SSRİ bayragı qaldıran onkoloqun şikayəti rədd edildi

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bəzi şəxslərin videogörüntüləri yayılıb. DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. Noyabrın 26-da Nizami Rayon Məhkəməsində Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə Abdulla İbrahimli və İbrahim Əsədli barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, tanınmış həkim-onkoloq olan İbrahim Əsədli qərarla razılaşmayıb. Belə ki, o, qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Əsədli barəsində seçilən həbs-qətimkan dəyişdirilməyib. Qeyd edək ki, İbrahim Əsədli və onunla birlikdə saxlanılan şəxslər Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub: “Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.

DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimli üçün nəzərdə tutulmuş sovqat qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə AXCP-nin məlumatında bildirilib. Vəkili Aqil Layicin sözlərinə görə, Əli Kərimliyə kimlərin sovqat aparacağı əvvəlcədən DTX-ya bildirilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir

"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və həmişəlik sülhün təmin olunmasına imkan yaradacaq”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.

Pokrovskun şimalına nəzarət edirik - Sırski

Ukrayna qüvvələri Pokrovskun şimal hissəsini nəzarətdə saxlamağa davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. “Pokrovsk və Mirnoqrad bölgəsində düşmənin hücum piyada qrupları toplamaq və bu yaşayış məntəqələri ətrafında irəliləmək cəhdləri fəal şəkildə əngəllənir. Şəhərlərin özündə də əsgərlərimiz müəyyən əraziləri ələ keçirməyə davam edirlər”, - o bildirib. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Pokrovsk şəhərinin tamamilə ələ keçirildiyini məruzə etmişdi.

Laçın və Kəlbəcərdə yanğın: 2 helikopter cəlb olundu

Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub. Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.

ABŞ Ukraynaya görə Yunanıstana təzyiq edir

ABŞ Yunanıstana Ukrayna üçün Amerika silahlarının alınması layihəsinə qoşulması üçün təzyiq göstərir. Sozcu.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb. “NATO Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində ABŞ-ın Afinadakı səfirliyinin nümayəndələri Vaşinqtonun Yunanıstanın PURL təşəbbüsünə qoşulması ilə bağlı istəyini çatdırıblar. Amerikalı diplomatlar Yunanıstana Ukrayna ilə bağlı prinsipial mövqeyinə görə minnətdarlıqlarını bildirib və eyni zamanda Afinanın sözügedən təşkilatda iştirakını elan etməsində israr ediblər”, - məlumatda deyilib.

Hikmət Hacıyev Qriqoryanla görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə foruma qatılacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb. Məlumata görə, hər iki rəsmi "Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirələrində iştirak edəcək.

Beşmərtəbəli binada yanğın oldu

Bakının Binəqədi rayonunda yanğın olub. Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mingəçevirdə 63 yaşlı qadın faciəvi şəkildə öldü

Mingəçevirdə qadın dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 3-ü saat 13 radələrində baş verib. Belə ki, Mingəçevir şəhər sakini Əntiqə İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Mərhumun 63 yaşı olub.

Fəhlələri daşıyan mikroavtobus kanala aşdı: 12 nəfər...

09:30 Yevlax şəhərindən Şəmkirdəki istixanalardan birində işləyən fəhlələri aparan mikroavtobus Keçili kəndi ərazisində idarəetmədən çıxaraq su kanalına aşıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Yevlax rayonundan Şəmkirə fəhlələri aparan və Keçili kəndi ərazisində su kanalına aşan mikroavtobusda 12 nəfər xəsarət alıb. Həmin şəxslərin adlarını təqdim edirik: Musayeva Aygün Rövşən qızı (1984) Hüseynova Aygül Həsən qızı (1958) Hüseynova Laləzar Göygöz qızı (1965) Məmmədova Afət Eyyub qızı (1962) Məmmədova Natella Müzəffər qızı (1966) Cəfərova Məlahət Cəfər qızı (1965) Səlimov Elman Rasim oğlu (1994) Musayeva Nuriyyə Köçəri qızı (1986) Musayeva Bəsti Köçəri qızı (1956) Əhmədova Gülnar Ramiz qızı (1987) Babayeva Mahirə Bayram qızı (1970). Bundan başqa, Samirə adlı qadının da xəsarət aldığı bildirilir. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir. Məlumat üçün bildirək ki, "Mersedes" markalı mikroavtobusun qəzaya uğraması hadisəsi Kür-Narınqala avtomobil yolunda qeydə alınıb. Sözügedən ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüatlarına aparan avtomobil yoludur. İlkin ehtimala görə, hadisə sürücünün dönmə əməliyyatı yerinə yetirdiyi vaxt baş verib. *** Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır. Bu barədə TƏBİB-dən bildirilib. Qurumdan bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Yekaterinburqda saxlanılan azərbaycanlı HƏBS EDİLDİ

Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələrin saxladığı azərbaycanlı Vidadi Mustafayevi həbs edib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Vidadi Mustafayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Vidadi Mustafayev ona böhtan atıldığını bildirib. O, torpaq satışında fırıldaqçılıqda şübhəli bilinir.

Yağıntılı hava neçə gün davam edəcək? – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilən əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib.  Qurum bildirir ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. "Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər", - Baş Prokurorluqdan qeyd olunub. 

Biləsuvarda küçələrin işıqlandırma sisteminin təmiri işlərinə yarım milyondan çox vəsait sərf ediləcək – İşi 10 manatlıq şirkət görəcək

Biləsuvar şəhərinin küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinə (büdcə və büdcədənkənar vəsaiti hesabına) 510 632 AZN xərclənəcək. Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Euroservise” MMC görəcək. Biləsuvar Rayon İcra Hakimiyyəti və şirkət arasında müqavilə imzalanıb. MMC-nin nizamnamə kapitalı 10 AZN-dir.

Gəncədə ər arvadını döyüb xəstəxanalıq etdi

Gəncədə qadın döyülüb. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Pərvanə İsmayılova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQAL

Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 92A ünvanında yerləşən yaşayış binasında onlarla ailənin mülkiyyət, təhlükəsizlik və digər hüquqları ciddi şəkildə pozulub. Bunu sakinlər Modern.az-a göndərdikləri məktubda bildiriblər. Sakinlərin iddiasına görə, bina əvvəl MTK tərəfindən, daha sonra isə “Yasamal-71” MMMC tərəfindən şəffaflıqdan uzaq, hüquqi əsası olmayan, müqaviləsiz ödəniş və borc tələbləri ilə idarə olunub. Ən narahatedici məqam isə odur ki, sakinlər yalnız idarəedici qurumlarla deyil, bəzi məhkəmələrin bu məsələlərə yanaşması ilə də çətin vəziyyətə salınır. Sakinlərin sözlərinə görə, onların nə əvvəlki ASP MTK ilə, nə özünü komendant adlandıran Etibar İbrahimov ilə, nə də “Yasamal-71” MMMC ilə hər hansı yazılı və ya şifahi müqaviləsi olub. “Heç bir öhdəlik götürülməyib, heç bir smeta, müqavilə, xidmət əsaslandırması təqdim edilməyib. Buna baxmayaraq, bəzi sakinlərdən 4-5 il əvvəlin borcu tələb olunur. Hüquqşünasların fikrincə, bu, Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə, Konstitusiyanın 60-cı maddəsinə və xüsusən də Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarına ziddir. Konstitusiya Məhkəməsi həmin qərarda açıq şəkildə bildirir: Vətəndaşla idarəedici qurum arasında öhdəlik yalnız qanuna uyğun bağlanmış müqavilə olduqda yarana bilər. Deməli, müqavilə yoxdursa, borc da ola bilməz”, - sakinlər qeyd ediblər. Sakinlərin ən çox