Yeni qərar qüvvəyə minir: Taksilərin qiyməti artacaq

Taksi xidməti ilə məşğul olan şirkətlərin balansında olan nəqliyyat vasitələrinin azalması tendensiyası müşahidə olunur. Bu isə özlüyündə təqdim olunan xidmətin müqabilində qiymətlərin artımı ilə nəticələnir. Hətta ölkəmizdə taksi sektorunda yetərincə istifadəçisi olan “Bolt” şirkətində də qiymət artımı artıq baş verib. Belə ki, şirkət taksi xidməti ilə bağlı qiymətlərin 9 faiz artırıldığını elan edib.  Digər tərəfdən, taksilərlə bağlı qəbul edilmiş yeni qərar da iyuldan etibarən taksilərin sayının kəskin azalacağını göstərən əsas faktorlardan biridir.  Bəs taksilərin sayının məhdudlaşdırılması digər şirkətlərdə də qiymət artımına səbəb ola bilərmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, tələb-təklif prinsipinə uyğun olaraq, taksi avtomobillərinin azalması qiymətlərin artmasına da təsir göstərəcək:  “Taksilərin sayının məhdudlaşdırlması tendensiyası başlayıb. Təkcə “Bolt”da deyil, digər şirkətlərdə də bu azalma müşahidə olunur. Sözsüz ki, ümumi olaraq xidmət göstərən taksilərin sayı azalırsa, nəticə etibarı ilə bu xidmət göstərənlərin sayının da azalması deməkdir. Beləliklə bu da bazarda qiymətə öz təsirini göstərir”.  Ekspertin fikrincə, əvvəllər taksilərin sayının yetərincə çox olması xidmətin daha ucuz təklif olunmasına səbəb olurdu: “Nə qədər rəqabət çox olurdusa, nəqliyyat sayı, ərazi və sifariş olunan yerlərdə taksi sayı çox olardısa, bir o qədər də aşağı qiymət müşahidə olunurdu. Ona görə də, taksi xidməti göstərən şirkətlərdə nəqliyyat vasitələrinin sayının azalması bütün hallarda qiymətin artımına səbəb olur. Bu, təkcə taksi xidmətində deyil, bütün xidmətlərdə özünü göstərən tendensiyadır”.

17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub” - Video

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib. Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Ümüd Quliyev bildirib ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı vəfat edib. Ümüd Quliyev iddia edib ki, qızının ölümünə səbəb həkimlərin adları bilinməyən iynələri vurmalarıdır. Ata qızı xəstəxanada olduğu iki gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını deyir. Onun sözlərinə görə, qızı vəfat edəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızması olub. Ata bildirib ki, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında isə açıq şəkildə qeyd olunub ki, tibb bacısı xəstəyə adını bilmədiyi iynəni vurub. Ümüd Quliyev tələb edir ki, həqiqət ortaya çıxmalı və səbəbkarlar cəzalandırılmalıdırlar. Ətraflı süjetdə:

ABŞ-da min nəfərlik ziyafətdə atışma: ölənlər var

ABŞ-ın Alabama ştatında baş verən atışmada 3 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baldvin dairəsinin müstəntiqi Andre Reyd deyib. Onun sözlərinə görə, silahlı insidentin qeydə alındığı Stokton bölgəsindəki ziyafətdə min nəfər olub. A. Reyd bildirib ki, ölənlərin və yaralıların əksəriyyəti gəncdir. Reyd əlavə edib ki, atışmada polislər iştirak etməyib. Qeyd edək ki, Stoktonun təxminən 400 nəfər əhalisi var.

Azərbaycana dolu düşdü

Mayın 12-si saat 19:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 12-si saat 19:00-a olan məlumata əsasən, Balakən, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Qusar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb. Arabir güclənən şimal-qərb küləyi əsib. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Göyçayda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 17 m/s-dək güclənib. Saat 16:30 radələrində Tovuz rayonunun Əlibəyli, Hacalı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Qazqulu, Hunanlar kəndlərinə diametri 8-10 mm, saat 17:55-18:00 radələrində Şahdağa 5 mm, Göygöl rayonuna isə saat 18:34-18:47 radələrində 1.9 mm olan dolu düşüb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.

ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı MÜƏYYƏNLƏŞDİ

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqun Cənubi Qafqaza səfərinin vaxtı məlum olub. Sozcu.az ATƏT-in saytına istinadən xəbər verir ki, 13 may tarixində maltalı diplomat Ermənistana səfər edəcək. İrəvanda Y. Borq Ermənistanın baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın sədri Alen Simonyan və Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək. ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana da səfəri gözlənilir. Lakin səfərin tarixi barədə məlumat verilməyib.

