Küləkli hava sabaha qədər davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.

Azərbaycanın quru sərhədləri açılır? - Açıqlama

“Bu gün quru sərhədlərin açılması ən aktual problemlərdən biridir”.  Bu sözləri Manset.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.  Millət vəkili əlavə edib ki, bu ərəfədə quru sərhədlərin açılması gözlənilmir:  “Buna səbəb odur ki, hökumət var olan bəzi arqumentasiyalar nəticəsində COVID-19  və karantin rejimi ilə bağlı müəyyən təhlükələrin olduğunu vurğulayır. Sözsüz ki, hər bir halda bu məsələdə bir çox güzəştlər olunmalıdır. Elə insanlar var ki, quru sərhədlərin açılması onlar üçün həyati əhəmiyyət daşıyır. Burada biz Gürcüstanda yaşayan soydaşlarımızı fərqləndirə bilərik.  Əgər vətəndaş və soydaşlıq məsələsində fərqlilik olarsa, onların vəziyyəti müəyyən dərəcədə yüngülləşəcək. Çünki hazırkı şərtlərdə bu qədər məhdudiyyətin olması insanları xeyli sıxıntı ilə üzləşdirməkdədir. Biz isə bunun əksinin olması üçün çalışmalıyıq. Hazırda bu məsələ ətrafında bir çox müzakirələr aparılır. Ümid edirəm ki, xəstələrin, tələbələrin, xüsusilə də soydaşlarımızın vəziyyəti nəzərə alınacaq”. 

Dayısı 18 yaşlı gənci GÜLLƏLƏDİ

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az-a verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb. Araşdırma aparılır.

Ermənilər Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?

"Azərbaycan xalqı dünyada ən çox çörək yeyən xalqdır. Buna görə dünyada birinci yerdəyik. Həm də çörək bizim üçün müqəddəsdir. Amma bizneslə məşğul olanlar xalqın çörəyi çox yeməsindən sui-istifadə edirlər. Şikayətləri analiz etdikdə görünür ki, çörəklər ya çox qısa zamanda sıradan çıxır, ya da uzun müddət saxlayanda sıradan çıxmır. Hər iki hal istehlakçı hüququnu qoruyan təşkilatı qayğılandırır". Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son vaxtlar çörəyin keyfiyyəti ilə bağlı şikayətlərin artması haqqında danışarkən deyib. Onun sözlərinə görə, çörəyin otaq temperaturunda orta saxlanma müddəti 72 saatdan artıq deyil: "Əgər tez bir zamanda çörəkdə yapışqanlıq əmələ gəlirsə, bu o deməkdir ki, həmin sexin unu artıq kartof xəstəliyinə tutulub. Onu təmizləmək isə asan məsələ deyil. Bu cür yapışqanlı çörəklər mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Çünki orada artıq göbələklər var və insanlar bundan xəstələnə bilər. Əgər çörək uzun müddət saxlanılırsa və xarab olmursa, bu da ziyanlıdır. Çünki demək, çörək artıq kimyalaşıb. Hər iki problemi müşahidə edirik. Çörəyin quruması isə normal haldır". E.Hüseynov deyib ki, isti çörək də mədə-bağırsaq xəstəliklərinə səbəb olur: "Çox təəssüflər olsun ki, azərbaycanlılar isti çörəyə üstünlük verirlər. Bu isə mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. İsti çörək mədədə gec həll olunsa da, insanların ona tələbatı var". E.Hüseynov köhnə çörəklərin təzə bişirilən çörəklərə qarışdırılmasının isə illər öncə baş verdiyini bildirib: "Köhnə çörəklərin təzə çörəyə qarışdırılması məsələsi 10 il öncə baş verirdi. Hazırda bu məsələ demək olar ki, yoxdur. Bunun kökü kəsilib. Köhnə çörəyi digər təsərrüfatlara verirlər. Əgər istehlakçı şikayətlərini nəzərə alsaq, "Binə" çörəyindən tez-tez şikayətlər daxil olur".

Bu rayonlarda 38 dərəcə isti olub

İyunun 20-si saat 09:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, 19-u axşam yağıntılar tədricən kəsilib, 20-si gecə və səhər hava şəraiti əsasən yağmursuz keçib. Düşən yağıntının miqdarı Oğuz 11 mm, Şəki 6 mm, Xaltan 3 mm, Qrız 1 mm-dək olub. Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Ordumuzun mövqeləri atəşə tutuldu

İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. "Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.

“Sədərək” ticarət mərkəzində YANĞIN

“Sədərək” ticarət mərkəzində yanğın olub. Bu barədə Sozcu.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb. Anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycan əhalisi artıb - Qadınlar kişilərdən çoxdur

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadınlardır.

Sabah 100 mindən çox məzun üçün "Son zəng" çalınacaq

2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Sozcu.az xəbər verir ki, cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 837-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 518 560 hərbçi, 7 869 ədəd tank, 15 131 ədəd zirehli döyüş maşını, 13 593 ədəd artilleriya sistemi, 1 097 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 836 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 562 ədəd avtomobil texnikası, 10 982 ədəd PUA, 2 277 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 253 xüsusi avadanlıq itirib.

Xaricdə təhsil alan daha 55 nəfərin diplomu tanınmadı

May ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Sozcu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118, Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1, Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.