Bakının tıxaclı YOLLARI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində problemlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. 8 Noyabr prospekti, mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Tbilisi prospekti, mərkəz istiqamətində; 6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 7. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində; 8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Neftçalada yük və minik maşınları toqquşdu: yaralılar var

Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, yol qəzası bu gün saat 15 radələrində Neftçala rayonunun Həsənabad kənd yolunda qeydə alınıb. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində xəsarət alanlar - Aqşin Əzizov və Günel Əzizova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov dindirilib. Qeyd edilib ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyndə baş verən 143 milyon manatlıq yeyinti cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda cinayət işinə məhkəmədə baxılır. Sabiq idarə rəisi ifadəsində bildirib ki, işlədiyi dövrdə 2 dəfə Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul verib: “Nəcməddin Sadıqov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də onun tapşırığını icra etmişəm. Bu pulun hansı səbəbdən verilməsindən xəbərim olmayıb. Mən baş qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, buna da baş qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı baş qərargah rəisinə məruzə etmişəm. Baş qərargah rəisi də məni çağırıb deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı komissiya 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”. Məlikməmməd Qurbanov bildirib ki, Nizami Məmmədovun satınalma və təchizata heç bir aidiyyəti olmayıb: “Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib. 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb. Həmin illərdə pullar ən çox “Azərsun Holdinq”dən alınıb”. General Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərək qeyd edib ki, satınalma ona aidiyyatı olmayan bir sahədir: “2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Əgər Məlikməmməd Qurbanovun dediyi pulu alsaydım, danmazdım, deyərdim. Nəcməddin Sadıqovun mənə nə borcu var idi, nə tabeçiliyi. Nə də məndən qorxusu var idi ki, mənə o qədər pul göndərsin. Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi. Mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi. “Azərsun Holdinq”in nümayəndəsi ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu tanıyıram”. Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran Məlikməmməd Qurbanov şirkətlərdən gələn faizlərin kimlərə verilməsi ilə bağlı suallara cavab verməkdən imtina edib. Məhkəmədə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev də dindirilib. Şirkət rəhbərləri Müdafiə Nazirliyi ilə 670 min manatlıq müqavilə bağladıqlarını təsdiq ediblər. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi işləmiş, hazırda həbsdə olan Fikrət Mirzəyev bu iş üzrə şahid qismində ifadə verib: “Bizim idarə Müdafiə Nazirliyinin hərbi hissələrində təmir-tikinti işləri ilə məşğul olub. Tapşırıqları əsasən Nəcməddin Sadıqovdan alırdıq. Müdafiə Nazirliyi daimi iş görmə qabiliyyətinə bələd olduğu şirkətlərlə işləyirdi. Hansı şirkətlə işləməyimizi Baş Qərargah rəisi məsləhət görürdü”. Məhkəmə prosesi mayın 3-də davam edəcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

İsa Qəmbər başqanlığa namizədliyini irəli sürdü

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər. 1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib. Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb. İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.(basta)

Bakıda 30 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq. Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Azərbaycanda iki yeni nazir müavini TƏYİN EDİLDİ - DOSYE

Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub. O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb. Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub. O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb. Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib. Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

DSX əməkdaşı Qazaxda minaya düşdü - Yenilənib

12:36 Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib. Bu barədə Sozcu.az-a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Xəsarət alan şəxsin durumu stabildir. Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Məşhur aparıcı Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb.  Sozcu.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib.  O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir. Bizim.media

Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? - Ermənilərdən ŞOK İDDİA

Ermənistan mediası baş nazirinin müavini, sərhədin delimitasiyası üzrə komissiyaya rəhbərlik edən Şahin Mustafayevin erməni baş nazirin müavini, demarkasiya üzrə komissiyanın rəhbəri Mher Qriqoryanla birlikdə Qazaxın kəndlərinə baş çəkdiyini iddia edilir. Bu iddia ilə “168.am” saytı çıxış edib. Sayt yazır ki, aprelin 26-da Tavuşun Kirants kəndində gərginlik uzun müddət davam edib. “Axşam saatlarında kartoqraflar sərhədin demarkasiyasını aparmaq üçün avtomobillə Kirantsdan keçmək istəsə də, əhali onun hərəkətinə mane olub. Hökumət rəsmiləri erməniləri sakitləşdirmək, avtomobilin keçidini təmin etmək üçün kəndə gəlib. Avtomobildə Mher Qriqoryan da var idi. Lakin o, bütün çağırışlara baxmayaraq, maşından düşmədi. Tavuşlular düşünürlər ki, Qriqoryanla birlikdə Azərbaycan tərəfdən demarkasiya işini aparan Şahin Mustafayev də avtomobildə olub. Buna görə insanların avtomobilə yaxınlaşmasına icazə verilməyib, Qriqoryan da aşağı düşməyib”, - sayt iddia edir. M.Qriqoryanın ofisi isə bu məlumatları təkzib edib.