Bu ölkədə güclü zəlzələ: Dağıntılar var

Qvatemalada 6,5 ​​bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya İnstitutunun məlumatında deyilir. Bildirilib ki, yeraltı təkanlar 12.8 kilometr dərinlikdə qeydə alınıb. Milli Fövqəladə Hallar İdarəsi öz növbəsində qeyd edib ki, ölkənin cənub-qərbində yerləşən San-Markos şəhərində xəstəxanaya cüzi zərər dəyib, həmçinin yollardan birinə qaya parçası düşüb. Zərərçəkənlər barədə məlumat verilmir.

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 14-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

809-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 809-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 482 290 hərbçi, 7 454 ədəd tank, 14 375 ədəd zirehli döyüş maşını, 12 472 ədəd artilleriya sistemi, 1 066 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 797 hava hücumundan müdafiə sistemi, 350 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 819 ədəd avtomobil texnikası, 9 910 ədəd PUA, 2 194 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 042 xüsusi avadanlıq itirib.

HƏMAS bunu etsə, sabah atəşkəs olar - Bayden

HƏMAS Qəzzada saxlanılan girovları azad etsə, atəşkəs sabah baş tutar. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Dediyim kimi, hər şey HƏMAS-dan asılıdır. Əgər onlar bunu istəsələr, sabah bunu bitirə bilərik və atəşkəs də sabahdan başlayar”, - Bayden bildirib.

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Azərbaycanın Vərziqan bölgəsində yerləşən və türklərə məxsus “Süngün” mis mədəninin illik gəliri 80 trilyon tümən (1 milyard 200 milyon dollar) təşkil edir və bu gəlir Kirman əyalətinə daşınır. Sozcu.az xəbər verir ki, bunu Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani deyib. “Bunun üçün heç bir əziyyət belə çəkmirlər, sadəcə xammalı TIR-lara yükləyib Kirman əyalətinə daşıyırlar”, - millət vəkili bildirib. Onun sözlərinə görə, qanunla “Süngün” mis mədənindən əldə edilən gəlirin 10 faizi Şərqi Azərbaycan əyalətinin büdcəsinə əlavə edilməlidir,ancaq buna əməl olunmur: “Mədənin gəlirindən Şərqi Azərbaycan əyalətinə illik 8 trilyon tümən (120 milyon dollar) verilməlidir, amma dövlət büdcəsindən əyalətə 2 trilyon tümən (30 milyon dollar) ayrılır. Hazırda Qaradağ bölgəsinin bir çox kəndləri yol, tibb mərkəzləri, məktəb, içməli su çatışmazlığından əziyyət çəkir. Sadəcə “Süngün” mis mədəninin əyalətə verilməli olan illik gəliri ilə bütün bunları həll etmək mümkündür". Qeyd edək ki, “Süngün” Yaxın Şərqin ən böyük mis mədənidir.

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərinin niyə baş tutmamasını izah edib. “Bizim ABŞ-yə səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-də seçki keçiriləcək və cənab Baydenin qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir”, - Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində bildirib. Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı. Aprelin 26-da “Haber Global” telekanalı ABŞ-li rəsmiyə istinadən Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini bildirib.

Rayonlarda yağış, külək - FAKTİKİ HAVA

Mayın 12-si saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən şimal-qərb küləyi əsib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, yağıntının miqdarı Zaqatalada 9 mm, Tovuz, Balakəndə 6 mm, Şəmkirdə 5 mm, Şahbuzda 4 mm, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 mm-dək olub. Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47 radələrində daimetri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18 radələrində 17 mm, Gədəbəy rayonuna isə saat 14:10-14:18 radələrində 9 mm olan dolu düşüb. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Mingəçevirdə 25 m/s, Tərtər, Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Gəncədə 18 m/s-dək güclənib. Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti olub.

Tiflisdə izdihamlı aksiya - Video

2024.05.11 - 21:37 Gürcüstanın paytaxtı Tiflisdə növbəti etiraz aksiyası keçirilir. Sozcu.az xəbər verir ki, minlərlə etirazçı paytaxtın Avropa meydanına doğru yürüş edir. Aksiyaçılar “Rusiya qanununa yox” şüarı səsləndirirlər. Qeyd edək ki, aksiyaçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər. *** Tiflisdə Avropa meydanında on minlərlə insanın iştirak etdiyi nümayiş başa çatıb. Təşkilatçılar nümayişçiləri bu gün saat 22:00-da parlament önünə gəlməyə çağırıb.

