Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"

Məhbus həyatı yaşayan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hesab edir ki, onun Gürcüstanda olması ölkəsinin demokratiya mübarizəsinə əlavə güc qatır və bir çoxlarına qol-qanad verir. Musavat.com xəbər verir ki, bu barədə Mixail Saakaşvili “Dojd” kanalına yazılı müsahibəsində bildirib. Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-dən həbsdədir. Müsahibəni təqdim edirik. – Aleksey Navalnı Rusiyaya qayıtdı, həbsxanaya düşdü və öldürüldü. Gürcüstana qayıtdınız və həbsxanaya düşdünüz. Hazırda həbsxana xəstəxanasındasınız. Həyatınız üçün qorxmursunuz? – Aleksey Navalnının öz kamerasından mənimlə həmrəylik ifadə etməsi məni çox təsirləndirdi. Mənim üçün o, dünya tarixinin böyük qəhrəmanıdır. Putin Navalnını Saakaşvili adlandırırdı. Putin dəfələrlə məni öldürməklə hədələyib. Deyə bilərik ki, Putinin öldürməklə hədələdiyi yeganə şəxsəm. Amma hələ də sağam. – Ukraynadakı müharibədə dalana dirənən, müxalifətin məhv edildiyi və ya qovulduğu bir vaxtda Putinə nə demək istərdiniz? O qalib gəlir? – Putin öz qoşunları ilə Ukraynaya hücum edən kimi dərhal dedim ki, bu, onun sonudur. Xüsusilə də indi – Vaşinqtonda və Avropada verilən son qərarlardan sonra bu daha aydın görünür. – “Xarici agentlər haqqında” qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? – Gürcüstanda hakimiyyət dəyişikliyi istənilən halda baş verəcək, lakin bu qanun hakimiyyətin dəyişdirilməsi prosesini dərinləşdirəcək və sürətləndirəcək. – Dəfələrlə demisiniz ki, İvanişvili Putin siyasətinin ardıcılıdır. Birbaşa bağlılığa dair sübutunuz varmı? – Çoxlu sayda sübut var. İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstanın Rusiyanın “Birinci kanal”ı Qafqaz kanalı dərhal bağlanıb. Amma Rusiyanın “Sputnik”inin Gürcüstan filialının fəaliyyətinə imkan verilib. O, Amerika Texnologiya Universitetini və Gürcüstanda amerikalı müəllimlər proqramını bağladı. Moskvanın göstərişi ilə iki mühüm infrastruktur layihəsi – Lazika-Anaklia liması və Batumidəki “Royal Caribbean” terminalı ləğv edildi. Rusiyaya casusluq ittihamı ilə saxlanılan şəxslər siyasi məhbus kimi azadlığa buraxıldı. 2008-ci il müharibəsinin gürcü iştirakçılarının siyahıları Rusiya xüsusi xidmət orqanlarına təhvil verildi. Ruslara qarşı xüsusi əməliyyatların bir çox iştirakçısı Gürcüstan ərazisində öldürüldü və əksərinə qarşı baş prokuror tərəfindən cinayət işi açılıb. Dövlət Departamentinə görə, həmin prokuror Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentidir. Son illərdə Gürcüstan hökuməti kəskin anti-Ukrayna mövqeyi tutaraq ölkəni rus pullarının yuyulması məkanına çevrilib və ötən həftə bu istiqamətdə ayrıca qanun qəbul edilib. – Oktyabrda keçiriləcək seçkilərlə bağlı proqnozlarınız necədir? – Onların “Arzuları” sarsıdıcı hesabla məğlub olacaq. Baxmayaraq ki, onlar seçkiləri saxtalaşdırmağa çalışacaqlar. – Prezident Zurabişvilidən əfv gözləyirsinizmi? – Zurabişvili indi, bütövlükdə, konstruktiv rol oynayır. Onun görüşdüyü bütün həmkarları, o cümlədən onun mənşəcə aid olduğu ölkənin prezidenti Makron ondan mənim azad olunmağımı tələb edir. Bu tələb yüz minlərlə gürcünün imzası ilə möhkəmləndirilir. Onun bu hərəkəti etməyə cəsarəti çatacaqmı, bilmirəm. Axı, Ukrayna kəşfiyyatına görə, mən Putinin şəxsi məhbusuyam. – Özünüzü Gürcüstan müxalifətinin lideri hesab edirsiniz? – Mənim çoxlu sayda sadiq tərəfdarlarım var. İndiki mərhələdə müxalifətin birliyinin təmin olunmasında öz şəxsi rolumu görürəm. – Özünüzü necə hiss edirsiniz? – İki ildən artıqdır günəşi görmürəm, təmiz hava udmuram. Ağır metal zəhərlənməsinin izləri hələ də qalmaqdadır. Mən Vladimir Kara-Murza ilə yazışıram və əlamətlərimiz çox oxşardır. Mən işləməyə çalışıram. Gürcü və ukrayna dilində yayımlanan kanallara baxıram. Qanunlara zidd olaraq deputatları mənim yanıma buraxmırlar, mənə həm də qanunsuz olaraq istənilən telefon danışığı qadağan edilib. – Partiyanızın reytinqi düşür. Niyə? – Mən belə düşünmürəm. O əvvəlki kimidir. Amma nəzərə alsaq ki, partiyanın bir hissəsi ayrılıb, ayrıca partiya yaradıb və seçicilərin əksəriyyəti də onları “mənim layihəm” hesab edir (baxmayaraq ki, bu, belə deyil) – bu iki partiya “Arzu”ya asanlıqla qalib gəlir. Bütün sorğulara görə, “Arzu”nun rusiyapərəst təbliğatının uzun illər demonizasiyasına baxmayaraq, mənim şəxsi dəstəyim xeyli artıb. – Gürcüstana qayıtdığınız üçün təəssüflənmirsiniz ki? – Mən yalnız ona təəssüflənirəm ki, Ukraynaya daha fəal şəkildə kömək edə bilmirəm. Orada hələ də prezident Zelenskinin yanında İslahatlar üzrə Milli Şuranın sədriyəm. Digər tərəfdən, mənim Gürcüstanda olmağım ölkədəki insanları çox ruhlandırır.