Psixoloq pul olmadan xoşbəxt olmağın yollarını açıqlayıb

Bir çox insanlar çoxlu pul sayəsində xoşbəxt ola biləcəyinizə inanırlar, lakin psixoloq Evgeni İdzikovskinin fikrincə, əslində bu hiss başqa amillərdən asılıdır. Mütəxəssis Lenta.ru-ya verdiyi şərhdə xoşbəxt olmağın yollarını sadalayıb. İdzikovskinin sözlərinə görə, bir çox insanlar telefon, avtomobil və ya mənzil kimi bahalı alış-verişin onları daha xoşbəxt edəcəyinə, həmçinin sosial statuslarını artıracağına inanır. Bu, tam cəfəngiyatdır. Daha çox hörmət qazanmaq üçün fərqli bir insan olmalısınız: çox çalışın, özünüzə və ətrafınızdakılara daha yaxşı davranın. Amma asan deyil. Buna görə də cəmiyyət anlayışların əvəzlənməsinə icazə verir, kimsə olmağı deyil, nəyəsə sahib olmağı təklif edir. Sosial statusunuzu yaxşılaşdırmaq obyektiv cəhətdən çətindir, lakin hər hansı bir şey almaq nisbətən asandır.  İdzikovskinin dediyi kimi, insanın özünü həqiqətən xoşbəxt hiss etməsi üçün bütün əsas ehtiyaclarını ödəməklə, öz problemləri ilə məşğul olmalıdır: "Sağlamlıq kimi bəzi şeylərə erkən başlamaq daha yaxşıdır. Həyatda bir şey səhv olarsa, beyin bədbəxtdir. Və hər şey əla olsa belə, hər hansı bir xırda şey bütün əhval-ruhiyyəni poza bilər. Buna görə də, sizi əsəbləşdirən hər şeyi kağıza yazmaq və ardıcıl olaraq bu problemləri həll etmək lazımdır. Daha sürətli karyera qurmaq və daha çox pul qazanmaq lazım olduğu qənaətinə gələ bilərsiniz. Və bu normaldır”.  O, həmçinin ən yaxın sosial çevrənizdən olan insanların siyahısını tərtib etməyi və onlarla münasibətinizdə nəyi dəyişmək istədiyinizi anlamağa çalışmağı, kimisə bağışlamağı, kiminləsə razılığa gəlməyi və kiminləsə ünsiyyəti dayandırmağı məsləhət görüb: "Ailə, dostlar və tərəfdaşlarla güclü əlaqələr xoşbəxtliyin əsas mənbələrindən biridir. Psixoloq vurğulayır ki, sevgi, dəstək və qarşılıqlı anlaşma hissi psixi rahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər". E-saglam.az

Buzovnadakı qətlə görə cinayət işi AÇILDI

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Baş prokuror Köçəryana məxsus əmlakın müsadirəsini TƏLƏB ETDİ

Ermənistan Respublikasının baş prokuroru Anna Vardapetyan eks-prezident Robert Köçəryanın və onunla əlaqəli 7 nəfərə məxsus 25 vahid daşınmaz əmlakın Ermənistanın xeyrinə müsadirə edilməsini tələb edib. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş prokuror həmçinin Köçəryanın 5 avtomobilinin, 16 erməni və xarici hüquqi şəxsdə iştirak payının, 4 milyon dollardan çox depozit qiymətli kağızlarının müsadirə olunmasını istəyib. Tələb Köçəryanın etirazına səbəb olsa da, məsələyə tezliklə baxılıb qərar veriləcək.

"Sumqayıt" "Qarabağ"ın seriyasına son qoydu

“Qarabağ”ın qollu oyunlar seriyası qırılıb. Sozcu.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu 32-ci turun “Sumqayıt”la görüşündə rəqib qapısına yol tapmayıb – 0:1. Qurban Qurbanovun komandası bu mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitib. Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. “Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verildi

“Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi”. Sozcu.az xəbər verir ki, bunu APA-ya geniş müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Vətən müharibəsində itkin düşmüş 6 hərbçinin tapılması üçün hansı işlər görülür?” sualına cavab olaraq deyib. O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb edilib. Lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar: “Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən 6 nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş 2 əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft cüzi ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 88,70 dollara, yüngül neftin bir barreli isə 83,16 dollara təklif olunur.

796-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 796-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 467 470 hərbçi, 7 285 ədəd tank, 14 007 ədəd zirehli döyüş maşını, 11 985 ədəd artilleriya sistemi, 1 051 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 778 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 109 ədəd avtomobil texnikası, 9 528 ədəd PUA, 2 124 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 974 xüsusi avadanlıq itirib.

Türkiyədə zəlzələ baş verdi

Türkiyədə Egey dənizdə 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 9,65 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat yoxdur.

Ermənistan MN Tavuşda partlayış işləri apardı

Bu gün saat 08:10-dan 08:40-a qədər Azərbaycanın Qazax rayonu ilə sərhəddəki Tavuş rayonunun Bibiş (Berkaber) kəndinin yaxınlığında partlayış işləri aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Partlayış Bibişdən 1540 m şimal-şərqdə olub. Qeyd edək ki, Qazaxın işğalda olan 7 kəndinin anklav olmayan 4 kəndinin qaytarılması razılığı ilə əlaqədar Ermənistan MN həmin ərazidə minatəmizləmə işləri görür.

Qəzzada ölənlərin sayı açıqlandı

Ötən ilin oktyabrın 7-dən indiyədək hərbi əməliyyatlar zamanı Qəzza zolağında ölənlərin ümumi sayı 34 454-ə yüksəlib. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib. Nazirlikdən bildirilib ki, bu müddətdə Qəzza zolağında 77 575 nəfər yaralanıb.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. Sozcu.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib. Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Nəcəfov Azad Tahir oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.apa

Abşeronda 49 yaşlı qadın qətlə yetirilib, əri saxlanılıb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə S.Ağayevann həyat yoldaşı Laçın Ağayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Blinken İlham Əliyevə zəng etdi

Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Entoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. Dövlət katibi Entoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Entoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.

Sülh danışıqları: XİN rəhbərləri Almatıda görüşəcək

Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə baş tutan telefon danışığı zamanı bildirib.