Məktəblərdə telefondan istifadə qadağan edildi

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağan edilib. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilir ki, xüsusi hallar istisna olmaqla ümumtəhsil müəddisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar, planşetlər və digər qurğuların istifadəsi tövsiyə edilmir. "Xüsusi hallarda isə dərsin mövzusundan və fənn müəlliminin tələbindən asılı olaraq, tədris olunan mövzunun daha yaxşı mənimsənilməsi, interaktiv metodların tətbiqi üçün ağıllı elektron cihazlardan istifadə edilə bilər. Ötən tədris ilindən etibarən ölkə üzrə 300-dən çox ümumtəhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir. Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusi ilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil", - agentlikdən qeyd edilib. Agentlikdən əlavə edilib ki, artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur: "Lakin bu zaman ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır".

AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı açıqlama

Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”larının ölkədə olduğunu təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Report-a qurumun mətbuat xidmətindən məlumat verilib. "Braziliyadan Qazaxıstana gətirilən “qara qutu”ların deşifrə edilmiş məlumatları araşdırma komissiyasının mütəxəssisləri tərəfindən də öyrənilir", - nazirlikdən bildirilib. Əlavə edilib ki, bütün materialların və faktların ətraflı öyrənilməsindən sonra komissiya araşdırmanın gedişi barədə ilkin hesabat dərc edəcək. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Dəm qazından ölümlər niyə artıb? - Ekspert

Əgər bir otağın 4.5% həcmi qədər tüstü yığılarsa, orada zəhərlənmə ehtimalı yaranır. Bu sözləri Axar.az-a açıqlamasında kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov dəm qazından zəhərlənmə halları ilə bağlı danışarkən bildirib. Ekspert qeyd edib ki, dəm qazı bütün karbohidrogen maddələrin - neft, ağac, kömür, daş kömür və s. natamam yanmasından əmələ gələn tüstünün tərkibində olur: “Dəm qazı zəhər istehsal etdiyi üçün hər zaman təhlükəlidir. Ona görə də dəm qazı olan otağı tez-tez havalandırmaq vacibdir. Qazı açıq qoyub yatmaq da çox təhlükəlidir, ancaq insanlar buna məhəl qoymur. Küləkli havalarda tüstünün borulardan geri qayıtma ehtimalı olduğu üçün xüsusilə diqqətli olmaq lazımdır. Əlavə olaraq qeyd edim ki, təhlükəsizlik baxımından vacib olmasına baxmayaraq, Bakıda tüstü bacaları 40 ildir ki, təmizlənmir. Tüstü bacalarının içində yığıntı və ya çökmə yarana, hətta quşlar yuva qura bilər. Buna da xüsusi diqqət etmək lazımdır. Həmçinin, Azəriqaz İB bu məsələyə nəzarət etməlidir. Bundan əlavə, qazdan istifadə edən şəxslər də məlumatsız olduğu halda qaz sobasını düzəltməyə çalışıb, təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Mütləq şəkildə maarifləndirmə aparılmalıdır. Məsələn, tüstü bacalarının öz ölçüsü var və istəyə uyğun hazırlana bilməz. Həmçinin, tüstü bacası damdan 30 sm hündür və üst hissəsində papaq olmalıdır ki, təhlükə yaratmasın. Təəssüf ki, ehtiyatsız davranan insanlar qaz sızmasına və ya partlayışa səbəb olmaqla təkcə özünə yox, ailə üzvlərinə, qonşularına, məhlədə yerləşən digər evlərə, hətta yoldan keçən şəxslərə belə zərər verə bilirlər”.

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yanvarın 16-ı axşam, 17-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Samux, Şəmkir, Tovuz, Ağstafa, Mingəçevir, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qazi anası Prezidentə MÜRACİƏT ETDİ - Övladımın tapdanmış hüquqlarının bərpası üçün mənə...

