Əbülfəz Elçibəyin gənclər qarşısında çıxışı – 4 sentyabr 1998-ci il

Hörmətli xanımlar və bəylər!
Əziz gənclər!
Xalqımızın boy artımı başqa xalqlara nisbətən yaxşıdır, yuxarıdır. Bunun müsbət cəhəti də var, mənfi cəhəti də. Bu, millətin kökünün həddən artıq güclü olduğunu göstərir. Bu bizim ruhumuzu yüksəldir ki, millət enerjilidir, bioloji, fiziki cəhətdən güclüdür, təbiət qüvvəsi kimi qüvvətlidir və inkişafdadır. Bəzən biz buna çox kiçik şey kimi baxırıq, əslində belə deyil.

Fransızlar, estonlar, gürcülər və bu kimi millətlər qorxurlar ki, onların kökü quruya, yoxa çıxa bilər. İki il əvvəl Azərbaycan xalqının illik artımı 150-160 min idi, gürcülərinki isə 17-18 min. Mənə deyəndə ki, gürcülər inkişaf edir, biz geri qalırıq, deyirdim ola bilməz, çünki bizdə hər il 150-160 min uşaq dünyaya gəlir. Bu da 6-7 ildə bir milyon artım edir. Ancaq o da var ki, bir milyon artım millətə yükdür. Hər uşağı 18-20 yaşadək tərbiyə eləmək, oxutmaq lazımdır. Buna isə çoxlu pul gərəkdir. Deməli, xalqımız ildə 150 min adamın əziyyətini çəkir, gürcü xalqı isə 18 minin.Azərbaycan xalqı 18 mini cibində saxlayar. Bu elə-belə şey deyil. Buna diqqətlə yanaşmaq lazımdır. Fransada 20-30 il bundan qabaq kitablarda yazırdılar: «Fransa haraya gedir? O, ölümə məhkumdurmu?» İzah edirdilər ki, ailə nə cürdür, dəyişmələr necə gedir. O məsələlər böyüyb dövlət məsələlərinə çevrilir və dövlət səviyyəsində müzakirə olunurdu ki, Fransa dağılır. Hətta qəzetlərində yazırdılar ki, fransız qızlarının boynunda türklərin aypara zənciri asılır, bununla bu xalq hara gedir? Getdik Gürcüstana, Gürcüstan Xalq Cəbhəsinin lideriylə söhbət etdik. Qamsaxurdia çox pis çıxış etdi orada: «Siz, 400 ildir gəlmisiniz buraya. 400 il də qonaq olar? Nə vaxt qayıdıb gedəcəksiniz buradan?» Biz dedik ki, bu səni niyə narahat edir? O bildirdi ki, biz hesablamışıq – 40 ildən sonra burada 20 faiz gürcü qalacaq, qalanları müsəlman olacaq, Siz burada olmasanız, bu torpaq mütləq bizim olacaq. Mən ona dedim ki, indiki dövrdə biz ağıllı insanlar kimi yola gedə bilirikmi? Dedi ki, hə. Soruşdum ki, nədən bilirsiniz sizin nəvələriniz, nəticələriniz yola getməyəcək? Onlar da mehriban yaşayacaqlar.

Uşaqları yaxşı böyüdüb, boya-başa, ərsəyə çatdırmaq üçün çoxlu xərc tələb olunur. Bu xərci də vətəndaşlar bəzən tapa bilmirlər, ona görə də, buna dövlət qayğısı lazımdır. Bu cür olanda xalqlar xoşbəxt olur. Çox təəssüf ki, dövlətimiz bu mühüm milli sərvətlə nəinki məşğul olmur, əksinə, onu dağıdır. Bu gün pul, var gətirəcək fəal enerjili qüvvə Azərbaycandan tamamilə uzaqlaşdırılır. O güclər ölkəni varlandırmalı, inkişaf etdirməlidir. Gənclərimizin çox böyük qismi bu gün də bir tikə çörək dalınca Sibirdə, Rusiyanın ucqarlarında gecə-gündüz çalışırlar. Onların bir hissəsi vətəndə azad yaşamaq istəyən insanlardır. Ordumuzu elə günə salıblar ki, gənclərimiz orduya getmək istəmir. Təsəvvür edin ki, Azərbaycandan 40 minə qədər əsgər fərari düşüb. Keçmiş sovet sistemində 45-50 minlik qüvvə bir ordu sayılırdı. Avropada isə bu sayı 20-30 minə endiriblər. Əgər 40 min gənc Azərbaycanda yoxdursa, deməli, Avropa ölkələrinin bir ordusundan iki dəfə çox, ya da bir rus ordusu qədər qüvvə itirmişik. Bunu deyəndə bizim millətə həqiqətən gülürlər ki, siz necə millətsiniz? 40 min nəfər fərari olarmı?

