Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşən və nəticədə boğularaq ölən şəxslərlə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub. Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bir az əvvəl Yevgeni Priqojinə məxsus "Embraer Legacy" təyyarəsi qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli özünün Feysbuk səhifəsində yazıb. "Tver vilayəti ərazisində yerə çırpılaraq yanan təyyarədə 7 sərnişin və 3 ekipaj üzvü ölüb. Sərnişinlərin siyahısında Y. Priqojinin adının olduğunu yazan Şahin Cəfərli, "Vaqner"ə yaxın "Telegram" kanalı təyyarənin raketlə vurulduğunu təsdiq etdiyini də qeyd edib.
Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub. Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib. Maraqlıdır, Azərbaycanda hansı istiqamətlər zəlzələ ilə bağlı risk zonası hesab edilə bilər? Yeni zəlzələnin ehtimalı varmı? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev Azərbaycanda zəlzələlərin olmasını normal hal kimi dəyərləndirib. Ekspert risk zonası hesab edilən ərzilərin adlarını da çəkib: “Cavan dağəmələgəlmə zonalarında, Talış dağlarında zəlzələlərin olması labüddür. Azərbaycanın ərazisi başdan-ayağa zəlzələ zonasında yerləşir. Orta və aşağı ballı zəlzələlər Azərbaycan ərazisində olub, olur və olacaq. 4 baldan aşağı olan zəlzələlər seysmoloji cihazlarla qeydə alına bilər. Belə zəlzələrdə isə dağıntılar olmur, ümumiyyətlə dağıntı olmadığı halda zəlzələnin qorxusu yoxdur. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintilərə mövcud seysmoloji xəritə əsasında icazə verməlidir. Yaponiyada 9 ballıq zəlzələdə heç bir dağıntı olmur, insanlar narahatlıq keçirmir. Nə üçün 5 ballıq zəlzələdən qorxmalıyıq? Əksər hallarda keyfiyyətsiz, ucuz tikinti məhsullarından istifadə edib ev, obyekt və s. tikirlər, sonra həmin tikili başlarına uçanda zəlzələni səbəbkar çıxarırlar. Bizdəki məsuliyyətsizlik problemlər yarada bilər, zəlzələlər yox. Biz dünyanın 3 ən aktiv dağəmələgəlmə prosesi olan zonada yaşayırıq. Burada zəlzələnin olması planetin qanunauyğuluğudur. Baş verə biləcək zəlzələnin zamanı, gücü haqqında isə dəqiq, elmi fikir demək olmaz, bu, mümkün deyil”. Mütəxəssisin sözlərinə görə, tikinti qaydalarına düzgün əməl edilsə, zəlzələ qorxusu da aradan qalxmış olar: “Azərbaycanda cavan dağlıq ərazilərdə zəlzələlərin olması normaldır və gözləniləndir. Yaxşı haldır ki, son zəlzələ 5 bal gücündə olub. Bu, yerin daxilindəki gərginliyinin hissə-hissə üzə çıxma faktıdır. Böyük maqnitudalı, yüksək ballı zəlzələnin olacağı ilə bağlı qorxuya düşmək lazım deyil. Sadəcə olaraq, tikinti sənayesində 8-9 ballıq zəlzələyə davamlı tikililər ərsəyə gətirmək lazımdır, çünki Azərbaycan risk zonasındadır”.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
Tanınmış jurnalist Sevinc Vaqifqızı Azərbaycanın bərbad səhiyyəsi haqqında ürək dağlayan hadisə paylaşıb. Sozcu.az həmin yazını təqdim edir: Səhiyyə sisteminin girov saxlanılan xəstələri Atamın halı pisləşəndə Şəkidə idik. Dəhlizdən keçəndə nəfəs alarkən xırıldadığını eşitdim və otağına keçəndə dedi, "deyəsən şəkərim qalxıb". Təcili yardıma zəng etdim ki, maşın göndərsinlər, atam şəkərinin qalxmağından şübhələnir. Dedilər ki, bizdə şəkər aparatı yoxdur. "Maşın göndərsək, çox gec