Azərbaycan Respublikasının Prezidenti Zati ailələri İlham Əliyev Cənablarına Füzuli rayonu, Gecəgözlü kənd sakini  Hüseynova Gülşən Rafael qızı  (AZE 1234567, FİN-kod, mobil tel: (051 - 418 - 21 - 26) tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, mən Füzuli rayonu Gecəgözlü kənd sakini Hüseynova Gülşən Rafael qızı, 27.07.2001-ci il tarixdə anadan olmuş 44 günlük Vətən Müharibəsi iştirakçısı qazi Həsənli Cəsarət Elçin oğlunun anasıyam.  Övladım Cəsarət Həsənli 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Goranboy-Tərtər N saylı hərbi  hissələrdə qulluq etmişdir. 10.10.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə atılmış düşmən mərmisindən ağır güllə (qəlpə) yarası almışdır. Travmalardan ilkin tibbi yardım Naftalan şəhərində göstərildikdən sora Yevlax mərkəzi xəstəxanasında sağ budun orta 3/1-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayyət olunan,dəlib keçən odlu silah yarası kimi 1-ci dəfə 10.10.2020-ci il tarixdə və 2-ci dəfə  14.10.2020-ci il il tarixlərdə,  Q.A.İlizarov üsulu ilə cərrahi əməliyyat olmuşdur.  Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 №li qərarı ilə təsdiq olunmuş xəstəliklər cədvəlinin 86-cı maddəsinin ikinci qrafasına əsasən hərbi xidməti yararsız hesab edilmişdir. Vətən Müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən övladım ”Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Ttibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının 29 noyabr 2021-ci il tarixli rəyi ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsinə səbəb olmuşdur.  Övladım dəfələrlə tibbi sosial ekspertizadan keçməsinə baxmayaraq, müvafiq orqanlara, Şirvan Rayon İnzibati Məhkəməsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq müraciətimiz cavabsız qalmışdır və məsələ hələ də öz həllini tapmır.  Cənab Prezident! Dəfələrlə Sizə, Birinci xanım, Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Füzuli rayonu deputatı Vüqar Bayramlıya, kənd icra nümayəndəliyinə yazdığınız məktublar heç bir nəticə verməmişdir. Cənab Prezident! Bir ana kimi sizdən çox-çox xahiş edirəm ki, övladımın gələcəyi üçün mənə köməklik göstərəsiniz.  Heç yerdə işləmirəm, övladımın səhhətindən dolayı sağlamlıq haqqında sənəd ala bilmədiyimdən heç yerdə işə götürülmür. Sizə müraciət edərək aidiyyatı qurumlara lazımi tapşırıqlarınızı verməyinizi, şikayətimə qanunauyğun baxılması, övladımın tapdanmış hüquqlarının bərpası üçün mənə köməklik göstərməyinizi və əllilik dərəcəsinin verilməsini xahiş edirəm.

Hava soyudu: Bakıya bu həftə qar yağacaq?

Bakıda son günlər müşahidə olunan dəyişkən, buludlu hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, şəhərdə temperatur mövsümə uyğun olaraq aşağı düşsə də, meteoroloqlar yaxın günlərdə qar yağışının gözlənilmədiyini bildirirlər. Əvəzində buludlu hava və arabir yağışlı günlər proqnozlaşdırılır. Hazırkı hava şəraiti yanvar ayının tipik xüsusiyyətlərini əks etdirir. Sinoptiklərin məlumatına görə, bu günlərdə havanın temperaturu gündüz saatlarında 6-8°C arasında dəyişəcək, gecələr isə 2-5°C səviyyəsində olacaq. Bakıya xas güclü küləklər də xüsusilə səhər saatlarında təsirini göstərməyə davam edəcək. Proqnozlara əsasən, önümüzdəki günlərdə aşağıdakı hava şəraiti müşahidə ediləcək: Yanvarın 16-sı: Gün ərzində çiskinli yağış, əsasən buludlu hava şəraiti olacaq. Yanvarın 17-si: Səhər saatlarında qısamüddətli yağış gözlənilir, günorta isə buludlu hava üstünlük təşkil edəcək. Yanvarın 18-i: Günəşli və açıq hava ilə başlasa da, axşama doğru buludlanma müşahidə olunacaq. Yanvarın 19-u: Buludlu və küləkli hava şəraiti ilə müşayiət ediləcək. Sinoptiklər xüsusi olaraq xəbərdarlıq edirlər ki, havanın qeyri-sabit keçməsi nəticəsində yol şəraitində müəyyən çətinliklər yarana bilər. Nəqliyyat iştirakçılarına diqqətli olmaları və havaya uyğun geyinmələri tövsiyə edilir. Qeyd edək ki, Bakıda qar yağıntısı nadir hallarda müşahidə olunur və belə hava şəraitinin yaranması üçün temperaturun daha da aşağı düşməsi tələb olunur. Buna baxmayaraq, şəhər sakinləri soyuq və küləkli havaya hazır olmalıdırlar.