Bunun bir hissəsi yaşam dalınca gedib, qalan bir hissəsi öz ölkəsində oxuya bilmir, qala bilmir, gedib kənarda oxuyur.
Beləliklə, Azərbaycandakı 2-3 milyonluq qüvvə dağınıq formadadır.Sizin zəifliyiniz ona görə özünü göstərir ki, siz həmin o itirilmiş enrjini ala bilmirsiniz. Bunun səbəbkarı Heydər Əliyevdir. H. Əliyev bunların Hamısını bilə-bilə edib, Moskvanın birbaşa tökdüyü tədbirlərlə görüb. Moskva həmişə çalışırdı ki, bütün respublikalardan gənclər axışıb Rusiyaya getsinlər. Savadlı, ağıllı adamları seçmək, Moskvada, Peterburqda və s. yerlərdə oxutdurmaq istəyirdi. Bu, Azərbaycanda milli ziyalı yetişdirmək üçün deyildi. Qətiyyən yox! Səbəbi: gedib Rusiyada oxusunlar, rus Qızları ilə evlənsinlər və Rusiyanın içərisində dəyişmə, yeniləşmə baş versin.

Doğrudan da, bizim minlərlə gənclərimiz Rusiyanın içərisində itib-gedib. Onlar Azərbaycanla, onun mədəniyyəti ilə əlaqəni itirmiş insanlardır.
Mən demirəm ki, Rusiyada oxumaq olmaz, orada oxumaq pisdir. Yox, bu belə deyil. Hər yerdə oxumaq olar. İmkan varsa, hər yerdə savad qazanmaq lazımdır. Amma o, əritmə siyasətinə xidmət etmək olmasın.

Bu gün o məsələ öz dirçəlişini tapır, amma başqa formada. Əvvəllər gənclər başqa yerlərə gedəndə təhsil pulunu hökumət verirdi, onlar vətənə qayıdıb işləyə bilərdilər. İndi belə deyil. Gənclər dərbədər olub, qaçqındır, Rusiya çöllərindədir. Onlar artıq ruslarla ailə qurublar. Ona görə də bizim on minlərlə qızımız evdə qalıb. Bu çox ciddi sosial bəladır. Bu, millətin kökünə vurulan zərbədir. Bu, düşünülmüş siyasətin nəticəsidir.
Bu diktaturanın mahiyyətini bir daha görürsünüz və elə etməlisiniz ki, gələcəkdə ona qətiyyən yer olmasın. Bunun yeganə yolu demokratiyadır. Əgər bizim gənclərimiz bir yerə yığılıb güclü bir təşkilat yaratmasalar bunun çox qorxulu nəticəsi olar. Nəyə görə? AXCP bu gün, 35-40 min nəfərdir. Soruşuram: bunun nə qədəri gənclərdir? Məlumatınız varmı? Görürsünüzmü, gənclər təşkilatı bilmir ki, nə qədər üzvü var? Siz Cəbhənin 0,1 faizini təşkil edirsinizsə, nə təsiriniz olacaq? Olmayacaq! Və siz nəyə çevriləcəksiniz? Onda siz olacaqsınız bayraq daşıyan, şüar deyən, dəfn mərasimlərində qabaqda şəkil aparan bundan başqa nə edəcəksiniz? Mən bütövlükdə bunun əleyhinəyəm. İstəmirəm ki, Azərbaycan gəncliyini parçalayıb, hər hissəni bir partiyanın zərbə vuranına, yaxud bayraq gəzdirəninə çevirək. Əgər siz – Azərbaycanın demokratik gəncləri, bir yerdə olsanız, onda bütün partiyalar sizinlə hesablaşacaq.