İcra hakimiyyətləri bu tarixdə ləğv ediləcək

Azərbaycanda icra hakimiyyətləri parlament seçkilərindən dərhal sonra arxivə göndəriləcək. Sozcu.az xəbər verir ki, bu barədə “Yeni Sabah” öz mənbələrinə istinadla məlumat yayıb. Mənbənin iddiasına görə, yaxın 2-3 ay ərzində keçirilməsi planlaşdırılan parlament seçkiləri icra hakimiyyətlərinin sonunu gətirəcək. Qeyd edək ki, Azərbaycanda icra hakimiyyəti strukturunun ləğv ediləcəyi, əvəzində 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı haqda bir müddətdir ekspertlər iddialar səsləndirirlər. Ancaq İH-lərin ləğvi və yeni struktur üçün Konstitusiya dəyişikliyinə ehtiyac var.

Kəlbəcərin Baş planı təsdiqləndi

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Sozcu.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb. Kəlbəcər şəhərinin sonuncu Baş planı 1969-cu ildə tərtib olunub və hesabat dövrü 2000-ci ilə qədərki müddəti əhatə edib. Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb.

“Azay, tez özünü çatdır, atam anamı öldürür” - İcra başçısının qardaşının ölümü ilə bağlı FAKTLAR

Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”. Sozcu.az xəbər verir ki, “Qafqazinfo” ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib. Münaqişəli ailə, narkotik, qisas... İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib. Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib. “Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisədənin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı “Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə çağırıb. Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyib. Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında vəfat edib. Anası oğlunun əməlinə ağlayaraq “Azay, sən nə etdin?!” deyə reaksiya versə də, artıq gec olub. İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert rəyi ilə təsdiqini tapıb. Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək qorxutmaq yox, öldürmək qərarına gəlib. Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı olduğunu deyiblər.  Azər Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır. Azər Qaraşov özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

Dəhşət olaydır, xalqımız narahatdır - Nə baş verib?