Bakıda gənc oğlan özünü 17-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi olub. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu Məhəmməd Hadi küçəsində baş verib. 25 yaşlı Murad İbrahim oğlu Kərbalıyev 17 mərtəbəli binanın 17-ci mərtəbəsinin eyvanından özünü atıb. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.

Göygöldə 8-ci sinif şagirdini bıçaqlayan yeniyetmə SAXLANILDI

Göygöl rayonunda 8-ci sinif şagirdinə xəsarət yetirən yeniyetmə tutulub. Sozcu.az xəbər verir ki, məlumata görə, hadisə zamanı 2010-cu il təvəllüdlü İ. Hüseynov bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Məhərrəmov saxlanılıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Tərtərdə yanan ev şəhid ailəsinə məxsus imiş

Tərtər rayonunun Qaradağlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, "unikal" yanan evin Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun ailəsinə məxsus olduğunu bildirib. Abbasov Vəli Tapdıq oğlu 1992-ci il aprelin 11-də  Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

MN məlumat yaydı: Bu ərazidə partlayış səsi eşidə bilərsiniz!

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir

Gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək istiqamətində birgə iş aparmaq üçün ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib.

Hazırda Ermənistanla nüvə danışıqları aparırıq - Blinken

Hazırda biz (Ermənistanla) dinc nüvə təhlükəsizliyi və nüvə enerjisi sahəsində danışıqlar aparırıq. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanma mərasimində deyib.

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam yanvarın 14-də istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Onun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatırdı. Qeyd edək ki, ötən gün Livan Prezidenti Cozef Aun Nəvaf Salamı ölkənin Baş naziri təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb. Salam parlamentin 128 üzvündən 85-nin dəstəyini qazanıb.

KİMİYƏM

Əlini əlimdən üzüb gedəndən, Anasından ayrı uşaq kimiyəm. Gözündən quruyan bulaq yerində Suya həsrət qalan dodaq kimiyəm. Fərqi yox,yansanda lap Kərəm kimi, Qorumaq çətindir eşqin ilkini. Sən mənim qəlbimin daim sakini. Mən sənin qəlbində qonaq kimiyəm. Elşadam,halım yox danışam,dinəm. Ürəyi həsrətdən qırılan mənəm. Çətin o əvvəlki vaxtıma dönəm. Vədəsiz saralan yarpaq kimiyəm. Elşad Kərəmoğlu

Hansı metrostansiyalar yerin üstündə olacaq?

Paytaxtda yaxın gələcəkdə 10 yeni metrostansiyanın inşası nəzərdə tutulur. Həmin stansiyalar Bakının müxtəlif istiqamətlərində inşa ediləcək. Hazırda quruluş və struktur baxımından stansiyaların demək olar ki, hamısı (“Bakmil” və Xocəsən” istisna olmaqla) yerin altında yerləşir və qatarların hərəkəti də məhz yeraltı hərəkət formasındadır. Sozcu.az xəbər verir ki, dünyanın bir çox ölkələrində metro stansiyalarının böyük qismi yerin üstündə yerləşir. Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov bildirib ki, metro yerin səthi ilə hərəkət etdikdə çox zaman bəzi maneələr yaradır: “Hər bir şəhərin özünəməxsus xüsusi relyefi var və planlaşdırma zamanı qazıntılardan asılı olaraq, müəyyən dərinlik məsafəsi meydana gəlir. Dərinlikdən asılı olaraq, metrolarda qatarların hərəkət sürəti bir balaca məhdudlaşır. Əgər relyef imkan verirsə, stansiyanın yer üstündə olması mümkündürsə, bunu edirlər. Dünyada elə şəhərlər var ki, relyeflərə uyğun olaraq, bəzi stansiyalar yerin üzərindədir. Tiflisdə, Moskvada belə metrostansiyalar var. Ancaq Azərbaycanda relyef buna imkan vermir. Həm də metro yerin üstündən keçəndə müəyyən kommunikasiyalara maneçilik törədir”. Ekspertin fikrincə, gələcəkdə bəzi metrostansiyalar yerin üstündə inşa edilə bilər: “Bakmil” və “Xocəsən”də metronun üzdən getməsinin səbəbi isə hər iki stansiyada deponun olması ilə bağlıdır. Depolarda vaqonların təmiri və yerləşməsi üçün yerlər olur. Azərbaycanda bir neçə yerdə yeni depo-stansiyaların inşası nəzərdə tutulub. Ola bilsin ki, həmin stansiyalara doğru metro yerin üstü ilə hərəkət etsin. Amma tikintisi nəzərdə tutulan digər stansiyalar xəttin davamı olduğu üçün yerin altı ilə hərəkət edəcək. Gələcəkdə şəbəkənin daha da genişləməsini nəzərə aldıqda təbii ki, hansısa stansiyalar yerüstü inşa edilə bilər. Bu həmin ərazilərin geoloji müayinəsindən və Bakı şəhərinin baş planından asılıdır”.