Bu gün vəfat edən Sevinc barədə ürək dağlayan FAKT

“Əməliyyatdan dərhal sonra dünyasını dəyişib”. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib. Universitetdən Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb: “Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu. İmmuniteti aşağı düşmüşdü. Bir qədər zəifləmişdi. Hər hansı bir xəstəlikdən əziyyət çəkmirdi. Bir gün öncə əməliyyat olunub. Əməliyyatdan dərhal sonra klinikada dünyasını dəyişib. Çox yaxşı tələbə idi. Dekan və müəllimlərinin dediyinə görə, dərslərdə hər zaman aktiv iştirak edirmiş. Allah rəhmət etsin!” Qeyd edək ki, Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova qəflətən dünyasını dəyişib.

“Biz sizi bəyənirik və dəstəkləyirik, əziz Paşinyan. Möhkəm olun!..”-FOTO + VİDEO

İrəvanda Rusiya “5-ci kalon” və agentura şəbəkəsinin onun istefası tələbi ilə itaətsizlik mitinqləri təşkil etdiyi bir vaxtda Ermənistan Baş naziri Nikol Paşinyan Armavir vilayətinə səfər edib. Səfər zamanı o, Qay kəndində plansız, yolüstü dayanıb. Sozcu.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb. Sakinlər hökumətin həyata keçirdiyi subsidiya proqramları nəticəsində görülən işlərə görə minnətdarlıqlarını bildiriblər. “Biz sizi bəyənirik və dəstəkləyirik, əziz Paşinyan. Möhkəm olun”, - deyə Qaya sakinləri baş naziri yola salarkən bildiriblər.moderator)

Lənkərandakı zəlzələ ilə bağlı daha bir xəbər

Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb. Bu barədə Sozcu az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir.

“Ən güclü təkan...” - Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Lənkəranda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər. Sozcu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Ən güclü təkan artıq olub, əhali təşvişə düşməsin", - deyə o vurğulayıb. Qeyd edək ki, Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.

Zəlzələnin hiss edildiyi rayonlar açıqlandı

Bu gün cənub bölgəsində baş verən zəlzələnin hansı rayonlarda hiss edildiyi açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumatda bildirilib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.

Yağış, qar - Faktiki hava

Mayın 11-i saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub. Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Tovuzda qaçırılan məktəbli qız ailəsinə qaytarıldı

Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli qız ailəsinə təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb. Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub. Faktla bağlı araşdırma davam etdirilir.

Göldə boğulan tələbələr dəfn olundu

Ötən gün Naxçıvanda göldə boğularaq ölən tələbələr dəfn olunub. Sozcu.az xəbər verir ki, APA-nın məlumatına görə, 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin nəşləri dəfn olunmaq üçün doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib. Onlar Pensər kənd qəbiristanlığında torpağa tapşırılıb. Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. Hər iki gəncin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir. Fakt üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı məlumat yayıb.

Minimum əməkhaqqı ilə bağlı pis xəbər – Artım olmayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bəs saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir edəcəkmi? Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir etməyəcək: “Yəni, işçi həftədə 40 saat işləyib minimum əməkhaqqı məbləği olan 345 manat qazanır. Amma elə işçilər də var ki, həftədə 8-10 saat işləyir. Həmin işçilərin əməkhaqqısının hesablanması zamanı saatlıq minimum standartların olmaması əlavə problem yarada bilər. Çox güman ki, minimum saatlıq əməkhaqqına keçilməsi bunu daha rahat tənzimləmək üçündür”.   Ekspert onu da qeyd edib ki, minimum aylıq əməkhaqqı artmasa, onun saatlıq və ya həftəlik bölünməsinin təsiri yoxdur:  “Minimum əməkhaqqı az olduğu üçün bu qərar da əhaliyə ciddi təsir etməyəcək, gələcəkdə minimum əməkhaqqı artarsa, bunun hesablanma qaydasının dəyişməsi əhalinin hüquqlarının qorunması baxımından uğurlu addım olacaq. Güman edirəm ki, bu il minimum əməkhaqqının artırılması gözlənilmir. Ola bilsin ki, bu, gələn il müzakirə olunsun”. 

İli köhnə avtomobil sürənlərin nəzərinə!

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Sozcu.az report-a istinadən xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.