Eltac (Hekayə)

Bir vaxtlar bu meşə çiçəklər,uca ,yüksək ağaclar,qürurlu sakinlərlə dolu idi. Ora bərəkət,mehribanlıq,meşə sakinlərinin bir-birinə sərhədsiz sevgisi ilə tanınırdı. Hamı da bundan razı di. Başqaları da həsəd aparırdı buranın sakinlərinin xoşbəxtliyinə. O, meşə şahini devirib hakimiyyəti ələ alan atasinin ölümündən sonra qonşu meşənin şahi olan Qonur Ayının da razılığını alıb ,özünü şah elan edəndən sonra, hər şey dəyişdi. Ağaclar və çiçəklər saralaraq soldu,həyat sönükləşdi,sanki hər yer qaraya büründü. Elə orda yaşayan sakinlərin həyatı kimi. Yeni şah Qonur Ayıya dayı deyib,ətrafına onun razılığı tülkü və çaqqalları yiğaraq meşə əhlinə zülm edirdi. Meşənin sərvətini təkbaşına yeyirdi,əhaliyə isə sakitcə baxmaq qalırdı. Narazıları isə şaha sadiq olanlar dərin və nəmli quyulara atırdılar. Bu cəzalardan sonra onlara qarşı çıxmaq istəyənlər də, qorxularından səslərini çıxarmırdılar. Bəziləri başqa meşələrə qaçırdılar,bəzilərinin sonu intiharla bitirdi,qaça bilməyənlər sonlarını gözləyirdilər. Zülmə əyilməyən tək bir nəfər qalmışdı . O da maralların başçısı yaraşıqlı Eltac idi. Yaraşığı ona buynuzlari verirdi,lap şahlıq tacına oxşayırdı.Elə buna görə də, marallar ona Eltac adını vermişdilər. Buynuzları onu daha da qürurlu göstərirdi. Onlar böyüdükcə Eltacın sakinlər arasında hörməti artırdı. O qürurun ,azadlığın özü idi. Onun hörməti artdıqca şah gözdən düşürdü və şah bunu qarşısını almağın yolunu axtarırdı. Eltacın bu qürurlu duruşu şahı naraht edirdi,özündən çıixarırdı. Sanki Eltacın qarşısında Şah özünü kiçilmiş hiss edirdi. Zülmə dirənən yalniz maralların başçısı Eltac qalmişdi.Bir gün şah əmr verdi ki, meşədə yaşayan bütün maralların buynuzları kəsilsin. Tabe olmayanların isə başı da kəsilsin. Tülkülər və çaqqallar canfəşanlıqla işə başladılar. Onlar bunu xüsusi həzzlə yerrinə yetirirdilər,çünki özləri qürur hissindən uzaq idilər,qururluları isə sındıraraq ,özlərinə oxşadaraq rahatlayırdılar.Bir neçə gündən sonra marallar tannmaz hala düşdülər. Meşə bu buynuzsuz marallarla çox eybəcərləşdi. Çaqqallar yalnız Eltaca toxuna bilmədilər. Onun qüruru o biri marallara cəza olmuşdu. Sonda buynuzsuz və sınmış marallar öz başçılarına dedilər:”-Görürsən,buynuzsuz da yaşamaq olur. Nəyimizə lazimdır buynuzlar? Sənin buynuzlarına görə bizə zülm edirlər. Kəs onları bizim də canımız qurtarsın sənin də.”Eltac təklənmişdi,hətta başqa marallar da ondan uzaq gəzməyə başlamışdı.O əmrə tabe olmadığına görə zindana salınanda da balalarından başqa heç kim onu axtarmadı,buynuzlarına görə ona hücum olunanda da heç kim qabağa durmadi.Meşədə qaldığı son günün gecəsini isə o dərin quyuda döyülərək keçirmişdi.Qaçmaqdan başqa yolu qalmamışdı.Əgər indi də qaçmasaydı onu ölüm gözləyirdi. Həm də çaqqalların əlindən olan ölüm.O ailəsini də götürüb qaçmağa üz tutdu. Amma başqa yolu yox idi. Onlar arxalarına baxmadan qaçırdılar. Tülkü və çaqqallar onlarin izinə düşmüşdülər,sürətlə gəlirdilər.Çaqqal sürüsü az qala onlara yetişirdi. Eltac vəziyyəti belə görüb balalarını qorumaq üçün onların arxasına keçdi. Onlara çatan iri gövdəli bir çaqqalla isə kəllə – kəlləyə gəldi.Onu buynuzları ilə vurub kənara atdı. Bu çaqqal sürüsünün balalarına zərər yetirməsinə yol verə bilməzdi.Onun dərisi dünənki gecədən qapqara olmuşdu,indi isə buynuzlari qan içində idi ,artiq taqəti tükənmək üzrə idi.Son addımları zorla atırdı.Nəhayət meşənin sonuna çatmışdılar. Eltac ayağını qonşu meşənin sərhədinə qoyarkən meşənin şahi olan Aslan ilə üz-üzə gəldi və onun gözlərinin içinə baxaraq ayaq saxladı. Azadlıq ya ölüm onun bir addımlığında idi. Atacağı ilk addım onun və bala maralların taleyini həll edəcəkdi. Arxada onu çaqqal sürüsü gözləyirdi. Aslanla maral göz-gözə gəldilər. Eltacın baxışlarında təssüfqarışıq qürur və cəsarət var idi. Sanki o gözləri ilə deyirdi: ” Qoy bizi Aslan öldürsün,amma çaqqal-tülkünün əlində ölməyək”. Aslan onun sözlərini gözlərindən oxudu,diqqətlə onun və balalarının buynuzlarına baxdı.Sanki onun meşəsində belə taca bənzər marallar yox idi. Aslan baxışları ilə ona icazə verdi. Aslan qürurlu bir sakini öz ərazisinə qəbul etdi. Eltaca və onun ailəsinə əlləri çatmayan çaqqallar isə kor-peşiman geri döndülər. Əslində onlar istədiklərinə çatmişdılar. Onları yaşadığı meşə qorxaq və miskin varlıqlarla dolmuşdu. Onlara da belə rahat idi. Eltacın qürururu onları daha narahat etməyəcəkğdi.

Əbil Həsən

Facebook Comments