Aprel ayında rusiyanın paytaxtı Moskva şəhərində daha bir gənc şairəmiz, Həvva Nazimin Azərbaycan Yazarlar Birliyinin Moskva bölməsinin məsul katibi, şairə Afaq Şıxlı tərəfindən rus dilinə tərcümə olunmuş "ömür keçir" adlı kitabının təqdimat mərasimi keçirildi. Xoşbəxtlikdən mənə də bu tədbirdə iştirak etmək qismət oldu. İncə duyğularla dolu dünyasını poetik düşüncəli insanlarla paylaşan hər iki şairənin birgə ərsəyə gətirdiyi kitabın işığına yığılanlar bədii qiraətləri ilə tədbirə bir ayrı rəng qatmışdılar. Mənim də payıma düşən məhz bu rəngli aləmi oxucu dünyasıyla paylaşmaq oldu.
Hər bir millətin mənəvi dünyası onun ədəbiyyatıyla ölçülür. Bu üzdən qürbətdə, azərbaycan yazarlarının ədəbi fikirlərinə çıraq tutan, onların yazılarını bir dildən başqa dilə çevirərək ayrı-ayrı millətlərə tanıdan şairəmiz, Afaq xanıma minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu çətin və məsuliyyətli əməyindən doğan ədəbiyyat incilərinin sayı daha da artıb çoxalsın.
Tədbirə dəvətli olsam da H.Nazim yaradıcılığı haqda heç bir tanışlığım yox idi. Ortaq dostlar vasitəsiylə kitabın elektron variantını əldə etdim və ilk andan kitaba tutuldum.
Həvvanın İncə və həssas notlar üzərində şaxələnən poetik fikirlərindən doğan "Böyüdüm" adlı şeirində Azərbaycan uşaq ədəbiyyatının ən dərin kökləri yaşayır. "Daha nağıllara inanmıram mən" deyən şairə, bu şeirdə acı reallığı əks etdirməklə yanaşı, ruhən öz zəngin ədəbiyyatımızın müdrik və mübariz Həvvasıyla amansızlığı qamçılayır. Eyni zamanda uşaq ədəbiyyatından bəhrələnən məsum Həvvasının bu günün acı reallığına olan küskünlüyünü əks etdirir.
Qorxuram, "ağ qoça" minmərəm daha,
Kəndirlə quyuya enmərəm daha.
Qızıl almalarla dönmərəm daha,
Böyüdüm, nağıla inanmıram mən!
Sehirli xalçanın sehri qaldımı?
Bayquşlar şahları başa saldımı?
Adamlar nağıldan bir dərs aldımı?
Böyüdüm, nağıla inanmıram mən!
Şeirdə o qədər dərin məna var ki, həmin mənada şirin anıları olmadan böyüyən insanların uşaqlığını yaşamadan böyüdüyünü görürük...Diktatorluğu qaranlıq quyudakı divlər olaraq göstərən şairə, içdən-içə o divlərin qaranlığından insanlığı, mərhəməti, şəfqəti çəkib çıxara biləcək Məlikməmmədin kəndirlə qaranlığı yaracağını xəyal edir. Axı bizim ruhumuzun qidası olan xalq nağıllarının sonunda xeyir hər zaman şərə qalib gəlir. Günümüzdəki acı reallığı poetik rənglərlə bir neçə bəndlik şeirdə əks etdirən şairəmiz xeyirxahlığını ruhuna çıraq edir. Onun üsyanı şərlədir. Axı həyat axar çay kimidir, şair gözündə. O çayın axınını dəyişmək üçün qarşısını kəsən və ya çevrəsinə dəyən kirli əllər də var, nə yazıq ki...Həvva xanımın mübarizliyi o kirli əlləri kəsəcək Məlikməmməd arzuladığı kimi, həmin Məlikməmmədlərin qıtlığından olan küskünlüyü də ümidinin üstünə kölgə salır. Məsumca küsür...
Fəqət hər birimizin içində incə bir yaşam səbəbidir uşaqlıq yaddaşımızın bir köşəsində adı keçən sehirli Simurq quşu. O bütün qaranlıqların, ümidimizin ən parlaq nəşəsidir. Canım Həvvam, istəsək də istəməsək də bizə ərmağan edilən bu həyatı yaşamaq kimi bir məsuliyyətimiz var. O qədər çətin bir dövr yaşayırıq ki, bu da bir zaman ələyidir bəlkə. Bizlər uşaqlıq yaddaşımızın incə simlərinə köklənmiş insanlarıq. Buna görə də son zamanların bayağılaşmış zövqlər qurbanı olan insanlığın acısı içimizi inlədir. Fəqət unutmayaq ki, hər birimizin yaranma səbəbi səbəb olduqlarımızın vasitəsilə yazılır əməl dəftərinə. İnsanlıq vəzifəmizin, var oluşumuzun ən vacib ən ümdə vəzifəsi əməli salehlikdir. Bunun açarı kainatda var olan hər şeyə qarşı həssas yanaşmaq və duyğusal davranmaqdır. Nə xoşbəxt insanlarıq ki, həsassiyət və duyğusallıq kimi bir poeziya burulğanındayıq. Mən sənə və bütün qələm dostlarımla bu burulğanda böyük coşqu və təlatüm dolu yaradıcılıq uğurları arzuluyarım.
H.Nazim yaradıcılığında mən elimizin, obamızın, dadı-duzu danağımızda qalan qədim adət-ənənələrimizin və nənələrimizin əlinin zəhmətindən yaranan nemətlərimizin bədii bir ahəngini gördüm. Onun Kəlağayı, Darıxdım, Dağlar və s. başlıqlı şeirlərini xüsusi olaraq vurğulamaq istəyirəm.
Və sonda Damlacıq!
"Çiliklənmiş arzuları toplamağı bitir artıq, sevgisi həyatından ağır olan qız! Çünki sən onları topladıqca damla-d amla qanayırsan, gilə- gilə əriyirsən, yavaş- yavaş bitirsən..."
Əslində həyat dediyimiz şey bir damlanın içində deyilmi?
Həvvanın yaradıcılığıyla o qədər yaxından tanışlığım olmasa da təkcə damlacıq adlı şeiri özünü axtarışlı yolun içində olduğunu, eyni yolda yürüdüyümüzü göstərdi mənə.
Bütöv bir həyatı dərk etmənin yoludur bir damlanın hikməti. Həvva xanıma bu yolda uğurlar diləyiylə.
Reyhana Aslan