Nə üçün bizim gənclərimiz hökmən nəyəsə icazə istəməlidir? Nə üçün deməlidirlər ki, «mənə də yer verin, danışım?» Siz o qədər güclü olmalısınız ki, qarşınızda kimsə dayanmasın. Amma çox təəssüf ki, gənclərimizdən çox vaxt qrup halında istifadə edirlər – kimi Əbülfəzin, kimi başqasının tərəfdarıdır. Bu cür olmaz. Ona görə də, təklif edirik ki, siz gənclər ciddi şəkildə birləşməlisiniz. Baxın, bu zalda neçə adam iştirak edir? Gərək indi burada qapılar basabasdan sındırılaydı, oturmağa yer olmayaydı.

Məsələnin mahiyyəti bunun üstündədir. Fransada 15 yaşına qədər olan uşaqların konfransı keçirilib. Böyüklər gedir, oturanda soruşurlar ki, «sizin nə işiniz var burada?» Deyiblər «gəlmişik məsləhət verməyə». Onlar isə cavab veriblər: «Sizin heç bir işiniz yoxdur burada». 15 yaşlı fransız uşağı qəbul etmir ki, böyüklər onlara məsləhət versin. Öz taleyini özü həll edir. Sonrada ultimatum verəcək ki, bizim problemimiz budur. Parlament, böyüklər hara baxır? Əlbəttə, indi Azərbaycanda demokratiyanın qurulmasında, Azərbaycan Respublikası ordusunun yaradılmasında, Bütöv Azərbaycan uğrunda mübarizədə və s.-də gənclərə böyük ehtiyac var. Bu məsələlərdə gənclərimizin fikirləri öndədir.
İnsanın qarşısında duran birinci vəzifə haqqı görməkdir. Haqqı görməyin bircə yolu var: hərə özü bu haqqa baxır və özü haqq məsələ barəsində düşünür. Sonra onu müzakirələrə çıxarır. O müzakirələrdə haqqı, gerçəkliyi tapır. Haqq müzakirələrdə tapılacaq.
Haqqa doğru gedirsinizsə, onda demokratiyadan başlamalısınız. Fikirlər bölüşdürülməlidir, qulaq asılmalıdır və haqq tapılmalıdır. Müzakirələr olmasa, hərə öz fikrində qalar və yanlışlıq yaranar.
Bü haqqı tapandan sonra onu deməlisən. Kimə deməli?- Cəmiyyətə deməlisən. Onu yaymaq, şüurlara çatdırmaq ikinci pillədir. Əgər yaymayacaqsansa, bu səndə qalacaq və onun həyata tətbiqi olmayacaq. Həyata tətbiq olunmayan elmin özü ölür. O, Orta Şərq fəlsəfəsində «Əməlsiz elm» adlandırılır.
Əməl edilməsi üçün onu insanlara çatdırmaq lazımdır.
Üçüncü hissə haqqı həyata keçirmək üçün planlar tutmaqdır.
Dördüncü mərhələdə isə onu həyata keçirmək üçün hər şeyə hazır olmalısan, geri çəkilməməlisən.
Yaxın və Orta Şərq fəlsəfəsində həmin bu sufi fikirlərin hamısı öz əksini tapıb.
«Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar…»
Kimdir bu zahid. O, haqqı bilir. Bu zahid nə edir? Bu zahid gecə-gündüz Allaha dua edir, demək, birinci hissəni bilir, buna nail olub. İkinci mərhələdə haqqı həyata keçirən vaxt qaçır. O, haqqın yarısına kimi gəlir. O yarımçıqdır. Nəsimi isə bu haqqı axıra kimi sübut edəndə dərisini soydular. Gerçəkliyi görmək budur.

