Yağış, dolu və sulu qar yağacaq - XƏBƏRDARLIQ

Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

II Qareginin qardaşı oğlu da saxlanıldı

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər saatlarında Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının altı din xadimini, o cümlədən yepiskop Mkrtç Proşyanı (bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu - red.) saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, Saqmosavank monastırının keşişi Paren Arakelyan da saxlanılıb. Onlar İstintaq Komitəsinə aparılıb.

Ukrayna yenə Rusiyada bu NEZ-i vurdu

Başqırdıstanda yerləşən neft emalı zavodu oktyabr ayında dördüncü dəfə Ukrayna dronlarının hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. İlkin məlumatlara görə, Ukrayna ilə sərhəddən təxminən 1400 kilometr aralıda yerləşən “Ufa” NEZ (“Başneft-UNPZ”) hücuma məruz qalıb.

Ramiz Mehdiyevdən sonra sıra onlara çatacaq

Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək. Sozcu.az xəbər verir ki, bunu Globalinfo.az-a keçmiş təhsil naziri Misir Mərdanov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib. O, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir: “Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verdiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genefonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz!” M.Mərdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər: “Hər bir halda bu, başqa məsələ ilə əlaqədardır. Hazırda istintaq işləri gedir deyə, nəsə demək olmur”. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. O, 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

Maşın beton dirəyə çırpıldı: ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb. Belə ki, Hacı Gülağa oğlu Əbilov QAZ-3110 markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı beton dirəyə vurub. Nəticədə avtomobildə olan sərnişin, 1958-ci il təvəllüdlü Tofiq Hacıbala oğlu Ağammədov hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

“Kurtlar vadisi – Vətən” filmində bir səhnə var. Təyyarə ilə Amerikadan İstanbula çevriliş üçün gələn Fətullah Gülən xalqın dirənişini görüb planlarının pozulmasından sonra geri qayıtmağı əmr edir və orda bir cümlə işlədir: “Mənim adamlarıma deyin ki, aşkarlanmamaq üçün lazım olsa, məni söysünlər, özlərini qurban kimi göstərsinlər”. FETO Türkiyədə istədiyinə nail olmadı. Öldü. Bizim ölkədə də FETO obrazı Ramiz Mehdiyev idi. Sozcu.az xəbər verir ki, bu sözləri tanınmış alim Zaur Əliyev PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsinə məhkum edilməsi barədə qeyd edib. O bildirib ki, R.Mehdiyevin “yazdığı” kitablar belə onun özünə aid deyil, yüzlərlə alimin zəhmətidir, mövqeyindən istifadə edib hamısını öz adına çap etdirib: “Adam ölkədə Rusiyanın “bəlkə də qayıtdı o günlər” ideyasını yaşadan və yayan bir nömrəli adamı idi. Sprut idi. Zəhərli, qaranlıq bir obraz yaşayıb və öz qara zəhərini hər yerə yayan Sprut. Hətta cinayətkar Hacı Məmmədovun həbsdə olan zaman çəkdiyi rəsm də R.Mehdiyevə işarə vermişdi. Rusiyanın ölkəmizdəki adamı, ölkənin İkinci adamı! Özünü ölkənin sahibi sayırdı və minlərlə insan qorxu içərisində onun adını çəkə bilmirdi. Rusiyanın içimizdə saxladığı ən böyük təhlükədən biri həbs edildi. Lakin bu Sprutun başıdır və dünən gecədən izləyirəm, ona “Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyev” deyənlər özlərini “qurban” kimi qələmə verirlər. Eynən FETO-nun tapşırığı kimi. Özlərini gizlətmək istəyirlər. Lakin indi süni intellekt və Quql əsridir və onlar öz təriflərini əsas səhifədən silsələr də, “keş” deyilən yaddaşda qalır. Yaddaşı isə nəinki internetdən, insanlardan silmək olmur. Sprutun 40 qolu və o qolların digər qolları təhlükə olaraq qalır. Rusiyanın yetişdirdiyi agentlər, xainlər, satqınlar və sənin hesabına bahalı həyat yaşayan şərəfsizlər. Ölkə Prezidenti çox ciddi addımlar atır. 1920-ci il təkrar edilməsin deyə, 28 aprel 28 Mayı əvəz etməsin deyə, Sprutun nəinki başı, bütün qol və ayaqları tamam kəsilməlidir. Hər bir cinayət bəlkə də bağışlana bilər, Dövlətə və Vətənə xəyanət yox! Təyyarəni sifariş verdin, özünə çox güvəndin, düşmənlə əlbir oldun, lakin onun enişinin də ağır nəticəsini gözləməli idin. Gecikmiş də olsa, bu xəyanətinin cavabını nəinki bu dünyada, o dünyada da verəcəksən. Növbə isə sənin qol-qanadın olanlardır ki, onlar da Azərbaycanın sağlam ayaq üstə durması üçün kəsilməlidir!”