Son günlər dəhşətli xəbərlər yayılır – doğrusu, insan o qədər narahat olur ki, gecə yata da bilmir. Biri odur ki, xalq artistlərimizdən birinin qızı öz nişanını geri qaytarıb. Şokedicidir – axı, necə yəni qaytarıb, nə təhər qaytarıb – elə-belə, nişan üzüyünü çıxarıb verib, yoxsa nişan zamanı içdiyi şirinçayı qaytarıb? Hələ dövlətdən səs çıxmaması da adamı narahat edən əsas cəhətlərdəndir. Axı, ən azı Mədəniyyət Nazirliyi bir açıqlama verə bilərdi ki, xalq narahat olmasın! Və yaxud DİN – nə olardı, bir press-reliz yayardılar ki, üzük xonçaya qoyularaq, polis əməkdaşlarının müşayiəti ilə təntənəli şəkildə geri aparılıb, ya yox? Yainki hər hansı insident-saxlanılan zad varmı? Üzük araşdırmaya cəlb edilibmi? AQTA şirinçayın tərkibini yoxlamalıdır. Bəlkə bütün bəlaların kökü o şirinçaydadır? İçəndə stəkanı düz tutmayıblar və ya qənd atanda, sayını düz bölməyiblər? Digər dəhşətli xəbər də var: iki aparıcı ər-arvad xalq artistinin övladının toyundan küsüb gediblər. Vayyy! Belə xəbəri də sakit-sakit elan edərlər? Şok-xəbər verəndə gərək oxucunu hazırlayasan – bunun ürəyi xəstəsi, qocası-cavanı var axı. Necə ola bilər ki, ölkədə bunca tragik hadisəni manşetə daşıyırsan və qabağına “ürəyi zəif olanlar oxumasın” xəbərdarlığını etmirsən? Kərbəlayi İsmayılın oğlu Yədullanın müsibəti belə olmamışdı – nəinki xalqımızın aldığı bu sarsıdıcı xəbər! DİN-in bu məsələdə susması da təbii deyil. Bu, o deməkdir ki, daxili işlər orqanlarında çalışanlar cəmiyyəti narahat edən məsələlərə çox soyuqqanlı, hətta laqeyd yanaşırlar. Sosioloqlar, psixoloqlar bu məsələyə münasibət bildirməli, cəmiyyət mütləq bu problemlərin həllini tapmalıdır. Bu, sıradan hadisə deyil – ümummilli, taleyüklü, xalqın gələcəyi ilə bağlıdır. Hələ onu demirəm ki, hansısa rayonda fəaliyyət göstərən və bu hadisədən sonra qəfildən “məşhur aşıq” olduğu üzə çıxan bir el sənətkarının oğlunun arvadı – yəni gəlini 15-20 gündür yoxa çıxıb. Yəni bu məşhur aşıq indiyə qədər bütün yaradıcılığı ilə xalqın yadına düşməyib, ancaq gəlini evdən küsüb gedən kimi məşhurlaşıb. Ümumiyyətlə, bu “küsmək məsələsi” həllini tapmalıdır: biri verilişdən küsür, biri evdən küsüb uşaqlarını da götürüb atası evinə gedir, biri toydan, biri dostundan... Belə dəhşətli iqlim dəyişikliyi ilə üz-üzəyik və təəssüf ki, mediamız aylardır bu xəbərləri tirajlamasına baxmayaraq, milli problemin həllini tapa bilmir. Xalqımız küsəyənlərdən o qədər narahatdır ki, yeməkdən-içməkdən imtina edib, üzülüb-incəlib, gülməyi özünə haram edib – ona görə hamı küçədə qaşqabaqlı gəzir, sifətindən zəhrimar tökülür. Belə şey olar? xalq artistinin toyundan küsüb gediblər axı – xalq buna nə təhər dözsün? Təklif edirəm ki, Novruzu gözləməyək, çünki yenicə yola salmışıq və o zamana 10 ay var: dövlətimizə təzyiq edək, küsülülərin barışması üçün ayda bir dəfə Novruz qayırsın və birləşib, yumurta döyüşdürüb, xalq olaraq Kosa-Keçəllə toydan küsənləri geri qaytarıb, təzədən toy edək! Xilas yolu təklif edirəm – sonra deməyin ki, demədi...(axar) Şeyx Teymur

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - Evlərə çıxarışların...

Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Sozcu.az xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Departament direktoru sənədsiz evlərlə bağlı məsələyə də toxunub. Prosesin davam etdiyini deyən Lalə Əkbərova evlərə çıxarışların müəyyən sənədlər əsasında verildiyini bildirib. Onun sözlərinə görə, sovet dövründə və müstəqilliyin ilk illərində verilən sənədlər hüquqmüəyyənedici olmadığına görə, vətəndaşlar daşınmaz əmlaklarını qeydiyyata aldıra bilməyiblər. Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, hazırda həyət evləri ilə bağlı amnistiya işləri aparılır. Onun sözlərinə görə, bununla bağlı xüsusi portalın istifadəyə verilməsi nəzərdə tutulur. Ekspert əlavə edib ki, gələcəkdə müəyyən sənədləri olan əmlakların qeydiyyat prosesi daha sürətli şəkildə aparılacaq.

SON DƏQİQƏ: Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyini məlumat yayıb. Çavuş Sait Toktaş "Pənçə-Kilit" əməliyyatı bölgəsində onun olduğu posta ildırım düşməsi nəticəsində şəhid olub.

Gürcüstanda "qırmızı səviyyə" elan olundu - Təcili

2024.05.01 - 20:21 Gürcüstanın paytaxtı Tiflisdə "Xarici agentlər haqqında" qanunun qəbuluna qarşı növbəti mitinq keçirilir. Sozcu.az xəbər verir ki, mitinqə çox sayda insan Gürcüstan və Avropa Birliyinin bayraqları ilə gəlib və izdihamın arasında ABŞ bayrağı da dağlalandırılıb. Hazırda parlamentin qarşısındakı meydan insanlarla doludur. *** Gürcü Arzusu Partiyasının deputatları parlament binasından çıxdıqdan sonra xüsusi təyinatlılar ərazini tərk ediblər. Onlar binanın Gürcüstan Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında yerləşən həyətinə keçiblər. Xüsusi təyinatlıların meydanı tərk etməsi etirazçıların alqışları ilə müşayiət olunub. *** Tiflisdə keçirilən aksiyada etirazçılara qarşı rezin güllələrdən istifadə edilib. Nəticədə bir neçə nəfər xəstəxanaya aparılıb. *** Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib. "Parlamenti sədrinin “Gürcüstan Parlamentinin Sarayında Təhlükəsizlik Qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, mayın 1-də saat 23:00-dan Gürcüstan Parlament Sarayında qırmızı təhlükəsizlik səviyyəsi qüvvəyə minib. Parlament Sarayında insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hücumla əlaqədar olaraq qırmızı təhlükəsizlik səviyyəsi elan edilib", - məlumatda qeyd olunub.

Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək

Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. "Azərbaycanla razılaşma əsasında delimitasiya olunmuş ərazilərdə sərhəd qoşunları yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir. Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq", - Paşinyan Ermənistanın İctimai telekanalına müsahibəsində deyib.

Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır

Ermənistan qoşunlarını Geqarkunikdən (tarixi Göyçə mahalı) geri çəkir, burada da demarkasiya işlərinin aparılması gözlənilir. Bu məqsədlə həmin ərazinin minalardan təmizlənmə işi həyata keçirilir. Bu haqda iddialar Ermənistan mediasında yayılıb. Məlumatlara görə, erməni qoşunları Çəmbərək və Cildən (Göyçə gölü ətrafındakı kəndlər) çıxarılır. Ermənilər hesab edir ki, Tavuş-Qazax istiqamətində sərhədin demarkasiyasından sonra digər ərazilərdə də Bakının istəkləri qəbul olunacaq. Ermənistan Müdafiə Nazirliyi isə Geqarkunik bölgəsidə minaların təmizlənməsi və qoşunların çıxarılması xəbərlərini təkzib edib.

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Ölkəmizdə hər 1000 uşaqdan 10-u dünyasını dəyişir. Bu rəqəm az görünsə də, olduqca üzücü faktdır.  Həkimlər bildiriblər ki, uşaqlar arasında ölüm halları əsasən patoloji hamiləliklə bağlıdır. Mövzu ilə bağlı ATV-nin süjetini təqdim edirik:

Talassemiyalı uşaqların ailələrindən 1 milyon alan şəxs həbs edildi

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər vəsatət qaldıraraq ev dustaqlığında olan Aynur Bayramovanın da həbs edilməsini tələb ediblər. Onlar bunu ziyanın ödənilməsinin gecikməsi ilə əlaqələndiriblər. Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti zərərçəkmişlərin vəsatətini əsaslı sayıb. Qərara əsasən, A.Bayramova məhkəmə zalında həbs edilib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. A.Bayramova xərçəng xəstəliyindən əziyyət çəkən övladının olduğunu deyərək etiraz edib.