olacaq. Elə oradan taksi tapıb özünüz xəstəxanaya gətirin". Atamın ürəyində problem yarandığından şübhələndim. Taksinin arxa oturacağına uzatdım ki, infarkt keçiribsə, tərpənməməlidir. Şəkidə tikilən yeni klinikaya apardıq. Nəfəs darlığı var, saturasiyası 81 olub, amma növbətçi həkimlər yerindən tərpənmir. Muzeydə eksponata baxan kimi oturub xəstəyə baxırlar. "Vəziyyəti ağırdır, bəlkə bir tədbir görəsiniz" deyirəm, heç kim yerindən qalxmır. Axırda rentgenə apardılar, məlum oldu ki, aparatları işləmir. Dedilər, 20 dəqiqə sonra gəlin. Baş həkimin yanına qalxdım. O da aşağı, təcili yardıma zəng edib dedi ki, "elə eləyəcəksiniz axırda təcili yardımı bağlayacam. Xəstənin yiyəsi niyə yuxarı qalxıb mənə şikayət etməlidir? Niyə xəstəyə baxmırsınız? Orada kimin növbəsidir? (Kiminsə adı çəkilir) Həə, aydındır, deyirəm axı, hər şey onun növbəsində olur". Telefonu yerə qoyandan sonra əlini boğazına aparıb,"bura qədər yığılmışam"-deyir. Elə bil işini bilməyən əməkdaşlarını işdən çıxarmaq onun səlahiyyətlərinə aid deyil. Baş həkim dedi, "arxayın olun, düşün aşağı nə lazımdır edəcəklər". Atamı yenidən rentgen müayinəsinə apardılar. Məlum oldu ki, ikitərəfli pnevmaniyadır. Ürəyinin kardioqrammasın çıxardılar. Həkim baxıb dedi ki, "ürəyi qızılgül kimidir, heç nəyi yoxdur". Daha sonra öyrənəcəkdim ki, həkimin "qızılgül kimidir" dediyi vaxt əslində atam infarkt keçiribmiş. Atamı burada saxlaya bilməzdik, Bakıya aparmağa qərar verdik. Şəkidəki xəstəxanadan dedilər ki, bizim təcili yardım maşınlarında olan oksigen aparatı 1-2 saatlıqdır, uzun yol üçün nəzərdə tutulmayıb. Məcbur qalıb ən yaxında olan Mingəçevirdən təcili yardım maşını çağırdıq. Atamı Baku Medical Plazanın Babək filialına gətirib çıxardıq. Burada xəstənin və xəstəxananın hüquq, öhdəlikləri ilə bağlı sənədləri imzalayandan sonra üçüncü bir sənəd gəldi. Orada yazılmışdı ki, "xəstəxanamızın xidmətlərindən narazı qaldığınız halda bunu heç bir sosial şəbəkə hesabında, KİV-də paylaşmayacaqsınız". Buna etiraz edib imzalamadım. Xəstəxananın rəhbərliyindən bir şəxs gəldi və soruşdu ki, niyə həmin sənədə qol çəkməmişəm. Bildirdim ki, bu, mənim ifadə azadlığıma müdaxilədir və heç kim mənə şikayətçi olduğum halda bunu bildirməyi qadağan edə bilməz. Üstəlik də bu, Konstitusiyaya ziddir. Rəhbər şəxs razılaşmadı və bildirdi ki, bu sənədi onların hüquqşünasları tərtib edib. Mən yenə imzalamayacağımı dedim, o da işçilərinə "gereyi nedirse, yapın" deyib, getdi. Daha sonra öyrəndim ki, atamı bu sənədi imzalamadığıma görə xəstəxanadan çıxarmaq istəyirmiş, amma ağıllı adamlarından birinin məsələyə qarışmasından sonra bunu etməyib. Atam 13 gün bu xəstəxanada yatılı müalicə aldı. Ciyərinə yığılan suyun ürəyindən qaynaqlandığını dedilər. Mərkəzi Klinikada tanıdığımız kardioloqun müayinəsinə apardıq. İlk dəfə burada icbari sığorta xidmətindən istifadə edə bildik. Baku Medical Plazanın İcbari Tibbi Sığorta ilə müqaviləsi olmadığına görə heç bir güzəştdən istifadə etmək mümkün deyildi, üstəlik də xəstəxananın günlük xərcləri fantastik idi. Ürəyinin müayinəsindən sonra həkimlər ümidsiz idi. Nəzarətsiz şəkəri damarlarını tıxamışdı. Nə stend qoyulmalı, nə də açıq ürək əməliyyatına salınacaq vəziyyətdə idi. Bir ümid vardı ki, özünü