narazı qaldığı məqam “Yasamal-71” MMMC-nin yaranma prosesi ilə bağlıdır. İddialara görə, MMMC-nin yaradılmasında qərar səs çoxluğu, cəmi 4 nəfər qaraj sahibinin adlarına yazılan təxminən 650 səslə təmin edilib. "Bu isə çox ciddi suallar yaradır: bu 4 şəxs 650 qarajı necə əldə edib? Bu qədər səs hüququ hansı əsasla təsdiqlənib? Necə olur ki, qaraj sahibləri mənzil sahiblərinin ödənişlərini müəyyən edir? Əgər kommunal haqqı onlar müəyyən edirsə, bəs özləri bu binaya görə nə qədər ödəyiblər?”, - sakinlər sual ediblər. Sakinlər “Bizim yerimizə qərar verənlər mənzil sahibi deyil. Bu ədalət deyil”, - əlavə ediblər Onlar binanın 3 mərtəbəli zirzəmisində onlarla anbar, avtoyuma məntəqəsi, təmir sexləri, mənşəyi və təhlükəsizlik statusu bilinməyən avadanlıqlar, hətta yanıcı və partlayıcı maddələr ola biləcəyi ehtimal edilən materiallar saxlanıldığını bildirirlər. “Ən narahatedici məsələ bu obyektlərə kim nəzarət edir, bilinmir, FHN, bələdiyyə və digər orqanların sistemli yoxlama apardığına dair heç bir məlumat yoxdur. Təhlükəsizlik qaydalarının pozulması ehtimalı ilə bağlı müraciətlər cavabsız qalır. Bu isə sadəcə hüquqi problem deyil, birbaşa insan həyatı üçün təhlükə deməkdir”. Sakinlərin ən ciddi narazılığı məhz məhkəmə mərhələsində ortaya çıxır. Hazırda təkcə Yasamal Rayon Məhkəməsində 30-dan çox iş “Yasamal-71” MMMC-nin iddiası əsasında baxılır. Bu işlərin böyük qismi iki hakimə düşür: Aydan Oruclu və Aytəkin Əsədzadə. Sakinlərin dediyinə görə, hakim Aydan Oruclu və Aytəkin Əsədzadə eyni mahiyyətli işlərdə tam fərqli qərarlar verir, bəzi işlərlə bağlı sübut tələb edir, bəzilərində isə heç bir əsas olmadan icraata qəbul edir, digər hakimlərin rədd etdiyi işləri tələsik şəkildə qəbul edir, vəsatətlər təmin edilmir, iddiaçıdan əsas sübutlar tələb olunmur. Sakinlər bunu belə adlandırır: “Bu məhkəmədə qərarı qanun yox, kimin icraatına düşməyimiz müəyyən edir”. Artıq onlarla sakin eyni vaxtda Apelyasiya Məhkəməsinə müraciət hazırlayır. Çünki onların sözlərinə görə, Yasamal məhkəməsində səs eşidilmir, vəsatətlər təmin edilmir, sübutlar tələb olunmur, iddialar tələsik qəbul edilir. “Biz ədaləti Yasamal məhkəməsində deyil, daha yuxarı instansiyalarda axtaracağıq”, - onlar deyiblər. Bildiriblər ki, Yasamal məhkəməsində şirkətin maraqlarına toxunan şikayətlərə baxılmır, sakinlərin yüzlərlə müraciəti cavabsız qalır, məhkəmə qərarları isə çox vaxt şirkətin mövqeyi ilə üst-üstə düşür. Sakinlərin gözləntisi sadədir: qanun işləsin, Konstitusiya və Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunsun, məhkəmələr həqiqəti araşdırsın, müqaviləsiz borc yaratma praktikasına son qoyulsun, insanların səsi eşidilsin. Və ən böyük sual hələ də açıqdır: Bu özbaşınalığa kim və nə vaxt “dayan” deyəcək?