Hamı BRİKS-i tərk edir - Tramp

BRİKS ölkələrinə tətbiq edilən gömrük rüsumları artıq öz təsirini göstərib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Dollarla bağlı çox güclü mövqeyim var, dollarla ticarət etmək istəyənlərin sayında istəməyənlərə nisbətən üstünlük var. BRİKS ölkələri “dollara hücum” siyasəti yürüdür. Dedim ki, kimsə BRİKS-də olmaq istəyirsə, bunun qəbahəti yoxdur, amma sizin ölkəyə qarşı tariflər tətbiq edəcəyik, hamı ordan getdi (BRİKS-dən - red.). Hamı BRİKS-i tərk edir”, - o bildirib.

Məşhur general işdən azad edildi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifədən azad olunub. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb. İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib. 2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Xırdalanda 20 yaşlı gənc öldürüldü - Yenilənib

08:35 Abşeronda qətl hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb. 2005-ci il təvəllüdlü Elmir Axundov 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. F.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb. *** Abşeronda xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Abşeron rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

1330-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1330-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 126 220 hərbçi, 11 259 ədəd tank, 23 347 ədəd zirehli döyüş maşını, 33 671 ədəd artilleriya sistemi, 1 520 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 227 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 64 329 ədəd avtomobil texnikası, 70 021 ədəd PUA, 3 859 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 977 xüsusi avadanlıq itirib.

Mehdiyevi ağır cəza gözləyir - İki dəfə ömürlük...

Xəbər verdiyimiz kimi, AMEA-nın sabiq prezidenti, PA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Axar.az xəbər verir ki, R.Mehdiyev ittiham olunduğu maddələrlə təqsirli bilinərsə, iki dəfə ömürlük cəza ala bilər. Belə ki, o, CM-in 274, 278.1 və 193-1.2.3-cü maddələri ilə ittiham olunur. Maddə 278.1 — Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər; Cəza: on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 274 — Dövlətə xəyanət Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə; Cəza: əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 193-1.3.2 — Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (xeyli miqdarda) Cəza: Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.axar.az)

Britaniya Rusiyanın itkilərini açıqladı - Şok rəqəm

Rusiya Ukraynada müharibə başlayandan bəri təqribən 1 milyon 118 min, o cümlədən bu il 332 min hərbçi itirib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir. Statistikaya görə, Rusiya qüvvələrinin qeydə alınmış itkisi 2025-ci ilin martından avqust ayına qədər azalıb, lakin oktyabr ayında davamlı olaraq artaraq gündəlik 1000 nəfəri (oktyabrın 5-dən 12-nə kimi) ötüb. Eyni zamanda, sentyabr ayında düşmənin orta gündəlik itkiləri 2024-cü ilin aprelindən bəri ən aşağı səviyyədə olub.

Bakı metrosunda izdiham: Saatlardır kart işləmir

Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur. Bu barədə Axar.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. "Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub. Qeyd edək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.

Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun birləşdirilərək yenidən təşkil edilməsi nəzərdə tutulur. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Agentlikdən müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Nəticədə, sözügedən qurumların bu ilin sonunadək birləşdirilməsi gözlənilir. Qeyd edək ki, qanunvericiliyə əsasən, Agentliyin tərkibinə daxil olan qurumların yenidən təşkili və ləğv edilməsini Azərbaycan Prezidenti həyata keçirir. Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə 2023-cü ilin noyabr ayında ADSEA-nın yeni strukturu təsdiq edilib. Bununla da qurumun tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.

