Avropa Ukraynaya 100 min əsgər göndərməyi müzakirə edir

Avropa ölkələri atəşkəs və ya sülh əldə olunarsa, Ukraynaya hərbi kontingentin göndərilməsini müzakirə edir və bu kontingentin sayı 100 minə çata bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Mənbələrə görə, kontingentin əsasını Almaniya, Fransa, İtaliya, İngiltərə və Polşa da daxil olmaqla beş-səkkiz ölkədən ibarət koalisiya təşkil edə bilər. Qeyd olunur ki, heyətin dəqiq sayı missiyanın xarakterindən asılı olacaq və bu, hazırda AB müzakirələrinin diqqət mərkəzindədir. Bildirilir ki, qoşunların sayı 40 mindən 100 min nəfərə qədər ola bilər. Avropa ölkələri qoşunların atəşkəsə əməl olunmasını təmin edən sülhməramlı kontingent, yoxsa antirusiya xarakterli çəkindirici qüvvə olacağına hələ qərar verməyib. İtaliya hakimiyyəti missiyanın sülhməramlı xarakter daşımasını müdafiə edir, Fransa və Ukrayna isə onun çəkindirici olmasında israrlıdır.

Hazırda bu rayonlara qar yağır

Dekabrın 18-i saat 16:00-a olan məlumatına əsasən hazırda Şahdağ və Qaxda (Sarıbaş) qar yağır. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır.

Sumqayıt və saraylıların NƏZƏRİNƏ: Yolunuzu dəyişdilər - Saat 00:00-dan...

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat 00:00-da söküləcək. Sozcu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib, məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. Mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub. Yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur. Söküntü və təmir işləri ilə əlaqədar ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir. Belə ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi – Hacıbaba Səmədov küçəsi ilə təşkil ediləcək. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Novxanı qəsəbəsi, 523 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Xırdalan şəhəri olmaqla fəaliyyət göstərəcək. 522 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaq məntəqəsi isə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqla Nizami Gəncəvi küçəsi – Məhəmməd Əmin Rəsulzadə küçəsi – Bakı-Quba-Rusiya yolu – Sülh küçəsi ilə təşkil ediləcək. Həmçinin vətəndaşların Sumqayıt şəhərindən Xırdalan şəhərinə birbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli müntəzəm marşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Koroğlu küçəsi (Sumqayıt şəhəri, dairənin yaxınlığı) müəyyən edilir. Saray körpüsündə aparılacaq söküntü və tikinti işləri ilə əlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Nəqliyyatı Əlaqələndirmə Şurasında Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, onun yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” QSC-lər təmsil olunur.

Sənədsiz evlərin qeydiyyatı nə vaxt həllini tapacaq? - AÇIQLAMA

"Düşünürəm ki, ilin sonu və ya növbəti ilin əvvəlində bu istiqamətdə qərar qəbul olunacaq". Sozcu.az xəbər verir ki, bu sözləri "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sənədsiz evlərin sənədləşdirilməsi məsələsindən danışarkən deyib. O bildirib ki, sənədsiz evlərin qeydiyyatı məsələsinin uzun illərdən bəri fərdi yaşayış evləri ilə bağlı yığılıb qalmış problemin həlli istiqamətində çox ciddi təsiri olacaq: "Bura vətəndaşın qeydiyyatı, əhalinin müəyyən istiqamətlər üzrə hüquqlarının təminatı və s. aiddir. Eyni zamanda, bələdiyyə vergilərinin, mənzil alıq-satqısının rəsmiləşdirilməsi zamanı əqdlərin aparılmasına görə ödənilən rüsumlar, vergilər və s. məsələləri qeyd edə bilərik. Bunun bir çox müsbət tərəfləri olacaq".

Gəncədə məktəbli məktəblini bıçaqladı - Yenilənib

16:46 Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiqləyib. "Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici, deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək. Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb", - deyə E.Qasımov vurğulayıb.