Sürücülərin nəzərinə! - Bu yollarda tıxac var

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal - hazırda: 1. Heydər Əliyev prospekti mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, hər iki istiqamətdə; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində; 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 9. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 10. Zərifə Əliyeva küçəsində; 11. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 14. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 16. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə; 17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 18. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 19. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 20. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 21. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında; 22. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Füzulidə yanğın - Tüstüdən zəhərlənən var

Füzulidə rayonunun 7 №-li Qayıdış qəsəbəsində “T-28” markalı traktora qoşulan 2 ədəd qoşqunun yanar hissələri, qoşqulara yığılan 6 ton ot bağlaması və yaxınlıqda 5 ədəd ağac yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Traktor və əraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənib.

İranın gücü çatmır: əcnəbilər Tehrandan çıxarılır

Tehranda yaşayan əfqanıstanlılar və başqa ölkə vətəndaşları ilə bağlı yeni plan hazırlanıb. Sozcu.az xəbər verir ki, bunu Tehran əyalətinin valisi Əlirza Fəxxari deyib. O, İranda olan xarici ölkə vətəndaşlarının 50 faizinin Tehran əyalətində məskunlaşdıqlarını söyləyib: “Tehranda qeyri-qanuni yaşayan xaricilərin həbs və deportasiya edilməsi ilə bağlı plan hazırlanıb və bu, qəti şəkildə icra ediləcək. Həmçinin qanuni yaşayış icazəsi olanlarla bağlı da plan hazırlanıb. Onlara da nəzarət güclənəcək”, - Fəxxari bildirib. İranın daxili işlər naziri Əhməd Vəhidi də məsələ ilə bağlı açıqlamasında ölkənin artıq xarici vətəndaşları qəbul etmək və saxlamaq iqtidarında olmadığını söyləyib. Nazir ölkədə olan xarici vətəndaşların öz ölkələrinə geri qayıtmaları üçün şərait yaradılmasını istəyib.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb: "Gözümün işığı, ən sevdiyim adam olsun, mən yemək yeyəndə birdən bununla bağlı hanısa zarafat edər, elə bil başımda sinirin üstünə basar. Bir dəfə çəkiliş meydançasında idik. Yemək vaxtı idi. Çox iştahlı yeyirəm, yemirəmsə, yemirəm. Hiss etdim ki, çox hörmətli biri əlini süfrədən çəkib mənə baxır. Ürəyimdə düşündüm ki, inşallah heç nə deməz. Çox hörmətli də biridir. Baxıb dedi ki, "Ay Dilarə başını bir qaldır, bəlkə doymusan?"Yeməyi qabağımdan çəkib durub getdim. Bu, 2010-cu ildə olub. Üstündən 14 ildir keçib. Həmin adamı indi danışdırmıram. Adını demirəm. Birdən mən yemək yeyəndə yanımda kimsə mənə "sən nə qədər yeyirsən?" desin. Özümdən asılı deyil, küsürəm".

Təbrizdə ilk elektrik muzeyi açılır

Təbrizdə elektrik enerjisindən istifadəyə başlanılmasının 122-ci ildönümü ilə eyni vaxtda, may ayının 1-də ilk Elektrik və İşıq Muzeyi fəaliyyətə başlayacaq. Bu barədə yerli media məlumat yayıb. İranda bu sahədə ilk olan muzey, tanınmış təbrizli kolleksiyaçı və tarixçi Rza Sərabi Aqdəmin təşəbbüsü və vəsaiti hesabına, Təbriz Elektrik Şirkətinin əməkldaşlığı ilə açılacaq. Qeyd edək ki, Təbrizdə ilk dəfə elektrik enerjisindən istifadə 1902-ci ildə başlayıb.

