Hərbi vəzifəsi olmayan şəxslər də təlimlərə çağırılır? - AÇIQLAMA

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə hərbi vəzifəsi olmayan və hərbi xidmət keçmiş şəxslər də təlimlərə cəlb edilə bilər. Bu barədə “Trend”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”,- deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılırlar. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Ermənilər Füzulini atəşə tutdu

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Ukrayna Krıma zərbələr endirib, ölən və yaralananlar var

Ukrayna xüsusi əməliyyat qüvvələri Krım yarımadasında Rusiya Silahlı Qüvvələrinə məxsus 126-cı sahil mühafizə briqadasının obyektlərinə zərbələr endirib. Bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindən bildirilib. Qeyd edilib ki, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub. Zərbələr nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olduğu bildirilib. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib. Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov hələ iyul ayında Ukrayna ordusunun tezliklə Krımda olacağı anonsunu verib. Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov isə hələ bir müddət əvvəl verdiyi açıqlamada yarımadanın hərbi yolla azad ediləcəyini vurğulayıb. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Ərdoğan ABŞ-a səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək. Sozcu.az xəbər verir ki, səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub. Bildirilib ki, Ərdoğan Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir. Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır, ona BMT-nin 193 üzvünün hamısı daxildir. Assambleyanın əsas iclası hər ilin sentyabr-dekabr aylarında keçirilir. Bundan əlavə, Türkiyə prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Qara dənizdə bu ərazi uğrunda döyüşlər gedir

Ukrayna və Rusiya qüvvələri arasında Qara dənizdə strateji əhəmiyyətli qaz və neft platformaları olan "Boyko qüllələri" adlanan yer uğrunda döyüşlər gedir. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında bildirilib. “Krımla Odessa arasında yerləşən bu platformalar nəinki dəyərli karbohidrogen ehtiyatlarına nəzarət edir, həm də Zmeyni adası kimi bazalar, helikopter meydançaları və uzaq mənzilli raket sistemləri üçün istifadə oluna bilər”, - hesabatda qeyd olunub. Bildirilib ki, ötən həftə Rusiya döyüş təyyarələri "Boyko qüllələri" adlanan ərazidə olan Ukrayna hərbi qayığını atəşə tutub: 2022-ci ildə Rusiyanın işğalından sonra Ukrayna Rusiyanın nəzarətində olan bir neçə platformaya zərbələr endirib. Həm Rusiya, həm də Ukrayna da vaxtaşırı onları ələ keçirir”.

Mirvari Qəhrəmanlı neftçilərin həlak olmasından danışdı: “İşçi yox, işə götürən günahkardır”