Əsgərlik müddəti azaldılır? - Dövlət Xidməti: “İctimaiyyətdə çaşqınlıq yaradıb”

Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Sozcu.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib. Son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur: "Əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək". Məlumata görə, sözügedən məsələ ilə bağlı hələlik qanuna heç bir dəyişiklik edilməyib: "Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni alitəhsilli çağırışçılar əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər".

2025-ci ilin qeyri-iş günləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir: 1, 2 yanvar–Yeni il bayramı; 20 Yanvar–Ümumxalq Hüzn Günü; 8 Mart–Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart–Novruz bayramı; 30, 31 mart –Ramazan bayramı; 9 May –Faşizm üzərində Qələbə günü; 28 May–Müstəqillik Günü; 6, 7 iyun–Qurban bayramı; 15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü; 26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü; 8 Noyabr–Zəfər Günü; 9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü; 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü vardır. Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (https://sosial.gov.az/faydali/istehsalat-teqvimi/2025-ci-ilin-istehsalat-teqvimi) yerləşdirilib.

Sabah Bakıya sulu qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1°şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Azərbaycanda faciə: Vəzifəli şəxs zəhərlənib öldü, arvadı...

10:13 Beyləqanda ər-arvad dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədov qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, Ş.Məmmədovanın vəziyyəti ağır qiymətlindirilir. Bildirilib ki, 16 dekabr saat 20:30-da zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasiyentin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir. Oxu.az-ın məlumatına görə, dəm qazından zəhərlənərək həyatını itirən Bakır Məmmədovun Bünyadlı kənd mədəniyyət evinin müdiri imiş.

Bakıda və bəzi rayonlarda külək gücləndi

09:39 Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 17-si saat 12:30-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur. Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Goranboyda 15m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlıq deməkdir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Bakıda tıxac olan YOLLAR

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:  1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;  2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;  3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;  4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;  5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;  6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;  7. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;  8. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;  9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;  10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;  11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;  12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;  13. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;  14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;  15. Babək prospekti, mərkəz istiqamətində;  16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Prezident Nəsir Məmmədovu vəzifəsindən azad etdi

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İşğaldan azad olunan rayonlarda nə qədər iş yeri və müəssisə açılıb? – Tam siyahı

Bu ilin ilk 3 rübü ərzində işğaldan azad olunan rayonlarda 1 442 yeni iş yeri açılıb. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində ən çox iş yeri Laçın rayonunda açılıb. Bu rayonda 9 ay ərzində açılan yeni iş yerlərinin sayı 409 olub. Ən az iş yeri isə Xocavənd rayonunda açılıb. Bu rayonda cəmi 30 yeni iş yeri açılıb. Qeyd edək ki, ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda 243 yeni müəssisə və təşkilat yaradılıb. Xankəndi şəhərində 46 müəssisə yaradılıb və bu müəssisələrdə 209 yeni iş yeri açılıb. Xankəndi şəhərindən sonra ən çox Ağdam rayonunda yeni müəssisə və təşkilat yaradılıb. 9 ay ərzində Ağdamda yaradılan 33 müəssisə və təşkilatda isə 17 yeni iş yeri açılıb. Bunlardan başqa, Füzuli rayonunda 25 yeni müəssisə və təşkilat yaradılıb və bu rayonda, ümumilikdə, 70 yeni iş yeri açılsa da, onların heç biri yeni açılan müəssisə və təşkilatlarda olmayıb. Füzulidə açılan yeni iş yerlərinin hamısı köhnə müəssisə və təşkilatlarda olub. Bu ilin ilk 9 ayı ərzində işğaldan azad olunan rayonlarda yeni iş yerləri, yeni yaradılan müəssisə və təşkilatlar, həmçinin yeni müəssisə və təşkilatlarda açılan iş yerlərinin sayı aşağıdakı kimi olub:

Əhaliyə xəbərdarlıq edildi: Dekabrın 17-18-də...