Haqqı görmək, bilmək bir mərhəldir. Onun yerinə yetirilməsi üçün hər şeyə hazır olmaq msələnin yekun hissəsidir. Bu, sadəcə olaraq, bir qəhrəmanlıq deyil. Amma Nəsimi başqadır. Nəsimi elə bir nümunə göstərir ki, bu, gələcək nəsil üçün məktəb sayıla bilər. Əslində. Nəsiminin özü bunu qəhrəmanlıq yox, özünün insanlıq borcu sayırdı.
Azərbaycan gəncliyi düşüncəni özünə silah edib mübarizə aparacaqsa, qalib gələcək. Yox, etməyəcəksə, məğlub olacaq. Gedib yarı yoldan qayıdacaq. Gəncliyimiz yarıya kimi gəlib.Bunun özü də bir şərəfdir, böyüklükdür, ağıllılıqdır. Amma o biri hissə qalır.
Cəmiyyət biz azadlıqsevərlərə xəstə deyəcək. Bu, o zaman da belə idi. İndi də belədir. Amma fəxrlə deməliyik ki, «bizi sağaltmayın, belə xəstələr sağalmaq istəməz». Elə xəstələrin dərdi min dərmandan artıqdır. Yəni bizim getdiyimiz bu yol başqa yoldur. Qoy cəmiyyət bizə «xəstə» desin. Bu xəstəliyin özü min dərmandan artıqdır. Doğrudan da, Allahsevər insanları bu yoldan çəkindirsən ağrıdan, əzabdan bu insanlar ölər, çünki onların təyinatı mübarizədir.
İndi sizi məcbur edib bura gətirən nədir? Var yox, dövlət yox, pul yox, hakimiyyət yox. Niyə bura gəlmisiniz? Canınızı fəda edirsiniz? Siz ideyanızdan, məfkurənizdən ləzzət alırsınız. Hətta buna sevinirsiniz.
Keçmişdə Nəsimini və başqalarını fədakarlığa nə vadar edib? Tanrı sevgisi- o çəkib aparırdı. İndi Tanrı sevgisi çox azdır. Bizim ideyamız Tanrı sevgisinə yönəldilməyib, xalq sevgisinə yönəldilib.
Xaliqə doğru getməyin kəsə yolu xalqdan keçəcək. Böyük haqqa qovuşmağın yolu o haqqın aparıcısı olan xalqdan keçir. Siz xalqın sevgisi ilə haqqa çatacaqsınız. Bu, bizim tarixi sistemimizdə var. Məcnun birbaşa böyük ruha çata bilməz.O, Leylidən keçib getməlidir. Leylini sevərək, ona çatmalıdır. Bülbül birbaşa haqqa qovuşa bilməz. Gülü sevərək ona qovuşa bilər. Gül bu yolda bir vasitədir.
Xalq da böyük ideyalara çatmaqda, böyük haqqa qovuşmağınızda mühüm vasitədir. Odur haqqa doğru yol göstərən.
Demək, biz gerçəyi tapmışıq. Ona görə də, bu millətin sevgisi ilə böyüyüb yaşayırıq. Haqqa doğru gedib ona qovuşacağıq. Ona görə də, gənclik olaraq bu millətin keçmişini, bu gününü, sabahını və gələcəyini bilməli və sevməlisən! Əgər biləcək və sevəcəksənsə, bunun süzgəcindən keçib gedəcəksən. O zaman Quranda deyilən Ayələr öz yerini gəlib tapacaq: «Kim ki, Tanrının əmri ilə camaatı sevəcək, mən onu sevərəm. Kimi ki, camaat, xalq sevər, onu mən də sevərəm».
Biz o kəslər olmalıyıq ki, həm xalqımızı sevək, həm də xalq bizi sevsin. O zaman biz böyük haqqa gedə bilərik. Bu yolda sizə uğurlar arzülayıram! Sağ olun!

Facebook Comments