toparlasın, daha sonra MRT vasitəsilə sağlam toxuma tapılsa, ürək əməliyyatına girsin. Məsləhət gördülər ki, atam Yeni Klinikada 4-5 gün yatılı müalicə alsın və daha sonra MRT edilsin. Yeni Klinikaya gedəndə anamgilə deyiblər ki, reanimasiyada yer yoxdur. Çətinliklə nəfəs alan atama da qol çəkdiriblər ki, öz xoşu ilə burada müalicə almaqdan imtina edir. Mərkəzi Klinikada çalışan həkimi məsləhət gördü ki, onun tanıdığı həkim 5 nömrəli xəstəxanada çalışır və atamı ona etibar edə bilərik. Yeni Klinika atamı yerləşdirməkdən imtina etdi deyə evə gətirdik. Buradan təcili yardımla 5 nömrəli xəstəxanaya aparılması üçün 103-ə zəng elədim. 45 dəqiqə ərzində heç kim gəlmədi. Operator deyirdi ki, bütün həkimlərimiz çağırışdadır, ona görə gözləyək. Hər dəfə zəng edəndə "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir, xahiş edirəm, nəzərə alın" deyirdim. O da "narahat olmayın, həkimlər gələn kimi göndərəcəyik" deyirdilər. Qohumlarımızdan iki nəfər "təcili yardım elə yaxınlıqdadır" deyib əraziyə getdilər. Gedib görüblər ki, otaqdan həkimlər çıxır, qapıda da 3 təcili yardım maşını var. Aydın olur ki, həkimlər çağırışda deyil, otaqlarında dincəlirmiş. Amma mən hər dəfə telefonda onlara deyirdim ki, "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir". Nəticədə təcili yardım özü gəlməkdən, qohumlarımız onları götürüb gəldi. 44 dərəcə isti və təcili yardımda havalandırma sistemi yoxdur. Qan-tər içində 5 nömrəli xəstəxanaya çatdıq. Elə ayağımızı liftə atan kimi məlum oldu ki, lifti hərəkətə gətirmək üçün açarlar ancaq həkimlərdədir və yuxarı qalxmaq üçün onlara 1 manat vermək lazımdır. Atamı reanimasiyaya yerləşdirdik və öz həkimlərinin yazdığı reseptləri, dərmanları da onlara verdik ki, bu dərmanları vaxtlı vaxtında ona versinlər. Növbəti gün anam atamı görməyə gələndə görüb ki, əyni-başı su içində, kondinsioneri söndürüblər və 44 dərəcə istidə bir neçə nəfərlik otaqda nəfəs darlığı yaşayır. Həmin gün üçün təyin olunan dərmanlarını da verməyiblər. Gəlib atamı xəstəxanadan çıxarmaq istəyəndə qarşıma bir sənəd qoydular. Öz xoşumla xəstəni xəstəxanadan çıxardığımı yazdım. Şikayətim nədəndir hissəsinə, "həkimlərdən şikayətim var" qeydini qoydum. Həkim etiraz etdi ki, əgər bu yazdığım şikayəti dəyişməsəm, xəstəni xəstəxanadan çıxara bilmərəm. Mən də dedim, dünən həkim bacımdan rüşvət istəyib, nəfəs darlığı yaşayan, ikitərəfli pnevmaniyası olan adamın əyni su içində, paltarı dəyişdirilməyib, dərmanları verilməyib, həkimlərdən niyə razı qalmalıyam? İsrar etdi ki, "şəraitdən narazıyam, həkimlərdən yox" yazım, yoxsa xəstəni buradan çıxara bilmərəm. Mən də dedim ki, xəstəni çıxarıram, kimin hünəri var, qarşıma çıxıb desin ki, çıxara bilməzsən. Atamı xəstəxanadan çıxardım və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirdik. 17 günlük mücadiləsindən sonra atamın ürəyi dayandı. Amma 5 nömrəli xəstəxananın həkimləri hələ də tanıdığımız bir həkim vasitəsilə bizə söz göndərirlər ki, "ona deyin, gəlsin şikayətini geri götürsün". 5 nömrəli xəstəxanada anamdan 20 manat istəyən həkimə o, 50 manat vermişdi. Demişdi ki, "siz bilsəniz ki, mənim yoldaşım necə gözəl insandır, qoymazsınız ona nəsə olsun". Amma dəyəri pul olan həkim üçün bu sözlər heç nəyi ifadə etmirdi.