Bakıda DƏHŞƏT: sevgilisini maşınla birlikdə dərəyə yuvarladı

Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfovun cinayət işinin detalları məlum olub. 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu, 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın münasibətlərindən şübhələnib. O, bu məqsədlə Günay Ələkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirir. M.Nəcəfov sevgilisindən tələb edib ki, o, Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib. Mustafa ötən ilin iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli "Cherry Arrizo 7" markalı avtomobildə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib. Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlir. Bu məqsədlə G.Əkbərovaya məxus həmin avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürərkən əmisi oğlu Səbuhi Nəcəfova səsli və adi mesajlar ataraq Günayı öldürəcəyini bildirib. S.Nəcəfov isə Mustafaya zəng edərək səbrli olmasını və olduğu yerdə onu gözləməsini tələb edib. Bu zaman G.Əkbərovanı da Mustafadan onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş edib. Lakin bütün bunlara əhəmiyyət verməyən Mustafa əksinə, avtomobilin qapılarını markaz-kilid vasitəsi ilə bloklamaqla Günayı köməksiz vəziyyətdə saxlayıb. Daha sonra avtomobili ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yoldan çıxaraq 200 metr hündürlükdə olan dərədən aşağı sürüb. Avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində köməksiz vəziyyətdə qalan Günay Ələkbərovanı öldürüb. Mustafa Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. /lent.az

Estetik cərrahlar üçün şok qadağa tətbiq edildi

Plastik cərrahların efirlərdə çıxışlarına qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com-un əldə etdiyi məlumatda deyilir. Xatırladaq ki, səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Gəmilər “dolu qayıdır” – Kreml yeni çətinliklə üz-üzə

Kreml Ukraynaya qarşı işğalçı müharibənin nəticələrini yalnız “ərazi qazancı” kimi hesablayıb, ancaq qərar verərkən hansı çətinliklərlə üzləşəcəklərini nəzərə almayıb. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisinə raket və dron zərbələrinin həcmi artıb: “Bunu 3 il əvvəl müharibə qərarı verən Kreml proqnozlaşdırmayıb. Rusiya hakimiyyəti müharibə nəticəsində əsas ixrac məhsullarının satışında ciddi çətinliklərlə üzləşə biləcəyini də ehtimal etməyib. Halbuki Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Qərb ölkələrinə neft və qaz sata bilmir. Moskva vəziyyətdən çıxış yolu kimi enerji resurslarınını əsas hissəsini Çinə və Hindistana satmağa başlamışdı. Ancaq son zamanlar Rusiya üçün bu iki istiqamətdə də vəziyyət mürəkkəbləşib. Ötən ilin noyabr ayında Rusiyanın Hindistana satdığı neftin həcmi 55 faiz azalıb. “Röyters” agentliyinin məlumatına görə, Hindistan Rusiyadan gündəlik neft alışını 1.52 milyon barrel azaldıb. Bununla Hindistan Rusiya neftinin əsas alıcısı statusunu itirib. Dehli neftin alışını şaxələndirməyə çalışır və ərəb ölkələrindən aldığı neftin həcmini artırıb. Hindistanın Baş naziri Narendra Modi bir müddət əvvəl Cənubi Amerika ölkəsi olan Qayanaya səfər edərək, bu ölkə ilə enerji əməkdaşlığını artıracağını bildirib. Hindistan şirkətləri Qayanaya yatırımları artıraraq bu ölkədən daha çox neft nəql etməyi planlaşdırırlar. Qayanada neft istehsalıyla məşğul olan əsas şirkət “Exxon Mobil”dir. Bu şirkət razılaşarsa, Qayana Hindistana neft ixracını artıracaq”. Politoloq vurğulayıb ki, Hindistandan sonra Çin də Rusiyadan alınan neftin həcmini azaldıb: “Çin limanları Rusiyanın neft daşıyan 3 tankerini qəbul etməkdən imtina ediblər. Məsələ burasındadır ki, həmin tankerlər ABŞ-ın yeni sanksiya siyahısına daxil edilib. Həmin tankerlərdəki nefti qəbul edən neft emalı zavodları və limanları da avtomatik sanksiya altına düşəcəklər. Çin şirkətləri ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. “Blumberq” agentliyinin məlumatına görə, tankerlərin hər birində 700-800 ton barrel xam neft olub. Tankerlər geri qayıdıblar. ABŞ Rusiyanın sıxılmış qazını daşıyan tankerləri də hədəf alıb. “Qazprom”a aid olan sıxılımış qaz daşıyan tanker İspaniya sahillərinə yaxınlaşa bilməyib. Ümumilikdə ABŞ-ın sanksiya siyahısına müxtəlif dövlətlərin bayraqları altında neft və sıxılmış qaz daşıyan 183 tanker əlavə edilib. Beləliklə, Moskvanın iki ticarət tərəfdaşı olan Çin və Hindistan Rusiyadan neft və qaz alışında diqqətli olmağa başlayıblar. Çin və Hindistanın emal zavodları nefti Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika ölkələrindən almağa üstünlük verəcəklər. Bu isə neftin qiymətlərinə təsirsiz ötüşməyəcək. Neftin daşınma qiymətləri artacaq”.

