“Müəllimlərin əmək haqqından vergi tutulmamalıdır”.
Sozcu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
“Müəllimlərin əmək haqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir”, - K.Əsədov bildirib.
Onun sözlərinə görə, müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir.
“Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir.
Bir çox inkişaf etmiş ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı, sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir”.
K.Əsədovun sözlərinə görə, vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar.
“Vergi yükünün azaldılması müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlər üçün də təhsildə qalmaq üçün cəlbedici bir mühit yaradar.
Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verər. Beləliklə, peşəkarlıq artır, müxtəlif kurslar və təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar”.
Ekspert deyib ki, müəllimlərin əmək haqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər.
“Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir”.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı sonuncu dəfə 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Hazırda müəllimlərin aldığı maaşdan müxtəlif vergilər tutulur.
Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur.
Bundan başqa, müəllimlər iİşsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə 2% ödəniş də edirlər.
Beləliklə, müəllimlərin əmək haqqından aşağıdakı vergilər tutulur:
Gəlir vergisi – 14%;
Sosial sığorta – 3%;
Həmkarlar ittifaqı – 2%;
İşsizlikdən sığorta – 0,5%;
İcbari tibbi sığorta haqqı - 2%.
Bunları ümumilikdə hesabladıqda maaşdan 21,5 % tutulmalar olur.modern)