Tovuzda qatar piyadanı vuraraq öldürdü

Tovuz rayonunda qatarın vurduğu piyada hadisə yerində ölüb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində baş verib. Ölən şəxsin kişi olduğu bildirilir. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Ramiz Mehdiyev cinayət məsuliyyətinə CƏLB EDİLDİ

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev 1995-2019-cu illərdə  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. (Mənbə: qafqazinfo)

Mirzoyan Zəngəzur dəhlizindən danışdı: “Dünən Bayramovla müzakirə etdik”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp yolu”na (TRIPP) hazırlığı şərh edib. Sozcu.az xəbər verir ki, İrəvanda ATƏT-in sədri Elina Valtonenlə birgə mətbuat konfransında nazir xatırladıb ki, TRIPP dəmir yolunun Ermənistanın cənubundan keçəcək hissəsidir. Nazir bildirib ki, ötən gün Şarm əl-Şeyxdə o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla əlaqələrin nizamlanması üçün bütün mümkün həll yollarını, o cümlədən infrastrukturun blokdan çıxarılması məsələsini müzakirə etmək imkanı əldə edib. Mirzoyan bir daha qeyd edib ki, blokun açılması bir sıra prinsiplər əsasında aparılacaq: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, dövlətlərin yurisdiksiyası və qarşılıqlılıq. Onun sözlərinə görə, bu prinsiplər bütün kommunikasiyalara, o cümlədən “Tramp yolu”na aiddir. Hazırda Amerika tərəfi ilə TRIPP üzrə texniki həllər müzakirə olunur. Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək və onun saxlanmasına cavabdehlik ortaq erməni-amerikan şirkəti olacaq. "İndiyədək dərc edilənlər razılaşdırılıb. Qalanları dəqiqləşdiriləcək, bütün tərəflər razılaşdırılacaq və məlumat veriləcək", - Mirzoyan bildirib.

İranın 52 həbsxanasında aclıq aksiyası keçirilir

Bu gün, oktyabrın 14-ü səhər saatlarından başlayaraq İranın 52 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər. Aclıq aksiyası 90-cı dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

Rusiyada güneyli rejissor Cəfər Pənahinin “Sadə bir təsadüf” filminin elan edilmiş tarixdə nümayişi ləğv olunub. Kult.az xəbər verir ki, bu haqda filmin Rusiya distribütor şirkəti məlumat yayıb. Nümayişin ləğvinə Rusiya Mədəniyyət Nazirliyinin icazə verməməsi səbəb olub. Oktyabrın 30-dan Rusiya kinoteatrlarında nümayişi planlaşdırılan filmə qoyulan qadağanən səbəbi açıqlanmayıb. Qeyd edək ki, “Sadə bir təsadüf” filmi İran hökumətini tənqid edən kinorejissor, sonuncu Kann Film Festivalında “Ən yaxşı film” nominasiyasında “Qızıl Palma” mükafatını qazanan Cəfər Pənahinin son işidir. Film rəsmi icazə olmadan və hicabsız qadın aktyorların iştirakı ilə İranda çəkilib və İran hökuməti onu qadağan olunmuş əsərlər siyahısına salıb.

Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək

Əgər Rusiya NATO ölkəsinə hücuma cəhd etsə, Alyans qüvvələri onun Kalininqrad və Sevastopoldakı hərbi obyektlərini dərhal məhv edəcək. Ona görə də Rusiya ilə NATO arasında toqquşma Ukraynadakı müharibədən köklü surətdə fərqlənir. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces deyib. Onun özlərinə görə, Rusiyanın genişmiqyaslı işğalı zamanı Alyansın hazırlıqları zəif olmasaydı, Ukraynada vəziyyət daha yaxşı ola bilərdi: “Əgər Rusiya 2025-ci ildə Ukraynaya hücum etdiyi kimi Polşaya da hücum etsəydi, o, NATO Hərbi Hava Qüvvələri və Quru Qoşunları tərəfindən məhv ediləcəkdi. Kalininqrad ilk saatlarda məhv olardı. Rusiyanın bütün obyektləri, eləcə də Sevastopoldakı hərbi obyektləri də darmadağın edilərdi”.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında oktybarın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 19-24, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.

61 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

Naftalan şəhərində 61 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Tərtər rayon sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Hidayət oğlu Ağalarov yaşadığı Naftalan şəhərindəki evin pilləkənindən yıxılaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1329-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1329-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 125 150 hərbçi, 11 256 ədəd tank, 23 345 ədəd zirehli döyüş maşını, 33 628 ədəd artilleriya sistemi, 1 520 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 225 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 64 188 ədəd avtomobil texnikası, 69 632 ədəd PUA, 3 859 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 977 xüsusi avadanlıq itirib.

Müharibəyə girsək, elə qalib gələcəyik ki... - Tramp

Mənim xarakterim müharibələrin qarşısını almağa yönəlib və görünür, bu, işləyir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Knessetdə çıxışında deyib. “Amma əgər biz müharibəyə girsək, elə bir şəkildə qalib gələcəyik ki, heç kim belə qələbə görməyib”, - Tramp bildirib.