İran ən zəif durumdadır, böyük fürsət yaranıb - Sallivan

İran hazırda 1979-cu ildən bəri ən zəif durumdadır. Sozcu.az xəbər verir ki, bu sözləri Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib. "İran hazırda 1979-cu ildən bəri ən zəif vəziyyətdədir. Suriyada da Əsəd rejimi süqut etdi. İndi Amerikanın yeni administrasiyası üçün böyük fürsət yaranıb", - deyə o bildirib.

Məktəbli qız qızdırmadan öldü

Ağcabədi rayonunda məktəbli qız yaşadığı evdə vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Ağabəyli kənd sakini 2015-ci il təvəllüdlü A.Novruzova dünən saat 06 radələrində yaşadığı evdə ölüb. Onun pnevmoniyanın yaratdığı yüksək qızdırmadan dünyasını dəyişdiyi bildirilir.

Akkreditasiyadan keçən müşahidəçilərin sayı...

Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68 min 869 nəfər akkreditasiyadan keçib. Sozcu.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.

Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq?

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi 3-4 aya tam yekunlaşacaq. Sozcu.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib: "Üç aşırımdan ibarət körpünün uzunluğu 104 metrdir. 4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur". Anar Nəcəfli körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisinin də nəzərdə tutulduğunu qeyd edib. Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

Zelenskinin maaşı bəlli oldu

Ukrayna Prezidenti Vladimir Zelenski 2024-cü il ərzində ayda ortalama 28 min qrivna (664 dollar) məvacib alıb. Sozcu.az xəbər verir ki, Ukraynanın 24-cü kanalı bu barədə Dövlət İşlər İdarəsinə istinadla məlumat yayıb. Qurumun məlumatına görə, eyni dövrdə prezident ofisinin rəhbəri Andriy Yermakın aylıq maaşı 121 min qrivna (2,870 min dollar) təşkil edib ki, bu da Vladimir Zelenskinin əmək haqqından dörd dəfə çoxdur. Telekanal qeyd edir ki, 2023-cü ildə ölkənin vəzifəli şəxsləri arasında ən yüksək maaşı Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba alıb. Onun məvacibi təxminən 34,9 min dollar olub. Hazırkı ədliyyə naziri Denis Malyuska 2023-cü ildə 31,5 min dollar maaşla siyahıda ikinci, daxili işlər naziri İqor Klimenko isə 30,2 min dollar maaşla üçüncü yerdə qərarlaşıb.

Bu rayonlarda işıq olmayacaq

Sabah Azərbaycanın cənub bölgəsinin bir sıra rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə Sozcu.az “Azərişıq” ASC-yə istinadən xəbər verir. Bildirilib ki, yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Qeyd edilən tarixdə 110/35/10 kV-luq Lənkəran 2 yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, Cəlilabad 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.