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci, 5.2.15-ci, 5.2.17-ci, 6.3-cü, 8.2.2-ci, 8.8-ci maddələrində, 8.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 10.2-ci maddəsində, 12.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 12.4-cü, 13.2-ci, 16.1-ci, 16.2-ci, 16.4-cü (hər iki halda) və 18.1-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 12.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 18.1-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. həmin Qanunun 8.8-ci maddəsində “orqan (qurum)” dedikdə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminin (bundan sonra – Sistem) sahibinin və operatorunun müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, Sistemin əsasnaməsinin, həmçinin Sistemin formalaşdırılması, aparılması və istifadəsi qaydalarının müəyyən edilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Qanunun 16.4-cü maddəsində ikinci halda nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.5. həmin Qanunun 1.1.5-ci, 5.2.15-ci, 8.2.2-ci və 13.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.6. həmin Qanunun 5.2.17-ci maddəsində və 8.9-cu maddəsinin ikinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Hökumət İnformasiya Sisteminin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” altsistemi nəzərdə tutulur; 1.7. həmin Qanunun 8.9-cu maddəsinin birinci cümləsində və 16.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 1.8. həmin Qanunun 12.3-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində “orqan (qurum)” dedikdə “ASAN xidmət” mərkəzlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, kiçik və orta biznes evlərinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.9. həmin Qanunun 12.4-cü, 16.1-ci, 16.2-ci və 18.1-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur. 2. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.8-ci maddəsinə uyğun olaraq, Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. aşağıdakılar barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: 3.1.1. altı ay müddətində: 3.1.1.1. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi; 3.1.1.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması; 3.1.1.3. dövlət orqanı olan xidmət təminatçıları tərəfindən dövlət orqanlarına və digər büdcə təşkilatlarına göstərilən dövlət xidmətlərinin ödənişsiz əsaslarla təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə aparılmış təhlil nəticələri və beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə tənzimləmənin təkmilləşdirilməsi; 3.1.2. iki ay müddətində həmin Qanunun 6.3-cü və 10.2-ci maddələrində nəzərdə tutulmuş “orqan (qurum)”; 3.2. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 3.2.1. həmin Qanunun 1.1.5-ci maddəsinə uyğun olaraq, dövlət xidmətinin reqlamentinin nümunəvi formasını; 3.2.2. həmin Qanunun 5.2.15-ci və 8.2.2-ci maddələrinə uyğun olaraq, dövlət xidmətləri barədə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısını; 3.2.3. həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminin əsasnaməsini; 3.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Ukraynanın arxasında oyunlar oynanmasın! - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ərazi məsələləri və dondurulmuş Rusiya aktivlərinin istifadəsi müharibəyə son qoymaq üçün ən çətin addımlardır. Sozcu.az-ın məlumatına görə, Zelenski Telegram-da yazıb: “Müharibəyə son qoymaq üçün asan həllər olmayacaq. Nə baş verdiyini başa düşürük. Kiminlə məşğul olduğumuzu bilirik. Problem qərar qəbul etməyin çətinliyində deyil. Mən onları qəbul etməyə qadirəm. Hər şeyin ədalətli və açıq olması vacibdir. Ukraynanın arxasında oyunlar oynanmasın. Ukraynasız gələcəyimizlə bağlı heç bir qərar qəbul edilməsin. Ən həssas məsələlər və ən mürəkkəb məsələlər ərazilər və dondurulmuş aktivlərlə bağlıdır”. “Biz ABŞ və Avropadan, eləcə də bəzi digər liderlərdən güclü təhlükəsizlik zəmanətlərinə ümid edirik. Bu, “könüllülər koalisiyasının” mövzularından biridir. Biz bunun üzərində işləyirik. Düşünürəm ki, bu üç mövzu ən həssas və vacib mövzulardır. Komandalarımız onların üzərində işləməyə davam edəcək”, - deyə Ukrayna lideri əlavə edib. Dünən Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında "sülh planı" müzakirə olunub. Təxminən beş saat davam edən görüş nəticəsiz başa çatıb.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dekabrın 4-də gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 65-75% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

ABŞ-ın briqada generalı Azərbaycana gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. ABŞ-ın Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə Vətən uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər xiyabanını ziyarət edib.

İmran Xan ölməyib – Bacısından açıqlama

Pakistan hökuməti hazırda həbsdə olan keçmiş baş nazir İmran Xanın bacısına onunla görüşmək icazəsi verib. Sozcu.az xəbər verir ki, bu barədə “Geo Nyus” məlumat yayıb. Məlumata görə, İmran Xanla görüşən bacısı Uzma Xan qardaşı barədə yayılan ölüm xəbərlərini də təkzib edib: “İmran Xanla bağlı hər şey qaydasındadır, səhhəti normaldır. Amma onu təkadamlıq kamerada saxlayır və psixoloji işgəncələrə məruz qoyurlar”. Qeyd edək ki, Pakistanın keçmiş baş naziri İmran Xanın ölməsi ilə bağlı məlumat yayılmışdı.

"Kamaz" 87 yaşlı kişini həyətində vurub öldürdü

Qusar rayonunda "Kamaz" 87 yaşlı kişini vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Qusar rayonunun Urva kəndində baş verib. Gəray Tariquliyev idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayevi vurub. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.