Dekabrın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçayda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

“Əjdaha” lotereyası işə yaramadı – “Unibank”dan şikayətlər artır

Son dövrlər “Unibank”dan şikayətlər artmağa başlayıb.  Sozcu.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.  Məlumata görə, bankın şikayət indeksi əvvəlki ayla müqayisədə noyabr ayında 1.77 bənddən 2.15 bəndə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər son bir ayda 21%-dən çox artıb.  “Unibank” bu nəticə ilə ən çox şikayət olunan bankların TOP-5-nə düşüb.  Bankın şikayət indeksi bu ilin iyun ayından yenidən yüksəlməyə başlayıb. İyun ayında şikayət indeksi 1,28 bənddən 1,75 bəndə yüksəlib.  Qeyd edək ki, “Unibank”  kart əldə edib, onunla ödəniş  edənlərə mənzil, avtomobil və bahalı smartofn uduşu təklif edən lotereya keçirməyə başlayıb. Görünən isə odur ki, keçirdiyi hədiyyə və “Əjdaha” lotereya kampaniyaları da bankın məmnuniyyət səviyyəsinə təsir edə bilməyib.  Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - "Mbank" və "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır. Bankın səhmlərinin 94,1%-i Eldar Qəribova, 5,9%-i isə digər fiziki şəxslərə aiddir.

Lənkəranda velosipdçini maşınvurub öldürdü

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib. Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub. Ağır bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Girdəni kənd sakini Murad Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimqədər ölüm faktı qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Milli Məclis gələn ilin dövlət büdcəsini III oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. Sozcu.az xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Temu-dan növbəti DƏLƏDUZLUQ: İçi boş çıxdı

Son zamanlar onlayn alış-verişdə məhsul keyfiyyətinə dair etimad azalır. Sozcu.az xəbər verir ki, Temu adlı platformadan istifadəçinin aldığı “Wi-Fi” gücləndirici bu mövzuda diqqət çəkən nümunələrdən biri oldu. Müştəri məhsulu xaricdən tamamilə funksional bir cihaz kimi sifariş edir. Lakin içini açdıqda vəziyyətin tam əksi ortaya çıxıb. Cihazın içi boş idi və yalnız dekorativ antenalarla təchiz edilmişdi. Bu hadisə istifadəçilərin onlayn alış-veriş zamanı daha diqqətli olmalı olduqlarını bir daha gündəmə gətirir. İnsanlar xüsusilə naməlum və ya etibarsız satıcılardan elektronika kimi məhsullar alınarkən mütləq müsbət rəylərə və zəmanətə diqqət yetirilməlidir./milliaz

Bakıda faciə: 40 yaşlı qadın dəm qazından ÖLDÜ

Bakıda 40 yaşlı qadın dəm qazının qurbanı olub. Sozcu.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunun Balaxanı qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü Aygün Məmmədova qəsəbə ərazisində yaşadığı evin hamamında dəm qazından boğulub. Faktla bağlı araşdırma aparılır.

“Avrasiya Hospital”ın lifti qırıldı - Xəsarət alan var

Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub. Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə bıçaqlanma: Yaralı xəstəxanada öldü

Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində bıçaqlanan 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli xəsarətdən müalicə aldığı xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb. Araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi məlum olub. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Kombinin donmaması üçün bunları MÜTLƏQ EDİN