Ukrayna Silahlı Qüvvələri (SQ) Zaporojye vilayətinin Rabotino bölgəsində irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, ordu bölmələri Rabotino istiqamətində işğaldan azad olunmuş mövqelərdə möhkəmlənirlər. Həmçinin əlavə olunub ki, Ukrayna ordusu Rabotino bölgəsinin şimal hissəsində dayaq mövqelərini qurmaqla yanaşı, qonşu Verbovoye bölgəsində də irəliləyib.
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.
Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək və dünyada Çin kimi çəkiyə malik deyil. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. AB diplomatı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarına gələrək, demək olar ki, hər şeydə, xüsusən də enerji asılılığına görə AB ölkələrinə nəzarət etmək imkanında yanılıb. "Putin özünü xilas etmək üçün xalqını və ordusunu qurban verməyə hazırlaşır, buna görə də sülh danışıqları aparmaq çətindir", - Borrell vurğulayıb. Eyni zamanda, Borrell Ukraynanın "sülh formuluna" dair Səudiyyə Ərəbistanında keçirilən son danışıqlarını müsbət qiymətləndirərək, Çinin bu danışıqlarda iştirakına diqqət çəkib: "Baxmayaraq ki, Çin heç vaxt Rusiyaya dəstəyini azaltdığını və ya onun aşkar məğlubiyyətinə töhfə verdiyini birbaşa deməyəcək. Pekin hazırkı vəziyyətdən qətiyyən razı deyil. Ən azı nüvə silahlarından istifadə məsələsində...". AB-nin Çinə qarşı siyasəti və onun yaratdığı çağırışları şərh edən Borrell bildirib ki, Pekin və Moskvanı müqayisə etmək mümkün deyil. "Birincisi, Çin Rusiya deyil. Çin əsl geosiyasi aktordur, Rusiya isə atom bombası olan yanacaqdoldurma məntəqəsi kimi iqtisadi cırtdandır”, - deyə Borrell mərhum ABŞ senatoru Con Makkeyinin sözlərindən sitat gətirib.
"Yeni tədris ilinin gəlişi ilə məktəb bazarında qiymət artımı müşahidə olunur”. Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuru deyib. Ekspert bildirib ki, ilk növbədə məktəbli ləvazimatları, dəftər, gündəlik, iş dəftəri və digər vəsaitlərin qiymətinin artması gözlənilir: "Hətta iş dəftəri ilə gündəliyin tapılmasında çətinliklər yaranacaq. Son bir neçə ildə belə olub. Bu, yolverilməz haldır. Bu gün bazarda müxtəlif nəşriyyatlar tərəfindən məktəbli ləvzimatları ilə yanaşı gündəliklər buraxılır". Elmin Nuri bildirib ki, bəzi məktəblərdə gündəlikləri nəşriyyatlardan alıb sonra onu məktəbdə şagirdlərə baha qiymətə satırlar. Ekspert vurğulayıb ki, iqtisadiyyatın özəl qanunları var, bir məhsula ehtiyac yarandığı halda avtomtik olaraq onun qiyməti qalxır: "Bu, həmişə belə olub. Bu ildə də məktəb ləvazimatlarının qiymətində müəyyən qədər artım olacaq”. Elmin Nuri qeyd edib ki, əsas məktəbli formalarının da qiymətinin qalxması müşahidə oluna bilər: "Nazirlər Kabinetinin qərarına əsasən, onlara müəyyən qiymət təyin edilir. Qısaqol köynək 15 manat, uzun qol köynək isə 25 manata satılacaq. Bəlli satış müəssisələrində də bu paltarlar satılacaq. Bunların həmin qiymətə satılacağına şübhə edirəm. Çünkü təlabat meyarı artacaq və mümkündür ki, bu istiqamətdə də qiymətlər artsın. Bütün bunların da yükü valideynin üzərinə düşür”.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. "Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir", - məlumatda qeyd olunub.