Sabirabad rayonunda 1988-ci il təvəllüdlü, üç uşaq atası Elmar qonşusu Nəcibəyə (adlar şərti verilib – red.) təcavüz edib.
Elmar həmkəndlisi Nəcibəyə qarşı olan cinsi ehtirasını təmin etmək məqsədi ilə 15 fevral 2023-cü ildə saat 18 radələrində onun yaşadığı Sabirabad rayonu Türkədi kəndindəki evin qarşısına gəlib. Həmin vaxt qeyd olunan yerə ov etmək məqsədi ilə gəlməsi görüntüsü yaradaraq özü ilə ov silahını və həmin silahdan istifadə edilən patronları da götürərək evin hasarından tullanmaqla həyətə daxil olub.
Elmar Nəcibənin heyvanlara su vermək üçün evin həyətyanı sahəsində yerləşən tövləyə keçməsini görüb. O, heyvanların saxlanılması üçün istifadə edilən tövləyə Nəcibənin iradəsinə zidd daxil olub, tövlənin dəmir qapısının keçəcəyini arxadan bağlayıb. Əlində olan ov tüfəngini Nəcibəyə qarşı tuşlamaqla səsini çıxarmamasını tələb edib, öldürəcəyi ilə hədələyib.
Həmin vaxt Elmarın üzərinə doğru gəldiyini görən Nəcibə özünü müdafiə etmək üçün əlinə yaba götürsə də, yabanı əlindən alaraq üzünü divara dirəyib. Sonra cinsi əlaqədə olmaq istəyini bildirib. Nəcibə imtina edərək müqavimət göstərdikdə isə onu zərərsizləşdirməklə özünə tabe etmək məqsədi ilə zor tətbiq edib.
Elmar Nəcibənin sağ gözaltı nahiyədə, həmçinin digər bədən nahiyyələrindən vuraraq ona xəsarətlər yetirib. Sonra ona qarşı seksual xarakterli hərəkətlər edib, qadını soyundurmağa cəhd edib. Həmin vaxt Nəcibə fəal müqavimət göstərərək tövlənin divarına qoyulmuş toxmaq kimi istifadə edilən çubuğu götürüb və qeyri-ixtiyari arxaya doğru zərbə endirməklə onu özündən uzaqlaşdıraraq oradan qaçıb.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 29,149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 15 fevral 2023-cü ildə, saat 10 radələrində yaşadığı Sabirabad rayonunun kəndinin ərazisində yerləşən əkin sahəsində çəpər çəkmək üçün işləməyə gedib: “Evdən çıxan zaman babamdan qalan ov tüfəngini də özüm ilə götürmüşdüm. Saat 12-də qızımı məktəbə aparıb qoydum. Sonra yenidən əkin sahəsinə qayıtdım. Saat 18-ə qədər sahədə işlədim. Qızımı məktəbdən gətirmək üçün sahədən yola çıxdım. Qızımın hələ gəlmədiyini gördüm. Onu gözləyərkən su kanalında porsuq gördüm. Onu ov tüfəngilə vurmaq üçün atəş açmaq istədim. Lakin porsuğu götürə bilməyəcəyimi fikirləşərək atəş açmadım. Porsuğu vurmaq üçün su kanalının üstündən keçib divardan aşdım və Nəcibənin həyətinə keçdim. Onların evində heç kim yaşamayıb. Divarı aşandan sonra Nəcibənin həyətdə olduğunu gördüm. Hasardan aşarkən tövlədə olan inəklər hürkdü, inəyin ayağı Nəcibəyə dəydi, o, yerə yıxıldı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Nəcibədən üzr istəyib: “Lakin Nəcibə deyinə-deyinə oradan getdi. Həmin vaxtı kollektorun üstündən keçdim ki, porsuğun orada olub-olmamasını görüm. Nəcibəgilin həyətindən porsuğu su kanalında görən kimi hasardan keçib porsuğa tüfənglə atəş açdım. Bu zaman qışqırıq səsi eşitdim. Baxdıqda həyətdə olan Nəcibənin qaynanası Nüşabənin qışqırdığını gördüm. Ona özümü təqdim edərək Elmar olduğunu dedim. Nüşabə isə əsəbləşərək mənə burada nə etdiyimi soruşdu. Bundan sonra evimə getdim. Sonra polis əməkdaşları gələrək məni şöbəyə apardılar. Polis şöbəsində 48 saat saxladıqdan sonra evə buraxıldım. Bir həftədən sonra yenidən rayon polis şöbəsinə çağırıldım. Araşdırma başlanıldı və həkim müayinəsindən keçdim. Bədənimdə heç bir xəsarət izləri olmadı. Qaşınmadan bədənimdə qızartı izləri əmələ gəldi. Həkim bədənimdə xəsarətin olmadığını dedi. Lakin həkim mənə “bilirəm xəsarət izi yoxdur, amma mən xəsarət olduğunu yazmalıyam” dedi. Nəcibəni zorlamaq istəməmişəm. Özümü təqsirli bilmirəm”.