"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi

"Bavariya"nın prezidenti Herbert Hayner klubun  Avstriya millisinin baş məşqçisi Ralf Ranqniklə danışıqlar apardığını təsdiqləyib. Sozcu.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Hazırda Ralfla fəal danışıqlar aparırıq. Lakin bir neçə gün daha gözləməliyik. O, əla futbol mütəxəssisidir. Əgər hər şey yoluna düşsə, bu, çox yaxşı seçim olacaq”. Daha əvvəl bildirilmişdi ki, “Bavariya”nın fəxri prezidenti Uli Hoenes 65 yaşlı Ranqnikin komandaya yeni baş məşqçi təyin olunmasının tərəfdarıdır . Qeyd edək ki, "Bavariya"nın hazırkı baş məşqçisi Tomas Tuhel bu mövsümün sonunda istefa verəcəyini açıqlayıb.

BDU tələbəsi faciəvi şəkildə öldü

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.  BDU-nun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Murad Şəmistan oğlu Məmmədov Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ağstafada avtomobil ağaca çırpılıb. Nəticədə 2005-ci il təvəllüdlü Məmmədov Murad dünyasını dəyişib. Həmçinin, qəza nəticəsində 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nürəddin oğlu və 2003-cü il təvəllüdlü Hüseynov Sənan Cavanşir oğlu xəsarət alıb.

Qarabağda itkin düşən ailə - 31 ildən sonra atanın qalıqları tapıldı, ana və 3 uşaq yoxdur

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin tapılması üçün kütləvi məzarlıqlarda aşkarlanmış naməlum cəsəd qalıqlarının müayinəsini davam etdirir. Sozcu.az xəbər verir ki, Dövlət Komissiyasının işçi qrupu 1993-cü ilin avqustunda Füzuli rayonunun Horadiz qəsəbəsi ərazisində itkin düşmüş Quliyevlər ailəsinin bir üzvünün tapıldığını bildirib. Qeyd edək ki, həmin vaxt Cəbrayılın Niyazqullar kəndindən olan Mehdiqulu Quliyev həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə (bir ailənin 5 üzvü) itkin düşmüşdü. Füzuli rayonunun Balabəhmənli kənd qəbiristanlığında tapılan naməlum cəsəd qalıqlarından birinin Mehdiqulu Mədət oğlu Quliyevə məxsus olduğu müəyyənləşib. Quhumları deyirlər ki, Mediqulunun valideyinləri dünyadan köçənə qədər övladlarının və nəvələrinin sağ olduğuna, bir gün evə qayıdacaqlarına çox inanırdılar. Amma ölənə kimi gözləri yol çəkən yaşlı valideynlər dünən açıqlanan xəbərdən agah ola bilmədilər. Qeyd edək ki, cədəd qalıqları tapılan 1958-ci il təvəllüdlü Mehdiqulu Quliyev itkin düşərkən 35 yaşında idi. Beləliklə, 31 ildən sonra itkin düşmüş bir ailənin başçısının nəşi tapılıb. Quliyevlər ailəsinin itkin düşən digər 4 üzvünün taleyi isə hələ ki naməlum olaraq qalır.

Rusiya neftayırma zavodunda partlayış oldu

Bu gün gecə Rusiyanın Ryazan vilayətindəki neftayırma zavoduna PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Hücum nəticəsində zavodda yanğın başlayıb. Yerli sakinlərin dediyinə görə, əvvəlcə uğultu eşidilib, daha sonra dalbadal iki partlayış olub.

Bakıda iki TIR yandı, partlayış səsləri eşidildi

Bakıda iki yük maşını alışaraq yanıb. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Yanğın hadisəsinin "İpək Yolu" Gömrük Terminalı ərazisində baş verdiyi bildirilir. Xarici vətəndaşlara məxsus iki TIR yanmağa başlayıb.

Ukrayna ordusu bu mövqeləri geri qaytardı

Ukrayna hərbçiləri aprelin 30-da döyüşlər zamanı Kremennoy yaxınlığında itirilmiş mövqelərinin bir qismini geri qaytarıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Yampolovkanın şərqindən irəliləyərək itirilmiş mövqelərini geri qaytarıb. Qeyd olunub ki, Kupyansk-Svatovo-Kremennoy istiqamətində rusların Ukrayna ordusunun müdafiəsini yarmaq cəhdləri davam edir.

Neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 87,86 dollara, yüngül neftin bir barreli isə 81,16 dollara təklif olunur.