“Ordumuz Cəbrayıl tərəfdən yüksəklikdə mövqe tutduğuna görə Hadrutda erməni dayana bilməz”

“Ötən gün humanitar atəşkəsdən sonra ermənilərin daha da azğınlaşmasının ağrılı nəticəsini yaşadıq. Gəncədə ermənilərin törətdikləri hərbi cinayət və terrorun qısasını rəşadətli Azərbaycan əsgəri almaqdadır. Heç şübhəsiz ki, bundan sonra da emənilərə layiqli cavablar veriləcək. Milli ordumuz döyüşdə yeni yüksəkliklər fəth etməklə, mövcud mövqelərini möhkəmlətməklə düşməni bütün cəbhələrdən sıxışdıraraq, geriyə çəkilməyə məcbur edəcək”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, namərd qonşunun Hadrutu geri almaq üçün xəyanətkar hücumları heç bir nəticə verməyib: “Əsgərlərimizin qanı və canı bahasına qazanılan torpaqlar göz bəbəyi kimi qorunub. Son günlər mənə ən çox verilən suallardan biri də Hadrutun kimin nəzarətində olması ilə bağlıdır. Xatırlayırsınızsa, yazmışdım ki, Hadrut qəsəbəsindən 9 km uzaqlıqda yaşamışam. Odur ki, oranın coğrafiyasını və relyefini yaxşı bilirəm. Hadrut Qozluçay dərəsinin başlanğıcında, vadidə yerləşir, bu qəsəbə həmin sırada olan yaşayış məntəqələrinin sonuncudur, bir sözlə ondan sonra dağa, dalana dirənirsən. Hadruta Araz çayı tərəfdən baxanda solda Cəbrayıl, eləcə də kiçik Qafqaz dağları, arxa və sağda isə Ərgünəşdir. Ərgünəşin ətəklərində Hadrutun, qarşısında da Füzuli rayonun kəndləri və mərkəzidir. Ərgünəş yaxınlığındakı dağlardan hündürdə yerləşdiyindən günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşdüyünə görə ona belə ad verilib.

Hadrutda ermənilər yoxdur, Azərbaycan qoşunlarının ora girməsi və orda qalması düzgün olmazdı. Ordumuz Hadrutda möhkəmlənməzdən əvvəl yalnız soldakı deyil, həm də arxa və sağda yerləşən yüksəkliklərə – yəni Ərgünəş dağına nəzarət etməlidir. Azərbaycan ordusu Cəbrayıl tərəfdən yüksəklikdə mövqe tutduğuna görə Hadrutda erməni dayana bilməz. Odur ki, dünən ermənilərlə ən ağır döyüş həmin cəbhədə gedib. Yeri gəlmişkən, sovet dövründə Hadrutun girişində, Füzulinin bu istiqamətdə sonuncu kəndi olan Qaradağlıda sərhəd qoşunlarının hərbi hissəsi var idi. Deyilənə görə hazırda həmin həbi hissə ermənilərin əsas silah-sursat anbarıdır. Eyni zamanda ordan İrandan qalxan təyyarələrə nəzarət etmək mümkündür. Hətta verilən məlumata görə indiyədək orda rus zabitləri xidmətdədir. Belə olan halda Hadrutun alınması həm də rusların strateji marağına toxunub. Ona görə də döyüşlərə ruslar tərəfindən muzdluların cəlb edildiyi haqqında məlumatlar da daxil olmaqdadır. Görünür ruslar, atəşkəs imzalanana qədər Azərbaycan ordusunun Hadrutu alacağını gözləmirlərmiş, ona görə də indi çalışırlar ki, atəşkəs rejimi faktiki başlayanadək Hadruta nəzarəti bərpa etsinlər. Dünən buna nail ola bilməyiblərsə, bugün dünənki mövqeləri çətin dəyişə bilərlər. Müzəffər ordumuz buna imkan verməz. Odur ki, irəli Azərbaycan əsgəri, yolun açıq olsun!”

Facebook Comments