Təqsirləndirilən şəxs bildirib ki, sahəyə işləməyə gedəndə həmişə ov tüfəngini özü ilə götürüb: “Həmin tüfənglə arada bir ov da etmişəm. Nəcibəni və onun ailəsini tanıyıram. Həmin evdə yaşayış olmayıb. Nəcibə mənim uzaq qohumumdur. Nəcibənin qaynanası Nüşabə həm qonşumuzdır, həm də yeznəmin bacısıdır. Nüşabə ilə Nəcibə bir evdə qalırlar. Nəcibəni zorlamaq istəməmişəm. Nəcibənin nə üçün məndən şikayət etdiyini bilmirəm. Onu əvvəllər də tanımışam, münasibətlərimiz yaxşı olub. Silahdan atəş açdığım üçün Nəcibədən və onun qaynanasından üzr istəmişəm. Nəcibəni əxlaqlı və namuslu bir qadın kimi tanımışam. Hadisə günü spirtli içki qəbul etməmişəm”.
İş üzrə zərərçəkmiş Nəcibənin sözlərinə görə, təqsirləndirilən Elmarı bir həmkəndlisi kimi tanıyır: “Hadisə günü, saat 18 radələrində köhnə evimizin həyətində heyvan otarmağa getdim. Həyətə gedib mal-qaranı yemləmişəm. Sonra isə su kranından vedrəyə su doldurub inəklərə vermək üçün həyətə gəldim. Bu zaman evin giriş qapısı kimi istifadə olunan darvazasının altında ov tüfəngini gördüm. Biraz sonra evin həyətyanı sahəsində olarkən Elmarın giriş qapısının sol hissəsindəki hasardan həyətə tullandığını, həyətə keçən kimi əyilib tüfəngi götürərək çiyninə asdığını gördüm. Bu zaman ondan burada nə etdiyini, nə üçün həyətə keçməsinin səbəbini soruşdum. Həyətə quş vurmaq üçün keçdiyini bildirdi. Onun bu hərəkətinə əsəbləşdim, həyətdə quş vurmaq üçün yer olmadığını bildirdim və dərhal həyəti tərk etməsini tələb etdim. Elmarın gedəcəyini düşünərək tövləyə girdim. Tövləyə girdikdən sonra Elmarın da arxamca gəldiyini hiss etdim. Bu zaman arxaya çönərək baxanda Elmarın tövləyə çiynində ov tüfəngi ilə daxil olub tövlənin qapısını çəkib kəndirlə bağladığını gördüm”.
Zərərçəkmiş qeyd edib ki, Elmar ov tüfəngini ona tərəf tuşlayıb, səsini çıxaracağı halda onu öldürəcəyini deyib: “Elmardan özümü müdafiə etmək üçün əlimə yabanı götürdüm. Elmar yabanı əlimdən aldı, sonra sol qolumu buraraq arxa tərəfimə keçdi. Məni tövlənin divarına tərəf dirədi, sağ əli ilə boğazımı sıxdı. Daha sonra məni arxadan qucaqlayaraq cinsi əlaqədə olacağını dedi. Elmar əli ilə ağzımı tutdu ki, qışqırmayım. Buna görə də ağzımdan qan gəldi. Bu zaman Elmar boynumun arxa hissəsindən öpməyə çalışdı. Sağ əlini xalatımın içərisinə salaraq, əllərini sinəmdə, bədənimin müxtəlif yerlərində gəzdirdi, əynimdəki xalatımı soyundurmağa çalışdı. Mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Elmar bir neçə dəfə məni soyundurmağa cəhd etsə də, buna mane oldum. Həmin vaxtı yaxınlıqdakı toxmağı götürərək arxa tərəfə zərbə endirdim. Nəticədə Elmar geriyə çəkildi, mən arxası üstə yerə yıxıldım. Sonra isə duraraq oradan qaçdım. Elmar arxamca qışqıraraq, bu barədə kiməsə desəm, məni öldürəcəyi ilə hədələdi. Qorxduğum üçün dərhal qaça-qaça yaşadığım qaynanamın evinə getdim. Sonra bu barədə polisə şikayət etdik”.
Zərərçəkmiş deyib ki, Elmarın ifadəsində dedikləri yalandır: “Hadisə vaxtı Elmar ona qarşı seksual xarakterli hərəkətlər etdiyini hiss etmişəm. Elmar məni zorlaya bilmədi. Elmarla əvvəllər heç bir ədavətimiz, düşmənçiliyimiz olmayıb. Elmar məni ərimdən boşatdıracağı ilə hədələyib. Elmarla barışmıram, ondan şikayətçiyəm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elmar 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/