Soyuq havalarda evlərin açıq eyvanlarında yerləşən kombi donma təhlükəsi ilə üzləşir. Ehtiyat tədbirləri görülməzsə, kombi yararsız vəziyyətə düşür. Bəs soyuq havalarda, xüsusən də temperatur mənfi dərəcəyə düşdüyü zaman kombi və istilik sisteminin donmaması üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı "Yeni  Sabah"a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev bildirib ki, vətəndaşlar aşağıda qeyd olunan nüanslara xüsusi diqqət etməlidir: “Kombinin donmaması üçün ilk növbədə, kombi sistemi çəkilən zaman, onu qapaılı bir yerə qoymaq lazımdır. Qapalı məkana yerdədirsə, işıq və qaz olmadığı zaman donmanı gecikdirə bilər. Hətta qaz-işıq varsa və hava şaxtalıdırsa, onda istilik kombinin partlamağının qarşısını alır. Deyək ki, kombi çöldədir və işlədirik. Belə olduqda isti və soyuq suyun giriş xətti donub partlaya bilər. Bunun qarşısını almaq üçün gecə soyuq suyun vintini bağlayıb, içəridə isti suyun kranını açırıq ki, həmin hissədə su qalmasın. İnsanlar bir müddət evdə olmadığı və kombini işlətmədiyi zaman kombinin altındakı vintləri bağlayıb və 4 bağlantını açıb, suyu təmiz boşaltmaq lazımdır. Ümumiyyətlə, istilik sistemində suyu təzyiqdə qoymamalıyıq. O təzyiqi də boşaldırıq ki, evdə yaşayış olmadığı zaman radiatorlar şaxta olanda güclü təzyiq altında qalıb partlamasın. Çöldə havanın temperaturu 0-ın altında olanda və işıq-qaz olmadığı zaman mütləq şəkildə biz kombinin altını boşaltmalıyıq. Yenə də 4 ədəd vinti bağlayır, kombinin altından sistemi açıb boşaldırıq. Sistem çəkilən vaxt kombinin girişinə əks-axın kranı qoymalıyıq. Bunu kranı qoymalıyıq ki, ən pis halda suyu boşalda bilməyəndə bunu açıb suyu boşalda bilək. Həmin vaxt soyuq suyun girişini bağlamalıyıq və içəridən sistemdəki suyu açıb boşaltmalıyıq”.  Mütəxəssis donma hallarına qarşı atapleniyalar üçün nəzərdə tutulan antifrizlərdən istifadə etməyi tövsiyə edib: “Bəzi kombilərdə donmaya qarşı xüsusi rejim olur. Kombi işləməsə belə, işıq-qaz olduğu zaman dərəcə +5-dən aşağı düşəndə öz daxilində işə düşür və qaz yanaraq öz daxilindəki suyu isidir. Bu donmaya qarşı rejim sayılır. Amma yenə də buna arxayın olmaq olmaz. Çalışıb ümumiyyətlə işlədilməyən kombinin içərisində və ümumi xəttə təzyiqli su saxlamamaq lazımdır. Hətta soyuq suyun özündə belə, ümumi xətti bağlayıb, vinti açıb mətbəxdə və hamamda suyun təzyiqini aşağı salmalıyıq. Bəzən xəttə antifriz də vurulur. Həmin antifriz ingibiter tərkibli olmalıdır. Yaşayış yerinin sahəsi və otaq dərəcəsinə görə antifriz vurulur. Deyək ki, su kütləsi nə qədərdisə, onun 20 faizi, bəzi yerlərdə 50 və 80 faizi antifriz olmalıdır. Amma çalışıb sırf atapleniya sistemi üçün olan antifriz istifadə etmək lazımdır. İstifadə miqdarı iləbağlı isə mühəndislərlə məsləhətləşmək lazımdır. Antifriz düzgün tökülmədikdə, radiatorları, dövriyə nasosunu, esenjoru sıradan çıxara bilər. Bunu seçərkən çalışıb ən keyfiyyətli və yaxşısını seçmək lazımdır. Kombinin göstəricilərində antifriz vurmaq var və bu da sırf atapleniya sistemi üçün nəzərdə tutulan antifrizlərlə edilməlidir”.

Bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, dekabrın 15-dən 16-na keçən gecə Şəki şəhəri sakinləri - 1979-cu il təvəllüdlü Rasimə Rasim qızı Abdullayeva, 1995-ci il təvəllüdlü Murad Əmiraslan oğlu Abdullayev və 2022-ci il təvəllüdlü Fatimə Murad qızı Abdullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub. Onların dəm qazından zahərləndiyi məlum olub. Hər üç şəxs tibbi yardımdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Soyuq hava İranı iflic etdi: 18 əyalətdə tətil elan edildi

Havaların kəskin soyuması və enerji çatışmazlığı səbəbindən İranın 18 əyalətində məktəblər, universitetlər və bir sıra dövlət idarələrində tətil elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bununla yanaşı, enerjiyə qənaət etmək üçün bir neçə əyalətdə də dövlət idarələrinin iş rejimi dəyişdirilib, iş saatları azaldılıb. Tətil elan edilən əyalətlər arasında Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin əyalətləri də var.