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsində (NQÇİ) planlı tikinti quraşdırma işləri zamanı 2 nəfər işçinin dənizə düşərək həlak olması barədə məlumatı mənə avqustun 24-də 07:30-da vermişdilər. Bir az gec paylaşdım, xəbəri yazmağa ürəyim gəlmirdi. Axı valideynləri, ailələri bilmirdi. Bütün gün işçilərlə əlaqədə olmuşam. Podratçı şirkət Neft Qaz Çıxarma İdarəsinin Tikinti Tresti, sifarişçi isə N.Nərimanov Neft və Qazçıxarma İdarəsidir. İndiki halda məsuliyyət onların sahə üzrə məsul şəxslərinin boynundadır. Yəni ilkin halda işə götürən günahkardır. Tərəflər müqavilə əsasında hansı məsuliyyəti üzərilərinə götürüblər? Məsuliyyətin kimin üstündə olmasına baxılacaq. Fərqi yoxdur, kimin məsuliyyət daşımasından asılı olmayaraq işçi günahkar deyil. Orada çalışan işçilər heç bir məsuliyyət daşımırlar. Çünki Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına görə, işçilərə əmək fəaliyyəti zamanı şərait yaradılmalıdır”. Bu sözləri Pravda.az-a müsahibəsində hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. M.Qəhrəmanlının sözlərinə görə, hadisə ilə bağlı ona verilən məlumatda belə bildirilib: “Dedilər ki, mövcud köhnə betonlar dəyişdirilir. Bəlkə də, əvvəlcədən xəbərdarlıq olmuşdu, ya da yox. Mənə verilən məlumata görə, yeni beton plitəni qoyarkən kran qırılıb, nefçilərin üstünə düşüb. Neft Daşlarında işlədilən yük maşınlarının, avadanlıqların, nəqliyyat vasitələrinin standartlara uyğun gəlməməsi, vaxtlı-vaxtında yoxlanılmaması haqqında məsələni bir müddət əvvəl hesabata da salmışam. Kranlar da işə buraxılanda yoxlanılmalıdır. İstifadə olunanda vaxtaşırı yoxlama qaydaları var. Aydınlaşdırılmalıdır ki, həmin kran işə buraxılarkən yararlı idimi? Bilmirəm, buna fikir verəcəklər, ya yox. Mənə verilən məlumat təsdiqini taparsa, kran betonu qaldıranda qırılıb. Bu, araşdırılmalıdır. Betonmu qırılıb? Buna inanmıram. Kranın qaldırıcı hissəsi var, bu nüansa da fikir verilməlidir. Mövcud plitələr əvvəlcədən yoxlanılıbmı ki, adamlar üstündə işləyəcəklər. Çox böyük əminliklə deyirəm ki, Dövlət Əmək Müfəttişliyinə etibar etmirəm. Çünki uzun illər apardığım müşahidələrin nəticəsində aydın olub ki, işə götürən günahkar olduğu halda heç vaxt cəzalanmayıb. Əmək Məcəlləsinin icrasına nəzarəti DƏM edir. Məcəllənin 310, 311, 312, 313-cü maddələri deyir ki, işə götürən Məcəllənin şərtlərini pozubsa, cəzalandırılmalıdır”. M.Qəhrəmanlı 2015-ci il dekabrın 4-də "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciəni də xatırladıb: “Həmin hadisədə 37 nəfər öldü. Hamısını küləyin boynuna qoydular, amma deyən yoxdur ki, korrupsiya var, normal təmir olunmayıb. Bax, bu hallardan sonra “Azneft”in baş direktoru Daşqın İskəndərovu vitse-prezident qoydular. İndi də sağlığınıza müşavir işləyir. Hamısı məsuliyyət daşıyır. Dövlət Neft Şirkətində əvəllər iş yerində həlak olan işçilərin ailə üzvlərindən birini işə götürürdülər, ödənişli əsaslarla oxuyan övladı varsa, onun təhsil haqqını ödəyirdilər. Hətta elə zaman olmuşdu ki, kreditlərin də bağlanmasına kömək olunması nəzərdə tutulurdu. Bu, qanunda deyil, öhdəlikdir. Qanunən bütün ödənişləri etməlidirlər. Yeni gələn kontingentin isə hamısı iqtisadçıdır, bilmirəm, necə araşdıracaqlar. Hazırda həm Nazirlər Kabinetinin qərarı, həm də Əmək Məcəlləsinin müvafiq maddələri pozulub. İnsan ölümü baş verib. İstehsalat zədəsi aktı (İZ) tərtib edilir. Baş Prokurorluq araşdırmalıdır. 2010-cu ildən bəri neçə ölüm hadisəsi olub, onu araşdırıram. Hamısı cəzasız qalır. Görməmişəm ki, hansınınsa vəzifəsini aşağı salsınlar. Dövlət Əmək Müfəttişliyi araşdırma apararkən orada həm də Həmkarlar Təşkilatının sədri də iştirak etməlidir. HK işçi hüquqlarını pozmaqda işə götürənlə paraleldir. Bunu sübut etmişəm. Ona da etibar etmirəm”. Hüquq müdafiəçisi deyib ki, araşdırmalar ədalətli aparılsa, insan ölümündə günahkar olanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Biz addım-addım araşdırırıq. 2015-ci ildə kiçik bir məsuliyyətsizliyin, FHN-nin, SOCAR-ın hazırlıqsızlıqları ucbatından o qədər insan həlak oldu. Biz araşdırdıq. Komissiyanın sədri Rüstəm Usubov idi. Hesabatımız açıqlandı, SOCAR rəhbərliyi heç bir söz tapa bilmədi. Nə SOCAR-ın açıqlaması oldu, nə hadisə ilə əlaqədar yaradılmış Komissiyanın. Nə də Komissiyanın qərarı oldu. Bu boyda hadisə qarşısında susdular. Niyə? Bir nəfər günahkar adam tapılmadı. İndi də N.Nərimanov NÇQİ. Meyitləri balıqçılar təsadüfən tapmışdılar. Bu qədər illər ərzində baş verən hadisələri araşdırsanız, kiməsə cəza verildiyini tapmayacaqsınız. Sovet vaxtı partiyadan çıxarılma var idi. Kimisə partiyadan çıxarmaq dəhşətli bir şey idi. Həmin adamı heç yerdə işə götürmür, vəzifəyə qoymurdular. Eləsinə hətta şərti “iş” də verirdilər. Axı insan ölüb. Neft sektorunda bu qədər oğurluq, məsuliyyətsizlik yox idi. Köhnə boruları yenidən rəngləyib, təzələrini isə satıblar. Bunu bir dəfə Əmrə də qoymuşam. Həmin adam ölümə baiskar adamlardan biridir.  Nə oldu? Heç nə. Toxunulmazdırlar. Çünki hamısı qohum-əqrəbadır. Guya indi nə edəcəklər? Sahəni bilirlər ki? Hesablayacaqlar ki, beton çökəndə onlara nə qədər ziyan dəyib? Cəzasızlıq sindromu cinayətin inkişafıdır. Mən neftçiyəm, düz 28 il o platformalarda olmuşam. Biz bunlar kimi içəridə oturmurduq. Bütün qəza baş verən yerlərdə olmuşam. Sahəyə bələdəm. Bir hadisə baş verəndə ürəyim göynəyir. İstehsalatda qəza nəticəsində həlak olan insan ölmür, öldürülür! Onların öldürülməsinə bais olan adamlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Dənizdə ölən neftçilərlə bağlı cinayət işi açıldı

Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşən və nəticədə boğularaq ölən şəxslərlə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ata və qızını maşın vurdu: biri öldü

Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub. Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Priqojin öldürüldü? - Təyyarəsinin vurulduğu bildirilir

Bir az əvvəl Yevgeni Priqojinə məxsus "Embraer Legacy" təyyarəsi qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli özünün Feysbuk səhifəsində yazıb.  "Tver vilayəti ərazisində yerə çırpılaraq yanan təyyarədə 7 sərnişin və 3 ekipaj üzvü ölüb. Sərnişinlərin siyahısında Y. Priqojinin adının olduğunu yazan Şahin Cəfərli, "Vaqner"ə yaxın "Telegram" kanalı təyyarənin raketlə vurulduğunu təsdiq etdiyini də qeyd edib. 

Azərbaycanın bu əraziləri zəlzələyə həssasdır! - Açıqlama

Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub. Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib. Maraqlıdır, Azərbaycanda hansı istiqamətlər zəlzələ ilə bağlı risk zonası hesab edilə bilər? Yeni zəlzələnin ehtimalı varmı? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev Azərbaycanda zəlzələlərin olmasını normal hal kimi dəyərləndirib. Ekspert risk zonası hesab edilən ərzilərin adlarını da çəkib: “Cavan dağəmələgəlmə zonalarında, Talış dağlarında zəlzələlərin olması labüddür. Azərbaycanın ərazisi başdan-ayağa zəlzələ zonasında yerləşir. Orta və aşağı ballı zəlzələlər Azərbaycan ərazisində olub, olur və olacaq. 4 baldan aşağı olan zəlzələlər seysmoloji cihazlarla qeydə alına bilər. Belə zəlzələrdə isə dağıntılar olmur, ümumiyyətlə dağıntı olmadığı halda zəlzələnin qorxusu yoxdur. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintilərə mövcud seysmoloji xəritə əsasında icazə verməlidir. Yaponiyada 9 ballıq zəlzələdə heç bir dağıntı olmur, insanlar narahatlıq keçirmir. Nə üçün 5 ballıq zəlzələdən qorxmalıyıq? Əksər hallarda keyfiyyətsiz, ucuz tikinti məhsullarından istifadə edib ev, obyekt və s. tikirlər, sonra həmin tikili başlarına uçanda zəlzələni səbəbkar çıxarırlar. Bizdəki məsuliyyətsizlik problemlər yarada bilər, zəlzələlər yox. Biz dünyanın 3 ən aktiv dağəmələgəlmə prosesi olan zonada yaşayırıq. Burada zəlzələnin olması planetin qanunauyğuluğudur. Baş verə biləcək zəlzələnin zamanı, gücü haqqında isə dəqiq, elmi fikir demək olmaz, bu, mümkün deyil”. Mütəxəssisin sözlərinə görə, tikinti qaydalarına düzgün əməl edilsə, zəlzələ qorxusu da aradan qalxmış olar: “Azərbaycanda cavan dağlıq ərazilərdə zəlzələlərin olması normaldır və gözləniləndir. Yaxşı haldır ki, son zəlzələ 5 bal gücündə olub. Bu, yerin daxilindəki gərginliyinin hissə-hissə üzə çıxma faktıdır. Böyük maqnitudalı, yüksək ballı zəlzələnin olacağı ilə bağlı qorxuya düşmək lazım deyil. Sadəcə olaraq, tikinti sənayesində 8-9 ballıq zəlzələyə davamlı tikililər ərsəyə gətirmək lazımdır, çünki Azərbaycan risk zonasındadır”.

Novxanıda dənizdə 1 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.