.az xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal mənə məlumat verildi. Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər", - B.Osmani deyib. Fəaliyyətdə olan sədr qeyd edib ki, ATƏT regiona sülh gətirmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır. Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu şəhid olub.

"Müdafiə Nazirliyi yayılan video ilə bağlı açıqlama yaymalıdır" - Mustafa Hacıbəyli

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoda sərhəd ərazisində azərbaycanlı hərbçilərin pikap maşını ilə orada "mühəndis işləri" aparan ermənilərin üstünə getdiyi, orada əlbəyaxa dava düşdüyü, sonradan atışma başladığı iddia olunur. Hərçənd, dünən hər iki tərəfin verdiyi itkilərin məhz həmin videoda əks olunan qarşıdurma ilə bağlı olduğu şübhə doğurur. Çünki videoda kiminsə yaralandığı, yaxud öldüyü əks olunmayıb, görüntü kəsilib. Əgər Ermənistanın iddia etdiyi kimi atışmanı Azərbaycan hərbçiləri başlayıbsa, nə üçün videonun o hissəsini paylaşmayıblar?" Sozcu.az xəbər verir ki, bunu Azərbaycan - Ermənistan sərhədində baş verən atışmaya münasibət bildirən Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli deyib.  "İkincisi, videoda görünür ki, hadisə həm sağda, həm solda Azərbaycan bayrağının dalğalandığı ərazidə baş verir. Yəni Ermənistan hərbçiləri Azərbaycan ordusunun tam nəzarəti altında olan əraziyə girərək burada "mühəndis işlərinə" başlayıblar. Təxribat elə budur. Onları bu təxribata kim cəsarətləndirib? İran? Rusiya?  Azərbaycanı təxribatı törədən tərəf kimi göstərirlər. Əgər Müdafiə Nazirliyimizi bu məsələ narahat edirsə, həmin video ilə bağlı açıqlama yayılmalıdır".

Erməni ordusu nə qədər itki verdi?

Erməni mediası Dığ kəndi istiqamətində törətdikləri təxribata cavab olaraq Azərbaycan Ordusunun zərbələri nəticəsində çoxsaylı itki verdiklərini yazır. Sozcu.az xəbər verir ki, bəzi mənbələr ölü və yaralıların onlarla olduğunu iddia edir. Bildirilir ki, yaralılardan daha biri ölüb. Ermənistan MN ölənlər və yaralılar haqda məlumatları, həmçinin onların fotolarını yaymamaq barədə erməni ictimaiyyətinə çağırış edib. Qeyd edək ki, Ermənistan MN saat 19:35-ə olan məlumata görə vəziyyətin stabilləşdiyini açıqlasa da, ermənilərin növbəti təxribata hazırlaşdığı haqda məlumat yayılıb. Ermənistan Baş naziri Nikol Paşinyanın Müdafiə Nazirliyinə getməsi də bu ehtimalları artırır.

Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir - SİYAHI

Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya şikayəti üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. Ali Məhkəmənin icraatında olan iş üzrə iclasın təxirə salınmasına səbəb eyni qərardan bir neçə gün əvvəl protest verilməsidir. Şikayət və protest eyni qərardan olduğu üçün onlara bir yerdə baxılacaq. Prosesin qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir. Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı prokuror protest, “8-ci kilometr bazarı”nın əvvəlki sahiblərindən biri olmuş Çingiz Əsədov isə maraqlı şəxs qismində şikayət verib. KONKRET.az APA-ya istinadən xəbər verir ki, prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış əmlakların 13 milyon 342 min manatlıq hissəsinin yenidən müsadirə edilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsində yeni baxışa təyin olunması istənilir. Müsadirəsi istənilən əmlaklar bunlardır: 1. Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi – Bazar dəyəri 86 min manat; 2. Xızı rayonu, Qızılqazma kəndində torpaq sahəsi – Bazar dəyəri 400 min manat; 3. Şamaxı rayonu, Nağaraxana kəndində torpaq sahəsi və üzərində tikilmiş əsas və yarımtikili – Bazar dəyəri 750 min manat; 4. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 60 min manat; 5. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 203 min manat; 6. Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi – Bazar dəyəri 59 min 500 manat; 7. Nəsimi rayonunda yerləşən 7 mərtəbəli yaşayış binası – Bazar dəyəri 4 milyon 500 min manat; 8. Nəsimi rayonunda yerləşən qarajlar – Bazar dəyəri 96 min manat; 9. Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən göllər və tikililər-Bazar dəyəri 640 min manat; 10. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən bir neçə tikili – Bazar dəyəri 4 milyon 310 min manat; 11. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsi – Bazar dəyəri 2 milyon 470 min manat. Prokuror Nizami rayonu, 8-ci kilometr bazarının 50 faizlik payı daxil olmaqla 7 əmlakın müsadirədən azad olunmasını qanuna uyğun hesab edib. Həmin əmlakların ümumi bazar dəyəri 12 milyon manat qiymətləndirilib. Bundan başqa, qərarın MTN polkovniki Səlim Məmmədovun yaxınlarına qaytarılmış əmlakın müsadirədən azad olunması hissəsinə dair ləğvi də istənilib. Nəsimi rayonunda yerləşən evin bazar dəyəri 161 min 500 manatdır. Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

Xırdalanda parkdan oturacaq və idman aləti oğurlandı

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman aləti oğurlanıb.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  Hadisə barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov müəyyən olunaraq saxlanılıb.  Faktla bağlı araşdırma aparılır. 

Fazil Mustafa yenidən əməliyyat olundu

Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Sozcu.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb. "Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!" - o bildirib. Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan 4 nəfər tutulub.